Uşaqlara daha məzmunlu həyatı necə quraq?  

 

 

ÖVLADLARINDAN VƏ ZƏMANƏDƏN GİLEYLƏNƏN VALİDEYNLƏR ÜÇÜN QISA YOL XƏRİTƏSİ

Zəmanə uşaqlarının smartfonlarla daha çox vaxt keçirdiyini müşahidə edən hər valideyn övladına görə narahat olur. Övladlarının "Tik-tok" kimi faydasız, üstəlik, zərərli sayılan bir çox tətbiqdən istifadə etmələri böyükləri daha çox qayğılandırır. Bu halla bağlı uşaqlara edilən xəbərdarlıqlar isə əsasən nəsihət özünü nümunə gətirməkdən ibarət olur: "Bizim dövrümüzdə biz elə idik, belə idik..." Məlumdur ki, indi çox şey başqa cürdür. Buna görə belə təsirsiz nəsihətlər vermək əvəzinə, onlara etməli olduqlarını göstərmək daha faydalıdır.

 

Bu baxımdan edə bilərik? Uşaqların həyatına əyləncə dəyər qatacaq, həm fiziki, həm mənəvi cəhətdən gücləndirəcək, birlikdə həyata keçirə biləcəyimiz hansı fəaliyyət oyunları tövsiyə etmək olar?

 

Burda söhbət uşaqları tamamilə texnologiyadan uzaq tutmaqdan getmir. Bu, həm doğru deyil, həm qeyri-mümkündür.

 

Bu mənada pedaqoqların, uşaq psixoloqlarınnın məsləhətlərinə qulaq verməkdə fayda var. Həmin məsləhətləri belə sıralaya bilərik:

 

 -  Harada, vaxt, necə, niyə, kiminlə  suallarına cavab verən planlı proqramlaşdırılmış işlər siyahısı hazırlanmalıdır. Uşaqlar üçün konkret günlük plan, proqram qurularsa, onları texnologiyadan məhrum etmədən inkişaflarını dəstəkləmək mümkün olar. Burda əsas məsələ uşaqların əylənərək öyrənmələrini təmin etməkdir. Əsas məqsədimiz zövqlə öyrənmək inkişaf etməkdir. Bunun üçün, əlbəttə, valideyn müəyyən bacarığa, qabiliyyətə sahib olmalıdır. İnternetdə bununla bağlı bir çox öyrədici oyun tapmaq mümkündür. Əyləncəli riyaziyyat oyunları, tapmacaların həlli, dil öyrətmə oyunları sair. Bir sözlə, sağlam inkişafa təşfiq etmək üçün uşağın əlindən telefonu alıb kitab vermək lazım deyil. İnternetdə kitablarda olandan daha çox əyləncəli material tapmaq mümkündür. Yetər ki, seçməyi bacarıb uşaqlarda bu tətbiqlərə, oyunlara maraq aşılamağa nail olaq. Bu da valideynin iştirakı ilə mümkündür.

 

- Uşaqla birlikdə muzeyləri gəzib eksponatlarla tanış olun. Bəs bu mümkün deyilsə? Xüsusilə Covid-19 pandemiyası bütün mədəni maraqlı əyləncələri, demək olar ki, əlimizdən aldı. Amma internetdə virtual muzey turuna çıxmaq, dünyanın ən əhəmiyyətli muzeyləri ilə tanış olmaq mümkündür. Unutmayın ki, virtual turların qapıları hər zaman üzümüzə açıqdır. Bu da bizə imkan verir ki, həm uşaqlar, həm özümüz dünyanın möcüzələrindən  hali olaq.

 

- Uşağı kursa göndərmək deyəndə, ağlımıza daha çox ali məktəbə hazırlıq, yaxud da musiqi kursları gəlir. Əlbəttə, bunlar da çox önəmlidir. Xüsusilə musiqi dərsləri uşaqlara özlərini, hisslərini notlar üzərində ifadə etməyi öyrədir. İfa etməyi öyrəndiyi musiqi aləti gələcəkdə uşağın ən yaxşı dostu ola bilər. Qorxularını, sevgisini, üzüntüsünü, qəzəbini sözlə ifadə edə bilmədiyi bütün hisslərini dilləndirməyi bacardığı bir musiqi alətində notlara, tellərə tökür. Bu da bir növ psixoloji terapiyadır. Digər tərəfdən hər hansı bir musiqi alətində ifa etməyi kiçik yaşlardan bacarmaq uşağın zehni inkişafına da müsbət təsir edir, onun empatiya qabiliyyətini gücləndirir. Buna görə kiçik yaşlardan heç olmasa iki-üç il musiqi ilə müntəzəm məşğul olmaq, bir musiqi alətində ifa etməyi öyrənmək uşaqlar üçün çox vacibdir.

 

Amma bu da kifayət deyil. Bu gün virtual dünya ilə əhatə olunan insanlar gündəlik həyatda asanlıqla icra etdiyini düşündüyü bir çox bacarıqları əslində, düzgün formada icra edə bilmədiklərini öyrənir. Məsələn, nəfəs alırıq, amma az qala boğulub ölməmək üçün nəfəs alıb-veririk. Halbuki insanlar nizamlı nəfəs almağı bacarmır ciyərlər yaşlandıqca zəifləyir, insanların zərərli vərdişlərə meyli daha da artır. Bu, həm zehni fəaliyyəti zəiflədir. Bir başqa bacarıqsızlığımız da yemək yeyərkən qidaları yetərincə düzgün formada çeynəməməyimizdir. Bir çox mədə-bağırsaq problemi elə uşaqlıqdan yeməyi düzgün çeynəyə bilməməkdən yaranır. Burda da çənə tənbəlləşir üz-çənə əzələləri zəifləyir. Böyüdükcə fərqinə belə varmadan ağzımıza atdığımız loxmanı azca xırdalayıb mədəyə ötürürük.

 

Çoxumuzun heç ilkin tibbi yardım bacarığı yoxdur. Bir dağda köməksiz qalsaq nələr edə biləcəyimizi, özümüzü necə qoruyacağımızı, yolumuzu necə tapacağımızı da bilmirik. Əlbəttə ki, bütün bunları biz bilmədiyimiz kimi, uşaqlara da öyrədə bilmirik. Görün bir həm özümüzü, həm uşaqlarımızı qədər sadə vərdişləri mənimsəməkdən öyrənməyin verdiyi ləzzətdən məhrum edirik!

 

Bunların hər biri üçün ayrıca kurslar, məşğuliyyət yerləri var. İnternetdə bunlarla bağlı əyləncəli təlimlər mövcuddur. Birlikdə ya canlı, ya da virtual formada bunları öyrənə, uşaqlarımızla birlikdə tətbiq edə bilərik. Həm əyləncə çıxar, həm uşaqlarda ilkin bilikləri formalaşdıra bilərik.

 

- Təbiət gəzintilərində əylənərək yer istiqamət tapmaq bacarığını inkişaf etdirmək çox mühüm məsələdir. Xırda təmir işləri, kiçik sadə qurğular hazırlamaq, tapmacalar tapmaq, leqo, dama, şahmat, boulinq oyunları - bunlar hamısı uşağın özünü kəşf etməsinə, öz potensialını reallaşdıra bilməsinə, daxilindəki gücü kəşf etməsinə xidmət edir. Şəhərdə böyüyən uşaqların əksəriyyəti ağaca dırmanmağı, sonra da ağacdan özbaşına enməyi heç yoxlamayıblar. Təkcə bunun üçün belə bir kənd gəzintisi vacibdir.

 

- Evin mətbəxi öyrənmək, birliyi qurmaq, məsuliyyət götürmək, xoş vaxt keçirmək bir-birimizə kömək etmək üçün ideal bir mühitdir. Keyfiyyətli musiqi sədaları altında evdə uşaqlarla tort, salat, yemək hazırlamaq, xəmir açmaq, unla işləməyi öyrətmək özü insana xoşbəxtlik verən əyləncələrdəndir. Birlikdə isə ərsəyə gətirmək təkcə uşaqların zehni psixoloji inkişafı üçün yox, valideynlərin mənəvi mental doyumuna xidmət edəcək.

 

- Evin, yaxud yaşadığınız binanın bir divarını, ya da həyətdəki beton döşəməni məhlə uşaqları ilə birlikdə boyamaq, heyvanları bəsləməyi onlara öyrətmək, məhlədəki başqa uşaqları cəlb edərək açıq havada rəsm sərgisi təşkil etmək də uşaqların inkişafı, sosiallaşması, cana, insana dəyər verməyi öyrənməsi baxımından vacibdir. Bu cür tədbirləri qonşuluqda yaşayan valideynlərlə birlikdə təşkil edərək uşaqlar üçün xüsusi əyləncə yaratmaq mümkündür.

 

Bir sözlə uşaqlarla birlikdə edə biləcəyimiz onlarla, bəlkə də yüzlərlə əyləncə növü var. Onları smartfonların zərərli tərəflərindən uzaq tutmaq, telefonlardan, kompüterlərdən asılılıqlarını azaltmaq üçün bir çox maraqlı fəaliyyət, oyun icad etmək mümkündür. Yetər ki, valideynlər özləri təşəbbüskar və sosiallaşmış olsunlar. Uşaqların faydalı vərdişlərə yönəlməsini istəyiriksə, o faydalı vərdişləri əyləncəli, cazibəli və asan əldə edilən formada uşaqlara təqdim etməyimiz önəmlidir. Burda mühüm məqamlardan biri valideynlərin təhsil səviyyəsi, daha da önəmlisi onların yüksək həssaslıq və təşəbbüs göstərməsidir. Unutmayın ki, boş uşaq, boş valideyn namizədidir.

 

Məşğuliyyət, əmək zehni, düşüncəni, mənliyi, insanı tərbiyə edən, nizam-intizamı təmin edən ən güclü vasitədir. Bu baxımdan düzgün məşğuliyyətlər tapıb uşaqları daim yönləndirmək, onlara birlikdə yeni dünyalar kəşf etməyimizə, yenidən öyrənməyimizə kömək edəcək. Gündə bircə saat belə bunun üçün kifayətdir. Yetər ki, uşaqların sağlam və keyfiyyətli böyüməsi üçün həmin o bir saatı onlardan və özümüzdən əsirgəməyək.

 

Natəvan ABDULLA

 

525-ci qəzet.- 2021.- 16 sentyabr.- S.10.