Tibb tarixində peyvəndlər və
onlara qarşı çıxanlar
HƏKİMİN TRİBUNASI
Hər insanın
həyati dəyərlər
sistemi var və orda həqiqət
əhəmiyyətli rol
oynayır desəm, yanılmaram. İçi mən qarışıq, insanların əksəriyyəti
bu dəyərlər barədə tez-tez düşünür, çox
vaxt bu arzuyla
da yaşayır ki, ətrafı təmiz olsun, mümkün qədər həqiqi və dürüst adamlarla əhatə olunsun; lakin həyatda heç kim
yüz faiz buna nail ola bilmir.
İnsan
təbiəti bütün
həyatı boyu tez-tez dəyişir, şəraitdən, situasiyadan,
yaxud da onlarca başqa səbəbdən asılı
oldu, ya olmadı, yalan da danışmalı olur, öz dəyərlər
sisteminə xəyanət
də etmiş olur. Bu bir həqiqətdir ki, heç kim
heç vaxt sona qədər təbiətinə görə
dürüst və ya vicdanlı ola bilmir. Təbiidir. Bəlkə də bu, hələ
ən pis hal deyil. Ən pis hal odur
ki, gözün görə-görə, ağlın
dərk edə-edə,
qulaqların eşidə-eşidə
yalana inanasan. Əsl həqiqəti bilmək isə yalana inanmaqdan daha yaxşıdır, xüsusilə dünyanın
belə bir kövrək çağında!
Düşünürəm ki, bu gün pandemik dalğaların ard-arda kükrəməsi, bəşəriyyət
üçün, o cümlədən,
bizim ölkəmiz üçün həyati
təhlükələr yaratması
dönəmində peyvəndlərlə
bağlı həqiqətləri
bilmək daha önəmli və vacibdir.
Peyvənd mövzusu indi bütün planeti narahat edir. Dünyanın tibb tarixində hələ elə hal olmayıb ki, peyvəndlə bağlı bu qədər intensiv, qızğın müzakirələr
və mübahisələr
getsin. Koronavirusun meydana gəldiyi
vaxtdan indiyə kimi qısa zaman içində dünya tarixində hələ heç vaxt bu qədər
insana peyvənd vurulmamışdı.
Bu məsələ həkim
kimi məni daha çox narahat edir və
pandemiyanın yaratdığı
gərgin epidemioloji vəziyyət, habelə xəstəliyin sürətlə
yayılması, ölüm
hallarının çoxalması,
üstəlik, peyvəndlərlə
bağlı şayiələrin
baş alıb getməsi də cəmiyyətin psixoloji durumuna neqativ təsir göstərir. Son vaxtlar
mənə edilən müraciət və zənglər, müxtəlif
insanlardan, sənət
və peşə adamlarından poçtuma daxil olan çoxsaylı
suallar da gərginlikdən xəbər
verir: doktor, hansı peyvəndi vurduraq? Nə vaxt? Niyə? Ümumiyyətlə, peyvənd lazımdırmı?
Bu peyvəndlərə inanaqmı? Nə üçün?
Bəzən lap sərt suallar
qoyulur.
Nə etmək
olar? İnsanları qınamaq da
olmur, qlobal epidemioloji vəziyyət həyəcanları artırıb,
bəzilərində isə
çaşqınlıq yaradıb.
Bəri başdan deyim ki, pandemiya yayılandan ta bugünə kimi mən fasiləsiz olaraq həkimlik borcumu maksimum yerinə yetirməyə çalışıram, mümkün olan bütün vasitələrdən istifadə edirəm ki, insanlarımız şəfa tapsınlar, bu bəladan az itkilərlə çıxaq. Eyni zamanda, bu sahədə əhalini maarifləndirməyi də unutmuram, bilik və bacarığım çərçivəsində fəal çalışır, intensiv terapiya və peyvəndləmə ilə bağlı tövsiyələrimi əsirgəmirəm. Hesab edirəm ki, peyvənd vacibdir və bunu hər kəs başa düşməlidir. Mən də normal həyata qayıtmağımızı səbirsizliklə gözləyirəm, bu fikirlə də razıyam ki, peyvənd vurdurmaq və ya ondan imtina etmək hər kəsin şəxsi qərarıdır, bu qərarı qəbul etməkdə isə mən bir həkim kimi yalnız yardımçı ola bilərəm. Elə bu başdan xüsusi qeyd edim ki, özüm də, ailəm də, əzizlərim, yaxın ətrafım və dostlarım da peyvənd vurdurmuşuq. Bu məsələdə qərarımız birmənalı olub.
Tibb aləmi üçün gizlin deyil: insan xəstəliklərinin 90 faizində əsas faktor rolunu psixika oynayır. Çox sadə və adi bir xəstəliyi - mədə xorası xəstəliyini götürək. Tibb sahəsindən məlumatı olmayanlar yəqin ki, bilmirlər: mədə xorası insanın əsəb sistemi və psixikası ilə sıx bağlıdır, o cümlədən, bütün başqa xəstəliklər də; bunlara da psixogen xəstəliklər deyilir, bu xəstəliklər psixikanın təsiri nəticəsində meydana çıxır. Və bunu da əlavə olaraq deyim ki, tibb elmi təsdiq edib ki, insan xəstəliklərinin 90 faizindən çoxunun özü özünü müalicə etməyə qadirdir, əlbəttə, əgər psixi amillər aradan götürülsə. Nahaq yerə demirik ki, sağlam bədəndə sağlam ruh olar.
Lakin dünyanın indiki durumunda COVİD-19 və onun ştamları kimi son dərəcə qorxulu xəstəliklərin ildırım sürətilə yayılması və insanların ölümünə səbəb olması həqiqətən tibb elmini, dünya səhiyyə sistemini şoka salıb. Buna görə də dünyanın bir çox ölkəsində bu sahədə çalışan həkimlər, alimlər, mütəxəssislər daha təsirli peyvəndlərin hazırlanması üçün səylə çalışır, fəlakətdən tezliklə qurtulmağın yollarını axtarmaqda davam edirlər. Hazırda mövcud olan peyvəndləri də nəzərə almaq lazımdır. Yenə təkrar edirəm: peyvəndlər çox vacibdir, onların təsiri və ya gücü isə zaman məsələsidir. Hazırda bu peyvəndlərin əleyhinə çıxanların heç bir əsası və sübutu yoxdur, buna görə də insanlarımız küyə gedib populist çıxışlar edən səriştəsiz adamlara yox, mütəxəssislərə inanmalıdır.
Qeyd edim ki, tarixdə populist peyvənd əleyhdarları həmişə olub. 1796-cı ildə Londonda Çiçək xəstəliyi yayılmışdı, xəstəlik sürətlə yayılırdı və Edward Jenner adlı alim bu xəstəliyə qarşı ilk peyvənd kəşf etdi; beləliklə, alim peyvəndi icad etməklə tibdə inqilab etdi, müasir immunologiyanın əsasını qoydu. Təbii ki, peyvənddən sonra epidemiya sönməyə başladı, ölümlərin qarşısı alındı. Lakin ilk peyvəndə qarşı çıxanlar da az deyildi, hətta onu zəhərli ağac kimi təsvir edirdilər. Xüsusilə dindarlar və ilahiyyatçılar camaat arasında peyvəndin əleyhinə ciddi təbliğat aparmağa başladılar və onlar qorxurdular ki, peyvənd vurduranlar dinə qarşı çıxsınlar; möminlər hətta peyvəndlənən insanların qollarındakı peyvənd nişanəsini şeytan əlaməti kimi qələmə verirdilər.
Bir müddətdən sonra, yəni 1885-ci ildə peyvənd əleyhdarları bu məsələdə Dr. Pasteuri günahlandırdılar. Çünki həmin illərdə quduzluğa qarşı peyvənd almaq üçün ABŞ-dan Fransaya gələnlər olurdu, onu isə bu xəstəliyi yayıb, peyvəndi satmaqda günahlandırırdılar. Qeyd edim ki, hətta bu gün də ABŞ-da fəaliyyət göstərən heyvan hüquqları dərnəkləri mövcuddur. Əsas arqumentləri heyvanların peyvəndlər üçün təcrübələrdə istifadə olunması məsələsidir. Bugünkü əleyhdarlar isə bəyan edirlər ki, peyvəndi öncə heyvanlara vurun, sonra insana. Etirazlarını belə bildirirlər.
Statistik məlumatlara
görə, dünyada vərəm (1921), difteriya (1923), tetanoz (1926),
göy öksürək (1926), poliomiyelit (1952), 1970-ci illərdə də
"difteriya-göy öksürək-tetanoz"
üçlü xəstəliklərə
qarşı peyvəndlərə də ilk
vaxtlar inanmayanlar olmuşdu. Natamam peyvənd
səbəbiylə mini epidemiya
və ölüm meydana
gəlməyə başlayanda, mətbuatda
antipeyvənd kampaniyaları daha da artdı. 1974-cü ildə ABŞ-da əleyhdarlar tərəfindən
dərhal bir qrup yaradıldı: The
Association of Parents of Vaccine Damaged Children (APVDC). Onlar məhkəməyə
şikayətlə müraciət
etdilər ki, peyvənd zərərlidir,
dayandırılsın. Əlbəttə, məhkəmə verilən məlumatların
qərəzli və səhv olduğunu sübut etdi, nəticədə həmin
qeyri-hökumət təşkilatı
tez bir zamanda
qapandı.
1998-ci ildə isə
İngiltərədə Dr. Andrew Vakefield meydana çıxdı və
"qızılca-qulaq dibi-məxmərək"
üçlü peyvəndinə
qarşı əməlli-başlı
müharibə elan etdi. O, "Üçlü peyvənd otizm yaradır" deyə elmi məqalələr dərc etməyə başladı. Lakin sonralar məqaləni
dərc etməkdə
əsl məqsədi məlum oldu. Sən demə, bu həkim
lisenziya almaq üçün müraciət
etdiyi təkli peyvəndini satışa çıxarmaq istəyirmiş
və bununla da gəlirini artırmaq məqsədi güdürmüş, necə
deyərlər, "qara
qızın dərdi varmış". Bəs sonda nə baş
verdi? Onun həkimlik
lisenziyası London məhkəməsi
tərəfindən ləğv
edildi və əlindən alındı.
O da İngiltərəni
tərk etməli oldu. Tarixdə belə hallar
çox olub. Peyvənd əleyhinə yalan məlumatlar və şayiələr nəticəsində
sonrakı illərdə
Afrika qitəsində yoluxucu xəstəliklərdən
ölüm hallarının
sayı iki dəfə artdı.
Belə misalların sayını artırmaq da olar. Əfsuslar olsun ki, dünyanın indiki durumunda buna bənzər tendensiyalar yenə baş alıb gedir və güman edirəm ki, hələ bundan sonra da davam
edəcək. Tarixi təcrübə
göstərir ki, ritorikaya və populizmə uyub peyvənd olunmayan milyonlarla insan elə öz nadanlıqları ucbatından
fərqli-fərqli yoluxucu
xəstəliklərdən həyatlarını itirib,
yaxud da ömürlük şikəst
qalıb. Amma əslində, həqiqətin
bir üzü də bundan ibarətdir ki, bu gün heç
kim həmin
o peyvəndlər əleyhinə
canfəşanlıq edib
qışqır-bağır salanları xatırlamır.
Çünki onlar şöhrət
və populyarlaşma azarlarını küyə
gedən kütlə psixologiyasına hesablamışdılar.
Onların qısaömürlü şöhrəti yayda yağan qara bənzədi, əriyib yox oldu. Amma bir zamanlar
minlərlə əleyhdarları
olmuş, insanların
sağlamlığı və
təhlükəsiz həyatı
üçün bütün
məhrumiyyətlərə və əzablara dözmüş fədakar
həkim və alimlər - Jenner, Pasteur, Hellemen,
Uğur Şahin & Özlem Türeci... və adlarını sadalamadığım onlarca
digər peyvənd ixtiraçısının imzası
tarixin parlaq səhifələrində yaşayır
və bundan sonra da yaşayacaq.
Rəşad MAHMUDOV,
Tibb elmləri doktoru
525-ci qəzet.- 2021.- 21 sentyabr.- S.6.