Onun Ustad dərsləri  

 

Görkəmli jurnalist və publisist Ələkbər Abbasovun 80 illiyinə

 

Jurnalistikadakı ürək döyüntüləri

 

Bütün yaradıcılıq sahələrində, o cümlədən, jurnalistikada da belədir: yaş və iş təcrübəsi artdıqca, fərqli situasiyalarıdan keçib bərkidikcə insanın müqayisə imkanları da çoxalır. Bu imkanların hesabına təkcə yaxşıları və pisləri, və qara rəngləri deyil, həm də ilk baxısda gözlə görünməyən incəlikləri, alt qatları, çoxlarının mahiyyətini dərhal qavraya bilmədiyi meylləri duyursan. Sahənin fədakarlarını və başgirləyənlərini, peşə namusunu qoruyanları və ləyaqətsizləri tanıyırsan, çevrəndəki səmimiyyəti, saxta təbəssümləri, gedişatdakı zəif və güclü nöqtələri asanlıqla tutursan. Təbii ki, qazandığın bilik və təcrübənin hesabına həm də dünənlə bu günü bir tərəziyə qoyub saf-çürük edə bilirsən, "hər cür müqayisə  qüsurludur" deyiminə baxmayaraq, gerçək mənzərəni məhz bu müqayisədə aydın görə bilirsən.

 

Jurnalistikamızın dünəni azad düşüncəyə əngəl olan "ideologiya" adlı sədlərlə əhatə olunmuşdu. Hər şey bu ideologiyaya tabe edilmişdi. Amma əsl istedadlar təbliğat tozanağına bürünmüş həmin sovet mətbuatına insani sifət verməklə bu sədləri darmadağın edə bilirdilər. Onlar barmaqla sayılacaq qədər az idilər, amma çox yerdə görünürdülər. Həmin peşəkar qələm sahiblərindən biri də adı telejurnalistika tariximizdə iri hərflərlə yazılmış, yaradıcılığı, sözün əsl mənasında bir məktəb olan və bu günlər 80 yaşını qeyd etməyə hazırlaşan görkəmli publisist, Əməkdar jurnalist, yazılarının altında çox vaxt Şəhrili imzası olan Ələkbər Abbasovdur.

 

 

 

Mən çox az jurnalist tanıyıram ki, Ələkbər Abbasov qədər həm yazılı mətbuatda, həm də televiziya və radio sahəsində eyni dərəcədə ciddi uğurlar qazanmış olsun. Jurnalistikanın hər iki boyunda vicdanla külüng çalmış Ə.Abbasov publisistika tariximizdə iz qoymuş məqalələrin, maraqlı reportajların, aktual yazıların, araşdırma materiallarının, verilişlərin, sənədli filmlərin və ciddi maraq doğuran kitabların müəllifidir. Çoxlarının hafizəsində Ə.Abbasov xoş aurası olan bir televiziya aparıcısı və istedadlı şərhçi kimi hələ də qalmaqdadır.

 

Ələkbər müəllim jurnalist fəaliyyətinə Azərbaycan televiziyasında başlayıb, hazırladığı parlaq verilişlərlə bu televiziyanın inkişafına ciddi töhfələr verib. Sonra eyni uğurla yazılı mətbuatda da çalışıb, bir müddət "Bilik" cəmiyyətinin "Dalğa" qəzetini buraxıb, daha sonra mətbuat tariximizdə özəl yeri olan "Günay" qəzetinin baş redaktoru olub. Həmin qəzetdə öz kreativliyi ilə, sanki elə anadan qəzetçi kimi doğulduğunu göstərmişdi. Əslində, o, elə əvvəldən - hələ tələbə ikən ölkənin ən nüfuzlu mətbu orqanı olan "Kommunist" qəzetində çap edilmiş ilk yazısı ilə sözün gücünü qəzetdə sınamışdı. O vaxtlar mətbuat aləmində ciddi reaksiya doğurmuş həmin yazının adı "Ürək döyüntüləri" idi və gələcəyin tanınmış jurnalisti bu adı, bir növ özünün jurnalist taleyinin məramı kimi seçmişdi, çünki uzun illər  jurnalistikamızda Ə.Abbasovun ürək döyüntüləri çox aydın eşidilmişdi. Həmin döyüntülər bu gün də jurnalistikamızın nəbzi kimi vurur.

 

24 yaşında direktor və futbol şərhçisi

 

Onun Azərbaycan televiziyasına gəlişi bir meteor effekti yaratdı. Gənc jurnalistin yaratdığı efir adamı obrazı o  vaxtlarda televiziyanın ilk və hələlik ən görkəmli sədri Teymur Əliyevin (şair Teymur Elçin) müəyyən etdiyi parlaq yaradıcılıq meyarlarına çox uyğun gəlirdi. İstedadı, yazısı, ekran görünüşü, gözəl nitqi, efir davranışı, şəxsiyyətinin bütövlüyü, insanlarla ünsiyyət qurmaq bacarığı ilk addımlarını atan AzTV-də diqqəti dərhal cəlb edirdi. Yeni düşüncə tərzi, intellektual səviyyəsi, işgüzarlığı, böhran anında dəqiq qərar vermək qabiliyyəti onu başqalarından çox fərqlənirirdi. Buna görə də qısa müddətdən sonra 24 yaşlı Ə.Abbasovu çox məsul bir posta, televiziya işinin ürəyi sayılan "Proqram" redaksiyasının baş redaktoru vəzifəsinə təyin ediblər.

 

Bu illərdə o, həmçinin, futbol şərhçiliyi edirdi. Valid Sənani, Sabutay Quliyev kimi peşəkarlarla yanaşı, canlı  futbol reportajlarında Ələkbər Abbasovun da səsi eşidilirdi. Onun həm futbolu, həm də dilin incəliklərini gözəl bilməsi, üstəlik, ürəyəyatımlı səsi və diksiyası o vaxt tamaşaçılarda başqa bir ovqat yaradırdı. Təbii ki, onun xüsusi ovqat yaradan intellektual şərhləri özünəməxsusluğu ilə seçilirdi və yəqin ki, o illərdə "Neftçi"nin ölkə çempionatındakı çıxışlarını izləyənlər  "oyunu Ələkbər Abbasov şərh etdi" sözlərini unutmayıblar. 

 

Ümumiyyətlə, idman sahəsi Ələkbər müəllimin əsas mövzularından olub,  həmin dövrdə də, sonralar da idmandan, ayrı-ayrı idman ustalarından yazıb və verilişlər çəkib, hətta "Parol Moskvadır!" adlı oçerklər kitabı da çap olunub. Amma düzü, mən onun idman mövzusunu  futbol şərhçiliyini davam etdirməməsinə sevinirəm. Düzdür, o, futbol şərhçiliyinin ardınca getsəydi, birmənalı şəkildə bizim öz parlaq Ozerovumuz və Maxaredzemiz olacaqdı, amma təbii ki, ciddi bir jurnalist itkisinə məruz qalacaqdıq.

 

Reportajı Ələkbər Abbasov aparır

 

70-ci illərin ortalarında Azərbaycan televiziyasının cəmiyyətə təsiri güclənməyə başlayırdı və bunun əsas səbəblərində biri TV-də xəbərlərin xüsusi çəkisinin və keyfiyyətinin artması ilə bağlı idi. "Günün ekranı" adlı əsas xəbər buraxılışında təkcə təbliğat materialları getmirdi, həm də maraqlı süjetlər və reportajlar göstərilirdi. Baş redaktor Ənvər Qafarlı istedadlı gəncləri cəlb etməklə yaxşı komanda formalaşdıra bilmişdi. Mübaliğəsiz demək olar ki, Ələkbər Abbasov bu komandanın döyünən ürəyi idi. O, unudulmaz Tofiq Axundovla birlikdə həm də baş redaktorun müavini kimi yaradıcılıq prosesini tənzimləyir və özü də çox maraqlı və bənzərsiz süjetləri ilə xəbərlər proqamına can verirdi.

 

Dördüncü kursda bizi bu proqrama istehsalat təcrübəsinə göndərmişdilər və orada müşahidə etdiklərim heç yadımdan çıxmır. Görürdüm ki, Ə.Abbasovun işə gəlişi ilə bütün otaqlarda canlanma yaranırdı, böyüklü-kiçikli hamı özünü yığışdırdı. Sən deyən, elə bir zəhmi   inzibatçı davranışı yox idi, amma hamı ondan bir az çəkinir, amma çox hörmətlə yanaşırdı, redaktorlar da, operatorlar da, diktorlar da. Kim nəyi bilmirdisə, Ələkbər müəllimdən soruşurdu, o da təmkinlə, rahat-rahat hamının suallarına cavab verirdi. Bütün mətnləri diqqətlə oxuyurdu, yalnız onun imzasından sonra material montaj oluna bilərdi.

 

Onun yaradıcılığıni, reportaj və söhbətlərini izləmək və ondan öyrənmək ayrıca bir zövq idi. Olduqca maraqlı mövzular seçir, xeyli cazibədar ifadə tərzi və təqdimat üsulları tapır, haqqında danışdığı məsələni anlatmaq üçün çox oynaq formalardan istifadə edirdi. O, bir-birindən maraqlı süjetləri ilə  hamını, o cümlədən də biz tələbələri heyrətləndirməyi bacarırdı. Bir dəfə onun "Şənbə reportajında" ovçulardan bəhs edən bir süjetinə baxdım, çəkilişlər çox qeyri-adi idi, Ələkbər müəllimin öz səsi ilə oxuduğu mətn də adamı ovsunlayırdı. Televiziya yaradıcılığına hələ az bələd olan bir adam kimi onun gölün ortasında etdiyi stəndapı necə çəkməsi üzərində xeyli baş sındırası oldum.

 

Ələkbər müəllim bizləri çox ruhlandırır, maraqlı süjetlər hazırlamağa həvəsləndirirdi, süjeti mövzudan asılı olaraq necə başlamağı, çəkiliş texnikasının incəliklərini izah edir, "daim axtarın, müşahidəniz iti olsun, hər şeydə nəsə bir qeyri-adilik tapın, onda tamaşaçı sizin materiala baxacaq" deyirdi. Onun xəbərin quruluşuna, lidlərin seçilməsinə yanaşması da mənim üçün maraqlı idi. Hələ Sovet dövründə belə bir fikri tez-tez vurğulayırdı ki, informasiya bizə xoş gəlmirsə, deməli, bu, təbliğatdır. Sonralar - 90-cı illərin əvvəllərində dediyi bir aforizm də yadımdan çıxmır: jurnalistika siyasətə xacəlik etməli deyil.

 

Ötən əsrin 60-80-ci illərində telepublisistikamızın formalaşması və inkişafı, xüsusən Azərbaycan televiziyasında reportyorluq peşəsinin formalaşması məhz onun adı ilə bağlıdır. Mənim üçün o, televiziyamızın ilk peşəkar reportyorudur. Saysız-hesabsız  analitik verilişlərin, sənədli publisistik proqramların, ciddi araşdırmaların, problem mövzulara həsr olunmuş müəllif söhbətlərinin, tənqidi  süjetlərin, sənədli filmlərin müəllifidir. TV tarixini az-çox tədqiq edən adam kimi deyə bilərəm ki, Ələkbər Abbasov bir çox ilklərə imza atıb. O, Azərbaycan televiziyasında hadisə yerindən reportaj, eləcə də problem reportaj janrının yaradıcısıdır.

                              

Onun redaktorluq və aparıcılıq dərsləri

 

Müəyyən bir müddətdə Ə.Abbasovla eyni baş redaksiyada çalışmaq fürsətim olub. Onun intellektindən, adamlarla davranışından, redaktəsindən, veriliş hazırlama texnologiyasından çox şey öyrənmişəm. Redaktə zamanı onun bir sözü dəyişməklə mətnə necə aydınlıq gətirməsini, mətləbi daha dəqiq və dolğun ifadə etmək bacarığını sözlə ifadə etmək mümkün deyil. Məsələn, tələbə vaxtı Xəzər gəmiçiliyindən bir reportaj hazırlamışdım. O vaxt süjet və reportajlara ad (qəzetdəki sərlövhə kimi) qoymaq dəbdə idi və mən də İranda səfərdə olmuş bir gəmi haqqında reportajıma "Gəmi səfərdən gəlir" tipli poetik bir ad qoymuşdum. Ələkbər müəllim materialı diqqətlə oxudu, görüntüyə də baxandan sonra başlıqdakı "gəlir" sözünü "qayıdır"la əvəz elədi. İlk baxışdan adi bir düzəliş kimi görünürdü, amma mənanı çox dəqiq ifadə edirdi. 

 

Onun hazırladığı bir çox verilişlər indi də gözümün qabağındadır: Mingəçevirdən silsilə reportajlar, Xəzər dənizinin ekoloji problemləri, "Üç axşam balıq haqqında" silsilə söhbətləri, istehlak malları niyə tapılmır, neft sənayesində israfçılıq, qaz itkisi nədən yaranır və başqa mövzularda apardığı araşdırmalar, sözün əsl mənasında, televiziya tariximizdə bir keyfiyyət mərhələsidir. Bu verilişlər həm forma, həm də məzmun baxımından, ekranda yeni yaradıcılıq ənənəsinin formalaşmasından xəbər verirdi.

 

1992-ci ilin iyunu idi və AzTV-də prezidentliyə namizədlərlə görüş-müsahibə keçirilirdi. 6-7 namizəd var idi və onlardan biri - Tamerlan Qarayevlə müsahibə aparmaq mənə həvalə olunmuşdu. Bu proseslərə sədr müavini kimi Ələkbər Abbasov rəhbərlik və redaktorluq edirdi. Demədi ki, "bu sualı ver, o sualı səsləndir", amma bunu tövsiyə etdi: adiyyət üzrə və etika çərçivəsində istədiyin sualı ver, amma müsahibinin adına və vəzifəsinə baxma, onun qarşısında şax otur, verilişin yiyəsi sənsən, tamaşaçı səni müstəqil və situasiyanın sahibi kimi görməlidir. O vaxtdan bü günəcən mən özümü elə aparmağa çalışıram.

 

Şəxsiyyətin gücü

 

Qələm əhlinin, xüsusən ekranda görünən aparıcının parlaq şəxsiyyəti, güclü mənəvi keyfiyyətləri olmalıdır, təbii ki, əgər bu aparıcı özünü müstəqil adam kimi görə bilirsə. Ə.Abbasovu güclü və populyar edən həm də onun şəxsi ləyaqəti, yüksək mənlik hissidir. Ələkbər müəllimin içində haqsızlığa, ədalətsizliyə qarşı həmişə bir üsyan var. Dilimizdə geniş işlənən "qabağından yeməmək" ifadəsi, sözün həqiqi mənasında Ələkbər Abbasova aiddir. O, hər vaxt həqiqət hesab etdiyinin müdafiəsinə qalxıb, heç nədən və heç kimdən qorxmayıb, sözünü deməkdən çəkinməyib, "birdən bunu desəm, mənə ziyan dəyər" fikrini özünə yaxın buraxmayib. Əslində, onun şəxsiyyətə çevrilməsində xarakterinin bu çaları da müəyyən rol oynayıb. Məhz bu kişi xarakterinə görə o, hamının səmimi hörmətini qazanıb, xüsusən gənclərin sevimlisi olub.

 

Ə.Abbasov televiziyada çox vəzifələrdə çalışıb, baş redaktor və sədr müavini də olub, amma heç bir vəzifə onun xarakterini və həyat prinsiplərini dəyişə bilməyib. Bu da təbiidir, daxilən dolğun, özünə inamı olan yetkin və kamil insanları heç bir vəzifə havası dəyişə bilməz. Hamı onu mənəviyyat adamı kimi tanıyıb, heç kimdən və heç nədən təmənnası olmayıb. O, ibrətamiz fəaliyyəti ilə hamıya sübut edib ki, dürüst adam bütün şəraitlərdə elə dürüstdür. Hansı şəraitə düşməsindən asılı olmayaraq Ələkbər müəllim üçün mənəvi təmizlik bir  kredo olub. Televiziya adamı üçün, ekrana çıxan hər kəs üçün bu, böyük mənəvi gücdür. Onun ustad dərslərindən biri də bu mənəvi gücə sahib olmağın vacibliyi haqqındadır.

 

 

Qulu MƏHƏRRƏMLİ

Professor

 

525-ci qəzet.- 2021.- 18 sentyabr.- S.12.