Daxildən soyulanlar
Depressiyaya düşən insan ilk növbədə özünə
qapanır, bədənini,
ruhunu hər şeydən və hər kəsdən təcrid edir. Çox vaxt
bu durum anormal qəbul edilir, amma bundan daha
normal heç nə yoxdur. Bunu yenilənmək kimi
qəbul etmək lazımdır. Digər canlılar
dəri dəyişərkən
necə həssas olur, ağrı yaşayırlarsa, insanlar da bu mərhələdə
o qədər sancı
çəkirlər. Məsələn, ilanlar dəri dəyişdirərkən bütün
fəaliyyətini dondurur
və qayalıqlara çəkilirlər. İki həftə
ərzində burada soyulmaqla məşğul olurlar. Bu prosesə
təkbaşına, qıvranaraq
dözürlər. Yavaş-yavaş olur, amma səbrlə,
daxildən xaricə doğru aşıb-daşmaq,
təzələnib normal həyata
dönmək üçün
dözürlər. Ən maraqlısı
isə yaşlı və gənc ilanlardır; yaşlılar
ildə bir dəfə dəri dəyişərkən, gənc
ilanlar hər həftə və ya iki həftədən
bir bu prosesdən
keçirlər. Eynilə insan
kimi; gənclər emosiyalara yenilib, hisslərə qapılıb
özlərini dərdə
tez təslim edərkən, yaşlıların
təcrübəsi bunu
əngəlləyir.
Depressiya dumanlı dağa bənzəyir. Sisdən, buluddan göz
gözü görmür.
Özünü tükənmiş, hər şey bitmiş kimi hiss edir, bunun sonsuza
qədər sürəcəyini
sanır, ömürboyu
o yataqdan, o otaqdan çıxmayacağını düşünürsən. Bəzən cəhd etmək, içindən sıyrılıb
çıxmaq mənasız
gəlir.
Çabaladıqca daha çox yorulduğunu fikirləşirsən. Eləcə oturub
bütün gözləntilərin
yox olana qədər gözləmək
keçir ürəyindən.
Yaşamağa, hərəkətə
keçməyə, nəsə
etməyə can atmırsan.
Latınca depressiya çuxur,
çöküntü deməkdir.
O çuxura düşdüyünü
görən kimi ilk növbədə ətrafdakılar
dil tökür. İnsanın başına dolanır,
evdən çıxartmaq
üçün min yola
əl atırlar.
Heç
birinə dərdini izah edə bilmirsən.
Tətilin, konsertin, əyləncənin
sizə yaxşı təsir edəcəyini düşünürlər. Haqlı ola
bilərlər. Amma yanlış
yöndür. Bu, qayalığa çəkilib
canının hayında
olan, yarıya qədər soyulan ilana yaxınlaşıb
"sən yaxşı
görünmürsən, gəl
gedək rəqs edək" demək kimi bir şeydir.
İlan dərisinin yarısını
sürüyə-sürüyə necə sənə qoşulsun?!
Əlbəttə insan düşdüyü bu vəziyyətdən çıxmağı bütün varlığı ilə istəyir. Beyninin içindəki hirsin, üzüntü hisslərinin keçməyini, gözündən axan yaşın bitməyini, əvvəlki enejisinin bərpasını çox arzulayır. Amma bəzən bəzi şeylər yaşanmalıdır. Zərərli hesab etdiyimiz xilasımızı da gətirə bilər, ilan zəhəri kimi. Depressiya da belədir, öldürə də bilir, öləcəyini düşündürüb yeniləyərək yenidən həyatın ortasına ata da bilir. Hesab edirəm ki, hər insanın depressiyaya girməyə haqqı var. Çünki hər şey kimi, bu da insan həyatının bir parçasıdır. Bəzən dayanmaq, bir küncə çəkilib ordan baxmaq yaxşıdır dünyaya. Məsələn, hərəkətdə olan avtomobil qəflətən yavaşlayır, ya benzini bitir, ya yağı, ya təkər partlayır. Sağa çəkib gözləməli olursan. Problem həll edilməmiş arxasından itələyərək necə yola davam etmək olmursa, eləcə də bir insanı zorla irəlilətmək olmaz. Depressiyadan dərhal çıxmaq üçün dərmanlara əl atılır. Amma bu prosesi dayandırmaqdan, gedişata mane olmaqdan başqa heç bir işə yaramır. Bir növ keyidilir, ona görə sonrakı günlərdə özünü təkrar göstərir. Bəzən simptomu susdurmaq yox, danışdırmaq lazımdır. Üzə çıxmaq üçün dibi görmək isə ən yaxşısıdır. Tırtıllarla bağlı sənədli filmlər var, çox maraqlıdır. Əvvəl damcıya bənzər bir yumurta olur, sonra hərəkət edən nöqtədən azca iri bir canlı öz qabığını yeyərək içindən çıxır və qidalanır. İki həftə böyüməkdə olan qurumuş, əcaib bir qurda bənzəyir və birdən titrəməyə başlayır. Titrədikcə qabığın içindən çölə gözoxşayan, rəngli, bəzəkli, insanı heyrətləndirən qanadlar çıxır və kəpənəyə çevrilir. Hamımız beləyik, çürüdüyümüzü düşünürük, amma həmin ərəfədə içimizdə yepyeni birinin doğulmaq üzrə olduğunun fərqinə varmırıq. Mövcud vəziyyətdən qaçmaq qurtuluş deyil, bəzən üzləşmək lazımdır. Bu mövzuda Freydin 1915-ci ildə hazırladığı və iki il sonra yayımladığı "Yas və melanxolik" adlı kitabı var. Freyd həm yas, həm də depresiyanın bir qolu olan melanxoliyanı insanların itkiyə verdikləri reaksiya olaraq görür. Yas itirdiyimiz insanlardan özümüzü ayırdığımız uzun və kədərli bir dönəmi təşkil edir. Freyd yasın funksiyasını "sağ qalanların xatirələrinin və ümidlərini ölən insandan ayırmaq" olaraq dəyərləndirir. Yasda həqiqi bir itki varkən, melanxoliyada itkinin qeyri-müəyyənliyi var. İnsan itkinin mahiyyətinin fərqində olmaya bilər, amma bu itki ölümün, ayrılığın, siyasi, ya da dini bir zirvənin çöküşünün yaratdığı növdən bir kədər təşkil edə bilər. Bu itki bəzən duyğularla özünü göstərir.
Amma dəyişməyən
bir həqiqət var, bir vaxtlar dərindən hiss etdiyimiz acıların
yerində sonradan yellər əsir. Hər
gözəl şey kimi,
acı da əbədi deyil,
bir gün ömür kimi o da sonlanır!
Türkan
TURAN
525-ci qəzet.- 2021.- 18 sentyabr.- S.13.