Usta  

 

 

Həyatda ən sevdiyim hörmət etdiyim insanlar zəhmətkeş insanlardır. İşləməkdən əlləri mazol olmuş ya əllərində gördüyü işin izi olan insanlara qibtə ilə baxar, gözlərinin içində onların əməyinin gözəlliyini axtararam. Belə insanların gözləri fərqli baxar, ruhlarındakı atəşi gözlərində əks etdirərlər. Türkiyə türkcəsində dülgərlik, dəmirçilik, dərzilik kimi işlərdə ustalaşan insanlara "zanaatkar" deyirlər. Təcrübə, ustalıq əl bacarığı tələb edən bütün işlərə zanaat adı verilir. Bu işlərin birində təcrübə sahibi olan adamlar isə "zanaatkar", "usta" olaraq xarakterizə edilir.

 

Şəkidə belə bir insanla qarşılaşdım. Duruşu, baxışı, müştəridə güvən yaratmaq qabiliyyəti ilə tam bir zanaatkardı, ustaydı.

 

Təpənin başında bir oteldə qalırdım. Otelin pəncərəsindən Böyük Qafqaz aağlarını, sis-dumanın arasından açılan meşələrin yaşıllığını seyr etdikcə həyəcanlanır, bir an özümü oralara atmaq üçün səbirsizlənirəm.

 

Şəhərə günortadan sonra varmışdıq. Şəkiyə yaxınlaşdıqca pozulan yollar bizi bir xeyli yormuşdu. Yarım saatlıq dincəlməklə yorğunluğumuz çıxmışdı. Dörd il əvvəl gördüyüm, lakin istədiyim şəkildə gəzə bilmədiyim Şəkini yenidən ziyarət etmək üçün tələsirdim. Şəhər mərkəzi otelə uzaq görünsə , gecə yarısına qədər şəhəri gəzməyi gözə almışdım. Bu, Bakının istisindən qarışıqlığından qurtulmaq üçün mənə ayrı bir həyəcan vermişdi.

 

Avropanın səliqəli səkilərinə alışmış ayaqlarım daşlı yollara çətinliklə uyğunlaşmağa çalışsa da, kefim yerində idi. Karvansarayın yola baxan tərəfində bir xeyli kiçik dükanlar açılmışdı. Dükanlarda ən çox diqqətimi çəkən Şəki kəlağayıları idi. Almasam da, dükanlara girdim, mavi, yaşıl, qırmızı rəngli ipək kəlağayıları əlimin içində hiss etdim. Satıcılarla qısa söhbətlər edincə Şəki ləhcəsinin qulaqlarımda əks-səda verməsindən ayrı bir zövq alırdım. Dəmiri əridən, daşı istədiyi biçimə salan, pambığı, ipəyi öz arzularına görə şəkilləndirən insan uca İnsandır!

 

Şəhər mərkəzinə getmək bir çay içmə arzusu dükanları tək-tək gəzmək arzuma üstün gəldi. Keçdiyim küçələrin demək olar ki, hamısı bir şairin ya yazıçının adını daşıyırdı. Məni mərkəzə götürən küçənin adı Mirzə Fətəli Axundzadə küçəsi idi. Arada bir gözlərimin daldığı küçələrdə Cəfər Cabbarlı Pişnamazzadə adlarını da görmüşdüm. Ömər Əfəndi məscidinin önündə bir az nəfəsimi dərərkən bağçasındakı qocaman çinar ağacının qarşısında maraqla ağaca baxmışdım. Kim bilir, kimlər burada olmuş, bu ağacın altında kölgələnmiş, içindən keçən duaları tanrıya göndərmişdi.

 

Qırmızı kərpicli məscidin minarəsinin memarlıq baxımından özünəməxsus gözəlliyi vardı. Türkiyədə minarələr incə uzundur, burada isə qısa insana daha yaxındır.

 

Şəhərdə pandemiya sanki unudulmuşdu. Heç kimsənin üzündə hər yerdə görməyə alışdığım maskanı görəmmirdim. Bu durumu bir az qəribə qarşılasam da, içimdən sevinmiş, bir az özgürlük duyğusuna qapılmışdım.

 

Buralara kimlər gəlmiş, kimlər getmişdilər?! Ərəblər, osmanlılar, səfəvilər, avşarlar 1700-cü illərdən başlayan xanlıqlar... Cəsur Hacı Çələbi burada Nadir Şaha baş qaldırmışdı. Onun nəvəsi Hüseyn Xan, yəni Şair Müştaq tarixi divarlarda necə əks olunmuşdu.

 

Amma Şəki mənim ağlımda nədənsə Nuxa olaraq qalmışdı. Bunda Şevket Sürəyya Aydəmirin "Suyu arayan adam" kitabının da böyük təsiri var. Şevket Sürəyya öncə əsgər, sonra da bir müəllim olaraq o zamankı adıyla Nuxaya getmişdi. Şəhərə girər-girməz pis xəbərlə qarşılanmışdı. Şəhərdə bir türk müəllimi vəfat etmişdi. Bütün şəhər xalqı yas içində idi, bu qərib türk müəlliminin cənazəsini şəhərin ən böyük məscidindən izdihamla qaldırmışdılar. Bəlkə Şevket Sürəyyanın bəhs etdiyi məscid elə Ömər Əfəndi məscidi imiş.

 

Şevket Sürəyya Şəkidə yaşayan Nur Məhmət əfəndi, Fərəcullah Əfəndi kimi alimlərdən, Məhmət Ali Əfəndizadə, Zahid Əfəndizadə kimi müəllimlərdən söz edərdi. Bir əlbəttə ki, sevgilisi, qara gözlü Sitarədən... Biz Türkiyədə yaşayan gənclər bu kitabı oxuduqdan sonra hamımız qara gözlü Sitarəyə aşiq olmuşduq. Amma bu eşq gerçəkdən Sitarə idimi, yoxsa Azərbaycan - ayırd edə bilməmişdik. Şevket Süreyya Bakı ilə Şəki arasındakı fərqi çox gözəl izah etmişdi: "Bakının pozulmuş kosmopolit havası burada yoxdur".

 

Gecənin zəif işığı, dağlardan əsən saçlarımı oxşayan rüzgar, açıq kafelərdən gələn musiqi səsləri məni məst eləmişdi. Otelimə doğru ağır-ağır addımlarla yeriyirdim. Şəhərdən uzaqlaşdıqca yoxuş dikləşirdi, amma üzərimdə yorğunluqdan əsər-əlamət yoxdu. Tam yolu yarıladığım sırada sol tərəfdə kiçik bir dükan diqqətimi çəkdi. Vitrinin önündə asılqandakı bir dəst kostyum məni xəyallardan ayırdı. İğdırda köhnə dərzilərin belə asılqanları olardı. Hətta kostyumlar görünsün deyə, iki dəsti qarşı-qarşıya qoyardılar. Gəlib keçən kəndlilər parlaq qumaşlardan tikilmiş kostyumları heyranlıqla izləyər, yeni bir kostyum sifariş etmək üçün xəyala dalardılar. Bir neçə dəfə məktəb öncəsi atam məni dərziyə gətirmiş məktəb forması sifariş vermişdi. Köhnə dərzilər çənədən saz olardılar. Atamın tanıdığı dərzi mənim boynumun, qıllarımın, kürəyimin ölçüsünü alarkən sanki bir siyasətçi kimi yarım saatın içində Türkiyənin bütün problemlərini saymış, çözüm yollarını belə təklif etmişdi. Elə söhbətcil olmayan atam aradabir zarafatlaşmağı sevərdi. Usta dərzi danışarkən atam onun kürəyi cırıq köynəyini göstərmiş: "Sən Türkiyəni qurtarmaqdan əvvəl bu köynəyinin söküyünü tik", demişdi. Dərzi atamın atmacasına fikir vermədən dərzilərin məşhur atalar sözünü söyləmişdi: "Dərzi öz söküyünü özü tikə bilməz".

 

"Dərzi öz söküyünü özü tikə bilməz" sözünü o uşaq ağlımla təbii ki, başa düşməmişdim.

 

Dükanın önündə dayanıb içəri baxdım. İki kvadratmetrlik kiçik bir yerdi. Divarlar gözəl qadın maşın kartpostalları ilə süslənmişdi. Onların tam üstündə Kəbənin rəsmi vardı. Ortada üzəri bəyaz süfrəli bir masa, masada köhnə ütü qoyulmuşdu. Masanın arxasında oturan qara köynəkli arıq, qısaboylu adam dükanı incələdiyimi görüb axşam-axşam bir müştəri ehtimalı ilə qapıya çıxdı. Kiçik gözləri, pambıq kimi bəmbəyaz saçları vardı. Nədənsə tanıdığım bütün dərzilər qısaboylu idi. Bəlkə uzun adamlar məsləkdən dolayı tez-tez əyilmək məcburiyyətində qalmamaq üçün dərziliyi seçmirdilər.

 

Adam şahraq bir səslə məni içəri dəvət etdi. Qumaşlarını göstərmək istəyirdi. Gülümsəyərək qarşısında durduğumu görüncə nə istədiyimi anlamasa da, iki dəqiqənin içində köhnə dostlar kimi söhbətə başladıq. Usta məni 1950-ci illərə apardı. Əvvəlcə yoxluqdan, basqından, müharibə sonrası insanların əlbirliyi ilə birləşməsindən söz açdı. Sonra da yavaş-yavaş günümüzə gəldi. Onun düşüncəsinə görə, daha insanların nə zövqü qalıb, nə də əl qabiliyyəti. Hamı zəhmət çəkmədən varlı olmaq istəyirmiş. Onu haqq vermək üçün başımı sallayırdım. Söhbət gəlib ermənilərin üzərində dayandı. Qarşı tərəfdə məhəllələri olduğundan danışdı. Sonra tanıdığı bir erməni ustasını xatırladı: "O zamanlar bu cür adamlarda sənət eşqi vardı" - dedi. Usta yanında necə çalışdığını, püxtələşdiyini, kostyum tikməyin, iynənin sirrini ustadan illərlə necə öyrəndiyini şeir kimi söyləməyə başlamışdı. Danışdıqca şişən ovurdları, üzündəki dərin qırışlar dediklərinə daha da məna verirdi. Dünyagörmüş adamlar işi müqəddəs bildikləri kimi həyatı da boşuna yaşamamışdılar. Bəlkə soruşsam, küçədəki səkilərin də tarixçəsini danışardı. Dediyinə görə, 84 yaşındaydı. Belə gümrah qalmasına öyrəndiyi sənət səbəb olmuşdu. Bir iynəyə hakim olan bu adam sanki iynə ilə bir dünya yaratmış kimi öyünürdü. Onu nələrin həyəcanlandırdığını bilirdim. İynənin həvəsiylə illəri yola salmış, bir iynədən məslək öyrənmiş, usta olmuş, ailə qurmuş, övladlar yetişdirmiş, qarınlarını doyurmuş və altmış ildən çox başıdik, alnıaçıq, üzüağ, qürurla dükanın önündən gəlib-keçənlərə iynənin "qüdrəti"ndən söz açmışdı.

 

Usta olmaq bu deməkdir! Bir iynə ilə həyata rəng qatan insanlardan alacağımız çox dərslər vardı...

 

 

Orxan ARAS

 

525-ci qəzet.- 2021.- 18 sentyabr.- S.21.