Biz gəldik, Şuşa!
"Nəhayət ki, Şuşa etibarlı əllərdədir! Qəlbim Azərbaycan
əsgəri ilə, bütün Azərbaycan xalqı ilə
birlikdə sevinc və qürur hissindən
coşub-daşır. Burada - Şuşada
olmağım əsl möcüzədir. Şuşa,
işğalçı üçün sən, sadəcə,
ərazi idin. Amma azərbaycanlı üçün Vətənsən!
Məndən ötrü isə dualarımın müstəcab
olması, ədalətin təntənəsisən! Bu sözləri
bir and, yaxud gələcəyə yönəlik mesaj kimi
böyük məhəbbət və içdən gələn
dualarımla yazıram: işğalçının
ayağı bir də heç zaman sənə toxunmayacaq! Uzaq 1992-ci ildə, sonra isə 2020-ci ildə
uğrunda qəhrəmanlıqla həlak olan hər oğlunun
xatirəsi önündə baş əyirəm. Azərbaycan
Ordusu noyabr ayında Şuşa şəhərini
döyüşlə azad edib Ermənistanı tam məğlubiyyət
aktını imzalamağa məcbur elədi. Tam və gələcəyə
heç bir ümid yeri qoymayan məğlubiyyət!
Azərbaycanın
vüqarı Şuşa nəhayət,
öz əslinə döndü. Sizi - həmişə
bu mübarizənin içində olan və qələbəyə
dəstək verən hər kəsi bərk-bərk
qucaqlayıram. Şuşanın azad olunacağına
inanan hər kəsi! Düşünürəm
ki, hamı inanırdı. Hamı inanırdı ki, Şuşa mütləq azad ediləcək! Sonra isə yeni tarix yazacağıq. Ən
böyük Azərbaycan şəhəri olan
Şuşanın inkişaf və çiçəklənmə
tarixini! Bütün varlığımla bunu sizə
arzu edirəm!"
Hər
birimizin ürəyindən keçən, altına tərəddüdsüz
imza atmağa hazır olduğumuz bu sözlərin, sətirlərin
müəllifi litvalı jurnalist, erməni vəhşiliyini
dünyaya yayan "Xocalı gündəlikləri",
"Çıxışsız dəhliz" kimi sənədli
filmlərin müəllifi Riçardas Lapaitisdir. Bir müddət
əvvəl onun ədalətli davamıza rəğbət və
inanc dolu yazısını tərcümə edəndə
düşünürdüm: bizdən min kilometrlərlə
uzaqda, soyuq şimalda yaşayan bu insan necə olub ki,
duyğularımızı bu qədər dəqiqliklə ifadə
edə bilib? Hissimizin, həyəcanımızın
tərəfsiz tərcümanına çevrilməyi
bacarıb?
Yəqin
ki, sualın cavabını Qarabağ sehrində,
xalqımızın tükənməyən Şuşa
sevgisində axtarmaq lazımdır. Bu sevginin yaşı bir il, beş il deyil, Şuşa bina olunduğu
gündəndir. Rus çarı birinci Pyotr "Avropaya pəncərə"
açmaq üçün Peterburqun əsasını
qoyduğu kimi, Pənahəli xan da doğma Qarabağı
yağı düşməndən qorumaq üçün
mühüm strateji məntəqəyə çevrilən Şuşa qalasını bina etmişdi. Tezliklə bu şanlı tarixin 270 illiyini qeyd edəcəyik.
Erməni işğalçıları üçün sadəcə,
qəsb edilmiş ərazi olan Şuşa
sonu görünməyən işğal illərində həqiqətən
də dövlətimiz, xalqımız üçün müqəddəs
məkan, namus və şərəf ünvanı kimi qalmaqda
davam edirdi.
Əcdadlarımız
Şuşanı müstəqil dövlətin - Qarabağ
xanlığının paytaxtı kimi Ağa Məhəmməd
şah Qacardan qoruyub,1920-ci ilin martında Azərbaycan
Cümhuriyyətinin ordusu daşnakların müvəqqəti
işğalından azad edib. Aradan 100 il
keçəndən sonra eyni şərəfli tarix təkrarlanıb
- Azərbaycan əsgəri dünya hərb tarixinə həkk
olunacaq qəhrəmanlıqla Şuşanı mənfur
işğalçılardan təmizləyib.
Atalar üçdən deyib. Şuşaya indiki
qayıdışımız əbədidir, dönməzdir.
İnanıram ki, Şuşa həqiqi
intibahını məhz bundan sonra yaşayacaq. Erməni
vandallardan miras qalmış xarabalıqlar içindən əfsanəvi
Səməndər quşu kimi tarixi simasını bərpa edərək
dirçəlib parlayacaq. "Qafqazın
konservatoriyası" statusunu özünə qaytaracaq, təkcə
Azərbaycanın deyil, bütün türk
dünyasının "mədəniyyət paytaxtına"
çevriləcək. Bu proses artıq Şuşanın
işğaldan azad olunmasının ertəsi günü
başlayıb və düşməni təşvişə
salan bir sürətlə davam etməkdədir.
***
Bir qərinədən
sonra... - Vilayət Quliyev yazır
Şuşaya gedirik. Dövlət
başçısının və birinci xanımın
iştirakı ilə şəhər azad olunandan sonra
keçiriləcək ilk Vaqif Poeziya Günlərinin və bərpadan
sonrakı Vaqif məqbərəsinin
açılışına...
Hələ
44 günlük Vətən müharibəsinin parlaq qələbəmizlə
başa çatmasından az sonra Ali Baş Komandan, Prezident
İlham Əliyev qətiyyətli bir şəkildə
növbəti ildə Şuşada məşhur
"Xarıbülbül" festivalının, ənənəvi
Vaqif Poeziya Günlərinin keçiriləcəyini deyəndə
buna tərəddüdsüz inanmışdım. Bilirdim ki, ölkə Prezidenti sözünün
ağasıdır. Şuşanın
mütləq azad olunacağı xəbərini də əvvəlcədən
vermiş və tezliklə möcüzənin həqiqətə
çevrilməsinin şahidi olmuşduq.
İndi
budur, Azərbaycan əsgərinin Vətən uğrunda
axıtdığı qan izləri ilə çəkilmiş
"Zəfər yolu" ilə 30 illik həsrətimizin,
arzularımızın şəhərinə - Şuşaya
gedirik.
Yolboyu erməni vandallarının vəhşicəsinə
dağıdıb viran qoyduqları kəndlərimizin
acınacaqlı mənzərələrinə tamaşa etdikcə
müdrik Süleyman peyğəmbər haqqındakı məşhur
pritçanı xatırlayıram.
...Eyni
körpəyə iddialı olan iki qadın mübahisəni həll
etmək üçün Süleyman peyğəmbərin
yanına gəlirlər. Peyğəmbər
balacanı ortadan bölüb hər parçasını
iddiaçılardan birinə verməyi buyurur. Qadınlardan biri dərhal razılaşır.
O biri isə ağlayıb-yalvarır, uşaqdan imtina etdiyini
bildirir, digər qadına verilməsini xahiş edir.
Peyğəmbər
körpəni həmin qadına qaytarıb deyir:
- İndi
həqiqi ananın kim olduğu bilindi.
Bu müdrik pritçanı niyə xatırladım?
Ermənilər
özlərinin tarixi ərazisi kimi biri-birindən əcaib
Şuşi, Akna, Karvaçar, Berdzor, Varanda, Crakan və s.
(Şuşa, Ağdam, Kəlbəcər, Laçın,
Füzuli, Cəbrayıl nəzərdə tutulur - V.Q.)
adları qoyduqları şəhərlərimizin, yüzlərlə
kəndimizin heç birinin həqiqi sahibi deyildilər, tarixən
olmamışdılar. Əks təqdirdə, bu
abad şəhər və kəndləri xarabazara çevirməzdilər.
Bizim insanlar məcburiyyət
qarşısında evlərini tərk edəndə bir
ağac budağını qırmamış, bir pəncərə
şüşəsini sındırmamışdılar. Çünki buralar Vətən idi, babaların
ruhunun uyuduğu doğma torpaq idi. Ermənilər
isə başqalarının torpağına soxulduqları
üçün hər cür vəhşiliyi özlərinə
rəva görmüşdülər. Çünki
bu coğrafiyada tarixən gəlmə idilər. Günahsız körpənin parçalanmasına
razılıq verən yalançı, qəddar qadın kimi,
onları da yalnız özlərinə məxsus olmayan hər
şeyi dağıtmaq, yox etmək
maraqlandırmışdı.
Şuşaya gedirik. Mədəniyyət
paytaxtımızın ziyarətinə, Qarabağ
xanının vəziri, dilimizin, şeirimizin böyük
ustadı Vaqifin poeziya bayramına. Bu,
iştirak edəcəyim ikinci Vaqif Poeziya Günləridir.
Birinci dəfə uzaq 1987-ci ildə keçirilən
sonuncu Ümumittifaq miqyaslı tədbirə
qatılmışdım. Keçmiş
müttəfiq respublikalardan gəlmiş şair,
yazıçı, ədəbiyyat və incəsənət
xadimləri ilə birlikdə əvvəlcə Molla Pənahın
tarixi vətəni Qazax mahalını, sonra isə
Şuşadakı əzəmətli məqbərəsini
ziyarət etdik. Böyük Heydər Əliyevin təşəbbüsü
ilə ucaldılan, 1982-ci ilin qarlı bir qış
günündə özünün iştirakı ilə təntənəli
açılış mərasimi keçirilən bu məqbərə
hamı kimi, mənim də nəzərimdə Qarabağda əsrlər
boyu mövcud olmuş Azərbaycan varlığının,
dilinin və dövlətçiliyinin təcəssümü
idi. Yadımdadır ki, qonaqlar hamısı
Şuşanın gözəlliyinə,
füsunkarlığına vurulmuşdu.
1987-ci il Qarabağda sonuncu sülh, sakitlik, dinclik ili
idi. Amma ermənilərin nə isə məkrli
planlar hazırladıqlarını sezməmək
mümkün deyildi. Sadəcə, o vaxt
heç kəs milli münaqişənin miqyasının bu qədər
yüksək səviyyədə
razılaşdırıldığını, belə
geniş və dağıdıcı xarakter
alacağını ağlına gətirmirdi. Biz tarixin təcrübəsini bilmirdik, yaxud
unutmuşduq. "Erməni xəstəliyi"ndən
xəbərsiz idik.
İşğaldan əvvəlki Şuşada sonuncu dəfə
1989-cu ilin oktyabrında olmuşdum. Şəhər qərib,
tənha və kədərli görünürdü. Bura rus hərbçilərinin müşayiəti ilə
gəlmişdik. Yolboyu kəndlərdə
rastımıza çıxan ermənilərin nifrət dolu
baxışlarını hiss edirdik. Hələ
də imtiyazlı vətəndaşlarımız sayılan bu
məxluqların hikkəsini başa düşmək
mümkün deyildi. İstər-istəməz
Yevtuşenkonun məşhur "Əlimizlə yemləyirik
alçaqları, tulalardan böyüdürük
buldoqları..." misralarını xatırlamalı olurdum.
1992-ci
ilin dəhşətli may günlərinə çox qalsa da, Şuşa mənə taleyin ümidinə
buraxılmış şəhər təsiri
bağışladı. İnsanlarda bir ruh
düşkünlüyü vardı. Görüşüb
danışa bildiyimiz bir neçə yerli ziyalı "yiyəsizlikdən"
şikayətləndi. Rayon partiya komitəsinin
birinci katibi, mərhum Vaqif Cəfərovun yanında olduq.
Kabinetində hələ də Qorbaçovun
şəkli asılmışdı. Narahatlığımızı
görüb bizə ürək-dirək verməyə, tezliklə
hər şeyin yaxşılığa doğru dəyişəcəyindən
danışmağa başladı. Amma hiss olunurdu ki,
sözlərində pəhləvan gövdəsinə
yaraşmayan inamsızlıq var. Əslində, onun
özünü də meydanda tək qoymuşdular...
Elə
bil ürəyimə dammışdı - Şuşa
ilə vidalaşırdım. O zaman
çalışdığım Nizami adına
Ədəbiyyat İnstitutunun dissertantı olan
şuşalı gənc müəllimin bələdçiliyi
ilə iki saatın içərisində şəhərin əksər
tarixi yerlərini gəzib dolaşdıq. Hətta
Xan qızı Natəvanın bağçasında çay
içməyə də macal tapdıq.
Heç
vaxt yaxın buraxmadığımız, heç vəchlə
gerçəkləşəcəyinə inanmaq istəmədiyimiz
o qorxunc məqam gəlib çatdı... Fədakar
oğulları son ana qədər döyüş
meydanından çəkilməsə də, siyasi oyunların
qurbanına çevrilən Şuşa
düşmənə təslim edildi. Qarabağ
savaşının ən böyük, ən
alçaldıcı itkisini verdik.
Bilmirəm, başqaları bu ümummilli məğlubiyyət
duyğularını necə yaşayıb. Amma mən Şuşa
itkisinin ağrısını, əzabını elə bil
fiziki şəkildə canımda hiss edirdim. Mənəvi
əzablar isə daha dözülməz idi.
Düşmən tapdağı altındakı
Şuşanın mənzərələrini ilk dəfə
1999-cu ildə görə bildim. Tam yeni və çətin
bir sahədə - Xarici İşlər Nazirliyində
çalışmağa başlamışdım.
ATƏT-in fəaliyyətdə olan sədrinin regiondakı
şəxsi nümayəndəsi, özünü həm
Bakının, həm də İrəvanın dostu kimi
göstərməyə çalışan, əslində isə
daha çox şəxsi qazanc və
firavanlığını düşünən polşalı
diplomat Anji Kaspşik mənimlə isti münasibətlər
yaratmağa çalışırdı. Bir dəfə
Qarabağdan qayıdanda Şuşada çəkilmiş xeyli
şəkil gətirmişdi. On il əvvəl
küçə və meydanlarını gəzib
dolaşdığım Şuşaya indi şəkillərdə
tamaşa edirdim. Hər tərəf
acınacaqlı, xarabazar vəziyyətdə idi.
İşğaldan keçən yeddi il ərzində
şəhərin abadlığı üçün heç
bir iş görülməmişdi. Xalqımızın
mədəniyyət və mənəviyyat tarixi ilə
bağlı zəngin memarlıq abidələri taleyin
ümidinə buraxılmış, yaxud bilərəkdən
dağıdılıb tar-mar edilmişdi. Ermənilərin
guya "tarixi paytaxtlarından biri" kimi ağızdolusu
söz açdıqları "Şuşi"yə belə
vandal münasibəti məni həqiqi mənada heyrətləndirdi.
Amma qəribə də olsa, başqa mənada bundan həm
də təskinlik tapdım. Əgər ermənilər
Şuşada genişmiqyaslı quruculuq işlərinə
başlamırlarsa, deməli, bu, təkcə iqtisadi
imkansızlıqla bağlı deyildi. Daha
çox hərbi-siyasi amillərdən qaynaqlanırdı.
Fəaliyyətsizliyin arxasında günün
birində Azərbaycanın öz tarixi torpaqlarını nəyin
bahasına olursa-olsun, geri qaytaracağı qorxusu
dayanırdı. Ermənilər nə qədər
"Şuşi" deyib bağırsalar da, özlərinin
olmayan bu şəhərin yolunda nəinki canlarından, hətta
pullarından da keçmək istəmirdilər.
Geniş maliyyə imkanlarına malik erməni diasporunun
Şuşaya can atmaması da ilk növbədə, həmin
qorxudan irəli gəlirdi. Bu qorxu onları ilk həlledici
qarşılaşmada özlərinin olmayan və heç vaxt
olmayacaq Şuşadan biabırçılıqla
qaçmağa vadar etdi.
***
Son 17 ili Vətəndən uzaqlarda yaşasam da,
işğal olunmuş torpaqlarımızın taleyi,
Şuşanın fikri bütün yurdsevər
soydaşlarım, həmkarlarım kimi, mənim də ən
ağrılı dərdim olub. Çalışdığım
ölkələrin KİV-inə verdiyin çoxsaylı
müsahibələrdə, çap etdirdiyim kitab və məqalələrdə,
keçirdiyimiz simpozium və konfranslarda xalqımızın
uğradığı dəhşətli ədalətsizliyi,
Ermənistanın işğalçılıq siyasətini bəqədri-qüvvə
diqqət mərkəzinə çəkməyə
çalışmışam. Əslində,
bu, vəzifə borcum olub.
Yadımdadır, Varşavada işlədiyim dövrdə
Polşa XİN-in Qafqaz regionu üzrə ixtisaslaşan
yüksəkvəzifəli əməkdaşı bir neçə
səfirlə birlikdə məni də şam yeməyinə dəvət
etmişdi. Süfrə ətrafında söhbət xalqların
milli-mənəvi həyatında, mədəniyyət tarixində
müstəsna rol oynayan, milyonlarla insan üçün simvola
çevrilən şəhərlərdən düşdü.
Yerusəlim-Qüds geniş müzakirə
mövzusu oldu. Mən Şuşa
haqda danışdım. Onun hər bir azərbaycanlı
üçün nəinki Qüds, hətta Məkkə, Mədinə
timsalında olduğunu dedim. Həlledici an gələndə vətənpərvər
oğullarımızın Şuşa
uğrunda döyüşə atılacağına, bu yolda
canlarından keçəcəyinə
inandığımı əlavə etdim.
Sözlərim
nədənsə ev sahibinin xoşuna gəlmədi:
-
Bilirsiniz, - dedi, - bəzən tarixin qərarı ilə
barışmaq lazım gəlir. 1939-cu ilə qədər
Polşanın tərkibində olan Lvov da bizim
üçün eyni dərəcədə əzizdir. Amma indi heç bir ciddi polyak siyasətçisi
Lvovun geri qaytarılması haqda danışmır.
- Siz Lvovu itirmisiniz, əvəzində Dantsiqi -
Qdanskı, Breslaunu-Vrotslavı almısınız. Dənizə
çıxışınız təmin olunub. Həm də bütün bunlar Dünya müharibəsinin
nəticəsində baş verib. Şuşa
isə Ermənistanın əsassız ərazi iddiası zəminində,
dinc dövrdə işğala uğrayıb. Biz bu haqda danışırıq və tarixi ədalət
bərpa olunana qədər də danışacağıq.
Həm də təkcə sözlə kifayətlənməyəcəyik.
Diplomatik imkanlardan, dinc tənzimləmə
mexanizmindən sonadək istifadə etməklə bir sırada
yeni savaşa hazırlaşacağıq. Şuşanın
təməlini bizim babalarımız qoyub. Günün
birində Şuşa mütləq yenə
Azərbaycan şəhəri olacaq. Buna inanmasaq,
yaşamağa dəyməzdi...
- Ümid
sonda ölür, - deyə polşalı diplomat iddialı
şəkildə dilləndi. Amma inanmıram ki, böyük
güclər sizə öz istəyinizi həyata keçirməyə
imkan versin.
Mübahisə etmədim. Amma qəhrəman
Ordumuz Şuşanı azad edəndə keçmiş həmkarımı
axtardım. Artıq həyatda olmadığını
öyrəndim...
2007-ci ildə Ermənistan hökumətinin sifarişi ilə
Polşa Milli Bankı "Şuşinin azad edilməsinin 15
illiyi" münasibətilə tədavülə
qızıl xatirə sikkələri buraxmışdı. Milli Bankda və
Varşava qiymətli kağızlar fabrikində
görüşlər keçirdik. Şuşanın
erməni işğalına uğramış Azərbaycan
şəhəri olması barədə sənəd və
materiallar təqdim etdik. Milli Bankın görünür,
əsl bankir düşüncəsinə malik sədr
müavini:
- Azərbaycan
bizə dost ölkədir, - dedi. - Siz də Şuşanın
işğal edilməsinin 25 illiyi ilə bağlı sikkə
sifariş verin. Məmnuniyyətlə
hazırlayarıq.
-
Çox sağ olun, - deyə cavab verdim. - Əgər Azərbaycanı
həqiqətən dost ölkə sayırsınızsa, gərək
bu işi görməzdən əvvəl xəritəyə
baxaydınız. İşğalçı
dövlətlə belə sıx əməkdaşlıqdan
sonra sizə əlavə pul qazandırmağa lüzum
görmürük. Eybi yox, biz də Şuşanı
azad edəndə Polşa Milli Bankına xatirə sikkələri
sifariş verərik...
Yeri gəlmişkən, düşünürəm ki, həqiqətən
də müxtəlif nominala malik belə sikkələr
hazırlansaydı, çox gözəl olardı. Düşmənə
göz dağı, dosta ərməğan kimi...
2012-ci ildə Şuşanın erməni silahlı
qüvvələri tərəfindən
işğalının 20 illiyi ilə əlaqədar
Macarıstanda silsilə tədbirlər həyata keçirdik. Macar Poçtu
ilə razılıq əsasında xatirə markası
çap edib geniş coğrafiyada yaydıq. Amma 00001 saylısını özümdə
saxladım. Düşündüm ki, həyatda
olduğum müddətdə Şuşa
azad edilsə, onu şəhər muzeyinə
bağışlayım. Taleyimə minnətdaram
- arzuma qovuşdum. Avqustun 30-da həmin markanı gələcəkdə
şəhər muzeyinə vermək üçün
Prezidentin Şuşa rayonunda xüsusi
nümayəndəsi Aydın Kərimova təqdim etdim.
Budapeştdə
maraqlı bir Şuşa təqvimi də
hazırlayıb nəşr etdirmişdik. Hər
səhifədə Şuşanın tarixi binalarından birinin
münaqişəyə qədər olan, dairə içərisində
isə işğalçıların viran qoyduğu şəkli
verilmişdi. Şəkillər həm də
ilin fəsillərinə uyğun seçilmişdi. Təqvimi diplomatik korpusda, Macarıstanın dövlət
və hökumət idarələrində yaydıq. Məncə,
az da olsa, Şuşanı tanıtmağa
köməyi dəydi. Tirajın böyük hissəsini isə
xarici qonaqlara hədiyyə etmək üçün
Qarabağ icmasının o zamankı rəhbəri, Şuşa Rayon İcra Hakimiyyətinin
başçısı Bayram Səfərova göndərdik.
Macarıstandakı
ən uğurlu işimiz isə işğal altındakı Şuşa ilə Döndöş şəhərinin
qardaşlaşması oldu. Döndöş də Şuşa kimi hündür ərazidə -
Matra dağının ətəklərində yerləşir.
İki şəhər arasında
qardaşlaşma protokolunun imzalanması Ermənistanda və
Macarıstandakı erməni icması arasında böyük
səs-küy yaratdı. Ölkədəki
erməni milli azlığının nümayəndələri
(onlar rəsmi statusa malikdir) başda macar Parlamentinin erməni
deputatı olmaqla Döndöşə gəldilər. Şəhər meri Laslo Faraqadan qərarını dəyişməyi
tələb etdilər. Şuşanın qədim
erməni şəhəri olduğunu deyir, azərbaycanlıların
onları aldatdığını iddia edirmişlər.
"Şuşi"nin erməni merini
Macarıstana gətirməyi, erməni "Şuşi"si
ilə Döndöş arasında qardaşlaşma müqaviləsi
bağlamağa hazır olduqlarını bildirir, Faraqaya
müxtəlif vədlər verirmişlər.
Məzəli
və hazırcavab adam olan Laslo Faraqo
sonralar danışırdı ki, "mən onlara azərbaycanlıların
işğal elədiyi erməni şəhərinin merini
öz hesabıma Macarıstana gətirməyə və onunla
istənilən müqaviləni bağlamağa hazır
olduğumu dedim. Bir söz tapa bilmədiklərindən
qapını çırpıb kabinetdən
çıxdılar..."
***
"Zəfər yolu" Daşaltından sağa burulub
Şuşaya daxil olur. İgidlərimizim az qala yalın əllə
dırmaşıb düşməni xofa saldığı
sıldırım qayalardan gözümüzü çəkə
bilmirik. Oteldə yerləşib bir az
özümüzə gələndən sonra
Şuşanın simvoluna - Cıdır düzünə
yollanırıq. 90 yaşlı Xalq şairi Nəriman Həsənzadə
hamıdan qabaqda gedir...
Ertəsi gün Vaqif Poeziya Günlərinin
açılışında iştirak edirik. Prezidentin son dərəcə
məzmunlu, gələcək böyük planlar üzərində
köklənmiş nitqini dinləyirik.
Səfir
həmkarım Həsən Həsənovla birlikdə Bülbülün
yenidən bərpa olunmuş ev-muzeyini, Xurşidbanu Natəvanın
şəhərin Merdinli məhəlləsində tikdirdiyi
Şirin su hamamını, məşhur tarzən, Azərbaycan
tarının yaradıcısı Sadıqcanın
xarabazarlığa çevrilən evini ziyarət edirik.
Məni ən çox Şuşadan bütün türk
dünyasına maarifçilik, milli mücadilə, müstəqillik
günəşi kimi doğan, çoxillik tədqiqatlarımın
obyekti olan Əhməd bəyin - Əhməd Ağaoğlunun
evi maraqlandırır. Digər məşhur şuşalı - Yusif Vəzir
Çəmənzəminli "Studentlər" romanında qəhrəmanı
Rüstəm bəyin dili ilə onun Şuşanın taleyindəki
rolundan söz açaraq yazmışdı: "Belə həyəcanlı
bir zamanda Ağabəyin (bu ad altında Ə.Ağaoğlu təsvir
olunur - V.Q.) şəhərə gəlməsi kimi fərəhə,
kimi qayğıya salmışdı. Ağabəy
məsciddə uzun bir nitq söylədi. Şuşanın
Zaqafqaziya türkləri üçün böyük əhəmiyyətinin
olduğunu anlatdı. Dedi ki, "Şuşa bir
qaladır, bura əldən getsə, çoluq-cocuğumuzu
götürüb Arazın o tayına keçməkdən
başqa bir çarəmiz qalmır". Sonra
"Difai" məsələsini açdı və gizli bir
təşkilat yaradacağını söylədi".
Erməni vandalları Əhməd bəyin (Əhməd
Ağaoğlu) ata mülkünü son daşına qədər
dağıdıblar. Sovet dövründə idarə və
müəssisə binası, məktəb-pansionat və pioner
düşərgəsi kimi istifadə olunan, yerli camaat
arasında "Lesnaya şkola" kimi tanınam bu
böyük mülkün yerində indi yalnız kol-kos bitir.
Bu qəddarlıq təsadüfi deyil. Ermənilərin
Əhməd bəylə xüsusi "haqq-hesabları"
vardı. Biz də onu "burjua millətçisi"
kimi damğalayanda Ermənistanda neodaşnakizmin ideoloqu, Ermənistan
KP MK-nın katibi Con Kirakosyan 1967-ci ildə İrəvanda rus
dilində çap etdirdiyi "Gənc türklər tarixin məhkəməsi
qarşısında" adlı şovinizm mayası ilə
yoğrulmuş kitabında "şuşalı pantürkist
Əhməd Ağayevi Şuşada erməni
qırğınlarının təşkilatçısı
və rəhbərlərindən biri" kimi qələmə
verirdi.
1914-cü ildə erməni dramaturqu E.Ter-Qriqoryan əsas
qəhrəmanının "panislamist" Əhməd bəy
olduğu "Qılınc və od" pyesini
yazmışdı. Bu üzdəniraq əsər tezliklə
rus dilinə çevrilərək Moskvada da çap
olunmuşdu.
Daşnak terrorçularının "Nemezis" qisas
planına görə, Əhməd bəyin adı "qətli
vacib və təxirəsalınmaz şəkildə həyata
keçirilməli olan" 43 nəfərin siyahısına
salınmışdı. Sadəcə, səhvən onun yerinə
Behbud xan Cavanşiri öldürmüşdülər.
1918-ci ildə
ermənilərin təhriki ilə ingilislərin diktəsi
altında işləyən Kürd Mustafa Paşa məhkəməsi
Əhməd bəyi saxta erməni soyqırımında
suçlu sayaraq Malta adasına sürgün etmişdi...
Ölümə bərabər bu sürgündən yalnız
Qurtuluş Savaşının öndəri Atatürkün sayəsində
xilas ola bilmişdi.
Bizdən fərqli olaraq uydurduqları saxta tarixi heç
vaxt unutmayan daşnak tör-töküntüləri
Şuşanı müvəqqəti işğal edən kimi
ilk qisası Əhməd bəydən, onun xatirəsindən
almışdılar.
Eyni
vandallıq aktını Xan qızı Natəvanın
dövrün şeir, musiqi mərkəzi kimi tanınan
mülkündə, son Azərbaycan ensiklopedisti Mir
Möhsün Nəvvabın, ilk ədəbiyyat tarixçimiz
Firidun bəy Köçərlinin, görkəmli həkim və
ictimai xadim Kərim bəy Mehmandarovun, yazıçı və
diplomat Əbdürrəhim bəy Haqverdiyevin, həmkarı
Yusif Vəzir Çəmənzəminlinin, dahi bəstəkarımız
Üzeyir bəyin, muğam ustası Xan Şuşinskinin və
digər məşhur şuşalıların ata-baba
yurdlarında, vaxtilə Şuşaya yaraşıq verən
real məktəbin binasında da görürük. Hətta bədnam Şaumyanın əqidə
yoldaşı Mirhəsən Vəzirovun ata evi də dəhşətli
aqibətdən kənarda qalmayıb.
Ermənilər
30 il ərzində Şuşanı
dağıdıblar, sözün həqiqi mənasında cəngəlliyə
çeviriblər. Azərbaycan qısa müddətdə
şəhərin tarixi simasının özünə
qaytarılması üçün mühüm işlər
görüb və görür. Şuşa
indi böyük bir tikinti meydançasını
xatırladır. Dövlət başçısı son
Şuşa səfərində şəhərin
ilk yaşayış massivinin, beşulduz otelin təməlatma
prosesində iştirak etdi. Bərpa-quruculuq işlərinin
sürətləndirilməsi ilə əlaqədar göstərişlər
verdi. Şəhərdəki
214 tarixi-memarlıq abidəsinin hamısı artıq
pasportlaşdırılıb, texniki vəziyyətləri və
bərpa imkanları araşdırılır.
Erməni rəhbərliyinin ən böyük
fantaziyası Şuşada sərxoş orgiyaların təşkilinə,
zövqsüz atılıb-düşməyə
çatırdı. Azərbaycan isə ilk gündən tarixi
şəhərimizi mədəniyyət paytaxtı elan etdi və
bu istiqamətdə biri-birindən maraqlı layihələr həyata
keçirilir. Bu sətirləri yazanda başqa şad xəbər
eşitdim - sentyabrın 18-dən 24-nə qədər
Şuşada xarici musiqiçilərin də iştirakı ilə
Üzeyir musiqi həftəsi keçiriləcək...
Vandalların heykəlini güllələdiyi Üzeyir bəy
artıq evinə qayıdıb. Yəqin ki, illər boyu Şuşa səmalarında dolaşan sərgərdan
ruhu da artıq əbədi aram və rahatlıq tapıb.
***
Səfərimizin
məqsədi işğaldan azad edilmiş Şuşada
keçirilən ilk Vaqif Poeziya Günləri olduğundan sonda
mərhum Prezident Heydər Əliyevin daimi Şuşa
qayğısı, narahatlığı ilə bağlı ibrətamiz
bir tarixi epizodu da xatırladım.
2001-ci ilin yanvarında Azərbaycan və Ermənistanın
Avropa Şurasına üzvlüyə qəbulu ilə əlaqədar
Prezident Heydər Əliyev və Robert Koçaryan Strasburqa səfər
etmişdilər. Bu panavropa qurumunun çətiri
altında, əslində, formal xarakter daşıyan və
münaqişənin həllinə heç bir töhfə
verməyən görüş keçirildi.
Rəsmi
hissə başa çatandan sonra Heydər Əliyev
vidalaşmaq üçün yaxınlaşan
Koçaryanı saxlayaraq dedi:
- Yəqin
xəbərsiz deyilsiniz - mənim təşəbbüsümlə
Şuşada Vaqifin məzarı üzərində məqbərə
tikilmişdi. Vaqif bizim böyük
şairimizdir. Qarabağ
xanlığının vəziri olub. İndi
məqbərə nə vəziyyətdədir? Yoxsa onu da yer üzündən silmisiniz?
-
Başımız açılana qədər mərmər
üzlükləri, alüminium şəbəkələri
söküb aparıblar. Amma karkası yerindədir, - deyə
Koçaryan saxta təbəssümlə cavab verdi.
-
Ümidvaram ki, şəxsən bu işə əl
bulamamısan, - deyə Heydər Əliyev qəsdən
diplomatik etiketdən kənara çıxaraq istehzalı şəkildə
"sizdən" "sənə" keçdi.
- Nə
danışırsınız, Heydər Əliyeviç, - deyə
özünü heyrətlənmiş kimi göstərən
Koçaryan Prezidentin əlini tələsik sıxıb
uzaqlaşdı.
Heydər Əliyev onun arxasınca baxaraq sanki
öz-özü ilə danışırmış kimi
"Gözünün içinə qədər yalan
danışır. Quldurbaşının böyüyü özüdür",
- dedi.
***
Quldurlardan
təmizlənmiş, quldurbaşının fatehlik
xülyasına həmişəlik son qoyulmuş Şuşa bu gün xalqımız
üçün təkcə qələbə deyil, həm də
məsuliyyət rəmzidir, gələcək
üçün imtahan meydanıdır. Biz qalib
millətik, dövlət başçısının iradəsi,
ordumuzun gücü sayəsində tarixi ədaləti bərpa
etməyi bacarmış millətik. Bu qələbənin
addım-addım bütün Qarabağa yayılacağı
gün o qədər də uzaqda deyil!
Şuşa təəssüratını yenə də hisslərimin dəqiq tərcümanı kimi çıxış edən litvalı dostumuz Riçardas Lapaitisin sözləri ilə bitirmək istəyirəm:
"Fikirlərimi cilovlaya bilmirdim və düşünürdüm ki, bu otuz ili Şuşa bizsiz necə yaşayıb? Özünün həqiqi sahibləri olmadan! Məhəbbətsiz və nəvazişsiz? Necə??? Şuşa açıq hava altında muzey-şəhərdir. Burada hər addımda mədəniyyət abidələri, məscidlər, qəbiristanlıq - bir sözlə, bütün Azərbaycanın tarixi var. Dağların üzərində bayraq gördüm - Azərbaycanın bayrağı! Bu o deməkdir ki, şəhər bütün insanların üzünə açıqdır. Bu o deməkdir ki, işğalçının çəkdiyi tikanlı məftillər dəmir pərdə kimi qoparılıb bir tərəfə atılıb. Mən Şuşaya Azərbaycan əsgərinin yolu ilə gəldim. O əsgərlə, hər bir azərbaycanlı ilə birlikdə əzab çəkərək və sevinərək gəldim".
Əski müdriklər deyirdilər ki, "Şuşa kimin əlindədirsə, Qarabağa o, nəzarət edir". Biz gəldik, Şuşa!
Şuşa bizimdir!
Qarabağ Azərbaycandır!
Vilayət
QULİYEV
525-ci qəzet.- 2021.- 17 sentyabr.- S. 8-9;11.