Sözə tapınıb şeirlə
qalan
O, sanki
hamıdan biri idi.
Sadəliyi,
mehribanlığı, səmimiyyəti, gündəlik
davranışları, zahiri ilə hər gün
rastlaşdığımız neçə-neçə Azərbaycan
qadınından biri.
Amma o, qətiyyən
hər kəsdən biri deyildi. Tam tək, tam bənzərsiz
idi. O, şeir yazırdı. Heç bir qadın şairimizin
ona qədər yazmadığı şeirlər. Heç kəsin
o cürə heç vəchlə oxuya bilməyəcəyi
şeirlər.
Həmin
şeirləri özü oxuyurdu.
Şeirlərini
oxuyanda sanki o, misraları təzədən yaradırdı,
kağızdakı ayrı şeir olurdu, onun səsində o
şeirlərin rəngi, ətri, istisi dəyişirdi.
O, bir adam
içində bir neçə adam, bir tale içində bir
neçə tale idi. Bu misraları da çox sevdiyi şeirlərindən
birində o yazmışdı:
Ovucumda
sirr, barmaqlarımda qabar
Ürəyimdir
varım-yoxum
Yol gedirəm,
Saplağından
qırılanadək.
Hərdən
mənə elə gəlir ki, bu parçada misralardakı
sözlərin yeri dəyişik düşüb. Əslində
bu cür - yazıldığı təhər deyil, tamam
başqa cürdü həmin misralar.
Yəni
sözlər həmin sözlərdi, sadəcə onların
misralardakı düzümü başqadı. Axı o taleyi
ki, o yaşamışdı, misralardakı sözlərin
sırası o cür yox, mən deyən kimi olmalı idi:
Ovucumda
varım-yoxum,
barmaqlarımda
sirr
Ürəyim
qabar-qabar,
yol gedirəm
saplağından qırılıb...
Fırtına
kimi, külək kimi, gah kükrəyib, gah lal-dinməzləşən
dəniz kimi bir ömür yaşamışdı. Bu təlatümlü
ömrü boyunca qazandığı varı-yoxu
tanrının ona bağışladığı bir
balası, bir nəvəsi idi.
Bir də
özünün özünə
bağışladığı bir neçə kitab.
Üstündə adı, içərisində yazıları
olan kitablar. Ovucundakı bunlar idi, artıq heç nə...
Sirr
başqalarının ovucunda, əl cizgilərində olur. Onun
taleyi ovucu naxışlayan, gah qabaran, gah itən kimi
görünən, birisi dərin, birisi əyri, birisi
qırıq əl cizgilərində
yazılmamışdı. Ömür, tale başqaları
üçün sirr ola bilərdi. Onunçün sirr deyildi.
Bəxt bütün acısı və şirini ilə ona əyan
idi. Gizlin, sirr onun barmaqlarında idi. Qələm tutan
barmaqlarında. Çünki o barmaqların arasındakı qələm
ilahi yoxluqdan, onun əsrarəngiz könül
dünyasından xəbərlər gətirirdi. Qaibdən gələn
o xəbərlər söz olurdu, şeirlə çevrilirdi.
Səsini
dinləyirəm. Bu, həmin şeirdi, özü oxuyur,
yazıldığı kimi oxuyur, mən deyən kimi yox. Amma
bu misralar o oxuyan kimi yox, mən deyən kimi düzdür.
Axı mən onu yaxşı tanıyırdım, indi sağ
olsaydı, bizimlə eyni günlərin içərisində
olsaydı, bu dediklərimi də təsdiq edərdi. Amma
şeirini yenə elə həmin yazıldığı kimi
oxuyardı. Bəlkə də misralarda sözlərin mən
deyən kimi, əslində doğru olan düzümünü
bir kənara qoyaraq, o cür yazmaq, o cür oxumaq böyük həqiqəti
pərdələmək, üstünə tül çəkmək,
hər sadə gözə göstərməmək
üçün imiş.
Ovucumda
varım yoxum,
barmaqlarımda
sirr,
ürəyim
qabar-qabar,
yol gedirəm
saplağından qırılıb...
Məhz
belə, ürəyi qabar-qabar, çoxdan ağacından,
budağından saplağından ayrılmış, yel
qanadında uça-uça, süzə-süzə gedən
yarpaq.
Bu, Nurəngiz
Gün idi. Azərbaycan şairi Nurəngiz Gün. Adi adamlar
kimi yol getməyən, ayağı yerə dəyməyən,
buludlar üstündə gəzən, bir tənha yarpaq kimi
uçan, süzən Nurəngiz Gün.
Taleyinin,
ömrünün, gününün aynası olan həmin məşhur
şeirinin sonunda bir sətir yazmışdı Nurəngiz
Gün:
Yol gedirəm,
yol olanadək.
Bu
misranı yazanda Nurəngiz xanım cavan idi, amma artıq yol
idi.
Hərənin
özünə bir yol saydığı bu
qatmaqarışıq dünyada kim idi ona yol verən. Ona
görə yolu öz içərisində açmışdı.
İçərisindəki o yolla gedirdi.
Və yenə
də həmin yoldadır. Diri ömrü uzunu uçduğu
yolla ruh olaraq indi yenə də irəliləməkdədir.
Amma
artıq anlayanlar, duyanlar insafını itirməyənlər,
haqqı dilə gətirməyi bacaranlar təsdiq edir ki, o,
şeirimizdə, sözümüzdə, mənəvi
mühitimizdə gerçəkdən də bir yol imiş.
Yaz
havası kimi saf, bulaq suyu kimi duru, uşaq gözləri kimi məsum
bir yol. Bu yola sarı gedin. Bu yolla hər biriniz ürək-ürəyə
qala bilərsiniz. Bu yolda könül toxtaxlığı, ruh
dincliyi tapa bilərsiniz.
Bu yol Nurəngiz
Gündür.
Umduğu,
taledən dilədiyi kimi bəni-adəmdən ayrılaraq,
sözündə əriyib itmiş, yola dönmüş Azərbaycan
şairi Nurəngiz Gün.
Bu isə
bir avtoportretdir.
Şairin
sözlə çəkdiyi rəsm. Öz şəkli. Həm
də yalnız zahirdən deyil, daxildən şəkilmiş
şəkli.
Bir
insanı içəridən (lap elə üzdən də)
onun özündən yaxşı kim görə, tanıya bilər
ki!
Kölgə
sözü yaddır mənə,
Heç
kəsin kölgəsində
Yorulub
qalmamışam.
Kölgəsində
itmərəm heç kəsin.
Kölgə
- sürünənlər məskəni!
Zərrəyəm,
hər nəyəm
Heç
kimə əyilmərəm.
Heç
kimə baş əymərəm.
Əgər
səcdə edərsəm,
Qibləm
atəşgah olacaq!
Təşəkkürüm
buğda, çiçək.
Ana
südü...
Su və
könül atəşi.
Bir də
günəş olacaq.
Qəliblərə
yerləşməyən, hər sözə "bəli"
deməyi bacarmayan, məqamı gələndə iradəsini
ortaya qoymağa qadir, sözünü dilinin altında
saxlamayıb yeri düşəndə açıqca söyləyən
hər kəs bu avtoportretdə hökmən bir azacıq da
olsa özünü tapacaq.
O,
ömrü boyu belə oldu, belə yaşadı.
Bu təbiətlə
başqa bir sənətin sahibi, ayrı bir yolun yolçusu
olmaq çətin idi.
Bu təbiətin,
bu xasiyyətin, bu ürəyin yiyəsinə ən uyğun gələn
sənət elə şairlikdir.
Şairlik
bu cür insanlardan ötrü əslində sənət,
peşə də deyil. Var olmağın, yaşamağın tərzidir,
mümkün vasitəsidir.
Onun
şairlik adı - təxəllüsü GÜN idi.
Keçmişlərdən
gələn deyişdir ki, misranın, sözün əsl mənası
və ən dürüst yozumu şairin bətnindədir.
"Gün
xanım" adı nənələrində də olubmuş
və bir izah budur ki, Nurəngiz xanım təxəllüsünü
elə soya-kökə, bəlalı və şərəfli nəslinə
ehtiram naminə götürübmüş.
Bu
imzasına ilk dəfə rast gələndə dodaq büzənlər
də olmuşdu ki, özünü Günəşə
oxşadır.
Guya nə
qəbahət varmış ki, bunda!
Ancaq mənə
görə bu bənzərsiz qadının və şairənin
adının yanında həmişəlik qalan
"Gün" kəlməsi heç də dibsiz göylərdəki
Günü nəzərdə tutmur.
Bu,
axarında olduğumuz, minbir qayğıları ilə an-an
yaşadığımız gün-güzərandır, həyatımızı
dolduran vaxt parçalarını nişan verən
gündür.
Nurəngiz
ömrü boyu günə, təqvimə, əqrəblər
arasına - saata sığan olmadı.
Nə
gün, o heç Allahın bağışladığı
vücuda, qiyafəyə, bədənə də sığan
deyildi!..
Orta
çağ miniatürlərində XVI-XVII yüzillərdən
bir özəllik tez-tez gözə dəyməyə
başlayır.
Bu zərif
rəsmlər adətən kitablara çəkilərdi. Ona
görə də cildçi, əlyazmanı
köçürən katib, vərəqlərin
qıraqlarını naxışlayıb-süsləyən
müzəhhib işini başa vurduqdan sonra növbə
çatardı rəssama.
O da
boş saxlanmış səhifələrdə kitabın məzmununa
uyğun miniatürləri nəqş edərdi. Miniatürlər
də adətən qırağı xətlənmiş bir
çərçivə içində olardı.
Səfəvilər
zamanından başlayaraq, xüsusən də Babur əyyamlarında
əksəri təbrizli olan miniatürçülərin
neçəsi başladı həmin dəqiq çərçivələri
sındırmağa.
Su
özünə bir axacaq yataq tapıb qırağa
çıxan sayaq həmin miniatürlərdə də təsvir,
cızılmış dörd küncün arasından qəfilcə
əlyazmanın haşiyələrinə doğru
sıçrayaraq orda davam etməyə başladı.
Bir ov, ya
döyüş səhnəsi əks olunan miniatürdə
baxırdın ki, hansısa atlılar sərhədə
sığmadılar, başladılar irəlicədən
müəyyən olunmuş ərazidən kənarda
çapmağa.
Ya
onları haqlayacaq oxdan xilas olmaqçün cüyürlər
yay kimi gərilib bu səhifədən o səhifəyə
atıldılar - elə bil bir zaman qatından daha təhlükəsiz
olan digərinə, bir məkan layından daha xatasız olan
başqasına qondular.
Bu çərçivələrə
sığmayan miniatürçülərin çoxu həm də
şair, dərin təfəkkür sahibli yaradıcılar idi.
Onların
səyyar xəyallarını sərt çərçivələr
ram edə bilərdimi?
Hədəqəsindən
çıxan, icazə verilmiş əndazədən o yana
adlayan rəsmləri ilə ənənəvi yanaşmanı
pozmuş kimi görünən bu rəssamların həmin
improvizələri həm də ayrı bir fəlsəfəni
ifadə edirdi.
Əvvələn,
bu yenilikçilikləri ilə ona işarə edirdilər ki,
həyat kimi bu rəsmlərin də intəhası, dəqiq
işarələnmiş sərhədi ola bilməz, hər
sözün içində söz, hər misranın alt
qatında gizli mənalar dayanan kimi, bu təsvirlər də
istənilən səmtdən onları çəpərləmiş
maneələri aşaraq genişlənə, arta, davam edə
bilər.
İkincisi
və bəlkə də ən mühümü isə o idi
ki, həmin yaradıcılar bu minvalla öz ruhlarındakı
sığmazlıq duyğusu və qətiyyətini
aşkarca bəyan edirdilər.
Nəsiminin
mətləb çatdırma vasitəsi söz idi və qəliblərə,
hüdudlara yerləşə bilməməsini birbaşa bəyan
edirdi: kövn ü məkana, cism ilə cana, şərh ü
bəyana, zənn ü gümanə, dəhr ü zamana...
sığmazam deyirdi.
Məşhur
əsərlərin əlyazmalardakı şəkillərdə
yer alan cızıqdan qırağaçıxmalar da
miniatürçü rəssamların "Sığmazam!"
hayqırışları idi!
Və bu
qızın da alın yazısında elə körpəliyindən
sığmazlıq varmış.
Yaşının
hüduduna sığmırdı. 5 yaşı olarkən
artıq sərbəst kitab oxuya bilirdi və atası da
dost-tanış yanında qürrələnmək
üçün tez-tez balaca Nurəngizi səsləyirdi:
"Hə, şahzadəm, gəl bu kitabdan bir şeir oxu, əmilər
qulaq assın". 10 yaşına çatmamış "Səfillər"i
oxuyan və o əsərin qəhrəmanlarının həyəcanlarını
yaşayan, ağrılarını çəkən,
kiçik ürəyində mərhəmət, şəfqət
duyğuları yaranan uşaq daha 10 yaşında olmur, azı
ikiqat böyüyür. İncəsənət institutunu
bitirdi. Onunla oxuyanların neçəsi sonralar Azərbaycanın
ən tanınmış aktyorlarına çevrildilər.
Müəllimi
Rza Təhmasib isə ona kurs yoldaşlarının
hamısından çox ümid bəsləyirdi.
Təyinatını
da dram teatrına verdilər. Özü söyləyirdi, sən
demə, anası işarə vurubmuş ki, mərhum atan istəmirdi
səhnəyə çıxasan, bu səbəbdən də
teatrdan imtina edib. Lakin o xasiyyət, o inadcıllıq ki, onda
var idi, əgər ürəyi hökm etsə idi, onu heç
qüvvə saxlaya bilməzdi. Teatra gedərdi də, daim səhnədə
olardı da.
Sadəcə,
o başqalarının yazdığını oynayan aktrisa ola
bilməyəcəkdi. Olsaydı da, həmin mətnlərə
sığmayacaqdı. Daim nəsə artıracaqdı, nəyisə
ixtisar edəcəkdi, nəyisə dəyişəcəkdi.
Bu isə öz növbəsində narazılıqlara, höcətləşmələrə,
tənbehlərə bais olacaqdı.
Radioya,
televiziyaya getdi.
1960-cı
illərin, 1970-lərin əvvəllərinin sevimli
diktorlarından biri kimi şöhrətləndi. Fəqət
ondan diktor da çıxmazdı. Necə ki, ordan da
ayrıldı.
Çox
da səsi məlahətli, görünüşü cazibədar,
ifası bişkin idi. Axı diktorluğun mətn məhdudiyyətləri
daha qəti idi: nə yazıb veriblər, onu da səsləndirməlisən.
Bu
xanımsa, başqa mətnlər bir yana, havanın
yağmursuz keçəcəyi haqda sinoptiklərin rəsmi məlumatını
oxuyarkən bayırda tam əksinə bir havanın olduğunu
görüncə canlı efirdə dilini dinc saxlaya bilmirdi.
Bunca azad
ruhun şıltaqlarına ölçülü-biçili
efir, özü də senzuralı sovet efiri necə tab gətirəydi?!
Odur ki, elə
könlü istəyən kimi pərvazlar edə bilməsi, həmişə
özü olaraq qalması naminə pənah aparacağı ən
məhrəm ünvan elə şeir idi!
Şeirə
sığındı, hər löyün soyuqluqlardan nicat
bulmaqçün sözün istisinə tapındı, gec gəldiyi
bu füsünkar aləmdə də özünü
tanıda, təsdiqlədə, etiraf etdirə bildi.
Və həmişəlik də şeirlə
qaldı!..
Rafael
HÜSEYNOV
Akademik
525-ci qəzet.- 2021.- 22 sentyabr.-
S.17.