Müstəqillik dövründə Azərbaycanda tekstil sahəsinin inkişaf yolu

 

Tekstilin əhəmiyyəti insanın yaranması ilə başladı. Bəşəriyyət qida və sığınacaq, eləcə də örtük və geyim ehtiyacları üçün müxtəlif həll yolları tapmışdır.

 

Tekstil sənətinin başlanğıc tarixini öyrənmək üçün bir çox araşdırmalar aparılıb. Bir çox arxeoloqlar düşünürdü ki, tekstilin tarixi yunun yaranma tarixi ilə bağlıdır. Bəzi arxeoloqların fikrinə görə, Neolit dövründə Orta Asiyada qoyun təsərrüfatı geniş inkişaf etmişdir. Bəzi mənbələrdə isə, eramızdan əvvəl 2000-ci illər Qədim Misir toxuculuğun mərkəzi hesab olunduğundan, tekstilin tarixinin məhz buradan başladığı güman edilirdi.

Toxunmuş parçalar e.ə 6500-cü ildə istifadə edildiyinə dair arxeoloji tapıntıların olması, toxuculuğun ən az e.ə 8000 il əvvəl məlum olduğu faktını sübut edir.

 

"Tekstil" sözü toxunmuş parça mənasını ifadə edir. Bununla yanaşı, tekstil termini bütövlükdə lif, fitil, təbii və ya əl istehsalı ipliklər və xammal kimi istifadə olunan bir çox məhsulu da əhatə edir. Tekstil sektoru lifdən başlayaraq iplik, parça, hazır geyimlərə qədər uzun bir istehsal prosesindən ibarətdir. Bu prosesə iplik, toxunmuş   toxunmamış parçalar, trikotaj, krujeva, toxuculuq, tikmə, parçalardan hazırlanmış mebel və əşyalar (oturacaqlar, xalçalar, pərdələr və s.), trikotaj məhsulları və digər geyimlər, ev tekstili məhsulları (xalçalar, dəsmallar, çay dəsmalları, yataq örtükləri) və s. aiddir.

 

Başqa bir təriflə tekstil, lif və ya fitil istehsalçılarının və istehsalında istifadə olunan xammal, proses, avadanlıq, quruluş, bacarıq, texnologiya, işçi heyəti və əlaqədar təşkilatların xarakteristikasıdır. Tekstil sənayesi, əvvəlcə müxtəlif lif növlərini ipliyə çevirmək, sonra müəyyən naxış və rənglərdə birləşdirərək parça və sonra son məhsul əldə etməkdən ibarət olan dünyanın ən qədim istehsal fəaliyyətidir.

 

Tekstil sənayesi yüngül sənayenin ən əsas sahələrindən biridir. Dünyanın ən qədim sənaye sahəsi olan tekstil sahəsində olan dəyişikliklər 18-ci əsrdə İngiltərədə baş vermiş sənaye inqilabına səbəb olmuşdur. Uzun illər boyu tekstil sənayesi Avropa və Asiyanın inkişaf etmiş ölkələrində, həmçinin, ABŞ-da iqtisadiyyatın aparıcı sektoru olub. Lakin 20-ci əsrdə onun ÜDM-də və iqtisadiyyatdakı rolu getdikcə azalmağa başlayıb və əsrin ikinci yarısında isə uzunmüddətli durğunluq dövrü yaşayıb. 21-ci əsrin əvvəllərindən isə bu sahədə yenidən canlanma yaranıb, amma buna baxmayaraq, əvvəlki rolunu bərpa etməsi mümkün olmayıb.

 

Azərbaycan tarixən coğrafi mövqeyinə və xammal ehtiyatlarına görə tekstil sahəsinin bir çox sahələrinin yaradılması, inkişafı üçün yüksək potensiala malik olub. Azərbaycanda tekstil sənayesi müstəqillik dövrünü yaşamağa başladığı zaman ciddi tənəzzül yaşayan sahələrdən birinə çevrilib. Halbuki XIX əsrin sonunda Zaqafqaziyada ən böyük pambıq parça fabriki və Azərbaycanda ilk tikiş fabriki Bakı şəhərində yaradılıb. 1913-cü ildə Azərbaycanda 300 ton xam ipək, 22 min ton pambıq mahlıcı, 4 min ton yun istehsal edilib ki, bu da ümumrusiya istehsalının müvafiq olaraq 79 faiz, 10 faiz və 2 faizinə bərabər olub.

 

Sovet dövründə də bu sahə xeyli inkişaf etdirilib. 1925-ci ildə Gəncədə mahud fabriki istifadəyə verilib. Tut bağlarının salınması və baramaçılığın inkişafı sayəsində Azərbaycanda ipək sənayesi formalaşıb və ipəkçiliyin mərkəzi iqlim şəraitinə görə Şəki şəhəri seçilib. 1931-ci ildə burada ipək kombinatı fəaliyyətə başlayıb.

 

Daha sonra "Sumqayıt Toxucu", H.Z.Tağıyev adına Toxuculuq tikiş kombinatı, "Mingəçevir Toxucu", "Gəncə Toxucu", "Şəki-tikiş", "Bakı Toxuculuq Qalantereya", "Sumqayıt Xovlu İplik", "Puta-Əyrici", "Şəki Toxucu Xırdavat", "Bakı Toxucu", "Bakı Tekstil Fabriki", "Bakı Tikiş Evi", "Bakı Toxucu-Tikiş", "Bakıxanov Trikotaj" kimi müəssisələr yaradıldı.

 

Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra tekstil sahəsi daha da inkişaf edib. 2015-ci ildən bu günə qədər Azərbaycanda tekstil sahəsinin inkişaf etdirən bir sıra addımlar atılmaqdadır. Belə ki, tekstil sənayesinin təbii xammal bazası olan pambıq istehsalının artırılması üçün genişmiqyaslı tədbirlər görülməsi nəticəsində bu sahənin inkişafı daha da sürətləndi. 2018-ci ildə sahələrdən 230 min tona yaxın pambıq yığılıb. Azərbaycanda əsasən yüksək keyfiyyəti ilə seçilən pambıq növləri becərilsə də, bu sahədə məhsuldarlıq kifayət qədər aşağıdır. Ötən il hər hektardan orta məhsuldarlıq 17 sentner təşkil edib ki, bu da dünya üzrə orta göstəricidən iki dəfə aşağıdır. Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi məhsuldarlığın elmi əsaslarla yüksəldilməsi sahəsində çoxsaylı tədbirlər planlaşdırır.

 

Azərbaycan tekstil bazarının böyük bir hissəsini korporativ geyimlər təşkil edir. Korporativ geyimlər hazır parçadan məhsulların tikişindən və hazır məhsulların üzərinə loqoların vurulmasından ibarətdir. Bu məhsullara tələbatı olan sahələr kimi xidmət sektoru (restoran, otel və s.), arxa ofis əməkdaşları istisna olmaqla bank, sığorta və s. digər sektorlar, hərbi sahə, elektronika mağazaları, tibb sahəsi və s. aid etmək olar. Azərbaycanda bu fəaliyyəti həyata keçirən çoxsaylı böyük və kiçik müəssisələr mövcuddur. Lakin bazarın daima böyüməsi və yenilənməsi səbəbilə, bu sahə potensialı yüksək sahədir.

 

Bakı və Sumqayıt tekstil sektoru üçün ən əlverişli zona hesab olunur. Xüsusilə də Sumqayıtda bu cür müəssisələrin tikilməsi üçün kifayət qədər sahə var. Bundan əlavə, ərazi qiymətləri daha ucuzdur. Bakı ərazisində kəndlərdə də geniş ərazilər mövcuddur. İşçilərin gediş-gəliş rahatlığı, eləcə də məhsulların daşınması üçün mərkəzə yaxın və ya rahat bölgələr seçilməlidir.

 

Tekstil sahəsinin Azərbaycandakı inkişafı sürətlənməsinə və dünyada tanınmasında bir çox şirkətlərin əhəmiyyətli təsir payı var. Belə müəssisələrdən biri də Sumqayıt şəhəri ərazisində fəaliyyət göstərən "Gilan" tekstil parkıdır. Park  dünya bazarında tanınan və Azərbaycanı tanıdan şirkətlərdən biridir və böyük sürətlə inkişaf etməkdədir. Müəssisə 2012-ci ildən Sumqayıt şəhərində fəaliyyət göstərir.

 

Ölkədə ev tekstili - yataq dəstləri, əl və bədən dəsmalları və s. kimi məhsulların istehsalında GİLTEX 65-70 faiz bazar payına malikdir. GİLTEX-in istehsal etdiyi parçalar BTE (Bakı Tikiş Evi) başda olmaqla bir çox firmalara hazır geyimlərin istehsal edilməsi üçün satılır. GİLTEX-in istehsal etdiyi iplik Türkiyəyə, boyalı və basqılı parçalar Rusiya və Ukraynaya ixrac edilir.

 

Dövrün tələbatına uyğun olaraq müəyyən tələbatlarda ortaya çıxmağa başladı. COVİD-19 pandemiyası ilə mübarizə məqsədilə müəssisənin nəznində tibbi maskaların istehsalı təşkil olunub.

 

İplik fabriki. İplik fabrikində 100 faiz pambıq və qarışıq tərkibli toxuma və hörgü təyinatlı karde və kompakt penye ipliyin ring ipəyirmə üsulu ilə istehsalı həyata keçirilir. Əsas xammal kimi Azərbaycan pambıq mahlıcı istifadə olunur. Fabrik ən yeni texnoloji standartlara cavab verən dünyaca məşhur istehsalçılar Rieter (İsveçrə), Muratec (Yaponiya), Electo-Jet (İspaniya), XORELLA (İsveçrə) və s. şirkətlərinin avadanlıqları ilə təchiz edilmişdir. Fabrik nəzdində fəaliyyət göstərən laboratoriyada USTER (İsveçrə) şirkətinin avadanlıqları və yoxlama metodları istifadə olunur. İplik fabrikinin aylıq istehsal gücü 330 ton iplikdir.

 

Toxuma fabriki. Burada Almaniya istehsalı olan Karl Mayer markalı arğac hazırlama və haşıl dəzgahları, Belçikanın Picanol parça toxuma maşınları, Almaniyanın Mayer&Cie hörgü maşınları, İtaliyanın İtema markalı dəsmal toxuma maşınları ilə təchiz olunmuş aylıq 1.400.000 poqon metr xam toxuma parça, 135 ton hörgü parça, 80 ton dəsmal istehsal etmə gücünə malik bir istehsalat qurulmuşdur. Bu dəzgahlar geniş çeşidli və yüksək keyfiyyətli toxuma özəlliyinə malikdir. İstehsal olunan məhsullar əsasən 100 faiz pambıq tərkiblidir. Xam toxuma parçalar 90 sm-dən 340 sm-ə qədər enində toxuna bilər və kreton, ranfors, satin, yollu satin, qabardin, ripstop və s. növləri əhatə edir. Fabrikdə interlok, lakost, süprəm, ikiiplik, ribana və kaşkorse hörgü parçalar, düz və jakkardlı xovlu dəsmallar istehsal edilir. Ümumi istehsal sahəsi 20.000 m2 yaxındır.oya fabriki. Boya fabriklərinin aylıq istehsal gücü 1.400.000 poqon metr toxuma parça, 135 ton hörgü parça, 80 ton dəsmal, 53,5 ton iplik, ümumi istehsal sahəsi 13.000 m2 təşkil edir. Fabriklər dünyada ən yaxşı kimi tanınan istehsalçıların avadanlıqları ilə təchiz olunub.

 

Mövcud fabriklərdə 4 formada boyama prosesi baş verir:

 

1. Reaktiv boya və basqı

2. Piqment basqı

3. Dispers boya

4. İndantren boya

 

Fabriklər nəznində rəng çalışmaları, digər sənaye testlərini həyata keçirən iki laboratoriya fəaliyyət göstərir. Boya fabriklərinin və bütün "Gilan" tekstil parkının əsas özəliyindən biri müəssisənin dizayn studiyasıdır. Şirkətin dizaynerləri dünya tekstil trendlərini təqib edir, bəzən isə onları qabaqlayaraq müəssisə və onun müştərilərinə əlavə üstünlük qazandırır.

 

Tikiş fabriki. Tikiş fabrikində əsasən işçi geyimləri (uniformalar) və hərbçilər üçün xüsusi geyimlər tikilir. Fabrikin ev tekstili sahəsində yataq dəstləri və dəsmallar istehsal olunur. Aylıq istehsal gücü 91.000 ədəd şərti köynək, 70 ton dəsmal, 22.000 dəst yataq dəsti, 18.000 ədəd yorğan, 30.000 yastıq tikməyə imkan verir. Tikiş fabriki Almaniyanın Bullmer avtomatik kəsim avadanlığı, Yaponiya istehsalı Juki tikiş maşınları, Almaniyanın Veit press və ütüləmə avadanlığı, ABŞ-ın Barudan və Yaponiyanın Tajima tikiş naxışı və Türkiyənin Sulfet basqı naxışı dəzgahları ilə təchiz edilib. Fabrikdə dəsmalların avtomatik tikişini həyata keçirən Kanadanın Automatex avadanlığı, yataq dəstlərini avtomatik tikən Almaniyanın Texpa avadanlığı, yorğan və yastıq istehsalını təmin edən İspaniyanın Masias dəzgahları istifadə olunur.

 

Tibbi maska fabriki. COVİD-19 pandemiyası ilə mübarizəyə töhfə vermək məqsədilə "Gilan" tekstil parkı nəzdində tibbi maskaların istehsalı təşkil olunub. Digər fabriklərdən fərqli olaraq, bu fabrikin xammalı müəssisə nəzdindəki başqa fabrikin istehsal etdiyi məhsul deyil, tamamən xaricdən alınır və toxunmamış parçadır. Günlük istehsal gücü 300.000 ədəd tibbi maska təşkil edir. Maskalar üçqatdır və orta qatı filtr funksiyasını yerinə yetirən toxunmamış parçadan ibarətdir.

 

Rəqabət qabiliyyətli istehsal müəsisələrinin yaradılması və inkişaf etdirilməsi ölkə iqtisadiyyatının neft sənayesindən asılılığını aradan qaldırır. Bu tip müəsisələrin yaradılması insanların işlə təmin olunmasına müsbət və əhəmiyyətli təsir göstərir. Müəssisələrin düzgün və müasir səviyyədə inkişaf etdirilməsi rəqabət qabiliyyətli məhsulların istehsalına səbəb olur. Bu da dunya bazarına çıxışı təmin edir.

 

Pərvin NAMAZOVA,

İqtisad Universiteti Magistratura Mərkəzi fakültəsinin 2-ci kurs tələbəsi

 

525-ci qəzet.- 2021.- 21 sentyabr.- S.11.