Dul qadının tənhalığı
(Əvvəli ötən şənbə
sayımızda)
Südabə xanım öz vəfatından sonra da
Hüseynin xoşbəxtliyi üçün hər şeyi
etmişdi, onu Ruhiyyə kimi gözəl bir qızla evlənməyə
sövq etməklə, hər ikisinin bəxtinin parlamasına
yol açmışdı. Hüseyn özü də
gözləmədiyi halda sevgi dəryasına qərq
olmuşdu. Onun könlü də, bədəni
də, ruhu da ağıla gəlməyən bir sakitlik, əsl
rahatlıq tapmışdı. Tanıyanların
hamısı ona həsəd aparırdı, əvvəllər
isə onun seçiminə ağız büzənlər də
az olmamışdı. Çoxlarına
Ruhiyyənin keçmişi, əvvəlki illərdə gəzdirdiyi
ləkə məlum idi, lakin Hüseyn bunu heç də
sevimli arvadı üçün əbədi bir damğa hesab
etmirdi, özü bunu yaddan birdəfəlik
çıxardığına görə, Ruhiyyəyə olan
sevgisi, qayğısı, diqqəti ilə başqalarına da
bunu xatırladırdı ki, onun arvadı, keçmişinə
baxmayaraq, indi özünü guya ləyaqət mücəssəməsi
hesab edən qadınların əksəriyyətindən daha təmiz
və safdır. O deyirdi ki, səhərlər şeh yuyub
qızıl gülün ləçəklərinə əlavə
parlaqlıq verən kimi, bu qız da könlümə elə
saflaşdırıcı təsir etmişdir ki, onda artıq
hansısa bir iri qüsuru tapmaq mümkün deyildir.
Hüseyn müəllim dostlarına təzə
arvadının ona necə böyük təsir göstərdiyini
etiraf etməkdən də çəkinmirdi, Ruhiyyədə
müşaiyət etdiyi, əvvəllər isə ona naməlum
olam qeyri-adi səmimiyyətini qeyd edir, daha yaşlı olan ərinə
hətta yol göstərməyini də yada salırdı. Arvadı ona
deyirdi ki, biz məhəbbətdə yaşasaq da, hətta məhəbbətin
özünün də xatirinə ömrümüzü
heç də yandırmamalıyıq, bir-birimizi
qorumalıyıq, səhvlərdən çəkindirməliyik.
Mən bunları təcrübəli adam
kimi deyirəm, çünki səndən xeyli cavan olsam da, səhvlərə
görə, mənfi xarakterli təcrübəyə görə,
bəlkə də, sənə dərs verə bilərəm.
Hüseyn arvadının təsiri ilə spirtli
içkilərə olan meyldən xeyli
uzaqlaşdığını, buna görə ona daim minnətdar
olacağını deyirdi. İnşaatçılar
başqa peşə sahiblərindən iki şeyə görə
fərqlənirlər - onlar spiritli içkilərdən
istifadə etməkdə o qədər də hədd
tanımırlar, həm də onların istehsalat
müşavirələrində ən çox işlənən
ifadələr söyüş xarakterli, evdə, ailədə
heç vaxt işlədilməyən sözlər olurdu.
Hüseyn müəllim də əsl
inşaatçı olduğundan, yəqin ki, bu qəbahətlərdən
xali deyildi.
Ruhiyyə onun öz kolleqaları ilə söhbətini
eşitməmişdi, evdə isə o, təkcə
yaxşı davranmırdı, həm də qulağı
narahat edən sözlər işlətmirdi. Lakin
axşamlar bəzən evə sərxoş vəziyyətdə
qayıtması halları da olmuşdu, bu da öz
kolleqaları olan inşaatçılarla keçirdiyi şən
məclislərin nəticəsi olurdu. Ona
görə də Ruhiyyə çox ustalıqla ərinə
deyirdi ki, səhhətinə pis təsir edəcəyinə
görə bu adətindən uzaqlaşmağını məsləhət
görürəm. Bilirəm ki,
özündən eşitdiyim kimi, bəzi tikinti nazirliklərinin
elə başçıları olmuşdur ki, onlar ixtisas
qabiliyyətlərinə görə deyil, spirtli içkilər
istehlakındakı biabırçı rekordlarına görə
ad çıxarmışdılar. Onlarla
özünü intihar edən adamlar arasında mən elə
bir fərq görmürəm. Fikrini
aydınlaşdırmaq üçün əlavə etdi ki,
Tokio yaxınlığında intihar edənlər meşəsi
mövcuddur, həyatla vidalaşmaq istəyənlər ora gəlir,
ömürlərinə son qoymaq qərarını izah
olunmayan bir qəddarlıqla burada icra edirdilər. Bizdəki bəzi adamlar isə yüz kilometr məsafədə
olan belə bir meşəyə üz tutmur, onlar guya kefi
qaldıran spirtli içki gölməçəsində
üzməklə, orada batıb, boğulmağa
üstünlük verirlər. Sərxoşluğun
qurbanı olanlar elita arasında da az
deyildi.
Bir dəfə arvadı bu sözlərini təkrar eləndə,
hətta ağlamışdı. Hüseyn müəllim
buna dözməyib, sərxoşluğa olan meylinə son
qoyacağına söz vermişdi və əsasən ona əməl
etmişdi.
Arvadının göz yaşları ona olduqca pis təsir
etdiyindən, ona almanların mifologiyasında yer tutan bir hadisəni
xatırlatmağı lazım bildi. Almaniyadakı çox
saydakı knyazlıqların başçılarından
birinin ailəsində qız uşağı doğuldu. Bu qız ağlayanda gözlərindən yaş
deyil, daş-qaş tökülürdü. Qız yaşa dolanda, ərə getməyə namizəd
olmaq üçün gözəl bir varlığa
çevrilmişdi. Digər knyazlar
qızın qəribə gözlərinin böyük
daş-qaş mənbəyi olduğunu eşitmişdilər və
onu öz oğlanlarına almaq istəyirdilər. Lakin qız bu izdivac təkliflərinin heç birinə
razılıq vermirdi.
Bir çoban oğlan qızı görüb ona
vurulmuş və onunla ailə qurmaq istədiyindən
qızın atasının yanına xahişə gəlmişdi. Knyaz
şübhələndi ki, bu kasıb oğlan onun
qızına evlənməklə, yəqin ki, varlanmaq istəyir.
Ona görə də qızının ağladıqda
gözündən yaş əvəzinə daş-qaş
töküldüyünü bilib-bilmədiyini oğlandan
soruşduqda, çoban dedi: "Bunun mənim üçün
heç bir əhəmiyyəti yoxdur, çünki mən
ölənə qədər çalışacağam ki,
qızınız mənim arvadım olsa, ömründə bir
dəfə də olsun ağlamasın".
Knyaz gənc çobanın bu sözlərinə məəttəl
qalmışdı. Qız da oğlanı görmüş və
çoban onun xoşuna gəlmişdi, ona görə də
ona ərə getməyə razılıq vermişdi.
Mən də həmin çoban kimi özümə
söz vermişdim ki, heç vaxt sənin
ağlamağını görməyim. Bugünkü
göz yaşların məni yuxudan ayıltdı və sənə
söz verirəm ki, spirtli içkilərə aludəçiliyimə
birdəfəlik son qoyacağam ki, bir daha sənin gözüdən
axan bir damlanı da görmək mənə qismət
olmasın.
Buna görə Ruhiyyənin ərinə olan hörməti
daha da artmışdı. Sevginin zəifləməsi və ya
solması barədə isə heç bir söhbət gedə
bilməzdi, ərini o, ayıq olanda da, sərxoş olanda da
eyni şiddətlə, hərarətlə sevirdi, bu adam, ləkəli
keçmişinə baxmayaraq, onu qəbul etmiş, ictimai rəyə
məhəl qoymayaraq, vaxtilə "gecə kəpənəyi"
kimi şöhrət tapmış bir qızla evlənmiş,
onu özünün qanuni arvadı etmişdi. Hamnetin
anadan olması isə onların məhəbbətini daha
şiddətli etmişdi. Ruhiyyəni
oğul anası olmaq hədiyyəsi ilə
mükafatlandıran bir kişiyə, öz qanuni ərinə
o, minnətdar idi. Bu qız əvvəllər
Bolivudda filmlərə çəkilmək xülyası ilə
yaşadığı bir vaxtda da belə xoşbəxtliyə
malik olacağını heç ağlına da gətirmirdi.
Özünün bəxtəvərliyinə bəzən
inanmır, təəccüb edirdi, lakin bunun yaxşı mənadakı
baiskarı olan Südabə xanıma rəhmət diləyir,
onun əziz xatirəsinə minnətdarlıqla dualar səsləndirirdi.
Digər bir minnətdarlıq ünvanı isə
onun əri - Hüseyn müəllim idi. O, bu qızla sadəcə
evlənməyə razılıq verməmişdi,
keçmiş arvadının vəsiyyətinə əməl
etməsi ilə təkcə onun xatirəsini əziz
tutduğunu göstərməmişdi, ən
başlıcası, bədbəxt taleyindən daim şikayətlənən
bu fağır qızı hansısa mərhəmət naminə
deyil, həqiqi hisslərlə sevməyə
başlamış, bu sevgisi, arvadını daim əzizləməsi
ilə həm də başqalarından da tam fərqli
olduğunu göstərmişdi. O, Ruhiyyəyə ürəkdən
vurulmuşdu, onların ittifaqına polad möhkəmliyi verən
oğullarına görə isə bu ərarvadın hissləri
daha yüksək ucalıq qazanmışdı.
Hüseyn bakılı olduğundan mövsüm
yaxınlaşan kimi dənizə getməkdən, Xəzərin
sularına baş vurmaqdan həzz alırdı. Dağ kəndində
dünyaya göz açmış Ruhiyyəni isə dəniz
heç cür cəlb etmirdi. Sonradan tanış
olduğu və rəfiqəlik etdiyi xanımların da
ağız dolusu plyajdan (çimərlikdən), dənizin təravətverici
havasından olan söhbətlərinə maraq göstərmir,
bunun da onların özlərinin fərqli, unikal
olduqlarını vurğulamaq üçün, adəti qiybəti
əvəz edən bir mövzu olduğunu
düşünürdü. Hətta bir
yaşlı xanım Ruhiyyəni nəzərdə tutaraq, kinayəli
şəkildə demişdi ki, kənddən gələnlər
heç vaxt nə Bakının, nə də dənizin qədrini
bilərlər. Gərək onlar kənddən
heç paytaxta gəlib çıxmayaydılar. Onlardan bəziləri həddi aşıb, sazda
Bethoven musiqisini çaldıqdarı ilə lovğalanır,
sərsəm uydurmaları ilə qidalanırlar, böyük
alman bəstəkarı bu yalanı eşitsəydi, yəqin
ki, yatdığı qəbirdə çevrilməsə də,
qulaqlarındakı karlığın daşını birdəfəlik
atardı. Həmin qadının da əri
vaxtilə tikinti nazirliyinə başçılıq
etmişdi. O, yeri gəldi, gəlmədi, kəndlilərin
Bakıya axınına öz narazılığını
bildirir, onların hesabına şəhər mədəniyyətinin
xeyli aşağı düşməsindən gileylənirdi.
Ruhiyyə belə danışıqlardan artıq
incimirdi, qeyzə gəlmirdi, bilirdi ki, bakılılar həmişə
şəhərlərinin kosmopolit xarakteri ilə
öyünürmüşlər, onlar əvvəllər
rayonlardan paytaxta gələnlərə, vaxtilə neft mədənlərində
ağır dartayçı peşəsində işləyən
İrandan gəlmiş həmşərilər kimi
baxırdılar. Axırıncılar isə çörək
qazanmaq üçün bu ağır işlə məşğul
olurdular.
Kənd rayonundan olan tarixçi alim qadını isə
bakılı xudbəsənd xanımın
danışığı əsəbiləşdirirdi. Ona cavab vermək
üçün dedi ki, bəlkə deyəsən ki,
Bakıda heç azərbaycanlılar da
yaşamamışdı. Belə sərsəm
ideyalar da mövcud olmuşdu. XIX əsrin xəritəsində
Abşeron yarımadasında yalnız tatların
yaşadığı göstərilir. Yeni,
ikicildlik "Azərbaycan Demokratik Respublikası"
ensiklopediyasının 1-ci cildində bu xəritə çap
edilmişdir. Naşirlərin və müəlliflərin
bu hərəkətinin hansı məqsəd
güddüyü də anlaşılmazdır.
Ruhiyyənin əri nəsil etibarilə bakılı olsa da, heç vaxt onun kəndli olduğunu üzünə vurmamışdı, bir-iki dəfə zarafatla demişdi ki. Bakıda sərt küləklərə görə orxideya bitmir, ancaq mən arvadımın şəxsində dağ kəndində bitən gözəl bir orxideyanı dərmişəm və bu çiçək bizim ailəmizə əlavə füsunkarlıq vermişdir. Arvadı onun şişirtməsini başa düşürdü, bilirdi ki, heç onların meşəsində də orxideya bitmir.
Ruhiyyə qoca, yaşlı qadının şəhərlilik şovinizminə cavab olaraq, onların yanında demişdi ki, ərim deyir ki, mən əgər bakılı qıza evlənsəydim, qiymətli çiçəyin nə olduğunu heç vaxt bilməyəcəkdim, Allaha şükür edirəm ki, mənə dağ kəndinin meşəsində çiçək açan orxideya qismət oldu və onunla heç bir şəhərli qız müqayisəyə girə bilməz. Bu sözlər qoca qadını elə əsəbiləşdirdi ki, o, məclisi tərk etməli oldu. Lakin onu hirs götürdüyündən gedə-gedə ucadan mızıldandı ki, "ər ağlını itirəndə daim arvadını tərifləyir, onun qoxusunu parfümə, bədənini subalp çiçəyinə - rodedondrona bənzədir. Vay o kişiyə ki, ağlını itirib, arvadına şərqilər söyləyir". Lakin o, anlamırdı ki, çar Solomon çox saydakı, yüzlərlə arvadlarına və kənizlərinə deyil, yalnız gənc Sulamitə şərqilər, məhəbbət himnləri qoşmuşdu. Solomonun isə müdrikliyi dillər əzbəri olmuşdu, yalnız səfehlər onun zövqünə şübhə ilə yanaşa bilərdi. Solomonun qələmindən çıxan "Şərqilər şərqisi" kitabı üç min ildən sonra da əsl poeziya incisi hesab olunur. Bəlkə də özünü elm dəryası hesab edən bu xanımın "Bibliya"dan heç xəbəri də yox imiş.
Ruhiyyə qoca qadını əsəbiləşdirmək üçün dedi:
- Ancaq unutmayın ki, İsrail-İudaya çarının sevgilisi Sulamit Yerusəlimdən deyildi, sadə kəndli qızı idi və üzüm bağlarına qarovul çəkirdi. Həm də nə etmək olar, adətən yaşlı qadınlar daim cavan gözəl gəlinlərə köks ötürürlər. Ərimin məni orxideyaya bənzətməsindən də pərt olmaq lazım deyildir. Bu sözü sırf məcazi mənada işlətmişdir, yaxşı bilir ki, bizdəki dağ meşələrində orxideya olmur, bu gözəl gül kolu tropik iqlimdə, ağaclara sırmaşaraq bitir.
(Ardı var)
Telman
ORUCOV
525-ci qəzet.- 2021.- 18 sentyabr.- S.20.