Ekoloji tarazlığın
qorunması ümumbəşəri problem
kimi
Nazir Muxtar Babayevin
fikrincə, azərbaycanda ekoloji mühitin mühafizəsi və
bərpası davamlı inkişaf konsepsiyasının tərkib
hissəsidir
Son
yüzillikdə iqtisadiyyatın bütün sahələrinin
sürətli inkişafı insan fəaliyyətinin ətraf
mühitə mənfi təsirinin artması və təbii sərvətlərin
həddindən artıq istismarı ilə nəticələnib.
Ekoloji tarazlığın qorunub saxlanması, təbii
ehtiyatlardan rasional istifadə, su, torpaq və atmosfer
havasının çirklənmədən mühafizə edilməsi
ümumbəşəri problemə çevrilib.
Ekologiya
və Təbii Sərvətlər Nazirliyindən bildirilir ki,
demoqrafik artımla yanaşı, istehlakın kəskin
artması, gələcəkdə bərpası mümkün
olmayacaq. Təbii ehtiyatların tükənməyə
başlaması kimi narahatlıq doğuran məsələlər
ətraf mühitlə bağlı düşüncə və
fəaliyyətlərə də öz təsirini göstərib.
Şübhəsiz ki, ətraf mühitlə bağlı
problemlər bütün insanları narahat edir və bu problemlərin
öyrənilməsi bəşəriyyətin
inkişafının ən vacib tələblərindən
biridir.
Qlobal
ekoloji böhran şəraitində iqtisadiyyat, cəmiyyət
və ətraf mühit arasında zəruri balansın
saxlanması yalnız inkişafın yeni ekoloji təhlükəsiz
və iqtisadi baxımdan optimal modelinin-davamlı
inkişafın formalaşdırılması hesabına ola bilər.
Hər
bir ölkənin özünəməxsus ətraf mühit
strategiyası və siyasət xətti olsa da, qlobal məqsədlər
insanların sağlam mühitdə yaşamasının təmin
edilməsi, cəmiyyətin sahib olduğu ətraf mühit dəyərlərinin
qorunması və inkişafı, ətraf mühitin keyfiyyətinin
yaxşılaşdırılmasına istiqamətlənib. Azərbaycan
son illər sosial və iqtisadi inkişaf sahələrində
kifayət qədər nailiyyətlər əldə edilib və
bu nailiyyətlərin dayanıqlı olması əsas prioritet
kimi qəbul edilib. Nazirlikdən vurğulanıb ki, Azərbaycanda
ətraf mühit problemlərinin həlli istiqamətində genişmiqyaslı
işlərin görülməsi, ekoloji vəziyyətin
yaxşılaşdırılmasına yönəldilən
dövlət siyasəti ölkənin dayanıqlı
inkişaf strategiyasının mühüm tərkib hissəsidir.
Ekologiya
və təbii sərvətlər naziri Muxtar Babayev deyir ki,
ekoloji təhlükəsizliyin təmin olunması
üçün ətraf mühitin çirklənməsinin
minimuma endirilməsi və mühafizəsinin təkmilləşdirilməsi,
indiki və gələcək nəsillərin tələbatını
ödəmək məqsədilə təbii sərvətlərdən
səmərəli istifadə ölkənin ekoloji siyasətinin
əsas istiqamətləridir.
Ölkənin
ekoloji strategiyası, ətraf mühitin qorunması sahəsində
fəaliyyətin koordinasiyasının gücləndirilməsi
yolu ilə milli, beynəlxalq və regional səviyyələrdə
təbii ehtiyatların mühafizəsi, elmə əsaslanan
inkişaf prinsiplərinin tətbiqi, ölkənin iqtisadi və
insan resurslarının istifadəsində
davamlılığın təminatına yönəlib. Azərbaycan
hələ 2003-cü ildə "Ekoloji cəhətdən
davamlı sosial-iqtisadi inkişaf üzrə Milli Proqram" qəbul
edib. Minilliyin İnkişaf Məqsədlərindən biri olan
Ətraf mühitin davamlılığını təmin etmək
üzrə fəaliyyət planına əsasən davamlı
inkişaf prinsipləri dövlət siyasəti və
proqramlarına daxil edilib.
Müasir
dövrdə enerji təhlükəsizliyi və ətraf
mühitin çirklənməsi, qlobal iqlim dəyişmələri
bəşəriyyəti narahat edən əsas problemlərdəndir.
Problemlərin həlli istiqamətində alimlər və
mütəxəssislər tərəfindən müxtəlif
fikirlər yürüdülür ki, bunlardan da bu gün
üçün ən önəmlisi alternativ və bərpa
olunan enerji mənbələrindən istifadədir.
Bütün
dövlətlər özlərinin yanacaq-enerji balansına yeni
enerji mənbələrinin cəlb edilməsinə
çalışırlar. Bu yarışda külək,
günəş, biokütlə, dalğa, qabarma-çəkilmə,
kiçik çayların hidroloji enerjisi kimi qeyri-ənənəvi
enerji mənbələri xüsusi yer tutur. Bu tip alternativ enerji
mənbələrinin potensial imkanları sonsuzdur və
onların ekoloji səmərəliliyi heç kəsdə
şübhə doğurmur.
Nazirin
sözlərinə görə, ölkədə
iqtisadiyyatın bütün sahələrinin inkişafı ilə
bağlı mövcud olan ekoloji problemlərin həll edilməsi
üçün təmiz texnologiyaların tətbiqinə
böyük yer verilir. "Yaşıl iqtisadiyyata" sərmayələrin
cəlb olunması üçün ekoloji cəhətdən təmiz
alternativ enerji mənbələrindən geniş istifadə
etmək, istilik effekti yaradan qazları azaltmaq, sənaye, nəqliyyat,
tikinti və digər sahələrdə enerjidən səmərəli
istifadə üzrə tədbirlər həyata keçirilir.
Azərbaycan,
qlobal iqlim dəyişmələrini bəşəriyyətin
üzləşdiyi ən çətin problemlərdən biri
hesab edir və bu problemin qarşısının
alınmasına yönəldilən birgə səyləri dəstəkləyir.
İqlim
dəyişmələrinin təsirindən inkişaf səviyyəsindən
asılı olmayaraq heç bir ölkə
sığortalanmamışdır və bunu baş verməkdə
olan ekstremal təbii fəlakətlər əyani şəkildə
göstərməkdədir.
Davamlı
inkişaf konsepsiyasının müddəalarına uyğun
olaraq iqtisadi inkişafın ekoloji tarazlıqla vəhdət təşkil
etməsi, üstünlüyün ətraf mühitin
qorunmasına verilməsi, alternativ enerji mənbələrindən
səmərəli və dayanıqlı istifadə planetimiz
üçün əmələ gələcək zərərin
qarşının alınması istiqamətində
mühüm rol oynayacaq.
Nazir
vurğulayıb ki, ümumilikdə ölkədə ekoloji vəziyyət,
təbii ehtiyatlar, onların mühafizəsi və bərpası
davamlı inkişaf konsepsiyasının tərkib hissəsinə
çevrilib. Xüsusilə qeyd etmək yerinə düşər
ki, qlobal ekoloji problemlər üzrə milli səviyyədə
tələbatların qiymətləndirilməsi, həlli
yollarının müəyyənləşdirilməsi, beynəlxalq
təşkilatlarla əlaqələrin genişləndirilməsi
Azərbaycan dövlətinin ekoloji siyasətinin əsas istiqamətləridir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi də ekoloji
problemlərin həllinə yönəldilən tədbirlərin
səmərəliliyini artırmaq, operativ həll
olunmasını təmin etmək, o cümlədən, ətraf
mühitin sağlamlaşdırılması məqsədilə
ardıcıl işlər həyata keçirir.
Uzun
illər ərzində yaranan ekoloji problemlər təhlil edilərək,
onların kompleks həllinə yönəldilən və
davamlı inkişaf prinsiplərinə əsaslanan milli və
dövlət proqramları təsdiq edilən və onların
icrası istiqamətində tədbirlər görülüb.
Ölkədə mövcud qoruq və yasaqlıqların ərazisi
genişləndirilib, milli parklar yaradılıb, ətraf
mühitin qorunmasının gücləndirilməsi istiqamətində
tədbirlər həyata keçirilib.
Bu proqramların
əsas məqsədi ətraf mühitin mühafizəsinə
yönəldilən dövlət əhəmiyyətli
investisiya layihələrinin sistemli və səmərəli
şəkildə həyata keçirilməsini təmin etməkdən
ibarət olub. Ətraf mühitlə bağlı qəbul
olunan proqramların uğurla reallaşdırılması, ekoloji
problemlərin daha səmərəli həlli məqsədilə
müvafiq sərəncamların imzalanması bu sahənin
ölkəmizdə prioritet məsələlər
sırasına qaldırılmasına aydın misaldır. Təbii
ehtiyatların istismar intensivliyi nəzərə alınaraq Xəzər
hövzəsinin Azərbaycan üzrə ekoloji təhlükəsizliyinin
təmin edilməsi sahəsində ardıcıl tədbirlərin
həyata keçirilməsi, aparılan işlərin tam
ekoloji nəzarətdə saxlanılması, eyni zamanda, ekoloji
ekspertiza tələblərinin mövcud dünya
standartlarına uyğun qurulması problemlərin azalmasına
və bu sahədə əsaslı dönüşün
yaranmasına gətirib çıxarıb.
Muxtar
Babayev qeyd edib ki, Azərbaycanda yürüdülən ekoloji
siyasətin əsas məqsədi indiki və gələcək
nəsillərin ehtiyaclarının təmin edilməsi naminə
mövcud ekoloji sistemlərin, iqtisadi potensialın qorunması
və təbii ehtiyatlardan səmərəli istifadə edilməsi
ilə davamlı inkişafın təmin edilməsindən
ibarətdir. İnkişafın ekoloji baxımdan davamlı
olmasını təmin etmək üçün iqtisadi fəaliyyət
zamanı meydana çıxan ciddi ekoloji problemləri aradan
qaldırmaq, onların ətraf mühitə mənfi təsirinin
minimuma endirilməsi tələb olunur: "Ekoloji siyasətin əsas
istiqamətləri ətraf mühitin mühafizəsinin təmin
edilməsi üçün aztullantılı, güclü və
çoxşaxəli iqtisadi inkişafın təmin edilməsi,
beynəlxalq təşkilatlar və inkişaf etmiş ölkələrlə
ətraf mühitin mühafizəsi sahəsində əlaqələrin
genişləndirilməsidir. Ən əsası isə əhali
arasında ekoloji təbliğatın və maarifləndirmənin
gücləndirilməsidir".
Sevinc QARAYEVA
525-ci qəzet.- 2021.- 22 sentyabr.-
S.16.