Gəncədə yaradıcılıq bayramı
"Gəncəsənət"
sərgi-yarmarka
Heç kimə sirr deyil ki, paytaxtdan başqa, ölkəmizin digər yerlərində yaşayıb-yaradan rəssamlar, tətbiqi sənət ustaları və başqa bir sıra əl işləri növləri üzrə yaradıcılıqla məşğul olan, gənc və ya yaşlı, həvəskar və ya peşəkar, bacarıqlı və istedadlı insanların istər maddi, istər də özünütəsdiq məsələlərini əhatə edən mənəvi durumu, yumşaq desək, heç də qibtəediləcək halda deyil.
İkinci şəhərimiz olmasına baxmayaraq, Gəncədə, eləcə də onun yaxın coğrafiyasını əhatə edərək, tarixən Gəncəbasar kimi tanınan ətraf bölgədə həmin cəhətdən neçə onilliklərdir, durğunluq hökm sürür. Bir yandan da son iki ilin pandemiya rejimi istər yaradıcı adamları, istər də onların yaradıcılığını izləməyə maraq göstərmək istəyən sənətsevərləri pəjmürdə edib.
Gəncə bölgəsinin bu "bədbin bədii haləti" əlbəttə ki, ictimaiyyəti narahat etməyə bilməz. Odur ki, bu sahədə necə deyərlər, get-gedə daha qalınlaşan hərəkətsizlik buzunu sındırmaq üçün addım atıldı - neçə onilliklərdən sonra ikinci şəhərimizdə "Gəncəsənət" adı altında incəsənət, sənətkarlıq və yaradıcılıq sərgi-yarmarkası keçirmək qərara alındı. Həm də son illər Gəncədə aparılan abadlaşdırma-yenidənqurma işlərinin nəticəsində şəhərdə mədəni-kütləvi tədbirlər üçün inşa edilmiş möhtəşəm tikililər, xüsusən Gəncə Filarmoniyasının əsas və köməkçi obyektləri, eləcə də həmin ərazidə yüksək bədii-estetik görkəm almış meydança bu kimi tədbirlər üçün "texniki imkan" da yaradır.
Təqdirəlayiqdir ki, şəhərin yaradıcılıq ab-havasının yaxşılaşdırılmasına xidmət edəcək bu vacib addımı, cəmiyyətin, vətəndaşların, necə deyərlər, mənəvi sifarişi ilə Gəncənin dövləti və ictimai qurumları birgə atdılar. Və payızın ilk günlərində Gəncə Dövlət Filarmoniyası yaxınlığındakı meydan, həmçinin, buradakı faktiki olaraq, uzun müddət boş qalan "Urban" Yaradıcılıq Mərkəzinin böyük tikilisi "Gəncəsənət" Sərgi-Yarmarkasının iştirakçı və ziyarətçilərini öz qoynuna aldı.
Beləliklə, Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə İctimai İştirakçılıq Məclisinin təşəbbüsü, Gəncə Regional Mədəniyyət İdarəsi, Gəncə Destinasiya Menecmenti Təşkilatı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin birgə təşkilatçılığı, həmçinin, "Sahibkar Qadınlar" İctimai Birliyinin, Gəncə Maarif Evinin və "Cavad Xan" Tarix və Mədəniyyət Fondunun təfədaşlığı ilə "Gəncsənət" adlı incəsənət, sənətkarlıq və yaradıcılıq sərgi-yarmarkası təşkil olundu.
Sərgi-Yarmarkanın açılışında Azərbaycan Respublikasının Dövlət Himni səsləndi, Vətənimizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, muğam triosu zəfərlə başa çatan Vətən müharibəsində Azərbaycan əsgərinin qəhrəmanlığı və yurdsevərliyinin simvolu kimi, "Xudayar təsnifi" ifa etdi, Xalq artisi Alim Məmmədov Nizami Gəncəvi obrazında dahi şairin hikmətli misralarını söylədi.
Sənət bayramının ilk gününün açılış mərasimində Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Kamran Məhərrəmov, Gəncədən olan millət vəkilləri, Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztürk, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, Gəncə Destinasiya Menecmenti Təşkilatının direktoru Zaur Bayramov, "Cavad Xan" Tarix və Mədəniyyət Fondunun birinci vitse-prezidenti Müzadil Həsənov və başqaları çıxış etdilər. İlk "Gəncəsənət" iki gün - sentyabrın 19-u və 20-si tarixlərini əhatə etdi. Amma bu, yalnız ilk qaranquşdur, sərgi-yarmarkanın mütəmadi, heç olmazsa, ayda iki dəfə olmaqla keçirilməsi nəzərdə tutulur.
"Gəncəsənət"in miqyasının bəlkə də gözlənildiyindən də böyük alınması, hər kəsi yaxşı mənada təəccübləndirdi və hədsiz sevindirdi. Nümayiş sahələrində, istər açıq havada, istər də "Urban" Mərkəzində yüzlərlə irili-xırdalı sənət əsəri, əl işləri təqdim olunurdu.
Ən əsas amillərdən biri də heç şübhəsiz, yaradıcı insanların öz əməyinin nəticəsini, əl işlərini yerindəcə satmaq imkanı qazanması idi. Peşəkar sənətkarlarla yanaşı, yaradıcı gənc və yeniyetmələr də bu fürsətdən faydalanırdılar. Əl işlərini satmaqla özlərinin və valideynlərinin maddi durumuna töhfə verən uşaqların sevincini duymaq çətin deyildi.
Amma "Gəncəsənət"in özünün necə deyərlər, "ağır artilleriyası" da peşəkarlıq nümayiş etdirirdi. Sərginin gedişində bu sənətkarlarla söhbətlərimiz zamanı, bu təcrübəli və tanınan sənətkarlar böyük təvazökarlıq göstərərək, gənc nəsil ilə kontrast təşkil etməmək üçün tədbir haqda reportajımızda onların fəxri titullarını göstərməməyi xahiş etməyi də unutmadılar.
"Bu sərgi-yarmarkanın təşkilatçıları hər tərifə layiqdirlər. Xüsusən ona görə ki, bu tədbir gənc, yetişməkdə olan rəssamlara, sənətkarlara dəstək ilə bərabər, həm də yeni yaradıcılıq ruhu verir. Bilirsiniz, sənətkar gərək sənətsevər insanlarla tmasda olsun, onun əsərlərinin maraq yaratdığını duysun. Bu, yaradıcı adama müsbət enerji verir", - deyə tanınmış bədii-metalişləmə ustası, sərgiyə özünün onlarla nəfis işlərini, o cümlədən, silahsazlıq - xəncər, qılınc və digər soyuq silah nümunələrini çıxarmış Mübariz Əkbərov qeyd edir.
Elşən Həsənov isə gənc zərgərdir. O, təqdim etdiyi nümunələrin mahiyyətinə toxunur:
"Məlumdur ki, Gəncənin özünəməxsus zərgərlik üslubu olub. Mən də babalardan qalan bu sənətin davamçısı olaraq, çalışıram ki, Gəncə zərgərlik məktəbinin yaşamasına işlərimlə kiçik də olsa, öz töhfəmi verim".
Tabloları öz orijinallığı ilə hər kəsin diqqətini çəkən gənc rəssam Elvin Bayramov isə sərgi zamanı da boş durmur, əlindəki qələmlər ilə yeni təsvirlər yaradır.
"Biz gənclər böyük məmnuniyyətlə bu cür tədbirlərə qatılmaq istərdik. Bu, həm də yaradıcı gənclər arasında bir fikir mübadiləsi imkanı da yaradır", - deyə o vurğulayır.
Saləddin Məhərrəmov isə Gəncənin ağsaqqal rəssamlarındandır. O, daha bir nadir sənət növünü, ağac üzərində bədii oyma janrını təqdim edir.
"Ağac, taxta daha incə üslubları, naxışları sevir. Onun öz təsvir və təsir xüsusiyyətləri var. Mənim bu yöndə işlərim başqa-başqa ölkələrdə sərgilənib. Bu gün də Gəncəmizin sənatsevərləri ilə görüşdən məmnunam", - deyə o bildirir.
Elyar Quiyev isə tanınmış xalça rəssamıdır. Onun bu sahədə Azərbaycanın dahi rəssamı Tahir Salahovla birgə işləri də mövcuddur.
"Yerlərdə sənətlə bağlı bu cür miqyaslı tədbirlər keçirmək yaxşı haldır. Burda ən müxtəlif sənət növləri bir-birini tamamlayır", - deyə o, fikrini bildirir.
"Mən yazıçıyam. Bir neçə kitabım var. Amma həm də həvəskar rəssamam. Bu sahədə də necə deyərlər, "az-az uydururam, yeri gələndə". Daha çox mənzərə və natürmort janrı çəkir məni. Bu gün də bir neçə iş çıxarmışam, birini isə artıq satmışam", - deyə AYB üzvü İsmayıl Abbas bildirir.
Sevindirici hallardan biri də sərgidə qadın rəssam və sənətkarların da geniş şəkildə iştirak etməsi idi. Özü də həvəskar rəssam qızlar, deyəsən, peşəkarlardan çox idi. Məktəbli-rəssam Xədicə Məmmədova da onlardan biridir.
"Çəkdiklərimizin maraq doğurması bizi sevindirir. Bilirsiniz, şəkillər çəkildikdən sonra, bir müddət keçdikdə düşünürsən ki, bəlkə də o, yaxşı alınmayıb. Amma tamaşaçıda maraq oyadırsa, deməli, hər şey qaydasındaymış", - deyə gənc rəssam öz mülahizəsini bölüşür.
Yaşı yetmişi haqlayan Vilayət kişi
isə səbət ustasıdır. O, bizim xalq sənətini
hətta Parisdə belə təmsil edib. Bura müxtəlif ölçülü
səbətlərini gətirməklə, sərgini
rəngarəng edib. Ustanın maraqlı bir fikri diqqətimizi
çəkdi:
"Ən qədim
sənətlərdəndir səbətçilik. Özü də
səbət istənilən ərzağı havalı
saxladığından, onlar xarab olmur. Məndən olsa,
marketlərdə ekologiyaya ziyan vuran selofan paketlər
əvəzinə, qarğı səbərlər
işlədərdim", - deyə o,
yarızarafat-yarıgerçək, bildirir.
Sərginin hər cür formallıqdan
kənar düzəni onun diqqətçəkən
xüsusiyyəti idi. Doğrudan da
təşkilatçıların bu tədbiri insana
gərəklilik və zövqlülük prinsiplərinə
söykənərək həyata keçirmək üçün
çalışdıqları duyulurdu.
"Bu sərgi-yarmarkanın həm
peşəkarların, həm də
həvəskarlarının maraq, stimul və
perspektivlərinə cavab verəcəyini düşünürük.
O da var ki, qədim sənət ənənələri olan
Gəncə diyarında ənənəvi sənət
növləri var ki, onlar müxtəlif
səbəblərdən tənəzzüldə,
itib-batmaqdadırlar. Həmin sənətləri yaşatmaq
naminə çalışan sənətkarların maddi sıxıntı
içində olması da əlavə çətinlik
yaradır. Düşünürük ki, bu cür
tədbirlərin keçirilməsi üzrə
təşəbbüslərimizin müsbət
qarşılanması və onun reallaşması
sənətkarların maddi, eləcə də mənəvi
dəstəyi üçün təqdirəlayiq
addımdır. Eyni zamanda, bu cür sənət bayramları
şəhərimizin mədəni ab-havasının daha da
yaxışlaşdırılması işinə xidmət edir,
xüsusən gənclərimiz üçün yeni imkanlar
açır. Həmçinin istərdik ki, yaxın
gələcəkdə "Gəncəsənət"in
ölkəmizin digər yerlərindən, eləcə də qardaş
Türkiyədən və digər ölkələrdən
yaradıcı iştirakçıları olsun", - deyə
tədbirin təşəbbüskarı olan İctimai
İştirakçılıq məclisinin üzvü Müzadil
Həsənov bildirir.
Həqiqətən də
"Gəncəsənət"in ilk gününün
ab-havası bu yaradıcılıq bayramının
perspektivlərinin işıqlı olacağından
xəbər verir.
Zakir MURADOV,
Gəncə
525-ci qəzet.- 2021.- 22 sentyabr.- S.21.