Müstəqillik dönəmi Azərbaycan
iqtisadiyyatı
İntibah
yolunda olan hər bir xalq dünya reallığına nəzərən
gələcək inkişaf prioritetlərini düzgün
müəyyənləşdirmək üçün, ilk
növbədə zaman və məkan daxilində keçdiyi
yolun uğurlu nəticələrindən bəhrələnməyə
çalışır.
Azərbaycan
Respublikası XX əsrin sonlarında dövlət müstəqilliyini
bərpa etdiyi vaxtdan keçən dövr ərzində
ölkənin ictimai-siyasi və sosial-iqtisadi həyatında
köklü dəyişikliklər baş vermişdir.
1993-cü ildən başlayaraq Ümummilli lider Heydər Əliyevin
həyata keçirdiyi məqsədyönlü siyasət
müstəqilliyin ilk illərində ölkədə baş
alıb gedən siyasi və iqtisadi böhranı aradan
qaldırıb, Azərbaycanın demokratik dövlət
quruculuğu və bazar iqtisadiyyatı yolu ilə irəliləməsinə
geniş yol açıb. Bugünlər Azərbaycan xalqı
dövlət müstəqilliyinin bərpasının 30-cu
ildönümünə hazırlaşır.
Müstəqillik
tarixinin şərəfli dövrünü yaşayan Azərbaycan
bütün istiqamətlərdə özünün
qazandığı möhtəşəm uğurlara görə
Ulu öndərimiz Heydər Əliyev şəxsiyyətinə
borcludur. Zaman keçdikcə dahi insanların, siyasətçilərin,
liderlərin böyüklüyü və uzaqgörənliyi,
bir sözlə, əzəməti daha aydın olur, atalar
demişkən: "Dağdan uzaqlaşdıqca onun
böyüklüyü, əzəməti daha aydın
görünür", başqa sözlə, Heydər Əliyev
dövründən nə qədər çox vaxt keçirsə,
onun ideyalarının möhtəşəmliyi, Azərbaycanın
bu günü və gələcəyi üçün əhəmiyyəti
daha da artır.
Azərbaycanın
iqtisadi və sosial inkişafı, iqtisadi təhlükəsizlik
və dünya inteqrasiya sisteminə daxil olması
dayanıqlı inkişaf strategiyasını əhatə edir.
Bu baxımdan inkişafın əsas amili insan kapitalı, onun
davranışı iqtisadi fəaliyyəti və mənəvi-maddi
resursların artımına təsir edən bacarıqlı
sistemi təşkil edir.
Azərbaycanın
müstəqillik illərinin uğuru respublikamızın
heç bir dövlət və beynəlxalq təşkilatdan
asılı olmadan müstəqil siyasət yeritməsi, milli
maraq və mənafeyini müdafiə etməsidir. Müxtəlif
dövrlərdə insanların tələbat sistemi, insan
kapitalının formalaşması müasir şəraitdə
strateji planlaşdırma və idarəetmə sisteminin
meyarı olaraq istifadə olunur. Azərbaycan
iqtisadiyyatının sosial bazası 1996-cı ildən
başlayan dayanıqlı inkişaf və yüksək
artım sürətilə genişlənir. Respublikamızda
neft və qeyri-neft sektorlarının yüksəlişi
iqtisadiyyatın davamlı olaraq ümumdaxili məhsul, büdcə
və valyuta ehtiyatlarını ildən-ilə artmasını
göstərir. Həmçinin bu dövrlər ərzində
sahibkarlığın inkişafı, enerji təhlükəsizliyi,
yeni infrastruktur sahələri inkişaf edib. Əsasını
Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan
davamlı inkişaf strategiyası müstəqil Azərbaycanın
siyasi və iqtisadi simasını müəyyən edir.
Sürətli intibah yolunda qarşıya qoyulan hədəflərə
inamla yetişən bütün sahələrdə
respublikamızı beynəlxalq aləmdə ildən-ilə
möhkəmləndirir və ümumregion əhəmiyyətli
qlobal layihələri daxili imkanları hesabına gerçəkləşdirir.
Heydər
Əliyev Azərbaycanın müstəqil dövlət kimi
formalaşması və inkişafı ilə bağlı
bütün istiqamətlər üzrə həyata
keçirdiyi çoxşaxəli analitik düşüncəyə
və uzaqgörən zəkaya malik bir şəxsiyyət
olduğunu sübut edir.
Heydər
Əliyevin siyasi iradəsi, təşkilatçılığı
və bilavasitə rəhbərliyi Azərbaycanda
formalaşdırılan və reallaşdırılan milli
iqtisadi inkişaf modelinin prinsiplərində transformasiya
dövrünü yaşayan ölkələrdə zərurətini
və əhəmiyyətini sübut edir. Azərbaycanın
qlobal və regional proseslərə fəal qoşulması
müasir dövrdə ölkəmizin milli xüsusiyyətlərini,
iqtisadi gerçəkliklərini, ölkənin təbii-maddi əmək
resurslarından səmərəli istifadə edilməsi əlverişli
investisiya, innovasiya və sahibkarlıq mühitini yaratmaqla milli
iqtisadiyyatın inkişafına nail olması Heydər Əliyev
iqtisadi modelinin fundamental prinsiplərindəndir. Azərbaycanın
bugünkü uğurlarının əsl mənbəyi
1993-2003-cü illərdə formalaşdırılan və
reallaşdırılan siyasət nəticəsində
yaradılmış iqtisadi zəmin olub. Məhz bu dövrlərdə
Azərbaycanda ictimai-siyasi sabitliyin, sosial-iqtisadi
inkişafın təməli qoyuldu. Heydər Əliyevin
böyük səyi, iradəsi və idarəçilik məharəti
sayəsində ölkədə qısa müddət ərzində
əldə olunan makroiqtisadi, siyasi sabitlik, habelə müstəqil
Azərbaycanın Konstitusiyasının qəbulu iqtisadi
sistemin transformasiyası ilə bağlı iqtisadi
islahatların hüquqi bazasının yaradılmasına,
sosial-iqtisadi inkişafda prioritetlərin seçilməsinə,
cari və perspektiv məqsədlərin
reallaşdırılmasının taktiki və strateji
strategiyasını müəyyənləşdirməyə
imkan verdi. Heydər Əliyev bir qayda olaraq sosial-iqtisadi vəziyyəti
obyektiv qiymətləndirir, makroiqtisadi sabitliyə nail olmaq
üçün qabaqlayıcı, privintiv tədbirlər
görməklə, digər MDB ölkələrindən fərqli
olaraq, belə bir mürəkkəb, ziddiyyətli şəraitdə
gecikmə effektini minimuma endirdi. Onu da qeyd etmək
lazımdır ki, Ümummilli liderimiz ölkəmizdə bu
dövrdə həyata keçirilən bütün sistem dəyişikliklərinin
istisnasız şərtini milli və iqtisadi təhlükəsizliyin
təmin olunması hesab edirdi. Heydər Əliyev gözəl
bilirdi ki, müstəqil dövlətə çevrilən Azərbaycanda
sistemin transformasiyasını nisbətən daha qısa
müddətdə və mümkün qədər az sosial
itkilərlə həyata keçirmək üçün
qarşıya qoyulan məqsədə çatmağın
yollarını, prinsiplərini və imkanlarını dəqiq,
aydın müəyyənləşdirmək lazımdır.
Belə ki, Heydər Əliyevin milli iqtisadiyyatın
formalaşması və inkişafı ilə
formalaşdırdığı iqtisadi siyasətin ana xətti
onun neft strategiyası və "Əsrin müqaviləsi"nin
bağlanması təşkil edirdi. Bu baxımdan Ulu öndər
Heydər Əliyev tərəfindən işlənilən və
uğurla həyata keçirilən neft strategiyası Azərbaycanın
dərin iqtisadi böhrandan çıxmağın, iqtisadi təhlükəsizliyin
və sabitliyin, regional əməkdaşlığın
inkişafının, son nəticədə ölkəmizdə
sabit və davamlı inkişafın təmin edilməsinin
ümumi əsası hesab edilməlidir.
Bu gün
Azərbaycanda milli iqtisadiyyatın formalaşması və
inkişafı sahəsində əldə etdiyi uğurlar bir
daha əyani sübut edir ki, Ulu öndərin bilavasitə təşəbbüsü,
iştirakı, rəhbərliyi ilə
formalaşdırılan, həyata keçirilən iqtisadi
siyasət mövcud reallıqlar şəraitində optimal və
ən başlıca düzgün istiqamətlənmiş yeganə
bir siyasətdir. Məhz onun rəhbərliyi altında Azərbaycanda
dövlətçilik ənənələri qurulmuş,
müstəqilliyimiz möhkəmlənib, zəruri siyasi,
iqtisadi islahatlar aparılıb, ölkədə demokratik
proseslər dönməz xarakter alıb. Ulu öndər Heydər
Əliyev tərəfindən müəyyənləşdirilib
və ölkəmizin dövlətçilik tarixində yeni mərhələnin
əsasını qoyub sosial-iqtisadi inkişaf kursu 2003-cü
ilin oktyabrın 31-dən başlayaraq onun layiqli
davamçısı Prezident İlham Əliyev tərəfindən
varislik prinsipini əsas götürməklə dahi uzaqgörənliklə,
yaradıcılıqla inkişaf etdirir. İlham Əliyev
uzunmüddətli strategiya ilə sosial
dayanıqlığı, ədalətli bölgü sistemini,
hər bir Azərbaycan vətəndaşının
inkişafı strategiyasını əsas götürür.
Bu gün
ölkədə inkişafın müsbət
dinamikasının təmin edilməsi, iqtisadi potensialın
möhkəmləndirilməsi, dərinləşdirilməsi,
onlardan istifadənin səmərəliliyinin yüksəldilməsi,
makroiqtisadi sabitliyə və artıma nail olunması, milli
iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsi,
təşviqi, qeyri-neft sektorunun, rəqabət qabiliyyətli,
ixracyönümlü yerli istehsalın inkişafı
üçün möhkəm zəmin yaradır. Bazar
iqtisadiyyatının prinsiplərinə uyğun islahatların
dərinləşməsi, habelə regionların
resurslarının təsərrüfat dövriyyəsinə cəlb
olunması, onların kompleks və sürətli sosial-iqtisadi
inkişafına nail olunması, milli iqtisadiyyatın dünya təsərrüfat
sisteminə inteqrasiyası, Azərbaycanın bölgənin
aparıcı ölkəsinə çevrilməsi, son nəticədə
ölkəmizin iqtisadi müstəqilliyinin möhkəmləndirilməsi,
ölkədə həyata keçirilən iqtisadi siyasətin
həmin proqramların uğurla
reallaşdırılmasının məntiqi sosial-iqtisadi nəticəsi
hesab edilməlidir.
Vaxtilə
Ulu öndərimiz tərəfindən təməli
qoyulmuş "Uğur modeli" bu gün Prezident İlham Əliyev
tərəfindən aparılan məqsədyönlü, qətiyyətli,
sistemli, elmi cəhətdən əsaslandırılıb,
ölkəmizin iqtisadi-sosial həyatının bütün
sahələrində ardıcıllıqla və yüksək
səmərəliliklə həyata keçirilir.
Azərbaycanda
son zamanlarda ölkədaxili iqtisadiyyatda əsasən sənaye
və neft sənayesinin üstün tərəqqisi
özünü açıq şəkildə göstərdiyi
bir şəraitdə qeyri-neft sahəsinində aktiv hal
alması məqsədilə böyük tədbirlər həyata
keçirilib, dövlətin bu istiqamətdə
apardığı iqtisadi siyasəti daha da gücləndirilib,
çoxsaylı Prezident Fərmanları və Sərəncamları
qəbul olunub, Dövlət Proqramları, Strategiyalar və
Konsepsiyalar gerçəkləşdirilib. Belə tədbirlərin
əksəriyyəti günümüzdə icra proseslərini
yaşayır. Qeyri-neft sektoru üzrə bir qrup dövlət
dəstəyi mexanizmləri hazırlanıb.
Azərbaycanın
müasir iqtisadi siyasəti iqtisadiyyatın şaxələndirilməsinə,
qeyri-neft sektorunun tərəqqisinə, dayanıqlı və rəqabətqabiliyyətli
milli iqtisadiyyatının yaradılmasına yönəldilib.
Milli iqtisadiyyatda mənfi təsirləri minimuma endirmək,
makroiqtisadi sabitliyi qorumaq Azərbaycan dövlətinin prioritet
məsələlərindəndir. Prezidentinin rəhbərliyi
ilə qurulan və gerçəkləşən "Azərbaycan
2020: gələcəyə Baxış" inkişaf
konsepsiyalarının iqtisadi, siyasi və sosial vəziyyətdə,
yaxın onillikdə ölkəmizin, xalqın inkişaf etməsində
vacib müsbət effektin gerçəkləşməsinə
yönəlib. İlham Əliyevin
bu inkişaf konsepsiyasının yaradılması və
gerçəkləşdirilməsi əlaqədar sərəncamı
ölkəmizin inkişaf eləmiş ölkələr
sırasında
çıxış etməsini göstərən çox vacib və
tarixi sənəddir. Bu konsepsiyanın qəbul edilməsi
ölkəmiz üçün təzə inkişaf pilləsinə
addım atmaqdır.
Milli
iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə
strateji yol xəritələri Azərbaycanda davamlı iqtisadi
inkişaf əsasında iqtisadiyyatın rəqabət qabiliyyətliliyini,
inklüzivliyini və sosial rifahın daha da
artırılmasını təmin edəcəkdir. Davamlı
iqtisadi inkişafı təmin edə biləcək yeni iqtisadi
sahələrə diqqət yetirməklə, dörd strateji hədəf
müəyyənləşdirilib ki, bundan da üç və
dördüncüsü insan kapitalının inkişaf
etdirilməsi və biznes mühitinin
yaxşılaşdırılmasının təmin edilməsini
nəzərdə tutur.
Hər
bir prioritet istiqamət uzunmüddətli dövrdə iqtisadi
artımın sağlam və davamlı olmasını, xarici və
daxili təsirlərə dayanıqlığı, cəmiyyətin
davamlı və yüksək iqtisadi artım
dinamikasını, regionların tarazlı
inkişafını, XXI əsrin tələblərinə
uyğun təhsil, yaradıcı və innovativ cəmiyyət,
vətəndaşların sağlam həyat tərzini müəyyənləşdirən
sahələrdir. O cümlədən, Azərbaycanın ərazi
bütövlüyünün təmin olunması
xalqımızın çoxəsrlik tarixində möhtəşəm
yer tutur. Qələbəmizin nəticəsi kimi dövlət
sərhədlərini bərpa etməklə Azərbaycan
xalqı son bir əsrdə hərbi və diplomatik sahədə
böyük zəfərlərə nail oldu. Bu da onu təsdiq
edir ki, öz doğma torpaqlarından köçkün
düşən insanların vətənə
qayıdışı təmin olunmaqla dayanıqlı məskunlaşma
və iqtisadi fəaliyyətə reinteqrasiyaya bir körpü
kimi qoşulması təməli bir təkan verəcək.
Regionların sosial-iqtisadi inkişafı yeni beynəlxalq və
regional-nəqliyyat logistika dəhlizinin bərpa olunması həm
ölkəmizin qlobal bazarlara çıxış
imkanlarını artıracaq, həm də işğaldan azad
edilən ərazilərin inkişafına əhəmiyyətli
təkan verəcəkdir.
İlham Əliyevin
ölkəmizə rəhbərlik etdiyi illər ərzində
bütünlükdə Azərbaycanda, eləcə də
regionlarda sosial-iqtisadi inkişafın, idarəçilik,
dövlət quruculuğu və beynəlxalq sahədəki fəaliyyətinin
nəticələri onu uzaqgörən, analitik
düşüncəli, iqtisadi və sosial prioritetləri
vaxtında və düzgün müəyyənləşdirə
bilən, ekstremal hallarda düzgün və optimal qərar qəbul
edə bilmək bacarığına malik bir lider olduğunu
sübut edib. Bizim uğurların təməlində siyasətimizdir,
gələcəyə olan baxışlarımızdır,
strategiyamızdır, birliyimizdir. Azərbaycan xalqı bu 30 il ərzində
vətəndaş həmrəyliyini və nə qədər
böyük xalq olduğunu göstəribdir. Otuz ildə biz
böyük nailiyyətlərə çatmışıq.
Bundan sonra da ölkəmizin hərtərəfli
inkişafı üçün çalışacağıq
ki, daha da qüdrətli, gözəl ölkə yaradaq.
Dövlətlə xalqın birliyi isə müstəqilliyimizi
əbədi, dönməz və sarsılmaz edəcəkdir.
İlhamə MAHMUDOVA
Azərbaycan
Dövlət İqtisad Universitetinin (UNEC) dosenti
525-ci qəzet.- 2021.- 22 sentyabr.-
S.7.