"Şeirimin
vəzninə bənzər Xəzərin
dalğaları..."
Qayğısız
uşaqlıq illərindən tez-tez doğma Xəzərin
sahilini gəzməkdən, pıçıldaşan
dalğaların, ləpələrin və üzərində
qıy vuran qağayıların səsinin seyrinə dalmaqdan
xüsusi zövq alıram. Bu dəfə Xəzərin
sahilində var-gəl edərkən, nədənsə
könlümdən gözəl müğənnimiz
Nərminə Məmmədovanın ifasında Ənvər Əlibəylinin
sözlərinə İbrahim Topçubaşovun
yazdığı "Xəzərim" mahnısı
keçdi. Onu dinlədim, bir daha Xəzərin
gözəlliyinə, möhtəşəmliyinə heyran oldum.
Fikirləşdim, əcəba Xəzərə hansı
ədiblərimiz müaricət edib. Sonralar araşdırmalar
apardım. Ən çox Xəzərə şeir həsr
edən, onu dənizlər şahzadəsi kimi vəsf edən
ədib, Xalq şairi şeir Süleyman Rüstəm olub.
Gəlin, Süleyman
Rüstəm qələmindən qaynaqlanan misralardan oxucu
qəlbinə yol tapan, onları Xəzərin sehrinə aparan
şeir nümunələrinə nəzər salaq...
S.Rüstəm
Bakıda doğulmuşdu. Yaşadığı evlə
Xəzər dənizi arasında məsafə az idi. Hələ
kiçik yaşlarından dəniz sahilinə gələr,
Xəzəri seyr etməkdən doymazdı. O, sanki,
şeirlərinin ilhamını Xəzərdən, onun
qırçın ləpələrinin səsindən
alırdı. Həyatının bir anını belə
Xəzərsiz təsəvvür etmirdi. Sanki damarlarından
axan qan Xəzərin sularından mayalanmışdı. O,
Xəzərə o qədər vurğun idi ki, son
məzarını da Xəzərdə görürdü:
Deyirəm,
Xəzərin sahillərində
Mənim milyon-milyon
səhərim olsun.
Ürək
dostlarımın ürəklərindən
Keçən
arzulardan xəbərim olsun.
Eşqi var, qanı
var mənim canımda,
Dalğası
dillənir həyəcanımda,
Xəzərsiz
keçməyib bircə anım da,
Öləndə
məzarım Xəzərim olsun.
Şair
"Xəzərim" şeirində özünün
həyat gerçəkliklərinin Xəzərin əsən
gilavar və xəzrilərindən, pıçıldaşan,
oynaşan, coşan ləpələrindən,
köpürən, aşan-daşan dalğalarından
öyrənməsinə işarə edir:
Bəzən
köpürürsən, bəzən daşırsan,
Sahilin başına
oyun açırsan.
Öpüb
ayağımı, sonra qaçırsan,
Belə
şıltaqlığı səndən öyrəndim.
Olanda xəzrilər
sənlə əlbəyaxa,
Hər dalğan
çevrilir uca bir dağa.
Nəhayət,
xəzrini çıxarır yoxa
Yenə
qoçaqlığı səndən öyrəndim.
Sonralar
nəğməyə dönən, özünün dediyi kimi
şeirlərinin, mahnılarının sözlərinin
ilhamına çevrilən, doğma paytaxtımız Bakı
haqqında şeirlər yazan S.Rüstəm
şəhərə yaraşıq, gözəllik,
nəfəs verən, mavi ayna kimi səciyyələndirdiyi
doğma Xəzəri xüsusi olaraq vurğulayır:
Vurğunusan
günəş gözlü səhərin,
Bəxtin gülür
aynasında Xəzərin...
Odlar yurdu, ana
vətən, canımsan,
Gözəl Bakı,
ürəyimsən, qanımsan.
Babalardan yadigarsan,
ellərə,
Adın düşüb
mahnı kimi dillərə.
Və ya
Şeirimsən,
mahnımsan, sözümsən Bakı,
Mənim uzaq
görən gözümsən Bakı.
Canım,
ciyərimsən, özümsən Bakı,
Sayıq
keşikçindir nəzərim mənim,
Öz mavi aynamdır
Xəzərim mənim.
***
Sən
gözümün işığısan, mavi Xəzər,
Günəşlə
bir oyanırsan səhər-səhər.
Gözəl Bakı,
göz bəbəyim, paytaxtımsan,
Öz şəhərim,
öz zəfərim, öz baxtımsan.
Şair həyatda
Xəzərə rəğbətini özünün saf,
ülvi məhəbbətində, sevgisində
görürdü. O, Xəzər sahilində dünyaya göz
açmasından, həyatının xoş
keçməsindən, Xəzərin dosta açıq, yadlara
amansız, sahillərinin isə
cənnətməkan olmasından, könül
nəğmələrinin ünvanının məhz, bu
doğma dənizin olmasından, böyük iftixarla söz
açırdı:
Könlümdə
şirin nəğmələrin var,
Xoş keçdi bu
yerlərdə həyatım.
Sahilləri
cənnət Xəzərim var.
Hər dosta geniş
bağrı açıqdır,
Bir yad üzə
bilməz sularında
Üstündə
günəştək nəzərim var.
Xəzərə sevgi,
sədaqət şairi ömrünün sonuna kimi
müşayiət edib. Məhəbbət şairi kimi sevgili
cananına həsr etdiyi eşq misralarında belə
böyük məsuliyyətlə, ciddiyyətlə sevgilisinin
gözlərinin məhz, mavi Xəzərdən rəng
almasını poetik boyalarla, ustalıqla təsvir edir:
Gözləri
cananımın dilbər Xəzərdən rəng alıb,
Eşqinə sadiq bahar
sözlü nigarım yoldadır.
Ötməsin
bağçamda bülbül bir daha gül eşqinə,
Öz gülüm,
öz bülbülüm, öz nəğməkarim
yoldadır.
Şair həyatı
boyu çox ölkədə yaradıcılıq
ezamiyyətlərində, istirahətlərdə olub. Bəzi
hallarda səyahəti ayrı-ayrı dənizlərdə
üzən gəmilərdə baş tutub. Hər dəfə
üzdüyü bu dənizlərdən söz
açarkən, onlardan xoş təəssüratla ayrılsa
belə, doğma Xəzərinin
füsünkarlığından, onun sözün əsl
mənasında dənizlər şahzadəsi olduğunu
dilə gətirərkən, daim digərlərinin
gözəllikdə Xəzərə bənzəmədiyini
qürur hissi ilə poetik şəkildə ifadə edir:
Hamı bilsin, bu sirri
mən çoxlarına açmışam,
Şair kimi
dövranıma min bir mahnı qoşmuşam.
Səfər vaxtı
dənizlərdən, ümmanlardan aşmışam,
Heç bir dəniz,
heç bir ümman Xəzərimə bənzəməz.
Maraqlı
cəhətlərdən biri də odur ki, məhəbbət
şairi, gözəllik vurğunu olan S.Rüstəm
hələ gəncliyində vurulduğu qızı belə
gözəllik simvolu kimi Xəzərə bənzədir, ilk
məhəbbətini izhar edir:
Vuruldum gəncliyimdə
Xəzər gözlü bir qıza,
Səhər
gözlü bir qıza!
Könlümdə dil
açanda mənim ilk məhəbbətim,
Yadımdadır o
qızla lala-piti söhbətim.
Kəlməni
kəlbətinlə qəlbindən
çıxardığım,
Ayağım
əsə-əsə qapısına vardığım.
Adətən, insanlar
təzə ilin, yeni ilin gəlişini səbirsizliklə
gözləyir, özlərinin qəlbinə yaxın olan arzu
və diləklərlə qarşılamağa hazırlaşır,
onun ruzi-bərəkətli, uğurlu, qədəmi
mübarək, zəfərlərlə dolu keçməsi
üçün dualar edirlər. Şair Süleyman da
təzə ilin gəlişi ilə bağlı
diləklərində, hər zaman olduğu kimi Xəzəri
də unutmur:
Təzə il, yanıma
əliboş gəlmə,
Könlümə
xoş gələn xəbərlərlə gəl.
Alnın açıq
olsun, üzün ağ olsun,
Aləmə səs salan
zəfərlərlə gəl.
Vətən
torpağına can gəlsin deyə,
Bollu yağışla gəl,
bollu qarla gəl.
Mahnım
pərdə-pərdə yüksəlsin deyə,
Aynam Xəzərdəki
dalğalarla gəl.
Bu səpkidə olan
şeirlər sırasında xoş ətirli,
güllü-çiçəkli, düzləri laləli
baharın gəlişini sevinclə qarşılayan şair
burada da Xəzəri yada salır:
Könül necə
sevinməsin,
Bahar gəlib, bahar
gəlib,
Gəzib diyar-diyar
gəlib.
Gəlib əlində
lalələr,
Şəfəq dolu
piyalələr.
Gəlib ətir
səpə-səpə,
Vətənimin
torpağını öpə-öpə,
Vəcdə gəlsin
mavi Xəzər,
Səhər-səhər.
Uşaqlıqdan
Xəzərə sıx tellərlə bağlı olan
şair hər zaman dəniz sahilini gəzir, sakitcə
Xəzəri seyr edir, düşüncələrə qərq
olurdu. Beynində yazacaq yeni şeirlərin konturlarını
cızır və hərdən özü-özünə
sual verir: "Görəsən, Xəzər nəyə
bənzəyir?":
Məndən
soruşursunuz:
- De görək
səhər-səhər
Nəyə
bənzəyir Xəzər?
- Xəzər
göyə bənzəyir, göy Xəzərə
bənzəyir,
Xəzər
qızıl həşyəli göy məxmərə
bənzəyir.
İtirmişəm
sayını həftələrin, ayların,
Ətrafı seyr
edirəm üstündən qayaların:
Mənim ayna
Xəzərim, şair qağayıların
Mahnı şeir
yazdığı bir dəftərə bənzəyir.
Şair
"Şəhər gəzintisi" adlı şeirində
isə Xəzərə tamam başqa prizmadan baxır, onu
səciyyələndirir, sözlə dolu sinəsini
şairanə açır:
Bakının
aşiqiyəm, mən Bakının şairiyəm,
Doludur sözlə
sinəm.
Gəzirəm sahili
diqqətlə baxıb mən Xəzərə,
Günəş
altında onun varlığı çarpır
nəzərə.
Ləpələr,
körpə uşaqdır sanki,
Yüyürüb sahili
birdən aşacaqdır sanki.
Azca yel əsdimi,
şirlər kimi qalxır ayağa,
Dalğalar cuşə
gəlib hərbə girir əlbəyaxa.
Deyirəm, seyr
edərək mən o sərin dalğaları,
Şeirimin vəzninə
bənzər Xəzərin dalğaları.
Şair
"Olmasaydı" şeirində bir mənalı olaraq
şeirlərindəki ilhamı, ahəngi yalnız
Xəzərdə görürdü:
Gənclər sahil
boyunca xəyala dalardımı
Mənim
şeirlərimdə bu ahəng olardımı?!
Gözəllərin
gözləri maviyə çalardımı -
Şəhərimin
aynası Xəzərim olmasaydı?!
"Coşmağı
şeirimdən öyrənib Xəzər" - deyib
özünü xoşbəxtlər xoşbəxti sayan,
şad xəbəri də, sinəsində səslənən
nəğmələri də, qızaran gözləri ilə
Xəzər üstdən hər səhər süzən
şair "Xəzəri vəsf etməkdən" yorulmur:
Ellər bilir
vurğunuyam günəş gözlü səhərin,
Məhəbbətim
nəfəs alır sularından Xəzərin:
Cəlalını
yeni-yeni şəhərlərin, kəndlərin
Vətənimin
xəritəsin-ürəyimdə görürəm,
Torpağımın
şirəsini çörəyimdə görürəm.
Şair yorulmadan
gənclik həvəsi, gənclik sövqü ilə yazıb
yaradırdı. Qələmini
ədəbiyyatımızın demək olar ki, bütütn
janrlarında sınayır, yorulmaq bilmədəm
həvəslə sənət inciləri yaradırdı. Kimsə
ondan "şair yorulmusan?"- deyə soruşanda yenə
də şahid kimi Xəzəri göstərirdi:
Gah tufan, gah boran
görsəm də yolda,
Soruşun
Xəzərdən, yorulmamışam.
Döyüş
meydanının ön səngərində,
Özümü
görməkdən yorulmamışam.
Durnalarla
həmsöhbət olan şair ənənəsinə sadiq
qalaraq, ilhamının yenə də Xəzərin
pıçıldaşan ləpələrindən
qaynaqlandığına və bu səbəbdən şeirini
durnaların lələyilə qəlbinin hərarətilə
yazmasına eyham vurur:
Üzürəm mən
yelkənimlə yenə Xəzər sularında
Bahar ətri gəlir
mənə pıçıldaşan ləpələrdən:
-
İlhamıma qanad
verən Xəzər kimi dənizim var,
Cibimdə nə
qələmim var, nə bir parça kağızım var.
Bəs nə edim? Gördüyümü
nəylə yazım, hara yazım?
Durnaların
qulağına çatdı yəqin bu avazım,
Onlar mənə mavi
göydən lələk atdı dənizə.
Kim inanmaz bu sözə!
İftixarla,
məhəbbətlə,
Qəlbimdəki
hərarətlə.
Canlı mavi
dəftərimin -
Sinəsinə
Xəzərimin.
Bircə anda şeir
yazdım lələyilə durnaların,
Bahar mahnım
tamamlandı köməyilə durnaların.
Uşaqlıqdan
atasının dəmirçixanasındakı zindan
səsləri ilə şıltaq mavi Xəzərin sərt
dalğalarının qoşduğu
nəğmələrdə, dəniz üzərində
qıy vuraraq dənizin sakitliyini pozan qağayıların
çəh-çəhləri arasında sanki bir
vəhdət, həmahənglilik görən şair
Süleyman vətən təranələrini, könül
duyğularını qələmə almaq üçün
də xəyalının qanadlarında Xəzərin
sehrinə dalır:
Yelkən kimi
ağardıqca qağayılar göy sularda,
Dalğalara təmas edir
xəyalımın qanadları.
Şıltaq
Xəzər sevincindən coşa gəlir ilk baharda,
Şahə qalxan
dalğalardır yəhərlənmiş ağ atları.
Körpəlikdən bu
sahilə bağlamışam ürəyimi,
Ürəyimdə bu
sahildən canlı, əziz xatirəm var.
Səhər, axşam
Xəzərin göy sularına şair kimi
Qələmlə yox,
qanadıyla şeir yazır qağayılar.
Şair
Xəzərə o qədər bağlı idi ki, o, həm
səhərlər, həm də gecələr Xəzər
sahilinə gələr, həm sübh çağı
Günəşin doğmasını qarşılayar,
qızıl rəngə boyanmış Xəzər
sularına, üzərində
çığırışan, dənizi salamlayan
qağayılara hey baxar, könül təranələrinin
notlarını xəyalında cızardı. Təbiətindəki
qaynarlıqlığını Xəzərə
bənzədər, könül duyğularını misralara
köçürərdi.
Günəş
doğur, bürünür Xəzər qızıl
rənginə,
Qağayılar
çığrışıb salamlayır
günəşi...
Arzum, diləyim
Xəzər, canım, ciyərim Xəzər,
Hamıdan çox
mən sənin şıltaqlığına dözdüm.
Mən olmasaydım
əgər, sən olmasaydın əgər,
Sən mənə
bənzəməzdim, mən sənə bənzəməzdim.
Mənə elə
gəlir ki, günəş də insan kimi
Əl-üzünü
bizimtək yuyur mavi Xəzərdə.
Xəzər üstdən
buludlar yol keçir karvan kimi,
Könlümün
təranəsi yüksəlir pərdə-pərdə.
S.Rüstəm
Xəzəri gecələr seyr etməkdən xüsusi
zövq alardı. Gecələr Xəzərin sakitliyi,
şəhərdən, buruqlardan sayrışan işıqlar,
Ayın dəniz sularında əks olunan parıltılı
işıqları, səma ulduzlarının sayrışan
parlaqlığı, insanların dənizkənarı bulvarda
var-gəl eləmələri isə bir özgə aləm idi
şair üçün. Hər dəfə gecələr
dənizə tamaşa edəndə nədənsə
vaxtilə, rus yazıçısı Maksim Qorkinin
söylədiyi: "Bakı gecələri Neapol
gecələrindən daha möhtəşəmdir"
ifadəsini dilə gətirər, onu misralarında
təsdiqləyərdi. Həqiqətən də Bakıya
gözəllik verən Xəzər şəhəri gecələr
daha çox füsünkar edir, şairə yeni ruh, yeni ilham
verirdi:
Gecədir,
şəhər yatıb, sahildəyəm bayaqdan,
Mənəm öz
Xəzərimçin gedən əldən-ayaqdan.
Gecənin bu
çağında
Bir şeir
sorağında
Gözlərimi
yenidən Xəzərə zilləyirəm.
Mən nə
görsəm yaxşıdır -
Şairlərə
nələrdən xəbər versəm yaxşıdır?
Xəzərdə
toy-busat var,
Şeirə layiq
həyat var.
Sarışın
gözəlləri, şux qızları göylərin,
Ulduzları göylərin.
Sularda üryan çimir,
Gözlərdən pünhan çimir.
Aysa qara sulara nur səpir ətək-ətək,
Qızlarına göz qoyur balacanlı anatək.
Xəzər Vətənimizin baş tacı olan doğma Bakımıza xüsusi yaraşıq, gözəllik verir. Xəzər ölkəmizin bir parçası, milli sərvətidir. Xəzər öz füsünkarlığı, gözəlliyi, möhtəşəmliyi ilə insanlara xüsusi zövq verir. Hərə bu dənizə öz baxış bucağından qiymət verir. Sənət adamları Xəzərin gözəlliyinə valeh olaraq, ona neçə-neçə sənət əsəri həsr edir. Necə ki, Süleyman Rüstəm şeirlərilə Xəzəri daim vəsf edib, ona öz məhəbbətini, sədaqətini nümayiş etdirib. Əsrlər, qərinələr keçəcək, gələcək nəsil hələ uzun illər Xəzəri vəsf edən sənət əsərləri yaradacaq. Yəqin ki, Xalq şairi Süleyman Rüstəm də yad olunacaq, adı Xəzər sularında əbədi yaşayacaq.
Qafar ƏSGƏRZADƏ
Əməkdar jurnalist, Pedaqogika üzrə
fəlsəfə doktoru, dosent
525-ci qəzet.- 2021.- 22 sentyabr.- S.22;23.