Hacı Həsənin qələt
namazı
Hekayə
Yazdığım bu hekayət çoxdanın söhbətidi. Atalar yaxşı deyib ki, əldən qalan əlli il qalar.
Amma mən çalışdım ki,
ən azından bu gözəl, duzlu-məzəli hekayət
əlli il
sonraya qalmasın. Çoxlarının bildiyi
belə dəyərli
bir söz də var ee:
heç olmamaqdansa, gec olması yaxşıdır. Həm də
deyiblər ki, gec olsun, güc
olsun.
Nə isə,
çox vaxt itirmədən keçirəm
hekayətin nəqlinə. Keçmiş ittifaq süquta uğradıqdan sonra kommunistlərin boyunduruğundan
qurtulduğumuza görə
sevincimiz aşıb-daşdı.
Şükürlər olsun ki, Cənubdakı qardaşlarımızla
aramızdakı sərhədlər
yandırılıb dağıdıldı.
Həmin
anlarda və günlərdə ümid
etdik ki, bundan sonra İranda
yaşayan azərbaycanlılarla
arxayınca görüşə
biləcəyik. İndən sonra
ayaqlarımız Tehrana,
Təbrizə, Ərdəbilə
və başqa gözəl şəhərlərə
də dəyəcək.
İllərdən bəri bir-birimizə
həsrət qaldığımız
qardaş və bacılarımız bizə,
biz də onlara qonaq gedib-gələcəyik.
Bir sözlə, pis gözlərdən uzaq, gözəl-gözəl günlər
yaşayacağıq.
Sərhədlər dağıldıqdan təxminən iki il keçmişdi.
Yaxın qohumlarımdan
biri zəng vurub sevinə-sevinə dedi ki, axşam
Tehrandan qonağım
gələcək. Xahiş edirəm
ki, bizə təşrif buyurasan.
Bilirəm ki, sən söhbətcil adamsan.
Əziz qonaqlarımızla yaxşı-yaxşı
söhbətləşərsən, onlar da darıxmazlar.
Özümün-özümdən xoşum gələn bir xasiyyətim var ki, heç
vaxt dəvət olunan yerdən otkaz eləmərəm. O ki qalmışdı yeyib-içmək
ola. Arvad-uşağı da götürüb təyin olunan vaxtda oldum qohumumgildə.
Evdə qonaqları qarşılamaq
üçün bir hazırlıq gedirdi ki, gəl görəsən.
Biş-düşün xoş qoxusu
otaqların bütün
künc-bucağını bürümüşdü.
Bu xoş qoxudan
ağzımız sulanır,
iştahamız daha da artırdı. Beş-üç dəqiqə oturmuşduq
ki, qapının zəngi çalındı.
Gələn tehranlı qonaqlar
idi. Dəhlizə çıxanda gördük
ki, onlar çox deyillər. İki nəfərdirlər. Qonaqlarla mehribancasına
görüşdük. Ər-arvad olsalar da, boyları
bir-birinə tərs-mütanasib
idi. Kişi uzunboylu, arvadı
bəstəboy. Qadın içəri
girib bizimlə görüşəndən sonra
örtüyünü başından
açdı. Vaxt
itirmədən çay
süfrəsi arxasında
oturub, söhbət edə-edə tanış
olduq.
Kişinin adı Həsən, yoldaşının adı
Zəhra idi. Qohumum Həsənlə İranda
təsadüfən tanış olmuş,
bir qismət çörək kəsmişdilər.
Sonra Həsən onu evinə dəvət etmişdi. Beləcə, dostlaşıb, mehribanlaşmışdılar. İndi isə Həsən qohumumun evinə qonaq gəlmişdi. Mən birinci dəfə idi ki, İranda
yaşayan azərbaycanlılarla
görüşürdüm. Söhbət
etdikcə öyrəndim
ki, Həsən bir neçə dəfə Həcc ziyarətində olub.
Necə deyərlər, üçqat,
dördqat hacıdır.
Aktyorluğu da var imiş. Dediyinə görə, bir
neçə dəfə
İbrahim Tatlısəsin
çəkildiyi filmlərdə
müxtəlif obrazları
canlandırıb. Özü də
elə-belə yox ha, peşəkarcasına. Bundan tamaşaçıların
da xoşu gəlib. Elə ilk addımdan hiss etdim ki, Həsən kişi də
söhbətcil adamdır.
Şahidi olduğu hadisələri
çox yerli-yataqlı
danışırdı. Baş verənləri elə qəşəng, xırda detallarla söyləyirdi ki, adam özünü
hadisənin içində
hiss edirdi. Maraqlı söhbətlər bir-birinə calanıb uzandıqca uzanıb gedirdi. Söylədikləri hadisələr bir
tərəfə, Həsənin
də, Zəhranın
da danışıq tərzi çox şirin idi. Onların söhbətlərinə qulaq
asmaqdan doymurduq.
Çay süfrəsindən sonra masaya bir-birindən ləzzətli yeməklər
düzüldü. Qohumum o
qədər biş-düş
elətdirmişdi ki, masada barmaq
basmağa da yer qalmamışdı. Süfrədə çatmayan yalnız
içki idi. Bunu görəndə əyilib
qohumumun qulağına
lap astadan pıçıldadım
ki, qağa, arağın yoxdumu?
O da eyni pıçıltı ilə
mənə dedi ki, qağa var,
amma Həsən hacı olduğuna görə risk eliyib ortalığa çıxartmıram.
Qorxuram ki, süfrəyə içki qoysam, onun xətrinə dəymiş olaram. Gözlənilmədən çox çətin
bir duruma düşdük. İndi bir
variant tapıb bu durumdan çıxmalıydıq.
Bu məqsədlə yavaşca
Həsənin qulağına
pıçıldaya-pıçıldaya
dedim ki, hacı, süfrəyə
araq qoysaq, xətrinə dəyməz?
Qonaq tez cavab verdi
ki, yox, ağa, öz işinizdə olun, incimək nədir? İstəsəniz, mən də
sizə qoşulub yüz-yüz vuraram.
Vaxt itirmədən
hacının dediklərini
qohumun qulağına pıçıldadım. Bundan sonra
süfrəmizə araq
və üç dənə də qədəh qoyuldu. Qohumum hacının qədəhinə az süzdü ki, birdən içə bilməz. Həsən görəndə
ki, onun qədəhinin başı
bizimkilərinkindən bir
az aşağıdı,
hirslənən kimi oldu. Dedi ki,
ağa, bəs mənə niyə az süzmüsünüz?
Qohum vəziyyətdən
çıxmaq üçün
dedi ki, dodaq yeri qoydum,
dedim rahat içəsən. Hacı hazırcavabcasına
söylədi ki, sən qədəhi doldur, narahat olma, dodaq özünə
yer tapacaq. Beləcə,
hacı Həsən axıra qədər bizimlə bala-bala vurdu. Onun bizə qoşulub
bu cür həvəslə içməsi,
bizdən də çox arağın
"küpünə girməsi"
mənə yaman təəccüblü gəlirdi.
Özün dəfələrlə Həcc ziyarətinə gedəsən, namaz qılasan, oruc tutasan, sonra da gəlib araq
içəsən.
Süfrə yığışılandan sonra həyətə çıxdıq ki, bir az havamızı dəyişək.
Hiss etdim ki, hacının kefi yüzbiri vurur. Yəqin, belə bir məqamda
ondan içməyinin
səbəbini soruşsaydım,
heç vecinə də olmazdı. Ona görə də bir az
astadan soruşdum:
"Ağeyi Həsən
kişi, məni başa sal görüm,
necə olur ki, sən Həcc
ziyarətinə gedən,
namaz qılan, oruc tutan bir
adam, bizə qoşulub araq içirsən? Həm namaz qılmaq,
həm oruc tutmaq, həm də araq içmək
bir-biri ilə necə yola gedir?" Hacı çox fikirləşmədən
dedi ki, ağa, sən narahat olma, bunlar
bir-biri ilə çox rahat yola gedir. Mübahisə edib dalaşmırlar da. İnşallah, Bakıdan Tehrana
qayıdandan sonra, burada sizinlə araq içdiyimə görə qələt namazı qılacam. Bununla da hər şey
qaydasına düşəcək,
heç bir problem olmayacaq.
Bu cavab məni qane eləməsə də, qonağa çox sual vermədim. O sualı özüm verdim. Özümdən soruşdum
ki, axı necə ola
bilər, günah işlər görəsən,
sonra da gedib bir-iki rükət
qələt namazı
qılasan, bununla da hər şey
yuyulub gedə? Olasan anadangəlmə, pak və təmiz
bir adam.
Günlərin birində hacı Həsəndən eşitdiklərimi
yerli-yataqlı din xadimi
olan dostuma danışdım. O da məndən eşitdiklərindən
çox-çox təəccüblənib
dodağını büzdü.
Dedi ki, dində, imanda qələt namazı-filanı
yoxdu. Yəqin, həmin İrandan
gələn o qonaq geydirmə hacıymış.
Din xadiminin bu cür aydın açıqlamasından sonra
xeyli rahatlandım. Deməli, bizimlə yüz-yüz vuran hacı yalan danışırmış.
Allah bilir ki, hacının qıldığı
nə namazı imiş...
Vahid MƏHƏRRƏMOV
Hərbi jurmalist
525-ci qəzet.- 2021.- 17 sentyabr.-
S.15.