Aşıq Ələsgərdə təsəvvüf
rəmzləri
Aşıq Ələsgər - 200
Son dövrdə aşıq şeirini təsəvvüflə
bağlamaq, hətta aşığı təsəvvüf əhli
adlandırmaq, Sovetlərdən öncəki dövrün
aşıqlarına və Sovet dövrünün kommunist
aşığına tərs tərəfdən baxmaqdır. Orta həddin olmadığı
bu elmi yanaşmanı doğru hesab etmək, təəssüf
ki, mümkün deyil. Elmi yanaşma mötədilliyi
sevir. İnqilablar yaradacaq fikir və düşüncələr
elmi, həm də sənəti sıçrayışlarla irəli
aparsa da, tarixə yön versə də, tarixin təkəri
mötədillik üzərində dönür. Bu yazıda
XIX-XX yüzilin tanınmış aşığı
Aşıq Ələsgərin yaradıcılığı
fonunda xalq şeirində və aşıq ədəbiyyatında
təsəvvüf məsələsinə aydınlıq gətiriləcək.
Aşıq
ədəbiyyatının zirvə isimlərindən biri olan Ələsgərin
yaradıcılığı forma baxımından zəngin
olduğu kimi, məzmunca da rəngarəngdir. O,
dövrünün siyasi-mədəni hadisələrini
şeirə çəkdiyi kimi, həyatının bir
çox kədərli və acılı məqamlarına da
toxunmuş, gözəlləmələr yazdığı
kimi, təbiət təsvirlərinə də yer verib, məhəbbətdən,
sevgidən söz açdığı kimi, zamanəsindən
şikayətlənib, aşıqlığın ədəb-ərkanını
təyin etdiyi kimi, qaçaqları, el qəhrəmanlarını,
ağsaqqallarını övüb, dövrünün
savadlı şəxslərindən olan Mirzə Bilal
haqqında şeirlər yazdığı kimi, Hz.Cəbrailə
ustad olan, Şahi-Mərdan Hz.Əlinin, imamların heyranı və
şiə olduğunu da gizlətməyib.
Ələsgər
şeirinin poetik özəlliyində məcazların, təlmih
sənətinin, mübaliğənin, metaforanın rolu
böyük olduğu kimi, istilahatüs-sufiyyə və
rümuzat (M.Təhmasib) da önəmli rol oynayıb.
Aşığın əsərlərində bu keyfiyyətləti
görməzdən gələrək onun
yaradıcılığını bütünüylə
realizmə bağlamaq nə qədər yanlışsa, onu təsəvvüf
şairi, irfan əhli kimi öyrənmək də bir o qədər
doğru deyildir. Çünki o, aşıqdır,
aşığa isə aşıq sənəti
kriteriyalarından baxmaq lazımdır. Nə Aşıq Ələsgər,
nə də haqq aşığı adlandırılan Dirili
Qurbani, Abbas Tufarqanlı, Aşıq Valeh, Xəstə
Qasım əhli-təsəvvüfdür, əhli-tarikdir. Ancaq
həm haqq aşığı adlandırılan və
şeirləri əsasən dastanlardan bizə məlum olan
aşıqların, həm də Ələsgərin
rümuzi-təsəvvüfdən çox istifadə etməsinin
səbəbini nə ilə izah etmək olar. Hər elmin, hər
sənətin özünəməxsus terminləri,
qavramları vardır ki, bu, onları başqalarından
ayıran əsas ünsürlərdir. Hətta terminlər
eyni sözlə bildirilsələr də, fərqli elmlərdə
fərqli mənalar daşıyır. Əhli-təsəvvüfün
də ruhi və sirri mənaları bildirmək
üçün və ən əsası əhli olmayanlardan
bu sirləri gizlətmək üçün işlətdikləri
terminlər vardır ki, bunlar İslam mistisizmi
adlandırılan təsəvvüfün anlam
dünyasını təşkil edir. Bu terminlər uzun əsrlər
boyu - zühd dönəmindən başlayaraq təsəvvüfün
ortaya çıxması dövrünə qədər zənginləşərək
inkişaf etmişdir.
Zamanla
İslam dünyasında saraydan meyxanaya, mədrəsədən
təkkələrə və şeir məclislərinə, xərabatdan
sənət ocaqlarına qədər geniş yayılan təsəvvüf
bir zümrənin özəl istilahla izah edilən təbir
dünyası olmayıb hər kəsin az və ya çox dərəcədə
vaqif olduğu bir dünyagörüşə
çevrilmişdir. Təsəvvüf terminlərini hər nə
qədər sufilər işləyib hazırlasalar da, sonradan
bu qavramlar divan şairləri, saz şairləri, ədəbiyyat
əhli arasında ənənəvi formada işlədilməklə
təsəvvüf istilahları rümuzi-təsəvvüfə
çevrilmişdir. Xüsusən divan ədəbiyyatında
təsəvvüf teminlərinin çox işlədildiyi buna
ən yaxşı örnəkdir. Həm də sufi, divan və
saz şairlərinin çox işlətdiyi, mey, meyxana, xərabat,
piri-muğan, aşiq, məşuq, eşq, saqi, zahid, rind kimi təsəvvüf
rəmzləri zamanın bir tələbi, ənənənin
varlığı şəklində davam etmişdir. Yoxsa sufi
terminlərini, təsəvvüf rəmzlərini,
simvollarını işlədən hər kəsi sufi və
ya irfan əhli adlandırmaq lazım gələr ki, bu da bizi
doğru olmayan bir qənaətə gətirib çıxarar.
Təsəvvüf
terminləri ənənə vasitəsi ilə aşıq ədəbiyyatına
da girmiş, ədəbi-estetik özəlliklə
yanaşı, bir də fəlsəfi keyfiyyət
qazanmışdır. Ancaq aşıqların Bəktaşi
ocaqlarına yaxın olduğunu F.Köprülü onların
yaradıcılığına və tarixi vəsiqələrə
dayanaraq önə sürür. Digər tərəfdən bəzi
aşıqlar da özlərini "tekyeyi-aşk əhli"
və ya "fəna iqliminin səyyahı dərviş"
adlandırırlar. Məsələn,
Ta levh u
kalemde yazılı resmim
Bir katre
meniden var oldu cismim
Cennet'ül
me'vaya uğradım geldim
deyən
XVII yüzilin məşhur aşığı Aşıq
Ömər "Şairnamə" adlı əsərinin son
dördlüyündə aşıqlıq ənənəsini
təkkəyə bağlayır.
Aşık
Ömer der ki sade sözleriz
İlm-i
hakikatte biz can özleriz
Postumuzun
abdalıyız gözleriz
Tekye-i
aşk içre yolu erkanı (Aşıq Ömər).
Təsəvvüf
ədəbinin, əxlaqının və ədəbiyyatının
güclü olduğu dövrlərdə aşıqlar bu
istilahlardan gen-bol istifadə etmişlərsə, təsəvvüfün
söndüyü Sovet dövrünün aşıqları da
yaradıcılıqlarında bu rəmzlərdən
faydalanmışlardır. Sovet aşıqlarından
Aşıq Əmrah, Aşıq Hüseyn Cavan, Aşıq
Mikayıl Azaflı, Aşıq Kamandar, Aşıq İmran,
Aşıq Əkbər və digərlərinin
yaradıcılığında da sufi rəmzlərinə, təsəvvüf
terminlərinə rast gəlirik. M.Təhmasib bunu Sovet
aşıqlarının bəzən mənasını
başa düşməyərək, yaxud tamamilə yeni məna
verərək rümuzat işlətməsi, dini-təsəvvüfü
mətləblərə baş vurması şəklində
izah edir.
Aşıq
Ələsgər şeirlərində həm özündən
əvvəlki, həm də özündən sonrakı
aşıqların yaradıcılığına nisbətən
təsəvvüf terminlərindən daha çox istifadə
etmişdir. Bir mühüm özəllik də Ələsgər
işlətdiyi təsəvvüfü istilah, rəmz və
obrazları daha çox Hz.Əli kultuna bağlamasıdır.
Hz.Əli ilə bağlı yazdığı şeirlər
onun bir Əli heyranı olduğunu göstərir. Zira Ələsgər
də şəriətin Hz.Məhəmməddən, təriqətin
isə Hz.Əlidən qaldığını bilirdi.
Çünki Xətainin məşhur deyimi:
Şəriət
yolunu Mühəmməd açdı,
Təriqət
gülünü Şah Əli seçdi (Xətai).
dillər
əzbəri idi. Aşıq Ələsgər Ələvi-Bəktaşi
fəlsəfəsində olduğu kimi heç vaxt Məhəmmədlə
Əlini bir-birindən ayırmamışdır:
İbtida
"əlif"dən dərsim almışam,
Ələst
aləmində demişəm "bəli".
Həqiqətdən
iki gözəl sevmişəm,
Birisi Məhəmməd,
birisi Əli.
Ələsgərin
Hz.Əli heyranlığına toxunan M.Kazımoğlu
aşığın özünəməxsus yanaşma tərzini
aşağıdakı kimi açıqlayır:
"Aşıq Ələsgər Şahlar Şahı və
Şahi-Mərdanla daha çox üç sərvəti əlaqələndirir:
a) özünün aşıb-daşan təbini; b) gözəllərin
camal və kamalını; c) müxənnəsliyə
qarşı çıxanların mərdlik və səxavətini.
Axtarsaq, bu cür mənəvi dəyərlərin ilahiləşdirilməsini
müəyyən qədər Aşıq Ələsgərdən
əvvəlki ustad aşıqların da
yaradıcılığında tapa bilərik. Amma məsələnin
incə tərəfi burasındadır ki, ənənəyə
sıx bağlı olan Aşıq Ələsgər şeir-sənətdə
öz fərdi aləmini yüksək bədiiliklə əks
etdirməyin də əvəzsiz nümunəsini göstərir".
Aşıq
ədəbiyyatında və Ələsgər
yaradıcılığında təsəvvüf
istilahlarının, dini-təsəvvüfü obrazların
anlam tutumunu ən yaxşı ifadə edən
"Yüküm" rədifli divanisində də məsələ
təsəvvüf, irfan deyildir.
Ələstidən
"bəli" dedim,
Əcəb
xoşhaldı yüküm.
Beş
gözəlin aşiqiyəm,
Vəsfi-camaldı
yüküm.
Aşıq
Ələsgərdə bir neçə yerdə "bəzmi-ələst"
ifadəsini təkrarlanmaqdadır. Bəzm-i ələst tərkibi,
"Mən sizin rəbbiniz deyilmiyəm" xitabının
edildiyi və ruhların da "bəli" deyə cavab verdikləri
məclis anlamını ifadə edir. Ələst sözü Əraf
surəsinin 172-ci ayəsindən alınmışdır. Bu ayədə
Allahın Adəm oğullarından olanları nəfslərinə
şahid tutduğu və onlara, "Mən sizin rəbbiniz
deyilmiyəm" deyə müraciət etdiyi, onların da
"bəli" dedikləri bildirilir. Buna baxmayaraq, bu tip
şeirlərdə də Aşıq Ələsgərin fərdi
aləmi (Kazımoğlu) öz əksini tapmışdır.
Belə ki, Aşıq Ələsgərin işlətdiyi bəzmi-ələst
və digər təsəvvüfü istilahlar sadəcə
olaraq şeirin bir və ya iki misrasında gözə
çarpır, şeirin qalan hissəsi təsəvvüfü
məzmunlu deyildir. Hətta onun "Ələsti bürrəbbüküm
qalu bəladan Mərdin mövlasına nökər
olmuşam" kimi təsəvvüf yüklü misraları
ilə başlayan "Olmuşam" rədifli şeirinin
sonrakı bəndləri qəzadan, üzünün gülməməsindən,
yaxşı dostların yaman gündə gəlməməsindən,
bəxtinin yatmasından, taleyin kəc gəlməsindən,
qohum-qardaşın yad olmasından, göz
yaşlarının Ceyhun çayına dönüb
axmasından bəhs edən şikayət ruhu hakimdir.
Aşıqlar
bəzən özlərini əhli-hal, irfan əhli
adlandırsalar da, bu, onların sufi şairi olduğunu göstərməz,
əksinə, dövrünün bütün elmlərini -
ilahiyyat, fiqh, kəlam, təsəvvüf və s. sinədəftər
etdiyi mənasına gəlir. Aşıqlar, eyni zamanda, Ələsgər
də təsəvvüfü fikirləri nəsihət
örtüyü altında təqdim etməklə
sözün missiyasını didaktikaya yönəltmişlərdir.
Dini-irfani terminlərdən istifadə Ələsgərin nəsihət
mövzulu şeirlərində daha qabarıq təqdim
edilmişdir.
Buna
baxmayaraq, Aşıq Ələsgərin bir-iki şeiri
doğrudan da təsəvvüfü məzmunludur ki, bunlardan
biri "Nəfslə Mərifət"
Nəfs
ilə mərifət girdi savaşa
Mərifət
deyir: "Belə kar eyləməynən"
Nəfs
deyir: "Baxma naqqal sözünə
Xeyrin gələn
yerdə ar eyləməynən"
Adlanır,
digəri "Baş endirir":
Ələstdən
"bəli" deyən,
Sübhana
baş endirir,
Mühəmmədə
nazil olan,
Qurana
baş endirir.
Özü
birdir, adı minbir,
Vəhdəhu
la şərik,
Əhli-mömin
görə bilməz,
Pünhana
baş endirir...
adlı
divanisi, biri də "Ələsgər, xof etmə
puli-Siratdan, İrəhbərdi Cənab Əli qabaqda"
misraları ilə tamamlanan "Qabaqda"
Neçə
taxt qurulub nuri-münəvvər,
Neçəsi
zəbərcəd, neçəsi gövhər!
Sağda,
solda səf-səf yerir mələklər,
"Ya
hu!", "ya hu!" deyir qulu qabaqda.
adlı
irfani-batıni məzmunlu qoşmasıdır. Aşıq Ələsgərin
bir digər divanisi də başdan sona təsəvvüfü
anlamlıdır:
Ölməyincə
bu sevdadan,
Çətin
dönəm, usanam.
Həqiqətdən
dərs almışam,
Təriqətdən
söz qanam.
Şahi-Mərdan
sayəsində
Elm
içində ümmanam.
Dəryaların
qaydasıdı,
Ümmana
baş endirir.
Ancaq bu
iki-üç nümunə Aşıq Ələsgəri sufi
şairi adlandırmağa haqq verməz. Çünki bu
şeirlərdə də hər kəsə məlum terminlər,
deyimlər işlədilmiş, sonuncu şeirin məzmununda isə
nəsihət əhval-ruhiyyəsi önə
çıxmışdır.
Aşıq
Ələsgər şeirlərində istifadə edilən
sufi rəmzlərinə misal olaraq: "Ələstdən
"bəli" dedim, nə xoş kamaldı yüküm,
Beş gözəlin aşiqiyəm, vəsfi-camaldı
yüküm", "Ələsti-bürəbbiküm qalu bəladan",
"Əhli-irfan məclisində gövhərmisaldı
yüküm", "Mövladan dərs alıb elm
tapmışam", "Haqq meyi İslama haram buyurub",
"Mərifət elminə nabələd olmaz", "Mərifətdə
kamildi, kamalda dərin", "Pir mana göstərdi şah məqamını",
"Sinən Kəbə, köynək Kəbə
örtüyü", "Xətt yazsam, Quranda ayə düşərmi",
"Pirim Şahi - Mərdan verib muradı",
"Sığın Şahi-Heydərə", "Səxavət
əhlini yandırmadı nar", "Şahi-Mərdan sayəsində
elm içində ümmanam", "Nəfs aldatdı, hər
yetənə xan dedim", "Məhəbbət odundan taam
yeyirəm, Leyli-nahar "ya Hu!", "ya Hu!" deyirəm",
"Fərhad gördü sevdi Şirin camalın",
"Arif məclisində hər isbatınan", "Məcnun
kimi biyabana düşmüşəm", "Xaliqi-ləmyəzəl
haqq divan eylər", "Xaliqi-ləmyəzəl, vahidi
yektay", "Kənanda Yaquba dərman gəlibdi",
"Misirdə Yusifin bazarı kimi", "Məcnun oldum
qaldım Leyli dağında", "Əhli halam, dərdin nədi
qanıram", "Əhli-dili yetir, sən əhli-dilə",
"Zikirsiz mömüni şeytan aldadar", "Əhli-irfan
məclisində ləli mərcandı bu söz" və s.
göstərmək olar. Qısacası, Aşıq Ələsgərin
şeirlərinin əksəriyyətində təsəvvüf
deyimlərinə, obrazlarına rast gəlmək
mümkündür. Bunların bir qismi onun gözəlləmələrində,
bir qismi ayrı-ayrı qız və gəlinlərə həsr
etdiyi şeirlərdə, bir qismi zamanədən şikayətdə,
bir qismi vaxtın keçməsində, giley-güzarda, bir
qismi qıfılbəndlərində, bir qismi ustadnamələrində,
önəmli bir qismi də didaktik əsərlərində
işlədilmişdir.
Təsəvvüfü
rəmzlər, istilahlar Ələsgər poeziyasının
oxucuda yaratdığı duyğu və hissləri gücləndirir.
Rümuzi-təsəvvüfün olduğu misralar Ələsgərin
divanilərində, müxəmməslərində,
qıfılbəndlərində, nəsihətnamələrində,
ustadnamələrində üzə çıxır,
çünki burada aşığın müraciət etdiyi
kütlə toy mağarındakılar deyil, aşıq sənətinin
biliciləridir. Məcnundan, Leylidən, Yusifdən
Züleyxadan danışanda Aşıq Ələsgər təlmih
sənəti ilə real sevgi və gözəllik mövzusunu
faktiki olaraq mistik dünyaya bağlamaqla, şeirin anlam
sferasını genişlətmiş olur. Nə Aşıq Ələsgər,
nə də bir başqası aşıq sənətini irfan
çərçivəsinə salmağı
düşünmüşlər. Onlar sadəcə olaraq
şifahi yolla gələn bilgini, qəlibləşmiş təsəvvüf
istilahlarını, rəmzlərini işlətməklə
şeiri dinləyicinin zövq dünyasına
uyğunlaşdırmışlar. Aşığın vəzifəsi
irşad etmək, təsəvvüf haqqında məlumat vermək,
irfanı anlatmaq olmadığından, toylarda, şənliklərdə
oxunan şeirlərdə irfani-batini terminologiyanın zəiflədiyini
görürük.
Haqdan gələn
mətləbləri insanlara çatdıran, şeytanı
qandıran, mərifətdən yükünü tutan, həqiqət
məqamında, irfan məclisində olan Ələsgərin
şeirlərindəki rümuzi-təsəvvüfün
çoxluğu onun istedadına, xalqa görə isə haqq
aşığı olmasına bağlıdır. Xalqın nəzdində
Ələsgər və onun kimi digər ustad sənətkarların
da dərin mətləblərdən söz
açmasının məntiqi izahı əhli-təsəvvüf,
əhli-tarik olmamalarına və yazıb oxumağı bilib
bilməmələrinə baxmayaraq, bütün bildiklərini
irfan əhli, Haq-Təalanın zati-məzhəri Şahi-Mərdan
Əlidən, qırxlardan, pirdən aldıqlarına görədir.
Sidqinən
tutmuşam, çağırram səni,
Xeybərin
qalasın alan, ya Əli,
Hər
kim ayırırsa yarı yarından,
Eylə təxtü
tacın talan, ya Əli.
Aslan olub
Merac yolunda yatan,
Əbu Cəhlin
daşın havaya atan,
Xurma lifəsiynən
barmağın çatan,
Ağ
devi zindana salan, ya Əli.
Ələsgərə
nişan verən almanı,
İslam
edən Qəmbərini, Salmanı,
Musaya
öyrədən Turda kəlməni,
Cəbrayıla
ustad olan, ya Əli.
Buradakı
dini-təsəvvüfü bilgilərin hamısı xalq arasında
dolaşan rəvayətlərə, sufi mənkabələrinə
dayanmaqtadır. Ancaq zühd dönəminin, fütüvvət
və melamet düşüncəsinin qavramları bir-birinə
qarşıdığından Ələsgərin aydın bir
təsəvvüfü düşüncə dünyasına
malik olmadığını söyləmək
mümkündür. Ələsgərin fərqliliyi
aşıq sənətinin iki-üç əsrlik ənənəsini
təfərrüatına qədər öyrənməsinə,
bir də təbinin, səsinin, ədəbinin nümunəvi
olmasına görədir. Ələsgər məşhur bir
divanisində belə deyir:
Biçarə
Aşiq Ələsgər,
Sığın
Şahi-Heydərə,
Onun damənindən
tutan
Məşhərdə
yanmaz nara,
Pirim mənə
nüsrət verib
Girdim bu
gün bazara,
Sən sərrafsan,
aç, xird elə,
Bax
gör, nə maldı yüküm.
Şeirlərində
hətta rusca, ermənicə, gürcücə sözlər
işlədən, real hadisələrdən danışan
Aşıq Ələsgər yenə də ənənəyə
sadiq qalaraq bir-iki misrada dini-təsəvvüfü terminlərdən,
Quran ayələrindən yararlanır:
Haydı
kola, xınzır oğlu
Şindi
durma qarşıda
Paşol,
malçi, idi, durak
Səni
verrəm padsuda
Oxuram
"İnna fətəhna"
Mətləb
allam yuxuda
Şahi-Mərdan
nökəriyəm,
Dərsimi
pünhan verir.
Buradaki Fəth
surəsindən alınan "İnna fətəhna ləkə
fəthəm-mubina" (Həqiqətən, Biz sənə
açıq-aydın bir qələbə verdik) ayəsi,
"Şahi-Mərdan nökəriyəm dərsimi pünhan
verir" kimi deyimləri, mətndən ayıraraq, ayrıca
götürüb Ələsgər şeirini təsəvvüfə
bağlamaq, Ələsgəri də sufi şairi adlandırmaq
mümkün deyildir. Zira kontekst şeirdəki təsəvvüfü
rümuzatın (M.Təhmasib) mətləbi daha yaxşı
anlamağa, təkrar etmək gərəkirsə, şeirin təsir
gücünü artırmağa yönəldildiyini göstərir.
Nəhayət,
yalnız rümuzatın təsir gücünə düşərək
aşıq yaradıcılığını təsəvvüflə
izah edib, mətləbi irfana bağlamaq doğru olmayacaqdır.
Zira yuxarıda da dediyimiz kimi, elm mötədilliyi ilə
seçilir. Aşıq sənətində təsəvvüf
istilahlarından, rəmzlərindən istifadə edilməsi
ilə təsəvvüf dünyagörüşünün
hakim olduğu təkkə ədəbiyyat arasında
böyük fərq vardır. Aşıq Əlsgər
yaradıcılığına da bu aspektdən yanaşmaq
lazımdır.
Füzuli
Bayat
525-ci qəzet.- 2021.- 22 sentyabr.-
S.18-19.