Üzeyir bəy: Ömrün şərəfli
iki ili
(Əvvəli
ötən şənbə sayımızda -
https://525.az/news/175730-uzeyir-bey-omrun-serefli-iki-ili-vilayet-quliyev-yazir )
Amma
"Arşın mal alan" hər halda
Paris səhnəsində oynanılır. Üzeyir bəyin
kiçik qardaşı, Sülh nümayəndə heyətinin
tərkibində Fransaya gedən və aprel çevrilişindən
sonra vətənə yolları bağlanan Ceyhun bəy
Hacıbəyli birgə yaradıcılıq məhsulu olan əsəri fransız
dilinə çevirib "Fransa-Şərq" komitəsinin
yardımı ilə Yelisey meydanındakı "Femina"
teatrında tamaşaya qoyur. Afişada isə
müəllif kimi yalnız Üzeyir bəyin adını
göstərir.
1918-1920-ci
illərdə, zaman etibarı ilə çox da böyük
olmayan il yarım ərzində dahi bəstəkar
əsasən siyasi publisistika sahəsində
çalışmasına rəğmən, musiqini də
unutmur. Bu dövrdə o, "Azərbaycan" və
"Dağıstan" xoreoqrafık əsərlərini
yazır. Müstəqilliyin bərpasından
sonra yenidən Azərbaycan Respublikasının Dövlət
Himni olan, ölkəmizdə və onun hüdudlarından kənarda
əzəmətlə səslənən "Azərbaycan"
marşını bəstələyir.
Cümhuriyyət dövründə həmin marşa
yazılmış sözlər hərbi məktəbdə hər
səhər dərs başlanmazdan əvvəl müdavimlər
tərəfindən xorla oxunurdu. Vətəni müstəqilliyə
qovuşanda 33 yaşı olan Üzeyir bəy gənclik
coşğunluğu və enerjisi ilə teatr, musiqi, hətta
ilk addımlarını atan kino sahəsində fəal
çalışırdı. Amma zamanın və şəraitin
tələbi ilə yuxarıda da qeyd edildiyi kimi, ictimai-siyasi publisistika
yaradıcılığında ön sıraya
çıxmışdı.
Əsrin əvvəllərində
"Həyat", "İrşad", "Həqiqət",
"İqbal", "Yeni iqbal", "Tərəqqi",
"Açıq söz", "Molla Nəsrəddin"
kimi mətbu orqanların səhifələrində milli maraq və
ehtiyacların ifadə edən aktual məqalə, felyetonlar
müəllifi kimi tanınan Üzeyir bəy yeni şəraitdə
xalqın doğru sözə, açıq söhbətə
olan ehtiyacını nəzərə alıb qəzetçiliyə
daha böyük önəm verir.
Onun Cümhuriyyət dövründəki
yazıçı-publisist fəaliyyəti rəsmi dövlət
orqanı sayılan "Azərbaycan" qəzetində davam
etmişdi.
Əsası Gəncədə qoyulan qəzet milli hökumət
Bakıya köçəndən sonra, 1918-ci il
oktyabrın 8-dən Ceyhun Hacıbəylinin (1891-1962)
redaktorluğu ilə çıxırdı. "Vətən
və millət yolunda əlimdən gələn xidməti və
öhdəmə düşən vəzifəmi qəzetimizin
müdiri sifəti ilə ifayə məşğul ikən, vətən
övladlarının xahiş və əmrinə müti
olaraq Cahan sülh konfransına göndərilməklə
öhdəmə daha ağır və məsuliyyətli, lakin
müqəddəs bir vəzifə düşdü", - deyə
1919-cu il yanvarın 9-da
dost və yaxınları ilə vidalaşıb bir
neçə gündən sonra İstanbula, bir neçə
aydan sonra isə Parisə yola düşən Ceyhun bəyi
mühüm və məsul vəzifədə qardaşı
Üzeyir bəy əvəz etmişdi.
"Azərbaycan"
qəzeti 1919-cu il yanvarın 16-dan iyulun 4-nə
qədər Ü.Hacıbəylinin müvəqqəti
müdirliyi ilə çıxmışdı. Həmin il sentyabrın 1-dən 1920-ci il aprelin 27-nə
- müstəqilliyin son gününə qədər isə
böyük bəstəkar qəzetin rəsmi baş mühərriri
- redaktoru olmuşdu. Onun "Azərbaycan"dakı son
yazısı aprelin 25-də, işğaldan iki gün əvvəl
dərc edilmişdi...
Qəzetdəki publisist çıxışları, məqalə
və felyetonları Üzeyir bəyin əzəmətli
portretinə yeni ştrixlər əlavə edir. Yazıları
onun XX əsr Azərbaycan siyasi publisistikasının
öncül nümayəndələrindən biri olduğunu,
janrın Ə.Ağaoğlu, C.Məmmədquluzadə,
Ö.F.Nemanzadə, M.Ə.Rəsulzadə, Ə.Hüseynzadə,
Yusif Vəzir kimi təmsilçiləri ilə bir sırada
dayandığını göstərir.
Xalqın
sevimlisi olan Üzeyir bəyin 1919-cu ilin martında, Novruz
bayramı günlərində Azərbaycanın ikinci şəhəri
Gəncəyə səfəri ölkə miqyasında mədəni-ictimai
hadisəyə
çevrilmişdi. Burada "Arşın mal
alan" operettası "məşhur musiqişünas və
məruf bəstəkarın" öz dirijorluğu ilə
tamaşaya qoyulmuşdu. Səfər proqramı
haqda məlumat verən mətbuat yazırdı ki,
"tamaşa başlamadan qabaq Üzeyir bəyin təzə
düzəltmiş olduğu "Azərbaycan" milli
marşı çalınacaq. Dördüncü
məclisdə yenə Üzeyir bəy tərəfindən
yazılmış "Azərbaycan" və
"Dağıstan" ("Ləzgi rəqsi") rəqsləri
gözəl bir mənzərə ilə artistlər tərəfindən
oynanacaqdır".
Cümhuriyyət mətbuatında çap etdirdiyi məqalələri,
publik çıxışları Üzeyir bəyin sonsuz vətənpərvərliyi
və istiqlal eşqi, xalqının problemlərinə dərin
bələdliyi, onları ictimai fikrin diqqət mərkəzinə
çəkmək və tezliklə həll yollarını
tapmaq istəyi haqda dərin təəssürat yaradır. İstiqlalın
doğurduğu qürur hissi və nəyin bahasına olursa
olsun, şəhid qanları bahasına qazanılmış
müstəqilliyi qorumaq niyyəti ilə yazılmış
ehtiraslı, düşündürücü Üzeyir
publisistikası ilə tanışlıqdan olandan sonra iki sual
üzərində düşünməli olursan:
"Xalq
düşməni" sayılmaq üçün 1937-ci ildə
irəli sürülən tələblərə dönə-dönə
və artıqlaması ilə ("millətçilik",
"pantürkizm", "panislamizm",
"müsavatçılarla əməkdaşlıq",
"Türkiyəyə, İrana və Fransaya casusluq",
"xaricdə yaşayan qardaş" və s. və i.a.)
cavab verən, bir dəfə yox, bir neçə dəfə
repressiya üçün NKVD-yə fürsət yaradan
Üzeyir bəy sovet cəza maşınının dişlərindən
necə qurtulmuşdu? Onu çox güman
Cümhuriyyət dövründən şəxsən
tanıyan keçmiş əks-kəşfıyyat agenti
Beriyanın cəngindən necə xilas olmuşdu?!
"Yoxdan yaranan üç rəngli müqəddəs
ideal rəmzini" zorakılıq və təzyiq simvoluna -
"qırmızı bez parçasına" dəyişəndən
sonra Üzeyir bəy daxilən nələr çəkmişdi,
necə ruhi və mənəvi sarsıntılarla üzləşmişdi? O Üzeyir bəy ki, XI
Qırmızı Ordunun Bakıya soxulmasından vur-tut iki
gün əvvəl müstəqilliyi yenicə dadmış xalqını gözləyən
"perspektiv" haqda "Azərbaycan" redaktoru olduğu
qəzetində yazırdı: "Mən demirəm ki, Nikolay
hökuməti ilə Lenin hökuməti arasında fərq
yoxdur. Xeyr. Təfavüt vardır və
özü də bundan ibarətdir ki, nikolaylar və generallar
hökuməti bizə həmişə "svoloç"
deyib atamıza söyərdilər, mujik və raboçi
hökuməti məşhur rus söyüşü ilə
anamıza söyəcəklər".
O Üzeyir bəy ki, Şimaldan yardım umanları bəzi
tarixi mətləblərdən hali edərək xam xəyallara
qapılmamağa çağırır və xəbərdarlıq
edirdi ki, "rus rusluğunda baqidir və rus qəlbindəki
türk düşmənçiliyi də baqidir".
O
Üzeyir bəy ki, Azərbaycanın istiqlalından
böyük bir qürur hissi ilə söz açaraq
soydaşlarını bu nadir nemətin qədrini bilməyə,
onu göz bəbəyi kimi qorumağa çağırırdı:
"Yerimiz, yurdumuz, torpağımız
özümüzün, hökumətimiz, camaatımız,
qoşunumuz özümüzün. Dinimiz, ayin və
adətimizə edilən şəmatətdən qurtulduq.
Dilimizə, millət və milliyyətimizə
vurulan həqarətdən qurtulduq. Qapımız
da özümüz, yiyəmiz də özümüzük.
Öz-özümüzü yaxşı-yaman
dolandırırıq. Kimsəyə
ehtiyacımız yoxdur".
Bu
düşüncələrlə yaşayan, bu ideallara
tapınan yetkin
şəxsiyyətin birdən-birə, həm də
zor gücünə "sovet adamına" çevrilməsi
çox müşkül, əzablı proses idi. Mənə elə gəlir
ki, Üzeyir bəy şura Azərbaycanında
yaşadığı 28 il ərzində
28 May nisgilini heç vaxt ürəyindən çıxara
bilməmişdi. Bəlkə də "Sənsiz"i, "Sevgili
canan"ı Cümhuriyyət sənsizliyi və sevgisi
yaratmışdı?! Bəlkə də "Koroğlu"nun
qüdrətli "Uvertürası"nın
mayasında qısa ömürlü müstəqil dövlətçiliyin
qürur və iftixarı illər keçəndən sonra
yeni bir əzəmət və qüdrətlə peyda
olmuşdu?
Sovet rejiminin bütün nəvazişlərinə, təltiflərinə,
verdiyi mükafat və fəxri adlara baxmayaraq, Üzeyir bəyin
qələmi ilə qoruduğu Cümhuriyyəti unutduğuna,
Cümhuriyyət ideallarına arxa çevirdiyinə əsla
inana bilmirəm.
Bütün əvvəlki hakimiyyətlər kimi
"Şura hökuməti" də Üzeyir sənətindən,
onun xalq dilində əzbər olan əsərlərindən
imtina edə, yaxud bu əsərlərə qadağa qoya bilməmişdi. Əksinə,
müəllifi öz tərəflərinə çəkməyə
çalışmışdılar.
28 aprel
"inqilabından" altı gün sonra - 1920-ci il mayın 4-də hökumət teatrında
"O olmasın, bu olsun" komediyası oynandı. Bolşevik mədəni
siyasətinin "siftəsi" də Üzeyir bəyin
ölməz əsəri ilə oldu.
Bir il
sonra Bakıda Sabir və Ərəblinskiyə heykəl qoymaq
məsələsi ortaya çıxanda yenə Üzeyir
yaradıcılığına üz tutulmuşdu. Bu məqsədlə 14 noyabr 1922-ci ildə xalq maarifi
komissarı D.Bünyadzadə xüsusi qərar
imzalamaşdı. İnsanların
böyük sənətkara məhəbbətindən xəbərdar
olan bolşevik məmurları ianə toplamaq məqsədi ilə
onun yaradıcılığına üz tutmuşdular.
"Leyli və Məcnun" operasının
tamaşasından əldə edilən bütün gəlir
xüsusi fonda
köçürülmüşdü. Bu mənada
Azərbaycanda söz adamına ilk abidə sayılan Mirzə
Ələkbər Sabirin heykəlinin ucaldılmasına
Üzeyir bəy birincilər sırasında töhfəsini
vermişdi.
Sovet rejiminə "lazımlılığına"
baxmayaraq, yeni quruluşun ikinci ayında Üzeyir sənətinin
bolşevikcəsinə təftişinə
başlanmışdı. Sıradan olan erməni
əsilli kamança ifaçısı Saşa Oqanezov
(Aleksandr Oqanyan) bolşevik mətbuatının səhifələrində
"Üzeyir Hacıbəyovu Azərbaycan musiqisinin
inkişafına lazımınca çalışmamaqda"
ittiham edirdi. Bu da dünyanın qəribə
paradokslarından biri idi. Belə çıxırdı
ki, gəlmə bir erməni xalqımızın milli musiqisinə
bu musiqinin ölməz nümunələrini yaratmış
Üzeyir bəydən daha çox can yandırır?!
Yeni rejimin ilk çağlarında Üzeyir bəy gəlmələrdən
deyil, ayaqda qalmalarına kömək etdiyi
"özümüzünkülərdən" də
çoxlu tənə, tənqid eşitməli olmuşdu. Və yəqin
ki, belə məqamlarda müstəqilliyin, "öz əli,
öz başı olmağın" həqiqətən də
ələdüşməz nemət olması barəsində
uzun-uzadı düşünmüşdü.
Lakin heç bir siyasi rejim böyük istedadın
qarşısına sədd çəkməyə qadir deyil. Və
bütün rejimlər gerçək istedada möhtacdır.
Bu səbəbdən də aradan on il
keçəndən sonra artıq Üzeyir bəy "ləkəli
keçmişinə" baxmayaraq, sovet quruluşunun
"favoritinə" çevrilmişdi. Təbii ki, buna
bioqrafiyasını saxtalaşdırmaq, Cümhuriyyət ideallarına
arxa çevirmək, əski mübarizə yoldaşlarına
ləkə yaxmaq yolu ilə nail olmamışdı. Mövcudluğunun ilk dövründə
özünü "fərqli düşünən" ziyalılardan təcrid
etmiş sovet cəmiyyətində işinin həqiqi
ustası olan insanlara ehtiyac illər keçdikcə daha kəskin
şəkildə üzə çıxırdı. Odur ki, Üzeyir bəy miqyaslı bir ziyalı və
ictimai xadimlə istər-istəməz hesablaşmalı
olurdular.
Doğrudur,
belə məqamlarda
ona yüngülvari şəkildə
"keçmişini" xatırlatmağı da unutmurdular. Sonra da bütün keçmiş
"suçlarına" rəğmən artıq
"özlərininki olduğunu" bəyan edib. "Azərbaycan xalqının "düşmənləri"
ilə üz-üzə qoyurdular. Məsələn,
Azərbaycanda sovet hakimiyyəti qurulmasının 10 illiyinin
qeyd edildiyi günlərdə partiya publisisti kimi tanınan
Əsəd Tahir adlı müəllif "Kommunist" qəzetində
"Gözünə girsin, Məhəmməd Əmin Rəsulov!"
(bu deyim tərzi ilə Hafiz Hacıyevin sələfi
də sayıla bilər!) adlı "məqaləsində"
yazırdı:
"Gözünə girsin, Məhəmməd Əmin Rəsulov! Azərbaycanın 10 illiyi
gecəsində... 200-ə qədər türk qızı Azərbaycan
himni oxuyurdu! Hələ bu himnin kim tərəfindən
yazıldığını bilsən, bağrın
çatlar. Onu Üzeyir Hacıbəyov
yazmışdır. O Üzeyir ki, sənin
çıxardığın mürtəce "Azərbaycan"
qəzetinə müvəqqəti müdirlik edirdi. O Üzeyir ki, indi çıxışda bulunaraq
öz təşəbbüsü ilə Azərbaycanın 10
illiyi himnini yazmış, türk qızlarına oxutdurur və
özü dirijorluq edir. Görürsənmi,
vaxtı ilə bel bağlamaq istədiyin adamlar belə sizə
nifrət edərək üz çevirmiş və Şuralar
Azərbaycanın mədəni quruluşu işlərində ən
aktiv iştirak edir".
Xalis
bolşevik demoqogiyası ruhunda yazılmış cızma-qara
müəllifi ilə yalnız bir məqamda razılaşmaq
mümkündür: Üzeyir bəy hər şeyə rəğmən,
Azərbaycana xidmətini davam etdirirdi! Cümhuriyyət
dövründə olduğu kimi, indi də eyni əzmlə
ölkəsinin və xalqının mədəni-siyasi
dirçəlişinə çalışırdı.
Doğrudur, rejim dəyişikliyindən sonra
böyük sənətkar hər kəsin başa düşə
biləcəyi açıq sözdən, publisistikadan
uzaqlaşmağa məcbur olmuşdu. İndi fikir və
duyğularının tərcümanı kimi musiqi dilinə
daha böyük üstünlük verirdi. Amma
şərəfli xidmətinin məqsədi və məramı
əsla dəyişməmişdi.
Üzeyir
bəyin Peyğəmbər ömrünə bərabər 63
illik həyatının vur-tut iki ilə yaxın bir
dövrü, daha dəqiq desəm, il
yarımı müstəqil Azərbaycanda keçmişdi. Bu qısa dövrü o, şərəflə
yaşamışdı, çünki müstəqillik
ideallarının gerçəyə çevrilməsi
üçün zəkasının, ürəyinin məqbul,
lazımlı saydığı hər sahədə yorulmadan
çalışmışdı. Redaktoru
olduğu "Azərbaycan" qəzetində Cümhuriyyətin
1918-1920-ci illərdəki ictimai-siyasi və ədəbi-mədəni
tarixinin ilk salnaməçisi kimi çıxış
etmişdi. Siyasi məzmunlu məqalələrində
qaldırılan problemlər isə yalnız həmin zaman kəsimi
ilə deyil, bu günlə də səsləşməsi, vətəndaşlıq
mövqeyi, yurd-torpaq təəssübkeşliyi
baxımından dəyər və əhəmiyyətini
saxlamaqdadır.
1919-cu ildə
Üzeyir bəy müstəqil Azərbaycanın hər bir vətəndaşını
gənc milli dövlətin idarəçiliyində fəal
iştiraka çağıraraq yazırdı: "Bu gün
biz... dövləti və ictimai işlərə girişməyə
məcburuq. Bu cürə işlərə kənardan
baxmağa və biganə qalmağa haqqımız yoxdur.
Çünki biz daha özgə vətənin
ögey oğlu deyilik. Öz vətənimizin
doğma oğluyuq. Vətən də
bizimdir, hökumət də bizimdir, camaat da bizimdir. Bu
gündən belə hər bir əmri məhz hökumətin
boynuna atmaq, "Hökumət özü bilər" demək,
hökuməti təkbaşına buraxmaq, hökumətə əldən
gələn köməyi etməmək, mənafeyi-milliyyə
və istiqlaliyyətimizin və həm də şan və
şərəfimizin təmin və təyidi yolunda işləməmək
müstəqil yaşamaq iddiasında olan bir millət
üçün günahdır. Belə bir
günah ki, onun cəzası istiqlal və istiqbaldan məhrum
olmaq dərəcəsində ağır və
ağırlığı qədər də şayani-yas və
kədərdir". Üzeyir bəy "Azərbaycan"ın səhifələrində
həm dövlət həyatının mühüm məsələləri
ilə bağlı baş məqalələrlə
çıxış edir, həm də qanunverici orqanın fəaliyyətini
işıqlandırırdı. Azərbaycan
Məclisi-Mə'busanın - Parlamentin iclaslarından
yazdığı "Təəssürat"
başlıqlı silsilə məqalələr müəllifin
yalnız siyasi fəhmindən deyil, həm də vətəndaş
yanğısından xəbər verir.
Millət vəkillərinin Azərbaycanın taleyi ilə
bağlı məsələlərdəki qətiyyət və
prinsipiallığı Üzeyir bəyi nə qədər
sevindirirsə, siyasi və firqə maraqlarından
çıxış edərək ölkənin mənafeyinə
arxa çevirmələri qəlbi vətən eşqi ilə
döyünən gənc müəllifi bir o qədər hiddətləndirirdi. Üzeyir bəy
yazırdı ki, Cümhuriyyət üçün son dərəcə
çətin olan başlanğıc mərhələdə hər
şey milli mənafeyə tabe tutulmalı, yersiz demokratiya
oyunu, parlament tribunasından siyasi bəyanatlar
üçün lüzumsuz istifadə cəhdi,
naqqallıq və bəlağət bir tərəfə
buraxılmalıdır.
Parlament üzvlərindən Əhməd Cövdətin
Azərbaycanda guya erməni vətəndaşların
sıxışdırılması ilə bağlı
qaldırdığı, əslində isə siyasi rəqiblərini
gözdən salmaq məqsədi güdən bir məsələ
Üzeyir bəyi tamam haldan çıxarmışdı.
Qarabağda, Naxçıvanda, İrəvanda, Zəngəzurda,
habelə Qafqazın digər yerlərində on minlərlə
azərbaycanlı yalnız milli mənsubiyyətinə görə
amansız erməni zülmünə məruz qaldıqları
bir şəraitdə Hacıqabul stansiyasında Sarkisyan
familiyalı bir erməninin təhqir edilməsi ilə
bağlı məsələnin Parlamentin gündəliyinə
çıxarılması, hətta Baş nazir Fətəli
xan Xoyskidən izahat istənilməsi bir azərbaycanlı kimi
Üzeyir bəyin izzəti-nəfsini təhqir etmişdi:
"Qışın
bu soyuq günlərində buzlu dağlara pənah
aparmış, Araz çayının qar sellərinə qurban
olmuş, yurd və yerlərindən, mülk və
mallarından, can və başlarından top və pulemyot
güllələri zoru ilə məhrum edilmiş, əsir və
yesir günündə dağlara, daşlara, dərələrə,
təpələrə səpələnmiş olan məzlum və
məzlumələrdən ibarət bədbəxt
qardaşlarımızın, ana və
bacılarımızın müdafiəsi haqqında bir
söz belə dilinə almağı özünə
"layiq" görməmiş olan mə'bus əfəndimizin daşnaklar mənbəyindən
xüsusi bir qərəz ilə nəşət edən yalan və
acı bir yalan olduğu rəisül-vüzəra Fətəli
xanın bəyanatından bəlli olan xəbərlər
haqqında kəmali-səlasətlə hərraflıq
(boşboğazlıq) etməyi mənə o qədər əlim
(kədərli) bir təsiri-yanğı verdi ki, nitqi axıradək
dinləməyə taqətim qalmadı".
Hökumət qəzetindəki siyasi publisistika nümunələrində
Üzeyir bəy həm ölkənin daxili vəziyyətinə,
siyasi proseslərə, həm də Azərbaycandan kənarda,
xüsusən də qonşu dövlətlərdə baş
verən hadisə və olaylara xüsusi diqqət yetirilirdi.
Müəllif
"bolşevik Rusiyasının Azərbaycanın
istiqlalına düşmən kəsilmiş qüvvələri",
Qarabağdakı erməni fitnəkarlıqları və
Andranikin vəhşilikləri, Gürcüstan və Şimali
Qafqazla əməkdaşlığın zəruriliyi, Qafqaz
millətlərinin birliyi, Paris sülh konfransında cərəyan
edən hadisələr, Oktyabr inqilabının yalan və
demoqogiyası, Müvəqqəti hökumətin
riyakarlığı barəsində ardıcıl
yazırdı. Onun fikrincə, Rusiyadakı inqilablar çar
istibdadını devirməklə bir addım irəli
getmişdisə, imperiyanın əsir millətlərini yenidən
müstəmləkə boyunduruq altına salmaq niyyəti ilə
əslində, çarizmin mövqeyinə
qayıtmışdı:
"Əgər Lenin öz sözünə əməl
edib Rusiyadakı millətləri azad etmək kimi məqduri
olan əmri yerinə yetirsə idi, bolşevikliyə
böyük xidmət göstərmiş olardı. Halbuki
azadlıq əvəzinə nə gördük? Azad
olmağa cürət etmiş millətlərin bolşevik
qoşunları tərəfindən qətliam edilməsini
gördük... Və bu qətliam hansı millətlər
üzərində icra edildi? O millətlər üzərində
ki, imperializm zəncirinin ən ağır halqaları
altında inləməklə hamıdan əvvəl azad
olmağa möhtac və layiq idilər..."
Başqa
bir məqaləsində isə o, fikrini konkretləşdirib
çar Rusiyasındakı əsir millətlər içərisində
Azərbaycan türklərinin daha çox zülm və təzyiqlərə
məruz qaldığını vurğulayırdı: "Bəs
kimin insafı yol verər və kimin vicdanı bunu qəbul edər
ki, Rusiyadakı ümumi millətlər istibdad dövründə
də Azərbaycan türklərinə nisbətən istirahətlə
yaşadıqları halda bu gün təkmil hüquqlarına
nail olsunlar ki, amma Azərbaycan türkləri bu
hüquqlarından məhrum edilsinlər?!" Nə
qədər acı da olsa, etiraf etmək lazımdır ki,
Üzeyir bəyin bu uzaqgörən sözləri yalnız
çar Rusiyasına deyil, eyni əsasla sovet Rusiyasına da
şamil edilə bilər.
"Azərbaycan"
qəzetinin bolşevik çevrilişinə iki gün
qalmış çıxan sayında (25 aprel 1920-ci il)
Üzeyir bəy bolşeviklərdən nicat gözləyənləri
acı tənə hədəfinə çevirmişdi: "Hətta
bunu da deyim ki, Azərbaycanda bolşevik hökuməti qurub
Əliheydər Qarayevi onun başına qoysan, o halda sovet
hökuməti "bizə dəyməz" deyə xəyal
edənlərə xam xəyal sahibi demək olar..."
***
1919-cu il sentyabrın 18-də Üzeyir bəy Cümhuriyyət dövründəki ilk və son ad gününü -34 yaşını qeyd etmişdi. Onu təbrik etməyə gələnlər arasında yaxın qohumları ilə bir sırada Baş nazir Nəsib bəy Usubbəyov, Parlamentdə Müsavat fraksiyasının rəhbəri Məhəmməd Əmin Rəsulzadə, rusca çıxan "Azərbaycan" qəzetinin baş redaktoru, daxili işlər nazirinin müavini Şəfi bəy Rüstəmbəyov da vardı. Bu barədə 9 oktyabr 1919-cu il tarixli məktubunda qardaşı Ceyhuna xəbər verən Üzeyir bəy sevinc hissi ilə ölkədə vəziyyətin günü-gündən qaydaya düşdüyünü, insanlarda müstəqil milli dövlətçiliyə inam və əminlik hissinin yarandığını yazırdı. Kabinetinə telefon çəkdirdiyini, təzə mebel aldırdığını, işçilərinə qələm haqqı - qonorar ödədiyini dövlətin möhkəmlənməsinin və hər sahədə nizam-intizam yaradılmasının əyani nümunəsi kimi vurğulayırdı. Parisə göndərilən heyət üzvlərini, ilk növbədə isə çox sevdiyi kiçik qardaşını işlərini tez bir zamanda başa vurub dövlət quruculuğu və idarəçiliyində iştirak etmək üçün vətənə qayıtmağa səsləyirdi.
Amma Şimaldan gələn təhlükə - bolşevik işğalı bu arzuların hamısının üstündən qara bir xətt çəkdi...
Üzeyir Hacıbəylinin 1918-1920-ci illərdəki ictimai-siyasi fəaliyyəti, ilk növbədə siyasi publisistikası onun adını Cümhuriyyətin ən görkəmli ideoloqları sırasında çəkməyə imkan verir. Bu sahədə o, doğrudan da yaxın dostu Məhəmməd Əmin Rəsulzadənin və Azərbaycan istiqlalı uğrunda dönmədən mübarizə aparan digər istiqlal fədailərinin hər cəhətdən bel bağladığı yetkin siyasi şəxsiyyət, milli düşüncəli fədakar əqidə sahibi idi. Zaman bizdən uzaqlaşdıqca Üzeyir bəyin təbiətindəki və zəngin ədəbi-ictimai irsindəki bu xüsusiyyətlər daha aydın bir şəkildə təzahür edir.
Vilayət
QULİYEV
525-ci qəzet.- 2021.- 18 sentyabr.- S.14-15.