Müstəqil iqtisadiyyatımıza qalan miras və yeni reallıqlar  

 

Azərbaycan müxtəlif mineral sərvətlərin zənginliyinə, təbii şəraitin rəngarəngliyinə görə bölgənin ən nadir regionlarından biridir. Burada istehsalın böyük miqyasda inkişafını təmin edə bilən neft və qaz, hər cür tikinti materialları, mineral sular və sairə faydalı qazıntı ehtiyatları var.

 

Planetimizin əsas iqlim tiplərinin olduğu Azərbaycan ərazisində kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafı və dünya şöhrətli, müasir sağlamlıq ocaqlarının yaradılması üçün müstəsna əlverişli imkanlar mövcuddur. Həm də respublikanın malik olduğu müxtəlif təbii sərvətlərin yayılma vəziyyəti onun bütün ərazi hissələrində məhsuldar qüvvələrin yüksək səviyyədə inkişafı üçün möhkəm zəmin yaradır.

 

Amma qeyd edilənlərə baxmayaraq, iqtisadiyyatın kompleks inkişafında həmişə əsas götürülən sosialist prinsiplərinə Azərbaycanda heç də tam şəkildə əməl olunmamışdır. Əlbəttə, Sovet hakimiyyəti illərində Azərbaycanda tikilib istismara verilmiş 577 iri sənaye müəssisəsi bu sahənin inkişafında çox ciddi potensialın yaranmasına əsaslı sübutdur. Lakin əldə edilən nailiyyətlər respublikanın imkanlarından aşağı olmuşdur. Bunun başlıca səbəbi odur ki,  Azərbaycan sənayesinin inkişafında əsas istiqamət bütövlükdə ölkənin ümumi mənafeyini nəzərdə tutan sahələrin üstün artımına və miqyasının genişləndirilməsinə yönəldilmişdir. Bununla da respublika sənaye kompleksinin inkişafının başqa zəruri tələbləri kifayət qədər nəzərə alınmamış, nəticədə bugünkü birtərəfli istehsal quruluşu yaranmış, ərazi-istehsal əlaqələrinin səmərəli təşkili tamam unudulmuşdur. Fikrimi aydınlaşdırmaq üçün bir faktı qeyd etmək yerinə düşərdi.

 

1980-ci illərdə və 1990-cı illərin əvvəllərində Azərbaycan neft sənayesinin düşdüyü vəziyyət bütövlükdə Sovet təsərrüfat sisteminin əsassızlığının məntiqi nəticəsi idi. Tarix göstərdi ki, müəyyən iqtisadi orqanizmi vətənpərvərlik və təşəbbüskarlıq prinsipləri ilə yalnız qısa zaman kəsiyində idarə edib yaşatmaq mümkündür. İnkişafın fasiləsizliyini, sabitliyini təmin etmək üçün iqtisadi münasibətlərin dünya təcrübəsində sınaqdan çıxmış yeni formasının, bazar iqtisadiyyatı prinsiplərinin və beynəlxalq inteqrasiyaya əsaslanan açıq iqtisadi siyasətin həyata keçirilməsi zəruri idi. Lakin bu keçidin özünün də müvəqqəti xarakterli müəyyən fəsadlar törədəcəyi labüd  həqiqət idi.

 

Bazar münasibətlərinə keçid prosesinin doğurduğu çətinliklər respublika iqtisadiyyatının aparıcı sahəsi olan neft sənayesində də özünü xüsusilə göstərmişdir. Təkcə bu faktı qeyd etmək kifayətdir ki, 1990-cı və sonrakı illərdə kəşfiyyat-qazma işləri demək olar dayanmış, neft və qazçıxarma idarələri yeni ehtiyatlar əldə etməmişlər. Respublikanın Dövlət Neft Şirkətinin maliyyə çətinliyi ilə əlaqədar yeni kəşfiyyat quyularının qazılması müvəqqəti olaraq dayandırılmışdır.

 

İndi artıq həmin tənəzzül dövrü də arxada qalmışdır. Bu da təsadüfi deyildir. Son yüz il ərzində Azərbaycanın neftçiləri, neft mütəxəssisləri, mühəndisləri, alimləri tərəfindən toplanmış zəngin bilik və təcrübə yaradılmış, güclü maddi və elmi-nəzəri baza, kadr potensialı, milli-tarixi neft ənənələri sənayemizin bu aparıcı sahəsinin yenidən inkişaf  yoluna qədəm qoymasına, Azərbaycanın dünyada "Neft Akademiyası" kimi yüksək adının qorunub saxlanmasına imkan vermişdir.

 

Bundan sonra respublikada sənayenin inkişafı bütün iqtisadi rayonların potensial imkanları hesabına həyata keçirilməlidir. Həm də nəzərə almaq lazımdır ki, əksər iqtisadi rayonlarda sənayenin mövcud aşağı səviyyəsi və birtərəfli istehsal quruluşu yeni müəssisələrin yaradılmasını tələb edir.

Sual oluna bilər: müasir elmi-texniki tərəqqinin geniş vüsət aldığı və istehsalın artımında intensiv amillərin həlledici rol oynadığı bir vaxtda ekstensiv inkişafa meyl göstərilməsi nə dərəcədə düzgündür? Faktlar göstərir ki, Azərbaycan sənayesi öz təbii-iqtisadi imkanları müqabilində zəruri ekstensiv inkişaf mərhələsini hələ tam keçməmişdir. Hazırda respublikada mənimsənilən təbii sərvətlərin çoxunda istehsal xammalın ilkin emal mərhələsi ilə məhdudlaşır. Bu istehsal mərhələsinin xarakteri isə çoxlu tullantılar yaratmaq və ətraf mühiti çirkləndirməklə yanaşı, əmək ehtiyatlarından geniş istifadəni və milli gəlirin artım imkanlarını məhdudlaşdırır.

 

Odur ki, bütün ölkənin mənafeyini də nəzərə almaqla, respublikada istehsalın ərazi üzrə əsas tələblərinə müvafiq şəkildə indi istifadə olunan xammal növləri əsasında hazır məhsul hasilatı genişləndirilməlidir. Bu da ancaq yerli xammal reyonlarında yeni sənaye müəssisələri yaratmaq yolu ilə həyata keçirilə bilər. Təbiət Azərbaycana hər cür sərvət bəxş etmişdir. Ya biz bu sərvətlərin indiki səviyyədə istifadəsi ilə razılaşıb xammal rayonu kimi qalmalıyıq, ya da onlardan səmərəli istifadə etməliyik. Məhz ikinci yolu seçməklə respublikada yerli əmək ehtiyatlarını istehsala cəlb edə, ölkədaxili ictimai əmək bölgüsündə daha faydalı iştirakımıza şərait yarada bilərik.

 

Məlumdur ki, Prezident İlham Əliyevin  7 iyul 2021-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü müəyyən edilmişdir:

 

I. Bakı iqtisadi rayonu (Bakı şəhəri);

 

II. Naxçıvan iqtisadi rayonu (Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonları);

 

III. Abşeron-Xızı iqtisadi rayonu (Sumqayıt şəhəri, Abşeron və Xızı rayonları);

 

IV. Dağlıq Şirvan iqtisadi rayonu (Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonları);

 

V. Gəncə-Daşkəsən iqtisadi rayonu (Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Goranboy, Göygöl və Samux rayonları);

 

VI. Qarabağ iqtisadi rayonu (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları);

 

VII. Qazax-Tovuz iqtisadi rayonu (Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonları);

 

VIII. Quba-Xaçmaz iqtisadi rayonu (Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayonları);

 

IX. Lənkəran-Astara iqtisadi rayonu (Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlı rayonları);

 

X. Mərkəzi Aran iqtisadi rayonu (Mingəçevir şəhəri, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayonları);

 

XI. Mil-Muğan iqtisadi rayonu (Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonları);

 

XII. Şəki-Zaqatala iqtisadi rayonu (Balakən, Qax, Qəbələ, Oğuz, Şəki və Zaqatala rayonları);

 

XIII. Şərqi Zəngəzur iqtisadi rayonu (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları);

 

XIV. Şirvan-Salyan iqtisadi rayonu (Şirvan şəhəri, Biləsuvar, Hacıqabul, Neftçala və Salyan rayonları).

 

İndi respublika sənayesində hasil edilən məhsulun təxminən üçdə iki hissəsi Bakı iqtisadi rayonunun payına düşür. Keçmiş Sovet respublikaları arasında sənayenin kiçik ərazi daxilində bu qədər yüksək təmərküzləşməsi olmamışdır. Sənayenin istər bu iqtisadi rayonda həddindən artıq inkişafı, istərsə də onun respublikanın başqa iqtisadi rayonlarında hələ nisbətən zəif potensialı bir sıra müxtəlif xarakterli mənfi sosial-iqtisadi nəticələrə səbəb olmuşdur. Bakı iqtisadi rayonunda əhalinin sıx məskunlaşması xüsusilə kəskin nəticələrlə səciyyələnir.

 

Respublikanın başqa iqtisadi rayonlarında sənayenin müasir inkişaf səviyyəsi onların  malik olduğu təbii-iqtisadi imkanlardan xeyli aşağıdır.

Qeyd etmək lazımdır ki, respublikanın iqtisadi rayonlarında sənayenin inkişaf  səviyyəsinin aşağı olması bir çox hallarda  həm də müəssisələrin düzgün yerləşdirilməməsi ilə əlaqədardır.

 

Qeyd etmək lazımdır ki, "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası zamanı iqtisadi rayonların bu bölgüsü tətbiq edilir.

 

Sözügedən fərmanda qeyd edilir ki, işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Qeyd edilən ərazinin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafının təmin edilməsi üçün nəzərdə tutulan bütün işlərin vahid proqramı əsasında icrası məqsədəmüvafiq olardı.

 

Müstəqillik illərində başlanan fəaliyyətin mərkəzində ilk növbədə iqtisadiyyatımızın inkişaf  məsələləri və həmin əsasda kəskin sosial problemlərin həlli durur. Bu isə heç də sadə məsələ deyil. Öz xüsusiyyətlərinə görə həmin problemlər çoxcəhətli səpgidə yanaşma əsasında inkişafı müəyyən ardıcıl mərhələlər üzrə keçməyi tələb edir.

 

Faktlar göstərir ki, bu ümdə məsələləri həll etmədən bazar iqtisadiyyatının zəruri infrastrukturunu bütövlükdə yaratmaq mümkün deyildir.

Yuxarıda qeyd edilən iqtisadi rayonların əksəriyyəti imkanları daxilində yüksək inkişaf səviyyəsinə çatmışdır.

 

Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarına gəldikdə isə onlar yenicə işğaldan azad olunmuş ərazilərdə yaradılmışdır. Bu iqtisadi rayonların sosial-iqtisadi inkişafı iqtisadi potensialın və həyat keyfiyyətinin qiymətləndirilməsi, sahibkarlığın yaradılmasına və inkişafına kompleks bərpa proqramları tərtib olunmalı və hökumət səviyyəsində sistemli həyata keçirilməlidir.

 

Qısa zaman kəsiyində işğaldan azad edilən ərazilərin ümumrespublika iqtisadi dövriyyəsinə qoşulması gələcək üçün aşağıdakı vacib məsələlərin həllini vəd edir:

 

- Ölkəmizdə işsizlik və yoxsulluq səviyyələri aşağı düşəcək,

 

- Bakı, Sumqayıt, Gəncə kimi iri şəhərlərdə urbanizasiya gərginlikləri xeyli səngiyəcək,

 

- Ekoloji makroiqlim mühiti yaxşılaşacaq, ətraf mühitin qorunması tədbirləri genişlənəcək,

 

- Qida məhsulları idxalı azalacaq,

 

- Bəzi sahələrin inkişafı hesabına ixrac idxalı üstələyəcək,

 

- Müasir texnologiyaların tətbiqinə münbit şərait yaranacaq,

 

- Həyata keçiriləcək kompleks tədbirlər nəticəsində inklüziv inkişafın təmin edilməsi istiqamətində əsaslı irəliləyiş əldə ediləcək və s.

 

Bizim fikrimizcə, müstəqil ölkə kimi Azərbaycan bu gün açıq qapı iqtisadi inkişaf  kursunu götürmüş və o, dünya təsərrüfat sistemi ilə sıx əməkdaşlıq fəaliyyətini müntəzəm olaraq dərinləşdirir. Ona görə də iqtisadiyyatın inkişafına nəinki onun öz daxilində, eyni zamanda, dünyada baş verən proseslər də bu və ya digər dərəcədə hiss ediləcək təsirini daima göstərməlidir.

 

Məhəmməd ƏLİYEV

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Biznesin idarə edilməsi kafedrasının müdiri,

 

Əməkdar müəllim

 

525-ci qəzet.- 2021.- 16 sentyabr.- S.8.