Hər baxımdan Zirvə - Şuşa
"Sən
sabahlar və şəfəqlər qədər gözəlsən!"
(Nazim Hikmət)
"Hər
qaranlıq gecənin bir işıqlı gündüzü
var", - deyirlər. Mən isə xüsusilə bədbinliyə
köklənib dünya ilə təması kəsmək istəyəndə
"böyük sevgilər ya sonsuzdur, ya onsuz", - deyə
düşünüb, özümdən belə "intiqam
alırdım". Və ruhuma edə biləcəyim təsəlli
bəhanələrini rədd edib bu qara düşüncələr
içərisində günü-gündən kiçilir,
azalır, bir gün yoxa çıxacağım günü də
uzaqda görmürdüm. Dostoyevskinin "Qalanı müdafiə
etmək sənəti nə qədər güclü olur-olsun,
qalaalma sənəti daim ondan bir addım qabaqda
olacaqdır" kəlamı da arada bir cücərən
ümidimin başından vururdu. Müharibə öncəsi,
faktiki "pərdənin açılmağına"
günlər qalmış çapdan çıxan
kitabımda qəlbim qan ağlaya-ağlaya Şuşanın
işğalından yazmışdım. Onda heç
düşünə də bilməzdim ki, belə tezliklə
bizim də küçəmizdə bayram olacaq,
arzularımızın, istiqbalımızın şəhəri
Şuşa xəyallarımızın çin olan
azadlığına qovuşacaq və mən də bu barədə
yazacağam. Doğrusu, hələ də nə
yazacağımı bilmirəm. Qələmimin nə
yazacağını, məni Şuşaya necə
aparacağını. Yazmağa qorxuram? Ürək eləmirəm?
Bədgümanam ki, yaza bilmərəm? Qətiyyən yox! Adam
çoxdan görmədiyi (ya həmişə görməyi
arzulayıb heç görmədiyi!) kimsəni gözləyəndə
necə həsrətlə, yanğı ilə
çırpınarsa, mən də Şuşa haqqında elə
düşünürəm. Gör indi görüşünə
gedəndə nə olacaq! Xəyalı belə gözəl!
Şuşanı görmək, görə bilmək və...
ölmək! İlk dəfə Hötedən gələn,
Şuşaya aid etdiyim bu məşhur ibarə qanad
açıb dünyanı dolaşsa da, ədəbiyyat
adamları onunla müxtəlif cür "oynayıb"
Neapol, Paris, London kimi şəhərlərə şamil etsələr
də, mahiyyət dəyişmir, birdir. "Ölüb qalam
orda mən!" Məna gücü, vurğu odur ki, buranı
görməmiş ölmək olmaz.
"Dünyanın
harasında olursan ol, olduğun yerdə deyil,
düşündüyün yerdəsən". Şəhərin
kosmosdan çəkilmiş fotolarına baxıram. Adi həvəskar
fotolarda da Şuşa elə belə görünür.
Şuşa özü kosmosdur, yaxın planetdir, Yerdə ikinci
planetdir. Özüm də bilmədən oradan olan
tanışlarımı düşünürəm,
onların söhbətlərini yadıma salmağa
çalışıram. Şuşanın rəsmini çəkmək,
portretini yaratmaq üçün "bəlkə kömək
oldu" düşüncəsi ilə. Mənimlə
universitetdə şuşalı qız oxuyurdu, bir dəfə
şikayətləndi ki, Bakıda rütubət çoxdur.
Şuşanın havası qurudur, paltar sərirsən, bir
saata qupquru olur. Adi məişət epizodudur, amma indi o qədər
əziz gəldi mənə. Şuşalı
vaxtlarımızdandı, yəqin ona görə. Birdən-birə
çoxdan görmədiyim o qızı da görmək istədim.
Noyabrın
əvvəlləri idi. Məlumat verilməsə də,
hamı məsələdən agah idi. Prezident mesajını
vermişdi: "Şuşasız bizim işimiz
yarımçıq qalar". Ermənilərin
Şuşanı boşaltmaları, şəhərin
mühasirədə olması, hətta artıq almış
olduğumuz kimi xəbərlər bir-birini əvəz edirdi.
Şuşadan əsgərlərimizin hənirtisi duyulur,
"uçuq minarələrdən qopan səslər"
eşidilirdi. Hədəfə az qaldıqca "az qalıb,
gözəlim, aç qucağını, bu qədər
dözmüsən, bir azca da döz, çatırıq",
- deyə öz-özümə
pıçıldayırdım. Müharibənin ilk günlərindən
dilimi qabar edən duamı hey təkrarlayırdım:
"İlahi,
sona qədər bizim tərəfimizdə ol!"
Bəlkə
düşündüyümdən daha unudulmaz, mehriban,
doğma, isti olacaq? Bəlkə bunların heç biri o
möhtəşəm görüşün yanından belə
keçməyəcək! Təsəvvür etməsəm də,
bilirəm. Şuşa orqanik şəhərdir. Bildiyim,
oxuduğum qədər. Relyefi, arxitekturası ilə. Gözəlliyi
də poetik, intellektual. Bərpada da gərək bunlar gözlənilsin.
Şiş qayalıqların ucunda dumana bürünmüş
göydələnlərin necə möhtəşəm
görünəcəyini təsəvvür edirəm və hətta
görürəm. Amma elə edək ki, urbanizasiya
orqanikanı üstələməsin. Şuşa Qafqazın
incisi, Azərbaycanın say-seçmə ziyalılarının
vətənidir. XVIII əsrin sonlarından başlamış
ta işğala qədər yetişdirib, pərvazlandırıb,
dünyaya tanıdıb! Biz bu 27 ili itirdik, amma düşmənlərimiz
də qazanmadılar. "Dəvə hacı olmaz gedib-gəlməklə
Məkkəyə". Şuşa o qədər tarixi şəxsiyyətin
adı ilə bağlıdır ki, tarixi olmayan
qarışı yoxdur. Tariximizin, mədəniyyətimizin
"qızıl əsr"inin nümayəndələri ilə
bağlı məkanların hərəsi dövrünün
bir mədəniyyət ocağı idi. "At ölüb, itlərin
bayramıdır" prinsipi ilə qalaya
köçürülən "dinc" ermənilərin Azərbaycanın
tarixi, mənəvi irsinə tutduğu divan, saqqallı "səhra
komandirlərinin" torpağımızda apardığı
etnik təmizləmə siyasətinin, ağlasığmaz vəhşiliklərin
davamı idi. Azərbaycan ədəbiyyatının klassikləri
- N.Vəzirovun talanıb yandırılan evi, Ə.Haqverdiyevin
dağılan tifaqı, rəssam, musiqişünas M.Nəvvabın
ev-muzeyinin məhv edilməsi məşhur azərbaycanlıların
izlərini silməyə, Şuşanı məqsədli
şəkildə erməniləşdirməyə yönəldilmişdi.
Yəni burada yerli-dibli azərbaycanlı olmayıb.
Zavallılar, "qızılgülə başqa bir ad versələr,
onun gözəl ətri dəyişər məgər?"
"Nəcəf
bəy cənabları, siz həmişə diri
qalacaqsınız. Dünyada əkdiyiniz ağacların meyvələrinin
toxumlarını külək müsəlman aləminin səhralarına
səpib, göyərdib, minlərcə Nəcəf bəylər
yetirib, gözəl niyyətlərinizi daha da rövnəqləndirəcəklər.
Sizin adınız tarixlərin vərəqlərində zəbt
olunub dillərdə zikr olunacaqdır". Nəcəf bəyin
ruhu inciməsin, sanki Üzeyir bəy bu sözləri tək
onun haqqında deyil, bütün Şuşa,
şuşalılar barəsində söyləmişdir.
Vaqifin məqbərəsini dağıtmaqla, heykəlləri
güllələməklə tarixdən faktları, mədəniyyətdən
izləri, qəlblərdən məhəbbəti silməyi
düşünmək əsl ermənilikdir. "Vaqif"
dramındakı Xuramanın özünü qayadan
atdığı yer durur, onu yox etməyə düşmənin
gücü çatmaz. İlk müdafiə nazirimiz
S.Mehmandarovun dədə-baba evini sökmək olar, lakin bu
gözəl məhəllənin onlara məxsus olduğunu
unutdurmaq, gizlətmək olmaz. Bu dünyada həqiqəti
yalandan ayırmaq üçün fakt kimi tərs
"hakim" var.
Şuşa
alınana qədər hava xoş keçirdi, azad olandan sonra
güclü yağış yağdı, bu yağış
şəhəri yuyub pak elədi, gün qurutdu.
İşğalçıların izi-tozu da qalmadı. ONU
düşünəndə ilk eşitdiyim musiqi səsi olur.
Gördüyüm də. Deyə bilmirəm hansı musiqi
qulağıma gəlir... Çünki tez-tez dəyişir.
Özünü bildirmir. Fon kimi... Görmədiyim şəhərin
küçələrini gəzirəm və hər tin bitəndə,
sağa-sola burulanda, yoxuş qalxanda, eniş düşəndə
melodiya da dəyişir. Şuşa azad edilib, lakin mən hələ
də nisgildən azad ola bilməmişəm. Kökü dərindədir,
buraxması zaman istəyir. Şuşa ilə bağlı qəlbimdə,
ruhumda 2 əsas yara var. Birincisi, "Qarabağ bülbülləri"nin
Qarabağın möhtəşəm mənzərələrini
tamamlayan, dağlarında əks-səda verən musiqisiz
ifasıdır. İşğaldan qabaq da, ağlamadan dinləyə
bilmirdim. İndiyə qədər məni belə
duyğulandıran, ruhumu saran nə şeir olub, nə avaz. Ana
laylası kimi...
Sən mənim
köksümdə çarpan ürəksən,
Mən sənin
köksündə - kiçik bir zərrə.
Mənə
qanad verən odlu diləksən,
Adına,
özünə Vətən deyirəm,
Çölünə,
düzünə Vətən deyirəm...
Elə
bilirəm özüm yazmışam, o qədər içimdən
keçir. "Hər misrası ayaq üstdədir". Eyni
vaxtda dərinliyi və ucalığı ancaq belə hiss etmək
olar. Bir şeir insanın duyğularını yalnız bu qədər
net əks etdirə bilər. "Səndən
ötrüymüş demə inqilablar, savaşlar, axan qanlar,
kəsilən başlar..." Bu misralar əslində
qadına yazılıb. Lakin qadın da elə Vətən
deyilmi? Bu qara 27 ildə özünü viranə qalmış
könlümüzə xatırlatmadığı, yada
salmadığı bir gün belə olmadı, ruhdan ruha
yaşadıq. Nə qədər soydaşımız bu nisgillə
son mənzilə ağır köç edib
"torpağı bir ovuc da artırdı". Əlimizdən
aldılar, lakin qəlbimizdən ala bilmədilər. Daha
çox sevdik, bir ayrı cür can atdıq. Üzdəniraqların
"tarixi torpaqlarımızdır" deməyi ilə torpaq
nə qiymətli olur, nə əziz. Nə də onların.
Torpağı hiss etmək, pıçıltısını
eşitmək, nəfəsini duymaq, cazibəsinə doğru
qaçmaq gərəkdir. Haradasa oxumuşdum...
"Oğlanların irəlidə qəhrəmanlıq
göstərəcəklərini əvvəlcədən
heç nə məlum etmir, əksinə, gələcək qəhrəmanlar
gündəlikdə darıxdırıcı, maraqsız
insanlar olurlar". Müharibədən
əvvəl Bakının küçələrində gəzən
kəkilli gənclərin günahına batıb fikirləşirdim
ki, Qarabağı bunlarla qaytaracağıq? Bir kitab da
oxumayıblar. Qarabağı elə onlar aldı! Kitabla
böyüyənlər verdi, kitab oxumayan nəsil geri aldı!
Burada mən əsla oxumağın antitəbliğatını
aparmıram. Sadəcə, bu müharibə çox nəsnəyə
gözümüzü açdı. İnsan səssizcə
sevməlidir, qara-qışqırıqla yox...
Hər şey zamana möhtac, zaman isə hər şeyə əlacdır. Yəqin. Dünyanın ağıllı adamları belə deyir, özümüz də belə görmüşük. Lakin bir var fərdin faciəsi, bir də var, bütöv xalqın başına gətirilənlər... Nə qədər vaxt keçməlidir, hansı gözəl hadisələr baş verməlidir ki, o qara günlər unudulsun, kədərin rəngi solsun. 2020-nin payızında 27 ilə bərabər 44 gün yaşadıq. Eşitmədiklərimizi eşitdik, görmədiklərimizi gördük. Yaralar açıldı, qaysaqlar qopdu, közlər düşdü. Bu lənətəgəlmişlərin hansı faşistlikləri qaldı daha üzə çıxmamış? Tükürpərdən sirlər, Hitlerin əsir düşərgələrini unutduracaq dəhşətlər... Qarabağ müharibəsindən elə müsibətlər eşitdim ki, qıyıb bir yaxınıma danışa bilmədim. "Çünki hər gerçək hər qulağa görə deyildir". Necə də yiyəsiz, sahibsiz imişik. Ananın balasını qucağından alıb aparırlar, atası məğmun-məğmun baxır. İndi sülh deyirlər. Melkonyan kimi hərbi caniyə Milli Qəhrəman adı verib öyünəndə metofizik qanunların hələ ləğv edilmədiyini düşünməliydilər. Etdikləri vəhşilikləri özləri yazıb yayıblar, çəkib bizə yanıq veriblər. Onilliklərlə heysiyyətimizlə oynayıblar. Bizim əsirləri necə bölüşdürdüklərini, neçəsini orqana, neçəsini bordelə, nə qədərini qul kimi işlətməyə verdiklərini çəkinmədən bir delfin üçün özünü öldürən, it-pişiyin "hüquqlarını" qoruyan Avropaya elan ediblər. "Dağ ermənilərinin döyüş ruhu güclü olurmuş..." Bu qədər tarix oxumuşuq, hansı müharibədə erməni adı keçib? Bədbəxtlikləri də bundadır. Olmayan yalanı uydurmaq, ona inanmaq! Olanı yox, xəyal etdiyini görmək. "Vanya dayı" (A.Çexov) deyirdi ki, reallıq olmayan yerdə ilğımla yaşayarlar.
Mənə görə Rusiyanın siyasəti rus xalqından ayrıdır. Şovinistləri də çoxdur, lakin obyektiv düşünən, ağıllı ziyalıları da nə qədər istəsən! Bizi sevib-sevmədiklərindən asılı olmayaraq, nə qədər məşhur isim var ki, şəxsən izləmişəm, mövqelərini, adlarını qorudular. Ermənilər isə sanki bir başdan idarə olunurlar. Daşnakı nə deyirsə, böyüyü də, kiçiyi də, qadını da, uşağı da, elmi də, ədəbiyyatı da onu təkrarlayır. Öz içindən kor olmaq budur.
44 gündə xronika təzələndi, keçmişin zülmünü, çarəsizliyini bir də yaşadıq, ağlamaqdan kor olduq. Bilmədik, şəhidlərimizə ağlayaq, yoxsa yerdə qalan, tapdalanmış haqqımıza. Statistika "30 ildə Qarabağda 44 gündəki qədər qan tökülməyib", - desə də, mən "qan dənizi" deyəndə 90-ları düşünürəm. Yəqin ki, hadisələrin masştabına, faciəvi nəticələrinə, bizim qat-qat çox itki verməyimizə, əzilməyimizə görə. Nahaq tökülən qan yandırır adamı. Reallıqdan uzaqlaşdırır.
Şuşa ilə bağlı qəlbimdə qövr edən ikinci yara isə "Şuşada son çay" fotosu idi. Müharibənin ortalarından bizim seqmentdə yenidən yayılmağa başladı. Natəvanın memorialı önündə yerdə iki əsgərimiz oturub. Qarşı-qarşıya... Silahları əllərində... Və üç ədəd armudu stəkanda rəngsiz çay... İndi ayağa qalxıb gedəcəklər. Gedə biləcəklərmi? Ya əbədilik Şuşada qalacaqlar? Çaylar da çox güman ki, içilməmiş soyuyacaq. Kadrda bir nəfər də var, çəkənin özü... Özü görünməsə də, kədəri görünür. İlahi, bir şəkildə də nə qədər qüssə olarmış. Divardakı yazı da bu hüznü tamamlayır:
Zaman
unutmayır ötən bir anı,
Xalq
üçün xeyirxah olan insanı.
Gözlər
aydın olsun görməsin kədər,
Xan
qızı yaşasın tarixlər qədər!
Bizim hələ Xan qızının məzarının vəhşicəsinə dağıdılmasından, sümüklərinin çıxarılıb İrəvana aparılmağından xəbərimiz yoxdur... Biz bu məşum faktı Ağdam işğaldan azad ediləndə biləcəyik. Şairənin əsərlərinin Azərbaycan xalqının dövlət varidatı elan edilməsi bir tərəfə, heç olmasa, onun Şuşaya çəkdirdiyi sudan içdiklərinə görə məqbərəsinə toxunmamalıydılar. Nə qoyub, nə axtarıram? "İnsan erməni ola bilər, amma ermənilər, əfsus ki, heç vaxt insan ola bilməyəcəklər". Xanlar-xanzadələr bilsəydilər ki, torpağımızda künc verdiyimiz erməni indi bizə köçəri deyir. Hələ yurd-yuva necə talanıb. Nəzərə alsaq ki, Natəvan elatın məşhur, mötəbər, say-seçmə adamlarından olub, rəhmətə gedəndə camaat onu Şuşadan Ağdama qədər çiynində aparıb, dəfninin necə hörmətlə, təntənə ilə keçdiyini təsəvvür etmək çətin deyil. Necə deyərlər, "bizdə şeir də var, sənət də vardır, şairə, sənətə hörmət də vardır". Və belə dəyərlərlə yaşayan bizlərin qonşu olduğu ünsürlərə bax! Xan qızı onsuz da yaşayacaq! Könüllərdə təxti-rəvan quranlar unudulmur. 27 il sonra Rza bəy "Şuşada ilk çay" fotosunu da çəkəcək. Lakin o ağrılı yaz günündən bu xoşbəxt payız gününə hələ çox var... Bir ömür qədər uzun bir yol. Geri sayım 8 maydan başladı və 8 noyabrda böyük final marafonunu tamamladı! Bunu isə hələ dünyada heç kəs bilmir, Biləndən başqa!
Müqayisəyə 2 video gəlir... 2017-nin və 2020-nin Şuşası. Hər iki çəkiliş Yeni il qabağı aparılıb, birini düşmənlərimiz çəkib, digərini özümüz. Şuşa işğalda və sonra... Bu 27 ildə heç nə artırmayıblar, nə qalıb, bizdən qalıb. Şuşaya yerləşdirilən ermənilər şəhərin mərkəzini boş qoyaraq dağlıq, uzaq hissəsinə çəkilmişdilər. Buna psixologiyada "dəvəquşu effekti" deyirlər. Öz aləmlərində guya istehkam yaradır, özlərini sığorta edirdilər.
Demək, 2017-nin Şuşası. Qar yağıb. Şəhərdə seyrəklikdir (Düşünürəm ki, orda elə bir məskunlaşma da olmayıbmış). Arabir kimsə görünür, axçişka küçədə yolka bəzəyir, bacalardan tüstü çıxır. Arxayınlaşıblar. Elə bilirlər həmişə belə olacaq. Rəşadətli Azərbaycan Ordusu bir həmlə ilə hamısını süpürüb "cəhənnəmlik" etdi!
...Yenə də qar yağıb, Şuşamız ağ örtüyə bürünüb. O, həmişə bizim olub, bizim idi, onu unutmamışdıq, bizi zülm ilə ayırmışdılar. Balanı anadan ayıran kimi. Bu gün yenə bir yerdəyik, bu dəfə həmişəlik! Azərbaycan vətəndaşı Azərbaycan Himninin təranəsi altında qədim şəhərin qarlı küçələrini gəzir. Bu qar o qardan deyil, torpağımızı erməni mikrobundan dezinfeksiya edir, bizim də üzümüzü ağardır. Himni xor oxumur. Xoş pauzalarla solo ifa edir. Şuşa qalasını boyaboy "mələklərin üzərinə kölgə saldığı" bayrağımız örtüb, xain düşmənə göz dağı kimi! Bu, bir yuxudumu..? Kamera ermənilərin tarix boyu yeganə qiymətli "sərvəti" - daşından-divarından qalxan kimi istifadə edib arxasında gizləndikləri kilsəni bizə göstərir. O kilsəni ki, arxadan vurulan xəncər kimi namərdcəsinə Şuşanın kürəyinə sancılıb. Həmin kilsəni ki, ermənilər arxalarını yerə verməmək, hələ suyun üzərində qala bildiklərini bizə göstərmək üçün müharibənin qızğın vaxtı orada liturgiya, nigahkəsmə mərasimi də keçirmişdilər. O kilsəni ki, hər yoldan ötən "jurnalist" sınmış şüşəsinin hesabını istəyir, amma və lakin və nədənsə, Putinin məşhur kəlamını unudurdu: "Terrorçunu ayaqyolunda belə tutsanız, gəbərdin".
Sakitlikdir. Şəhər dincəlir. Top-tüfəng səsindən deyil, murdar nəfəsdən dincəlir, 92-ci ildə donub qalan Şuşa özünə gəlməyə başlayır. Əfsanəyə görə, qara 8 maydan sonra Şuşanın başının üstündən çiskin, qar, duman heç əskik olmayıb... Başqa bir əfsanəyə görə isə, xarıbülbül ona görə yad yerdə bitmir ki, ayrılığa dözümü yoxdur. "Qarabağ bu savaşda gül oldu, Azərbaycan əsgəri bülbül. Bu dəfə də bülbülün qanı axdı, amma gülü - Qarabağı əyilməyə qoymadı" və qələbəmizin ikonasına çevrildi. Ordumuz Şuşanı şit yağın içindən tük çəkən kimi götürdü. Mümkün olmayanı etdi. Sıldırımlara quş kimi sızdı, külək kimi qalxdı. Gedişi ilə bizi sümüklərimizə qədər yandıran Şuşa, möhtəşəm qayıdışı ilə onilliklərə işləyən yaramıza məlhəm oldu. Azərbaycan Ordusunun Şuşaya necə daxil olduğunu erməni hərbi ekspertləri heç cür anlaya bilmədi. Bu onlar üçün 92-də boş şəhərə girib "qələbə" qazanmaq deyildi. Dişlə, dırnaqla, qanla, canla qazanılan qələbə idi. Təqlid edilməyən və təqlidi olmayan cəsarət idi. Mən hər uyğun məqamda türkü, onun gücünü qabartmağın tərəfdarı deyiləm. Düşünürəm ki, buna ehtiyac yoxdur, türkün tarixi göz qabağındadır. Amma Napoleon da balaca adam olmayıb...
"Mənə türklərdən ibarət bir ordu verin, sizə dünyanı fəth edim", - deyib.
Üst-üstə qalanan "leş-baş üstə" hərb tariximizə yazılan Daşaltı əməliyyatının qara hərflərini qızıl hərflərə dəyişdi. Özü də müamilə ilə!
Əsgərlərimiz sanki canavar qanı
içmişdilər, elə döyüşürdülər.
Beyin, şüur, toxuma, refleks, nə varsa... dünyaya
qapadılıb şəhadətə
açılmışdı. Biz "bu yola ağılla
çıxmışdıq, sonra ağıldan
çıxdıq". Bəzən deyirlər ki, belə
deyib, ermənilərin yol qırağına tökülüb
qalan leşlərini videoya çəkib yaymaqla düşməni
qıcıqlandırmayın. Niyə? Onlar Xocalını
törədəndə qıcıqlandırmışdıq?
Kəlbəcərdə əlsiz-ayaqsız qocalara, körpələrə,
ömründə kəndindən, ailəsindən başqa bir
yer görməyən qız-gəlinə cəbhə
açanda qıcıqlandırmışdıq? Aborigen
üçün nə səbəb-nəticə? 92-də
Xocalını törətdilər ki, camaat qorxub
qaçsın. Vəhşiliklərinin yayılması
üçün şərait də yaratdılar. Özlərini
güclü, bizi zəif göstərməkdən
ötrü. Bir var
banditin cinayəti qorxutsun, bir də var ordunun ƏZƏMƏTİ
vahimələndirsin!
"Hərə
öz pozisiyasında" bəyannaməsindən sonra
Şuşa və ətrafından 730 erməni cəsədi
yığılmışdır. Bizim "Daşaltı"
adlandırdığımız əməliyyata ermənilər
fəxrlə "Qanlı dərə" deyirdilər. Taleyin
kinayəsi ilə 27 ildən sonra 44 günlük müharibəni
ağlaya-ağlaya "Ölüm dərəsi"
adlandırdılar. Şahidlər deyir ki, Şuşa 2 rəngli
idi: xaki (hərbi geyim) və qırmızı rəngdə.
Havadan da qan iyi gəlirdi. 1992-ci ildə pusquya salınaraq bir
gecədə Daşaltı ilə bərabər 94 hərbçimizi
itirmişdik. Milli Qəhrəman R.Əhmədov olmaqla
neçə igidimizin öldü-qaldısından bu gün də
xəbər yoxdur (Ermənilər meyitləri
qaytarmamışdılar). Şuşa Qarabağın
açarıdır, Daşaltı da Şuşanın.
Daşaltı Cıdır düzündən
aşağıda, başgicəllədən uçurumda, nəhəng
qayalığın altında, eyni adlı çayın
sahilində yerləşir. İllərdi "Şuşanın
daşlarına, qayalarına sığınıb
yaşayır". Təqdimata bax... Təsvirin möhtəşəmliyinə
bax! Əsli isə heç bir təsvirə gəlməz! Elə
bil daş parçaları havadan asılıb.
Daşaltının azad edilməsinin mənəvi əhəmiyyəti
strateji əhəmiyyəti qədər önəmlidir. Kənd
azad olunandan, əsgərlərimiz orada peraşki bişirib
video paylaşandan sonra, "bəlkə özləri
yaşayanda abad idi, bizə verəndə viranəyə
çeviriblər?", - yarımşübhəsi ilə
düşmənin işğal vaxtı çəkdiyi
görüntülərə baxdım... və dəhşətə
gəldim. Yox, bu torpaqları 30 il cinlər, şəyatinlər
idarə edib. Traktorlar işləyir, həyat var. Amma necə?
Yaşayış demək mümkünsə. Xərabət
aşiqləri. Təbiətin füsünkar gözəlliklərinin
fonunda xarabazar daha zəlil, daha xəcalətli, rüsvay
görünür. Şıq geyimli adamların arasında
çılpaq, cır-cındır içində olan bomj
kimi. Mənim Allahdan niyyətim var. Bakıda peraşki
bişirib Daşaltıda paylamaq! Ruhu göylərə
qarışan şəhidlərimizin ehsanı kimi! Qoşulmaq
istəyənə ideyamı halal edirəm. Mən o videodan,
kefləri ala buludlarda süzən o uşaqlardan nə qədər
pozitiv almışdım! Həmişə düşmən
tapdayasız!
Qarabağın
istilaçılar üçün zaman-zaman yağlı tikə
olduğunu ilk dəfə "Vaqif" dramından öyrəndiyim
yadımdadır. Yeni işğal olunanda da Qacarın monoloqunu
ürək ağrısı ilə xatırlayırdım,
"Keçdi əlimizə gözəl Qarabağ". Ya da,
"bu gün alınmalı Şuşa qələsi".
Qarabağ təbiəti ilə yadda qalan
tanışlığım sevimli yazıçımız
İ.Əfəndiyevin "Mahnı dağlarda qaldı"
pyesindən başlayır. Tamaşa başlayanda səhnəarxası
söylənilən şeirə öz aləmimdə musiqi də
yazmışdım.
Deyirlər
Qarabağ bir cənnət imiş...
Bəslərmiş
qoynunda mələklərini.
Məndə
qüdrət hanı qələm çalmağa?
Tərif
eləməyə yalnız birini...
Qəribədir
ki, məni nə əsərin inqilabi sületi, nə də məhəbbət
mövzusu cəlb edirdi. Mənə ekzotika kimi gələn
toponimlərə "takılıb" qalmışdım. Qırxqız
yaylağı, İsa bulağı, "Ərim gəldi"
qayasının adını ilk dəfə idi eşidirdim.
Gülgəzin kəklikotu qoymadığı Cıdır
düzünü dünyanın ən geniş, xoşbəxt
guşəsi kimi xəyalımda canlandırır, kəklikotunun
havasını da alırdım. Növbə gözlədiyi
Xanqızı bulağı, ehsan sahibi haqqında
düşünürdüm. Şahnazı ovsunlayan Topxana
meşəsindən qorxurdum. "Ərim gəldi"dən
qırmızı qoşunun ağzının
açılıb Əsgəran qalasını işğal
etməyini də görmüş kimiydim. Böyükbəyin
Cavanşir nəslini yaşatmaq arzusu, Fəxrəndə
xanımın son anda Xəzinə qayasına üz
tutmağı mənə bilmədiyim,
tanımadığım bir aləmdən xəbər verirdi.
Qarabağ mahalının məşhur xanəndəsi
Keçəçi Məhəmmədin adını da ilk dəfə
bu tamaşada eşitmişdim.
Ermənilərin bu müharibədə əsas səhvi Şuşanı bizim əlimizdən almaq oldu. Bununla bizi sındırdılar. Amma sadə həqiqəti unutdular, atəş düşdüyü yeri yandırar, bumeranq da yubandıqca qüvvəti artar. "Təhqir edənin niyyəti sizdən cavab almaqdır. Təhqir edən sizin beyninizin nə cür reaksiya verəcəyini bilmədən riskə girmiş olur" (Z.Freyd). Eynən! Şuşa kimindir, Qarabağ onundur! Xankəndi müasir şəhərdir, belə şəhərlər dünyada nə qədər istəsən! Neçə illərdi onlar yaşayır, erməniləşdiriblər. Şuşa xanlar tərəfindən salınıb inkişaf olunduğuna görə kifayət qədər sənədləşdirilib, şəhərin baş planı, gerbi, fotoları, Moskva ilə sıx ticari əlaqələri olub. Bu qədər sübutun içərisində yalnız şüursuz haylar tarixi aldadıb onu erməniləşdirəcəklərini düşünə bilərdilər. Güvəndikləri erməni "sənətkarlığı" da işə yaramayacaq. Tarixi aldatmaq olmaz, riyaziyyat olmasa da, dəqiqliyi sevir. XIX əsrdə Şuşa Qafqazda yalnız Tiflisin rəqabət apara biləcəyi mədəniyyət paytaxtı olub. Köçəryan da sonda dedi ki, gərək Stepanakerti verib Şuşanı saxlayaydıq. Onlar üçün qiymətli olduğu üçün yox, bizim yarıcanımız olduğuna görə.
Lakin Şuşa... Şuşa ayrıdır. Dünyada ikinci belə şəhər yoxdur! Düşmənlər Şuşanı itirməyi ağıllarına belə gətirmirdilər. Şuşanın bizim üçün hansı yerdə olduğu, onun üçün necə canlardan keçdiyimizi 8 noyabrdan sonra düşmənlərimiz görəcək və etiraf da edəcək! "Şuşa azərbaycanlılar üçün sakral şəhərdir! Hər hansı yad müdaxiləyə cəhd tərəflərindən təhqir, küfür, həqarət kimi aqressiv qəbul edilir". Gec də olsa, çatıb onlara! Şuşa gedəndə deyirdilər: "Bizim əlimizdən qələbəmizi, bayramımızı, qürurumuzu aldılar". "Dövlət oldur ki, düşmən ola zəbun". Ordumuz Şuşanı soyuq noyabr gecəsində duman altında sıldırımları dırmaşıb birbaşa təmas döyüşü ilə aldı. Rusiya mediası yazırdı: "Belə döyüş, Vətən sevgisi görən olubmu, demək çətindir?!" Biz bu sevgini balalarımıza 30 il ərzində günbəgün aşıladıq. Hamı müharibə deyib dururdu. Müzəffər Azərbaycan Ordusu Şuşanı "şüşə" kimi qoruya-qoruya, "amandır, çatlamasın, cızılmasın" ehtiyatı ilə düşmənin caynağından qopartdı. Şuşa belə də alınmalıydı! Dronlar dünyasında əlbəyaxa döyüşlə! İlahi bir "eşq"lə!
Dilarə ADİLGİL
525-ci qəzet.- 2021.- 22 sentyabr.-
S.10-11;12.