Akademik Məmməd Cəfər Cəfərovun
Nizami dünyası
Görkəmli
ədəbiyyatşünas alim, akademik Məmməd Cəfər
Cəfərovun elm dünyası, elmi fəaliyyət dairəsi
geniş olub, ədəbiyyat nəzəriyyəsi və ədəbi
tənqiddən başqa tarix, fəlsəfə, estetika,
folklorşünaslıq, dinşünaslıq, dilçilik,
pedaqogika və s. sahələri əhatə etmişdir. Onun çoxcəhətli elmi fəaliyyətində ədəbiyyatşünaslıq
aparıcı istiqaməti müəyyən etmişdir. Akademik Məmməd Cəfər Cəfərov dərin
nəzəri təfəkkürə malik professional ədəbiyyatşünas
alimdir. Bununla belə, o, məşğul
olduğu elm sahələrinin hər birində əsl peşəkarlıq
nümunəsi göstərmişdir. Bu mənada
o, Azərbaycan humanitar elmləri sahəsində
çalışan alimlər arasında ən universal alimlərdən
biri kimi qəbul olunur.
Bundan
başqa, akademik Məmməd Cəfər Cəfərovun elmi
fəaliyyətində bir neçə mühüm elmi problem:
ədəbi tənqidin tarixi və nəzəriyyəsi və
Azərbaycan ədəbiyyatında romantizm problemləri
aparıcılıq təşkil edir. Mirzə Fətəli
Axundzadənin ədəbi-tənqidi görüşləri,
yaxud da sadəcə Mirzə Fətəli Axundzadə dedikdə,
Azərbaycan ədəbiyyatında romantizmdən söz
açılarkən ilk olaraq, akademik Məmməd Cəfər
Cəfərov yada düşür.
Eyni
zamanda, başqa ədəbiyyatşünaslar kimi akademik Məmməd
Cəfər Cəfərovun da daha çox sevdiyi və ya
haqqında xüsusi ilhamla yazdığı bir çox
görkəmli sənətkarlar vardır: Məhəmməd
Füzuli, Mirzə Fətəli Axundzadə, Hüseyn Cavid və
Səməd Vurğun. "Füzuli sevir" məqalələr
serialı Məmməd Cəfər Cəfərovun Azərbaycan
Füzulişünaslığında elmi
möhürüdür. "Mirzə Fətəli
Axundzadənin ədəbi-tənqidi görüşləri"
monoqrafiyası Axundzadəşünaslıqda olduğu kimi, tənqidşünaslıqda
da hadisədir. Hüseyn Cavidin həyatı
və yaradıcılığına həsr edilmiş
monoqrafiya və Azərbaycan romantizm ədəbiyyatının
banilərindən biri olan şair-dramaturqun
yaradıcılığının poetikasından bəhs edən
əsərləri romantizmşünaslıqda olduğu qədər
də, Cavidşünaslıq üçün də təkrarsızdır.
Etiraf etməliyik ki, aradan altmış ilə yaxın vaxt
keçməsinə və bu müddətdə həm
Hüseyn Cavid və həm də romantizm haqqında
çoxsaylı elmi əsərlərin yazılıb çap
edilməsinə baxmayaraq, Məmməd Cəfər müəllimin
həmin mövzulardakı tədqiqatları hələ də
zirvədə dayanır. Xalq şairi Səməd
Vurğunun şeir və dram yaradıcılığından
bəhs edən məqalələri ilə də Məmməd
Cəfər Cəfərov Azərbaycan Səməd
Vurğunşünaslığının elmi-nəzəri əsaslarını
yaradanlardan biri hesab edilir. Fikrimizcə, akademik Məmməd Cəfər Cəfərovun
elmi fəaliyyətində xüsusi mövqeyə malik olan
mövzulardan biri də böyük Azərbaycan şairi Nizami
Gəncəvi ilə əlaqədardır. Əvvəla,
görkəmli alim ən müxtəlif mövzulardan və ədəbi
şəxsiyyətlərdən söz açarkən fikirlərinə
aydınlıq gətirmək üçün dəfələrlə
Nizami Gəncəvinin söz və sənət haqqındakı
fikirlərinə istinad etmişdir. İkincisi, Məmməd
Cəfər müəllim 1941-1947-ci illərdə dahi
şairin 800 illik yubileyi dövründə Nizami Gəncəvi
haqqında yazdığı sanballı elmi məqalələri
ilə Azərbaycan Nizamişünaslığına qiymətli
əlavələr etmişdir. Onun 1941-ci ildə
yazıb, az sonra "Vətən uğrunda" jurnalında
çap etdirdiyi "Nizami yaradıcılığında
humanizm" məqaləsi ilə o dövrə qədər həyatı
və yaradıcılıq yolu əsasən ədəbiyyat
tarixçiliyi baxımından araşdırılan
böyük sənətkarın zəngin ədəbi irsinin
problemlər üzrə tədqiq edilməsi istiqamətində
ilk addımlardan biri atılmışdır. Nəinki öz
dövrü üçün, hətta XXI əsrin indiki mərhələsi
üçün də aktual və əhəmiyyəti olan
Nizami yaradıcılığında humanizm məsələsini
otuz iki yaşlı cavan tədqiqatçısı Məmməd
Cəfər Cəfərov özünəməxsus obrazlı
düşüncə ilə nəzəri şəkildə
aşağıdakı kimi izah etmişdir: "Nizamiyə
görə, humanizm insanın, insan qəlbinin ən yüksək
duyğularını, qəlbin ən ali, incə və nəcib
hisslərini canlandıran, insan ruhunu çiçəkləndirən
bahar nəsimi kimidir. Onsuz insan mənəviyyatı
müzlüm, qaranlıq qış gecələri kimi soyuq və
miskindir". Böyük
Azərbaycan şairi Nizami Gəncəvinin 1947-ci ildə
keçirilmiş anadan olmasının 800 illik yubileyinə Məmməd
Cəfər Cəfərov dahi sənətkar haqqında
yazdığı "Sözlərin hakimi" və
"Klassik şeirimizdə Nizami yaradıcılığı
motivləri" adlı sanballı məqalələri ilə
özünün layiqli elmi töhfələrini vermişdir. Yubiley ilində və yəqin ki, yubiley münasibətilə
yazılmasına baxmayaraq, bu məqalələrdə yubiley ənənəsindən
gələn təntənəli pafos, təbliğat motivləri
yox, ciddi tədqiqatçılıq səyləri
aparıcılıq təşkil edir. "Sözlərin
hakimi" məqaləsində ilk dəfə olaraq Məmməd
Cəfər Cəfərov Nizami Gəncəvinin söz və
sənət haqqındakı baxışlarını nəzəri-fəlsəfi
baxımından şərh etmişdir. Bədii
əsərlərində böyük romantik olan Nizami Gəncəvinin
söz və sənət haqqındakı qənaətlərində
realist yanaşmaların olması tezisi yalnız Məmməd
Cəfər Cəfərova məxsus olan mühüm nəzəri
müddəadır. Həmçinin,
"Klassik şeirimizdə Nizami yaradıcılığı
motivləri" məqaləsində də qüdrətli
şairin davamçılarının sadalanmasından deyil,
sonrakı əsrlərdə onun şeir-sənət ənənələrinin
yaradıcı şəkildə davam etdirilməsi məsələlərindən
nəzəri səviyyədə bəhs edilmişdir. Bu məqalələr heç də yubiley ovqatı
və ya təəssüratı olmayıb, Nizami Gəncəvi
sənətinə ədəbiyyat nəzəriyyəsi
baxımından yanaşılaraq, ciddi elmi təhlillər əsasında
yaradılmış mükəmməl nizamişünaslıq
nümunələridir.
Akademik Məmməd Cəfər Cəfərov Azərbaycan
ədəbiyyatının ayrı-ayrı problemlərinə və
ədəbi şəxsiyyətlərinə həsr edilmiş
elmi əsərlərində də ən müxtəlif məqsədlərlə
Nizami Gəncəvi sənətinə müraciət
etmişdir.
O, Mirzə Fətəli Axundovun ədəbi-tənqidi
görüşlərindən bəhs edərkən
böyük mütəfəkkirin nəzəri müddəalarını
əsaslandırmaq baxımından Nizami Gəncəvi sənətini
nümunə olaraq göstərmişdir. Bu cəhətdən
Mirzə Fətəli Axundovun ədəbiyyatda məzmunla
formanın vəhdəti təlimində "həm məzmun
və həm də ifadə gözəlliyinə malik olan nəzm"
dedikdə hansı miqyası ədəbi meyarı nəzərdə
tutduğunu əyaniləşdirmək üçün həmin
tələblərə cavab verən əsərlərin
sırasında ilk əvvəl Nizami Gəncəvinin "Xəmsə"sinin
misal görülməsinin səbəbini bu məşhur sənət
abidəsinin bədii mükəmməlliyi ilə əlaqələndirmişdir.
Bundan başqa, Azərbaycan ədəbiyyatında
klassik romantikadan romantizmə qədər keçilən bir
neçə əsrlik yolun başlanğıcındakı
romantik poetik enerjinin intəhasız miqyası da Nizami sənəti
əsasında müəyyən edilmişdir. Məmməd Cəfər Cəfərov XX əsrdə
Səməd Vurğunun "Fərhad və Şirin"
poeması ilə Nizami mövzusuna müraciət etməsini
"Xəmsə" yaradıcısının
qaldırdığı problemlərin sonrakı bütün
dövrlər üçün də aktual və müasir
olması ilə əsaslandırmışdır. Hətta
estetikaya həsr olunmuş elmi əsərlərində də
Məmməd Cəfər Cəfərov Nizami sənətinə
dönə-dönə müraciət edərək
böyük sənətkarın zəngin ədəbi irsinə
fəlsəfi cəhətdən qiymət vermişdir:
"Nizami "Həyatın mənası hünər deməkdir,
nə şöhrət, nə yuxu, nə də yeməkdir"
- dedikdə, məlumdur ki, yeyib-içməyin, istirahətin əleyhinə
çıxmamışdır. ...Şübhəsiz
ki, o, məhz aşağı dərəcəli və daha
çox sövqi-təbii ilə əlaqədar olan həzləri
(ləzzəti) əsl estetik hisslərdən fərqləndirməyi
tövsiyə etmişdir".
Beləliklə, Nizami Gəncəvi mövzusu
bütün elmi fəaliyyəti boyu Məmməd Cəfər
Cəfərovu müşayiət etmişdir. Məmməd
Cəfər Cəfərovun ədəbiyyat hadisələrinə
baxışlarında Nizami Gəncəvi dərinliyi və
müdrikliyi vardır. Görkəmli alimin
ömrünün müdriklik çağında, 1979-cu ildə,
70 yaşında yazdığı "Nizaminin fikir
dünyası" monoqrafiyası qüdrətli sənətkarın
yaradıcılığına Məmməd Cəfər Cəfərov
müdrikliyi səviyyəsində bəslənilən dərin
elmi münasibətin canlı nümunəsidir.
Məlum olduğu kimi, Məmməd Cəfər Cəfərovun
"Nizaminin fikir dünyası" monoqrafiyasına qədər
Azərbaycan Nizamişünaslıq elmi daha çox ədəbiyyat
tarixçiliyi və mətnşünaslıq istiqamətində
inkişaf etmişdir. Şairin anadan olmasının 800 illik
yubiley tədbirlərinin işığında meydana
çıxmış Nizami Gəncəvi "Xəmsə"sinə
daxil olan poemaların Azərbaycan dilinə tərcümə
edilməsi və nəşr olunması Azərbaycan
Nizamişünaslığında mühüm hadisədir.
Nizami Gəncəvinin tərcümeyi-halı və
yaradıcılıq yoluna həsr edilmiş ilk monoqrafik tədqiqatların
yaranması Nizamişünaslığının möhkəm
əsaslarının formalaşdırılmasına xidmət
etmişdir. Bununla belə, digər görkəmli
sənətkarlarımız kimi, Nizami Gəncəvi sənətinin
də poetikası və şairin ədəbi-nəzəri
görüşləri məsələsi ədəbiyyat
tarixiliyi ilə müqayisədə xeyli dərəcədə
geridə qalmışdır. Məmməd
Cəfər Cəfərovun "Nizaminin fikir
dünyası" monoqrafiyası onun
yaradıcılığının inkişaf dialektikası
fonunda yazılmış, dahi şairin ədəbi-nəzəri
və fəlsəfi baxışlarını yüksək elmi
səviyyədə açıb qiymətləndirən ilk
mükəmməl elmi abidədir. Bu, nəinki
Nizami Gəncəvinin ədəbi-fəlsəfi
görüşlərinin öyrənilməsi sahəsindəki
boşluğu aradan qaldıran, həmin mühüm istiqamətin
möhkəm bünövrəsini yaradan fundamental tədqiqat əsəri
kimi mühüm əhəmiyyətə malikdir. Bu, Azərbaycan ədəbiyyatşünaslıq
elmində Nizami Gəncəvinin ədəbi-nəzəri və
ictimai-fəlsəfi görüşlərinə həsr
edilmiş birinci sanballı monoqrafik tədqiqat əsəri
kimi elmi tariximizdə özünəməxsus yer tutur.
Məmməd
Cəfər Cəfərovun "Nizaminin fikir
dünyası" kitabında mövzunun elmi həllinə
şairin həyatı və yaradıcılıq yolunun təcrübəsi
əsasında yanaşma prinsipini əsas götürməklə,
onun ədəbi-nəzəri və ictimai-fəlsəfi
baxışlarının dövrün mövcud proseslərindən,
elmi nailiyyətlərindən, ədəbi ənənələrindən,
nəhayət, sənətkarın öz əsərlərindən
çıxış etməklə elmi qiymət verməyin
nümunəsini göstərmişdir. Monoqrafiyadakı
Nizami Gəncəvinin "Dövrü, həyatı və
şəxsiyyəti" bölməsi şairin
yaradıcılığına stimul vermiş tərcümeyi-hal
faktları və mədəni-tarixi hadisələrin onun bədii
əsərlərindəki nəsil-şəcərə,
ata-övlad detalları ilə üzvü əlaqə əsasında
yazılmış yeni tipli tədqiqatdır. Bu, Azərbaycan ədəbiyyatşünaslıq
elmində nəzəri aspektdə yazılmış tərcümeyi-hal
modelidir. Məmməd Cəfər Cəfərov Nizami Gəncəvinin
həyat yolunu "fəsadlara hamilə olan"
dünyanın və "qılınclarla əhatə
olunmuş ölkə"nin ədəbi-tarixi
hadisələrinin işığında təqdim etməklə
onun dövründən və keşməkeşli taleyindən
yaradıcılığına gedən yolları aydın surətdə
nəzərə çatdırmışdır.
Nizami Gəncəvinin dünyabaxışı məsələsi
fəlsəfə elminin obyekti olsa da, filosof-tənqidçı
kimi tanınmış Məmməd Cəfər Cəfərov
mütəfəkkir şairin cəmiyyət həyatına
münasibətini və ictimai ideal axtarışlarını ədəbiyyatşünaslıqla
fəlsəfənin sintezi əsasında fərqli bir yöndən
obyektiv şəkildə
aydınlaşdırmışdır. Ölkə fəlsəfə
elmində, həm də Azərbaycan ədəbiyyatşünaslığında
şairin sadə xalqın nümayəndələrini
müdafiə etməsi, onlara fərqli rəğbət bəsləməsi
Nizaminin demokratizmi kimi qiymətləndirilmişdir.
Şairin "İskəndərnamə"də irəli
sürdüyü "yer üzündə xalqları əsarətdən
xilas etmək" ideyası Nizami demokratizminin strategiyası,
İskəndərin ölkələri fəth edərkən
yerli şahzadələrin içərisindən xalqa daha
yaxın olan bir nümayəndəni seçib hakim təyin
etməklə öz məqsədlərini həyata keçirməsi
isə taktikası hesab oluna bilər. "Dünyanın fəsaddan
hamilə olması"nın səbəblərini
aramsız çəkişmələr və feodal müharibələri
ilə müşayiət olunan mövcud cəmiyyət
quruluşunun xarakterində axtarılıb təhlil edilməsi,
tarixi faktlar və ədəbi materiallar əsasında əsaslandırılması
da Nizaminin cəmiyyətşünaslıq
baxışlarının təzahürləri kimi səciyyələndirilir.
Təkcə ədəbiyyatşünaslıqda yox,
Nizamişünaslıqla məşğul olan Azərbaycan
humanitar və ictimai elmlərində tədqiqatçıların
xüsusi diqqət yetirdikləri "Nizami ideal şah
axtarmışdırmı?" sualına Məmməd Cəfər
Cəfərovun verdiyi cavab tamamilə fərqli və orijinal
olması ilə seçilir. Alimlərimizin
mütləq əksəriyyəti bu sual ətrafında
araşdırma apararkən çox hallarda Makedonyalı
İskəndərin və ya Azərbaycan hökmdarı
Nüşabənin simasında Nizami Gəncəvinin ədalətli
və ya ideal hökmdar yaratdığı qənaətinə
gəlmişlər. Akademik Məmməd Cəfər Cəfərov
isə Nizaminin ədalətli hökmdar deyil, ideal cəmiyyət
yaratmaq ideyası ətrafında düşünərək, gəlib
çatdığı yekun qənaət haqqındakı
fikirləri elmdə tamamilə yeni olub, şairin əsərlərində
öz təsdiqini tapmış obyektiv reallığın ifadəsidir:
"Məlumdur ki, Nizami heç bir yerdə... ideal şah
yaratmaq fikrində olduğunu deməmişdir... Nizaminin
axtardığı ideal şah yox, ideal cəmiyyət, ideal
dövlət quruluşu, "ellə birlikdə" ifadə
olunan bir üsuli - idarə ...olmuşdur". Nizami Gəncəvinin "İskəndərnamə"
poemasında özünün ideal cəmiyyət
ideyasını gerçəkləşdirdiyi "Xoşbəxtlər
ölkəsi" və ya "Bərabərlik şəhəri"
haqqındakı fikirləri Məmməd Cəfər Cəfərovun
yuxarıdakı mülahizələrini bir daha təsdiq edir.
Bu cəhətdən Nizaminin "Bərabərlik şəhəri"
dedikdə nələri nəzərdə tutduğu haqqında
Məmməd Cəfər Cəfərovun fikirləri sərrast
bir ədəbiyyatşünas düşüncəsindən
çox kamil bir cəmiyyətşünas filosofun gerçək
cavabı kimi səslənir: "Nizaminin "Bərabərlik
şəhəri" haqqında utopiyası, hər şeydən
əvvəl, onun ağlın gücü ilə cəmiyyət
işlərinin nizama salınmasının, ictimai ziddiyyətlərin
aradan qaldırılmasının və ədalətli bir cəmiyyət
yaradılmasının mümkün olduğuna inamını əks
etdirmişdir". Məmməd Cəfər müəllimin
Nizami Gəncəvi irsindən seçib, təhlilə cəlb
etdiyi aşağıdakı misralar da həm "Xəmsə"
yaradıcısının məqsədlərini və həm
də monoqrafiya
müəllifinin təhlillərini tamamlayıb
ümumiləşdirir:
Öylə
bir ixtiyar olsaydı məndə,
Qoymazdım bəndəyə möhtac bir bəndə.
Akademik Məmməd
Cəfər Cəfərovun XX əsrin yetmişinci illərində,
ölkədə sosializm ideyalarının qüvvətli
şəkildə hökm sürdüyü, materialist
baxışın mütləq normaya çevrildiyi, idealizmin
kapitalist quruluşunun ideologiyası kimi qəbul edildiyi çətin
və mürəkkəb bir şəraitdə 1979-cu ildə
çapdan çıxmış "Nizaminin fikir
dünyası" monoqrafiyasında Nizami Gəncəvini dini
baxışlarının əsas xüsusiyyətlərinə
görə idealist hesab etməsi Nizamişünaslıqda tam yeni münasibətin ifadəsi
olmaqla bərabər, zamanı nəzərə alınarsa,
elmdə cəsarət nümunəsi sayılmalıdır.
Nizami Gəncəvinin az qala materialist
baxışların əsaslarını yaratması,
"Xoşbəxtlər ölkəsi" ideyasının
utopik kommunizm kimi qiymətləndirildiyi bir dövrdə onu
birdən-birə idealist adlandırmaq: 1. obyektiv
reallığın; 2. cəsarətin; 3. uzaqgörənliyin
ifadəsi idi. Məmməd Cəfər Cəfərov
özünün bir çox elmi fikirləri ilə, o cümlədən,
keçən əsrin yetmişinci illərində Nizami Gəncəvini
idealist sənətkar kimi dəyərləndirməsi ilə
zamanı çox qabaqlayan elm xadimi olduğunu nümayiş
etdirir. Məmməd Cəfər Cəfərovun
Nizami Gəncəvinin yaşayıb-yaratdığı
dövrdə nəinki Şərqdə, hətta Qərb aləmində
də varlıq və şüur məsələlərinin
ideyalar üzrə yanaşmalar olmadan şərh və dərk
edilməsinin mümkünsüzlüyü haqqındakı
tezisləri də şairin dünyabaxışına görə
idealist olması fikrinin davamı olub, həmin müddəanı
daha da qüvvətləndirən ciddi elmi mülahizələrdir.
Məmməd Cəfər müəllimin Nizami Gəncəvinin
idealizmində "real düşüncə, təcrübə,
dünyəvilik əsasdır" - qənaəti şairi
radikal qatı dindar hesab etməməsi xatirinə mətnə
daxil edilmiş sözlər olmayıb, böyük şairin
yaradıcılığının təbii daxili məntiqindən
çıxarılmış obyektiv elmi müşahidələr
və qənaətlərdir. Etiraf etmək
lazımdır ki, aradan 42 il keçməsinə və bu
müddət ərzində ölkəmizdə siyasi
sistemin dəyişdirilərək
demokratik bir cəmiyyət qurulmasına baxmayaraq, hələ də
humanitar və ictimai elmlərdə örtülü şəkildə
olsa da, Sovet ideologiyasının müəyyən streotiplərinin
bəzi əlamətləri müşahidə olunmaqdadır.
Fikrimcə, Məmməd Cəfər Cəfərovun elmi irsində
ifadə olunan bir çox mətləblər, o cümlədən,
XX əsrin yetmişinci illərinin axırlarındakı
Nizami Gəncəvi ilə əlaqədar baxışlar
müasir dövrün elmi fikri üçün də bələdçi
funksiyasını həyata keçirə bilər. Bu, sağlığında
çoxlarının cəmiyyət işlərinə
müdaxilə etməyib, yalnız elmi araşdırmalarla məşğul
olduğu zənn edilən Məmməd Cəfər Cəfərovun
əslində, onu əhatə edən siyasi-ideoloji mühitin
hadisələri və təfərrüatlarını dərindən
müşahidə etməsinin, açıq desək, ayıq nəzərlərlə
izləməsinin əyani sübutudur. Bizə
görə, Nizami Gəncəvinin sufizmə münasibətində
Məmməd Cəfər Cəfərov təkcə öz
dövrü üçün deyil, bizim günlər
üçün də yeni və əhəmiyyətli olan elmi
fikirlər irəli sürmüşdür. Onun Nizami yaradıcılığında sufizmi
mütləqləşdirmək, maksimalist səviyyədə
göstərmək və ya Nizamidə sufizmin olduğunu inkar
etmək kimi baxışların hər ikisi məqbul hesab
edilməmişdir. Məmməd Cəfər
Cəfərovun fikrincə, Nizaminin dərvişvarı həyat
keçirməsi, yaxud əsərlərində yalnız tərki-dünyalığı
təbliğ etdiyini düşünənlər, təbliğ
edənlər "Azərbaycan fəlsəfi fikrindən tamam
xəbərsiz olanlar, ya da bilə-bilə həqiqəti təhrif
edənlərdir". Ona görə də məsələyə
aydınlıq gətirmək üçün Məmməd Cəfər
Cəfərov Nizaminin dünyabaxışının əsl
mahiyyətini yalnız sufizmdə yox, əslində, daha
çox şairin tərcümeyi-halının bağlı
olduğu əxilikdə axtarmağı, məsələyə
hər iki ideoloji baxışın qovşağında qiymət
verməyi zəruri hesab etmişdir. Bundan başqa, sufizm təliminin
ancaq asketizm kimi təsəvvür edilməsi və zahidliyin xarakterinə
Nizami Gəncəvinin yaradıcılıq təcrübəsi
ətrafında yenidən baxılması zərurəti
haqqındakı baxışları ilə o, əslində,
yaşadığı sosializm dövründə dini xarakterli
baxış kimi tamamilə inkar edilən sufizmin gerçək
xarakterindəki fərqli olan xüsusiyyətləri
açıb göstərməklə, 1. sufizmin
geniş anlayış olduğunu müəyyən etmiş; 2
.beləliklə, sufizmə bəraət
qazandırmışdır. Bütün bunlara isə hər
hansı bir elm xadiminin təkcə mükəmməl ədəbiyyatşünas
olmaqla deyil, həm də dərin biliklərə malik
tarixçi və filosof olmaqla gəlib çatması
mümkün ola bilərdi ki, Məmməd
Cəfər Cəfərov özündə məhz belə bir
universallığı nümayiş etdirmişdir.
Azərbaycan Nizamişünaslığında
böyük mütəfəkkir şairin elmi
dünyagörüşü, elmə xüsusi münasibəti
və müxtəlif elm sahələrində dərin biliklərə
malik olması haqqında kifayət qədər tədqiqatlar
aparılmış və demək olar ki, əsasən yekdil qənaətlərə
gəlinmişdir. Fikrimizcə, akademik Məmməd Cəfər
Cəfərovun Nizami və elm mövzusu ətrafındakı
fikirləri də Azərbaycan
nizamişünaslığının ümumi yekun müddəaları
ilə səsləşir. Əgər müəyyən
dərəcədə fərqli yanaşmalar axtarsaq, onda Məmməd
Cəfər Cəfərovun Nizami Gəncəvinin elmi
dünyagörüşü və ya elmi biliklərə yiyələnməsi
məsələsini sistemli şəkildə təhlil edib qiymətləndirdiyini,
müxtəlif baxışlara malik olan qədim dövr alimlərinin
hər birinin xidmətlərinə dair konkret elmi qənaətləri
ifadə etməsini, Şərq və Qərb elmi-fəlsəfi
fikrinin dəqiq müqayisələrini verməsini və nəhayət,
elm və cəmiyyət məsələlərini mütəfəkkir
ideoloq kimi istiqamətləndirməsini önə çəkmək
mümkündür. Monoqrafiya müəllifi geniş təhlillər
aparmaqla qəti olaraq belə bir fikrə gəlmişdir ki,
Nizamiyə görə "elmlər, istər təbiətə,
istərsə də ilahiyyata aid olsun, təbiətin və
insanın mənəvi aləmini sirlərini öyrənmək
üçündür... Nizami təbiət elmlərinin vasitəsilə
yalnız yer kürəsinin və bəşərin deyil,
göylərin, bütün kainatın da sirlərini öyrənməyi
mümkün və zəruri hesab edirdi... Ən əhəmiyyətlisi
budur ki, Nizami sadəcə ...elmə
çağırışlarla kifayətlənmirdi.
Özü bu yolda nümunə göstərir, kainatın sirlərini
öyrənir, kainatın sonsuzluğu, ulduzlarda da həyat
olduğu haqqında yeni fikirlər, fərziyyələr irəli
sürürdü... Təkcə yer kürəsinin
deyil, bütün səma cisimlərinin yuvarlaq və daimi hərəkətdə
olduğunu söyləyirdi". Məhz
bütün bu mühüm elmi nəticələrdən sonra
Məmməd Cəfər müəllim dahi şair Nizami Gəncəvinin
özünəməxsus alim-mütəfəkkir
obrazını canlandırmışdır. "İskəndərnamə"
mənzum epopeyasında Nizami Gəncəvi dünyanın fərqli
baxışlara malik alimlərini bir məclisə
yığıb, onların vasitəsi ilə bir sıra unudulmuş
mühüm elmi ideyaları yenidən cəmiyyətin diqqətinə
çatdırmaqla insanlığı inkişaf etdirib daha irəli
baxmağa nail olmaq istəmişdirsə, Məmməd Cəfər
Cəfərov da İskəndərin ətrafında olan
dünya alimlərinin fərqli ideyalarını Nizaminin
gözü və özünün yetkin elmi sözü ilə
dərindən aydınlaşdırıb qiymətləndirməklə
Azərbaycan elmi fikrinin üfüqlərini daha da genişləndirmişdir.
Məmməd Cəfər Cəfərovun Nizami Gəncəvinin
"İskəndərnamə"sindəki Alimlər Məclisini
təmsil edən görkəmli alimlərdən hər biri
haqqındakı əsaslı nəzəri təhlilləri
görkəmli bir elm xadimi kimi onun özünün də qədim
Şərq və Qərb elmi məktəblərinin təmsilçiləri
kimi dərin biliklərə malik olduğunu göstərir.
Alimlər Məclisində iştirak və
çıxış edən Falesin "ilk yunan filosofu və
varlığın əsasını maddi başlanğıcda
görən Milet fəlsəfi məktəbinin banisi", bu məktəbin
isə fəlsəfi yanaşmalarının mistikadan uzaq
olması qənaətinə gəlməsi Məmməd Cəfər
Cəfərovun "İskəndərnamə" ilə
yanaşı, həm də apardığı əlavə
araşdırmalar vasitəsi ilə əldə etdiyi nəticədir.
Dünyada böyük mütəfəkkir alimlər kimi məşhur
olan Sokratı və Platonu "yunan idealizminin iki məşhur
nümayəndəsi" kimi, Aristoteli isə "fəlsəfi
fikirlərin dərinliyi ilə fərqlənən",
..."varlığı hərəkət edən cism"
adlandıran "aydın düşüncəli alim"
miqyasında təqdim etməklə Məmməd Cəfər
Cəfərov antik dünyanın elmi məktəbləri
arasındakı köklü fərqləri dəqiq müəyyən
etmişdir. Romalı təbiətşünas Plinin "ilk tərkibi
substansiyanın maddiliyində gördüyünü",
"tarixdə xristian ilahiyyatçılarının əleyhdarı
kimi tanınmış" suriyalı mütəfəkkir
filosof Porfirinin "dörd
ünsürdən əvvəl bir cövhərin olması
fikrini irəli sürməsini, dörd ünsürün həmin
cövhərdən, kainatın isə tədricən dörd
ünsürün birləşməsindən
formalaşmasına dair elmi ideyaları nəzərə
çatdırmaqla Məmməd Cəfər müəllim
"İskəndərnamə"də təmsil olunsalar da,
haqlarında elmdə geniş məlumat olmayan bu alimləri ilk
dəfə olaraq Azərbaycan cəmiyyətinə əsaslı
şəkildə təqdim etmişdir. Eyni zamanda, "Nizaminin
fikir dünyası" monoqrafiyasının müəllifi
Alimlər Məclisində Şərqi təmsil edən
Hörmüzün də Sokrat kimi dünyanın "bir
yaradan", "bir işıq", "bir nur" tərəfindən
yaradıldığını bildirməklə Nizami Gəncəvinin
elmi təfəkkürünün miqyasını və əhəmiyyətini
nəzərə çatdırmışdır. Məmməd Cəfər Cəfərovun
"Nizaminin təbiət fəlsəfəsi, elmi
dünyagörüşü" haqqındakı dərin və
əsaslı fikirləri böyük alim-mütəfəkkir
şəxsiyyətin möhtəşəm kimliyi ilə bir
sırada təqdim etdiyi Alimlər Məclisinin də mahiyyətini
daha aydın surətdə dərk etməyə yol
açır. Beləliklə, Məmməd
Cəfər Cəfərovun Alimlər Məclisi
haqqındakı tədqiqatları və təhlilləri Nizami
Gəncəvinin "İskəndərnamə"sinin
izahlı elmi-tənqidi şərhləri təəssüratı
yaradır. Məmməd Cəfər Cəfərov
Nizami Gəncəvinin ensiklopedik xarakterə malik olan bu əsərinə
həsr etdiyi tədqiqatlar mükəmməl bir "İskəndərnamə"
ensiklopediyası adlandırıla bilər. "İskəndərnamə" mənzum
epopeyası Nizami Gəncəvinin təqdimatı və Məmməd
Cəfər Cəfərovun elmi-nəzəri şərhləri
ilə birlikdə daha aydın şəkildə və dərindən
başa düşülür.
Akademik Məmməd Cəfər Cəfərovun
"Nizami Gəncəvinin fikir dünyası"
monoqrafiyası böyük Azərbaycan şairi və mütəfəkkiri
Nizami Gəncəvinin yaradıcılığı
haqqındakı elmi araşdırmaları dekonstruksiya edən
dərin və əsaslı tədqiqat əsəridir. Bundan əvvəl
təhlilə cəlb etdiyimiz məsələlərdə
olduğu kimi, Nizami Gəncəvinin məhəbbət fəlsəfəsinə
baxışda da görkəmli elm xadimi yeni və fərqli bir
baxışı meydana qoymuşdur. Belə ki, Məmməd
Cəfər müəllim Nizami Gəncəvinin
yaradıcılığında eşqin insanı dəyişdirmək,
yeniləndirmək, tərbiyələndirmək
funksiyalarını həyata keçirən əsas bədii
vasitə olması barəsindəki ümumiləşdirilmiş
elmi fikirləri qəbul etməklə bərabər, həm də
şairin məhəbbət fəlsəfəsinin "onun
humanizminin tərkib hissəsi" olması ideyasını irəli
sürmüşdür. Bu elmi ideya əsasən
Məmməd Cəfər Cəfərovun Nizami Gəncəvinin
"hər şey kainatda cəzbə bağlıdır,
filosoflar onu eşq adlandırır" kimi fikirlərinə
istinad edərək, mütəfəkkir şairin eşqin fəlsəfi
idrak vasitəsi olaraq "kainatdakı heyrətamiz ahəngi,
cazibə qüvvəsini, təbiət hadisələrinin
bağlılığını, əlaqəsini, daimi,
arasıkəsilməz hərəkət yolu ilə maddi
varlıqların bir-birinə təsirini və bu hərəkətin
yaratdığı əzəmətli nizam və
intizamı" ifadə etdiyi qənaətinə gəlmişdir.
Apardığı dərin müşahidələrə və
araşdırmalara əsasən filosof tənqidçi eyni
zamanda, Nizami mətnlərindən çıxış edərək
eşqin "cəmiyyət halında yaşayan insanlar
arasında da onları ümumi səadət uğrunda birləşdirən,
aralarında iş, əməl birliyi, mütəqabil hörmət,
mehribanlıq yaradan, onları bir-birinə sevdirən, bir-birinə
kömək etməyə, qeydinə qalmağa sövq edən
mənəvi qüvvə" olmasını da heyrətamiz həssaslıqla
görüb göstərmişdir. Beləliklə,
Nizami Gəncəvinin məhəbbət fəlsəfəsi
haqqında elmi-fəlsəfi fikirdə mövcud olan qənaətlər
mənəvi tərbiyələndirmə və ya mənəvi
təmizləmə anlayışından ümumdünya ahəng
qanunu və insanlıq eşqi səviyyəsinə yüksəldilmişdir.
Nizami Gəncəvi sənətinin mahiyyətində
ifadə olunan məhəbbət fəlsəfəsinin
xarakterini və funksiyalarını tapıb üzə
çıxarmaq və nəzəri cəhətdən
düstur kimi formullaşdırmaq Məmməd Cəfər Cəfərovun
kəşfidir.
Nizami Gəncəvinin dahi şair kimi ədəbiyyatda
novatorluğu məsələsinin elmi cəhətdən dərki
və şərhi istiqamətində də Məmməd Cəfər
Cəfərov ədəbiyyatşünaslıq elminin qənaətlərini
yenidən qurmuşdur. Məmməd Cəfər müəllim
doğru olaraq müəyyən etmişdir ki, Nizami Gəncəvi
ədəbiyyatı ona qədərki və öz
dövründəki məhdud milli, qövmi təəssübkeşlikdən
ümumibəşəri idealların təsviri və tərənnümü
səviyyəsinə qaldırmışdır. Mütəfəkkir elm xadiminin fikrincə, ədəbiyyatı
saray əsarətindən, mədhiyyəçilikdən xilas
edib, insanlığa xidmət etməyə doğru istiqamətləndirmək
də Nizami Gəncəvinin sənət
qarşısındakı mühüm xidmətidir.
Məmməd
Cəfər müəllimin təqdimatında Nizami ədəbiyyatda
sözü qiymətdən salan yalançılığı
xalqa xəyanət hesab etmiş, "doğrunu"
yazmağı ədəbi amala çevirmişdir: "Doğru
sözlə səadət xəzinəsini ələ
keçirmək olar". Nizami ağıla,
idraka əsaslanan ədəbiyyat yaratmaqla xalqa xidmət etməyin
mümkünlüyünə inanmışdır. Deyilənləri qətiyyən təkrar etmədən
tamam orijinal fikirlər və ideyalar irəli sürmək, ədəbiyyatı
yeni mövzular və süjetlər, təzə obrazlarla zənginləşdirmək
Nizami Gəncəvinin sənət amalı olmuşdur. Məmməd
Cəfər Cəfərovun fikrincə, "Nizaminin
yaradıcılığında folklorizmin çox
güclü olması onun yazılı şeirə gətirdiyi
mühüm yeniliklərdən biridir... Sənətkarlıq cəhətdən
Nizami Gəncəvinin yeniliyi, əzəməti onun insan qəlbinin
mahir bilicisi kimi müxtəlif təbəqələrin daxili
aləminə nüfuz edə bilməsində, tip, xarakter
yaratmaq məharətində, müstəsna şair-psixoloq
olmasında, orta əsr epik şeirində ilk dəfə olaraq
Xosrov surətində verilən şəxsiyyətdə ikiliyi
görməsində və bu ikiliyi insanın təbii meylləri
ilə ictimai mövqeyi arasındakı ziddiyyətlərin təzahürləri
ilə əlaqələndirməsində, ...belə ziddiyyətli
tiplərlə yanaşı, Şirin, Fərhad, Leyli kimi
xaraktercə qəlb aləmi bütöv olan sürətlər
yaratmasında idi, ...mənalı ictimai konfliktlərin,
sarsıdıcı dramatizmin, epik-lirik motivlərin bir-birini
tamamlamasında məzmunlu dialoqlarında, qəlb aləminin
açılmasına kömək edən daxili monoloqlar da və
reallığı, gözəlliyi, təbiiliyi, həm də
elmliyi ilə oxucunu heyran edən təbiət təsvirləri
idi".
Göründüyü kimi, akademik Məmməd Cəfər
Cəfərovun Nizami Gəncəvi sənətində
novatorluq haqqındakı cəmi bir-iki səhifədə ifadə
etdiyi tezislərdə geniş bir monoqrafiyanın
materialları və elmi nəticələri öz əksini
tapmışdır. Həm "Nizaminin fikir
dünyası" monoqrafiyasında və həm də
bütövlükdə Məmməd Cəfər Cəfərovun
tədqiqatlarında elmi ümumiləşdirmə
imkanlarının genişliyi və yüksək nəzəri
səviyyəsi əsl profesionallıq nümunəsi kimi təzahür
edir.
Akademik Məmməd Cəfər Cəfərovun Nizami Gəncəvi
və Renessans probleminə dair baxışları özünə
qədər bu məsələyə dair deyilmiş fikirləri
bir daha möhkəmləndirməkdən əlavə, faktlar və
müddəalarla daha da zənginləşdirməkdən ibarət
olmuşdur.
Görkəmli Nizamişünas akademik Yevgeni Bertelsin dahi
şairin şeirləri və poemalarının "Avropa
renessansının ən yaxşı əsərlərinin əhəmiyyətli
dərəcədə yaxın olması" müddəalarını
onun yaradıcılığının əsas faktları ilə
bir daha möhkəmləndirmək üçün
böyük sənətkarın epik məsnəviləri və
lirikasının forma və məzmun yeniliklərinə, habelə
dünyəvi ideyaları tərənnüm etdiyinə görə
intibah hadisəsi olması müddəası irəli
sürülmüşdür. Eyni zamanda, Renessans
üçün zəruri olan antik yunan elmi və mədəniyyətindən
Nizami Gəncəvinin yaradıcılıqla istifadə etməsindən
başqa, Məmməd Cəfər Cəfərov ilk dəfə
olaraq şairin özündən əvvəlki Şərq fəlsəfəsinin,
xüsusən, Çin və hind fəlsəfi irsinin, həmçinin,
qədim dövr türk-müsəlman dünyası sənətkarlarının
ideyalarından yerli-yerində faydalanıldığını
diqqətə çatdırmışdır. Nizami
Gəncəvi yaradıcılığının məhdud
dini və milli təəssübkeşliyindən uzaq
olması, bəşəri ideyaların təsvir etməsi
haqlı olaraq Renessans hadisəsi kimi təqdim olunmuşdur.
Nəhayət, Məmməd Cəfər Cəfərov
"humanizm" anlayışını Renessans hadisəsinin
sinonimi hesab etməklə Azərbaycan ədəbiyyatının
insan amili əsasında dövrün böyük
ideyalarının geniş şəkildə
canlandırılmasına göstərdiyi xidmətin əhəmiyyətini
diqqət mərkəzinə çəkmişdir. Bu cəhətdən
Məmməd Cəfər Cəfərovun 1941-ci ildə
yazdığı "Nizami yaradıcılığında
humanizm" məqaləsinin "Nizaminin fikir
dünyası" monoqrafiyası üçün ilk məşq
funksiyasını yerinə yetirdiyini düşünmək
mümkündür. Nizami Gəncəvi haqqında ilk məqalədən
böyük şairə həsr edilmiş sanballı
monoqrafiyaya qədər keçilən yolun elmi təcrübəsi,
elmi-ədəbi prosesdə baş vermiş dəyişikliklər,
müəllifin geniş dünyagörüşü və
parlaq istedadı "Nizaminin fikir dünyası"nı meydana çıxarmışdır. Akademik Məmməd Cəfər
Cəfərovun "Nizaminin fikir dünyası"
monoqrafiyası Nizami Gəncəvi haqqında yüksək elmi
səviyyəyə malik möhtəşəm elmi tədqiqat əsəridir.
"Nizaminin fikir dünyası" əsəri Nizami Gəncəvi
haqqında Azərbaycan elminin intibahıdır.
"Nizaminin fikir dünyası" Azərbaycan ədəbiyyatşünaslığının
mükəmməl elmi hadisəsidir.
"Nizaminin fikir dünyası" - Azərbaycan
Nizamişünaslığının elmi abidəsidir.
"Nizaminin fikir dünyası" monoqrafiyası
akademik Məmməd Cəfər Cəfərovun elmi nəzəri-fikir
dünyasının barometridir.
Vaxtilə dahi Lev Tolstoy böyük rus tənqidçisi
Vissarion Belinskinin əsərlərini oxuduqdan sonra Aleksandr
Puşkinin yaradıcılığını təzədən
başa düşdüyünü etiraf etmişdir.
Akademik Məmməd
Cəfər Cəfərovun "Nizaminin fikir
dünyası" monoqrafiyası Nizami Gəncəvi
yaradıcılığını, Azərbaycan ədəbiyyatının
Şərq və dünya ədəbiyyatındakı
özünəməxsus yerinin, novatorluğunun və
mövqeyinin daha dərindən və əsaslı şəkildə
başa düşülməsinə, dərk olunmasına və
elmi cəhətdən təzədən qiymətləndirilməsinə
tam əsas verir.
Burasını
da etiraf etməyi özümə borc bilirəm ki, tələbəlik
və aspirantura dövründən və sonrakı
bütün mərhələlərdə əsərlərini
diqqətlə oxuyub-öyrəndiyim, haqqında bir neçə
dəfə məqalələr yazdığım, məruzələr
etdiyim akademik Məmməd Cəfər Cəfərovun
"Nizaminin fikir dünyası" monoqrafiyasını indiki
yaşımın işığında bir də dərindən
oxuduqdan sonra unudulmaz böyük müəllimimizin
özünəməxsus heyrətamiz və fərqli elm
dünyasını və mütəfəkkir şəxsiyyətini
bir daha yenidən, daha dərindən, həm də
bütün aydınlığı ilə görmək
imkanı əldə etdiyimə görə daxili bir xoşbəxtlik
hissləri yaşadım.
"Nizami Gəncəvi ili"nə bir elmi töhfə
kimi düşündüyüm bu məqalə isə həm
dahi Nizami Gəncəvi, həm də ustad ədəbiyyatşünas
Məmməd Cəfər müəllim qarşısında mənəvi
borcumun ifadəsidir.
11 avqust 2021-ci il
İsa
HƏBİBBƏYLİ
Azərbaycan
Milli Elmlər Akademiyasının vitse-prezidenti, Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunun direktoru, akademik, Milli Məclisin
deputatı
525-ci qəzet.- 2021.- 18 sentyabr.- S.16-17;18.