Müstəqillik
illərində Azərbaycanda sənaye inkişafı: yerli
üstünlüklərdən klasterləşməyə
18
oktyabrda Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının
30 yaşı tamam olur. 1991-ci il 18 oktyabr Müstəqillik
Aktı Azərbaycanın bütün dünyada
tanınmasında həlledici rol oynadı. Müstəqillik
illəri Azərbaycan üçün çətin, lakin
davamlı bir inkişaf dövrü olmuşdur. Ümummilli
lider Heydər Əliyev tərəfindən ölkəmizin
milli dövlət strategiyasının təməlinin
yaradılması sayəsində Azərbaycan dünyanın nəhəng
dövlətlərilə ikitərəfli, bərabər
hüquqlu və diplomatik münasibətlər yaratmağa nail
oldu.
Azərbaycanın
dünyada sürətlə inkişaf etməkdə olan gənc
müstəqil dövlət kimi nüfuz qazanması Prezident
İlham Əliyevin bütün sahələrdə uğurla
davam etdirdiyi iqtisadi və siyasi islahatların nəticəsidir.
30 illik inkişaf yolunun ən böyük nailiyyətləri
Azərbaycan dövlətinin iqtisadi gücünun
artırılması və siyasi müstəqilliyin daha da
möhkəmləndirilməsi, işğal altında olan
bütün ərazilərin azad edilməsidir.
İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi, təhsil
sisteminin müasir tələblər səviyyəsində
qurulması, sənaye sahəsində dünyanın
qabaqcıl transmilli şirkətləri ilə əlaqələrin
genişlənməsi ölkəmizi regionun aparıcı
dövlətlərindən birinə çevirib.
Azərbaycanda
innovativ inkişafın yeni reallıqları və klaster lahiyələri
dünyanın müasir sənaye ölkələrindən
birinə çevrilməsində mühüm perspektivlər
açır.
Azərbaycan zəngin iqtisadi resurslara və sənaye
potensialına malikdir. Bu zənginliklər hələ müstəqilliyə qədərki
dövrdə ölkəni iqtisadi cəhətdən daha az asılı inkişafını və
özünütəminatının yüksək səviyyəsini
təmin edə bilib.
Müstəqilliyin ilk illərində Azərbaycan
dövlətinin sənaye müəssisələri vahid
bazarın dağılmasının, regionda baş verən
mürəkkəb geosiyasi proseslərin destruktiv təsirlərinə
məruz qalıb. Vahid məkanının
dağılması ilk növbədə sənaye
inkişafına daha cox təsir göstərib. Müstəqilliyin ilk illərində ölkədə
baş vermiş böhran, siyasi sistemin tənəzzülü,
kooperasiya əlaqələrinin dağılması, eləcə
də Azərbaycan ərazilərinin Ermənistan tərəfindən
işğalı iqtisadiyyatın bütün sahələrində
və sənaye istehsalında böyük tənəzzülə
səbəb oldu. Müəssisələrin
fəaliyyəti dayandı, sənaye istehsalının həcmi
və bütün mal nomenklaturası göstəriciləri
azaldı.
Ümummilli lider Heydər Əliyevin hakimiyyətə
qayıdışından sonra ölkə ərazisində hərbi
əməliyyatların dayandırılması üzrə
ciddi proseslər başladıldı, milli dövlətçiliyin
dağılmasının qarşısı alındı,
siyasi sabitlik təmin olundu və islahatlara
başlanılması ilə yeni bir mərhələyə
keçid mümkün olub. Sənayenin
canlanması xüsusilə, bu tarixi mərhələdə
Ümummilli lider Heydər Əliyevin hakimiyyətə
qayıdışından sonra imzalanan "Əsrin müqaviləsi"
ilə bağlı olub. Ölkədə həyata
keçirilən ilk islahatlar, antiböhran tədbirləri
qısa müddət ərzində ölkədə siyasi
sabitliyin bərqərar olmasına imkan verdi.
Postsovet ərazisində ilk dəfə aqrar
islahatlar aparan ölkə Azərbaycan olub. Bu kimi mühüm addımların nəticəsində
1997-ci ildən başlayaraq sənaye istehsalının
artması müşahidə olundu. Demək
olar ki, sənaye inkişafının mühüm təməlləri
formalaşdırılmağa başladı, sənaye
mülkiyyətinin özəlləşdirilməsinə, Beynəlxalq
Valyuta Fondu ilə əməkdaşlığın
başladılmasına nail olundu. Bu tədbirlər
Azərbaycanın müstəqil dövlət kimi bazar
iqtisadiyyatı statusunun və onun institutlarının
yaradılmasını təmin etdi. Bu
addımlarla beynəlxalq əhəmiyyətli Əsrin
müqaviləsi, Şahdəniz, Bakı-Tbilisi-Ceyhan, TRASECA
layihələrin icrasının təməli qoyuldu.
Yeni müstəqil ölkə kimi Azərbaycanda
mühüm və strateji əhəmiyyətli transformasiya
prosesləri baş verib. Belə ki, müstəqillik mərhələsinin
ən mühüm sənaye hadisələrindən biri kimi Azərbaycanın
enerji asılılığından çıxmasını,
regional və beynəlxalq səviyyəli enerji lahiyələrinin
reallaşdırılmasına nail olunmasını qeyd etmək
olar.
Bir faktın əhəmiyyəti də nəzərə
alınmalıdır ki, Azərbaycanda 1990-cı illərdən
bəri enerji, infrastruktur və təhsil sahələrində
irəliləyişlər əldə edilmişdir. Bu gün
ölkədə sənayenin şaxələndirilməsi, elmi
tədqiqatların dəstəklənməsi və yeni nəsil
mütəxəssislər formalaşdıran təhsil sistemi
inkişaf etdirilir.
Kiçik və orta müəssisələrin
inkişafı və qlobal dəyər zəncirlərinə
inteqrasiyası birbaşa xarici investisiyaların
artırılmasını və Azərbaycan
iqtisadiyyatının şaxələndirilməsini zəruri
edir. Sənayenin qlobal və regional istehsal şəbəkələri
ilə əlaqələndirilməsinə və
inteqrasiyasına imkan yaradan texnoloji parkların
formalaşdırılması mühüm əhəmiyyət
kəsb edir. Bu, istehsal fəaliyyətlərinə və
istehsalla bağlı xidmətlərə xarici
investisiyaların cəlb edilməsi deməkdir .
Azad iqtisadi zonaların yaradılması göstərilən
istiqamətlərin inkişafında strateji əhəmiyyətə
malikdir. Qeyd edək ki, Prezident İlham Əliyev Ələt
azad iqtisadi zonasının yaradılması və təşkili
haqqında sərəncamı 2020-ci ilin mayında
imzalayıb. Ələt sərbəst iqtisadi
zonasının Bakının "Bakı Beynəlxalq Dəniz
Ticarət Limanı"nın
yaxınlığında yerləşməsi regional iqtisadi əlaqələrə
və sənaye biznesinin inkişafına böyük töhfə
verə bilər. Ələt azad iqtisadi
zonası qabaqcıl beynəlxalq təcrübəyə əsaslanır,
bu lahiyə Birləşmiş Ərəb Əmirliklərindəki
(BƏƏ) sərbəst iqtisadi zonaların təcrübəsinə
nəzər salınaraq yaradılıb.
Azərbaycan hazırda yeni sənaye dövrünə qədəm
qoyur. Ölkədə
sənaye sektoru innovasiya, yeni iş yerləri yaratma və
artım mənbəyi kimi qəbul edilir. Azərbaycan
kimi orta gəlirli ölkələr üçün rəqabət
qabiliyyətini artırmaq, yeni bazarlara çıxmaq və
orta gəlir səviyyəsindən daha da yüksəlmək
üçün insan qabiliyyətlərinə, yeni innovativ sənaye
sahələrinə və texnologiyalara investisiya qoyuluşu
prioritet istiqamətləri təşkil edib.
Müasir iqtisadiyyatın yüksək rəqabət
qabiliyyəti tələbi müəssisələri rəqabət
üstünlüyü mənbələri
axtarışına və innovasiya fəaliyyətlərinə
sövq edir. İnnovasiyalar bildiyimiz kimi, yeni dəyər yaratmaq
üçün yeni imkanlar yaradır. Iqtisad
elmində və praktikada ənənəvi olaraq müxtəlif
innovasiya fəaliyyəti proseslərinə və texnoloji
yeniliyə daha çox diqqət yetirilməkdədir. Çünki texnoloji yeniliklər elmi nailiyyətləri
texniki cəhətdən mümkün edir və texnologiyalar
öz növbəsində onları iqtisadi cəhətdən
səmərəli edir.
Hazırda Azərbaycan iqtisadiyyatının
qarşısında duran vacib vəzifə sənayenin innovativ
inkişafının təmin edilməsi, modernləşdirilməsi,
səmərəlilik səviyyəsinin artırılması və
istehsal keyfiyyətini inkişaf etmiş ölkələr səviyyəsinə
qaldırılmasıdır. Bu məqsədlə bəzi
emal sənayesi sahələrinin klasterləşməsi
üçün texnoloji və məhsul innovasiyalarının
işlənilməsi zəruridir. 1990-cı
illərin əvvəllərində müstəqillik əldə
edilərkən Azərbaycan sənayesi malik olduğu məhsul
çeşidi və keyfiyyəti baxımından inkişaf
etmiş ölkələrin sənayesindən xeyli geridə
qalırdı. Lakin bu ğün bir qrup
yüksək keyfiyyətli sənaye avadanlığı,
texnologiya, yeni növ materiallar və qida məhsulları ilə
ölkə sənayesi regional bazarlarda mövqeyini genişləndirməkdədir.
Uğurlu iqtisadi şaxələndirmə sənaye
nomenklaturasını dəyişdirmiş və sənaye
texnologiyalarının keyfiyyətini
yaxşılaşdırmaqla ölkənin müasir brend məhsullarının
dünya bazarlarında rəqabət qabiliyyətini
artırmağa imkan verib.
Azərbaycan iqtisadiyyatının gələcək
davamlı inkişafı, təkcə iqtisadi islahatlardan və
sənaye sektordakı tərəqqidən, hökumət tərəfindən
investisiya və innovasiya siyasəti üzrə həyata
keçirilmiş tədbirlərdən asılı deyildir. Eyni zamanda, Azərbaycan
manatının möhkəmliyindən və xam neftin
qeyri-sabit qiymətlərindən asılıdır.
Qlobal iqtisadi konyunktur proseslərinin neqativ təsirlərinin
qarşısını almaq üçün Azərbaycan
hökuməti müvafiq tədbirlər planı
hazırlanıb.
Prezidentin
6 dekabr 2016-cı il tarixli Fərmanı ilə
"Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"
təsdiq edilib. Təsadüfi deyildir ki, Beynəlxalq
reytinq agentlikləri mütəmadi olaraq Azərbaycanın
kredit reytinqini müsbət qiymətləndirirlər. “Fitch və S&P” Azərbaycanın reytinqini
"BB+" olaraq qiymətləndirib. Azərbaycan
sənayesinin gələcək iqtisadi inkişafı əsasən
hökumətin vergi, tənzimləmə və siyasi
islahatlarla birlikdə həyata keçirdiyi iqtisadi tədbirlərin
səmərəliliyindən asılıdır. Bu baxımdan ölkənin elmi tədqiqat müəssisələrinin
iştirakı ilə klasterləşmə istiqamətlərinin
sistemli işlənilməsi, tədqiqi və sənaye
biznesinin davamlılığını təmin etmək
üçün kompleks tədbirlər planı işlənib
hazırlanmalıdır.
Ölkənin
sənaye siyasətində "Sənaye 4.0"
strategiyasının həyata keçirilməsinin əsas hədəflərdən
biri kimi qeyd olunmasını da nəzərə alaraq, Azərbaycanda
"yaşıl" istehsalın mühüm bir innovasiya
komponenti olaraq inkişaf etdirilməsi, texnoparkların fəaliyyətində
"yaşıl" iqtisadiyyata keçid strategiyası və
"yaşıl" sənaye klasterlərinin
formalaşdırılması xüsusilə aktuallaşır.
Azərbaycanın neft sənayesi ilə yanaşı, qeyri-neft sektorunda inkişaf, regionların canlanması, qlobal iqtisadi inkişafa inteqrasiya və iqtisadiyyatın rəqabətədavamlılığının yüksəlməsi qaçılmaz xarakter alıb. Hazırda Azərbaycan davamlı inkişafın bir komponenti olaraq yaşıl iqtisadiyyatın qurulması istiqamətində uğurlu siyasət yürüdür.
Azərbaycanda yaşıl klasterlərin formalaşdırılması istiqamətində böyük əhəmiyyətli potensial imkanlar mövcuddur. Qarabağ regionunda bərpa olunan enerji mənbələrindən istifadə, enerji səmərəliliyi, ekoloji təmiz texnologiyalar, o cümlədən, nəqliyyat vasitələrinin tətbiqi və digər məsələləri əhatə edəcək "yaşıl məkan" konsepsiyasının hazırlanmasına başlanılıb.
Klasterləşmə məqsədləri baxımından digər mühüm məsələ istehsal fəaliyyətində yerli və beynəlxalq əməkdaşlığa və inteqrasiyaya da geniş yer ayrılmasıdır. Texnologiyalar Parkı yalnız Azərbaycanda deyil, həm də ölkənin hüdudlarından kənarda fəaliyyət göstərən firmalar və tədqiqat müəssisələri ilə əməkdaşlığı genişləndirməlidir. Müasir beynəlxalq elmi-texniki münasibətlər kifayət qədər geniş sfera olmaqla yanaşı, genişlənən maraq dairəsidir. Təcrübə göstərdi ki, Covid-19 pandemiyasının milli iqtisadi sistemlərə mümkün təsirlərinin qarşının alınması, ilk növbədə sənayedə texnoloji təminatın mükəmməlliyini tələb edir. Azərbaycanda yüksək texnologiyalar sahəsində texnoparkların inkişafı, Parkın peşəkar mütəxəssislər korpusunun yaradılması və eləcə də buraya səriştəli rezidentlərin cəlb edilməsi klaster fəaliyyətinin formalaşdırılmasının əsas tələbidir. Eyni zamanda, yüksək rəqabət qabiliyyətli və ixrac potensiallı məhsullarla Azərbaycan sənayesinin regional bazarlarda mövqeyinin gücləndirilməsi üçün strateji vəzifədir.
Müşfiq QULİYEV
Azərbaycan Dövlət İqtisad
Universitetinin
(UNEC) müəllimi, iqtisad elmləri doktoru
525-ci qəzet.- 2021.- 18 sentyabr.-
S.10.