39 il sonra Şuşada  

 

 

Bizim Şuşa səfərimiz elə bir tarixi hadisədir ki, sözlə ifadə etmək çox çətindir. Şuşaya qədəm basmaq, Şuşaya yenidən qovuşmaq insanda ən böyük duyğular yaradır, insanın ürəyi köksünə sığmır. Şuşada Vaqif Poeziya Günlərinin işğaldan azad olunan möhtəşəm şəhərimizdə yenidən keçirilməsi Dünya azərbaycanlıları üçün ən sevincli hadisədir.

 

Biz Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə sonsuz təşəkkürümüzü bildirir, qəhrəman şəhidlərimizin ruhu qarşısında baş əyirik. Şuşada Vaqif Poeziya Günlərinin bərpası torpaqlarımızın işğaldan azad edilməsinin bir daha təsdiqidir. Möhtərəm Prezidentimiz İlham Əliyevin xalqa müraciətlə dediyi "Əziz Şuşa, sən azadsan" sözləri hər birimizin qəlbini fərəh hissi ilə doldurdu.

 

 

 

Torpaqlarımızın işğaldan azad edilməsindən çox qısa zaman keçib. Bu gün Şuşada möhtəşəm quruculuq, abadlıq işlərinin sürətlə aparılması adama başqa bir güc verir. Eyni zamanda, bütün dünyaya göstəririk ki, böyük mədəniyyət abidələrini, tarixi abidələri dağıtmaq, məhv etmək ermənilərin xislətidir. Azərbaycan xalqının məqsədi isə hər zaman qurmaq, yaratmaq, inkişaf etdirməkdir. Vaqifin məqbərəsi əvvəlki əzəməti ilə ucalır. Eləcə güllələnmiş abidələr (heykəllər) öz yerinə qaytarıldı.

 

Düşünürəm ki, Üzeyir bəyin, Xurşidbanu Natəvanın, Bülbülün ruhu şaddır. Çox qısa zamanda digər tarix, mədəniyyət abidələri bərpa olunacaq.

 

Şuşa şəhərinə gedəcəyimiz günün axşamı - 28-dən 29 avqusta keçən gecəni səhərədək gözümə yuxu getmədi. Mən bu gecənin sevincini heç cürə ifadə edə bilmirəm. Şuşa şəhərinə getmək, onu öz gözlərinlə görmək hər bir azərbaycanlının ən böyük arzusudur. Bu torpaq olduqca müqəddəsdir. Biz mənəviyyatımızın, ruhumuzun beşiyi olan Şuşaya çox burcluyuq.

 

Əgər bir il öncə kimsə desəydi ki, Şuşada tədbir keçiriləcək sən orada iştirak edəcəksən, heç vaxt inanmazdım.

 

Çox qısa müddətdə böyük hadisələr baş verir. Bu müddətdə burda mədəniyyət tədbirləri - "Xarıbülbül" festivalı, Vaqif Poeziya Günləri kimi böyük layihələr həyata keçirilir. Hələ ki, insan bunun mahiyyətini, böyüklüyünü, tarixiliyini tam mənası ilə dərk etmir. Müəyyən vaxt keçəndən sonra bunları daha yaxşı dərk edəcəyik.

 

Hər bir azərbaycanlının qəlbində Şuşa şəhərinin xüsusi yeri var. İlk növbədə əlbəttə, musiqi, muğam beşiyi kimi. Bir dəfə Şuşanı görən insan ömrü boyu unuda bilməz bu şəhəri. Burda dünyaya göz açıb, burda yaşamış insanlar Şuşasız yaşaya bilməz. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev bu fikri bütün azərbaycanlılara şamil edərək demişdi: "Biz Şuşasız yaşaya bilmərik!" Həqiqətən hər bir azərbaycanlı 28 il idi ki, bu hisslə yaşayırdı. Elə buna görəydi ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şir ürəkli cəsur oğullarımız sıldırım qayalardan qalxıb Şuşaya daxil oldular, düşmənlə əlbəyaxa döyüşdə onları məğlub edib, şəhəri azad etdilər.

 

Bütün bu qələbələr uşaqdan-böyüyə, ağsaqqaldan-ağbirçəyə hər bir vətəndaşımızın qəlbini sevinc, fərəh hissi ilə doldurdu. Bu insanlardan biri mənəm. Çünki mənim həyatımın iki ili Şuşada keçib. O vaxtlar fəaliyyət göstərən Şuşa Kənd Təsərrüfatı Texnikumunda "Kənd təsərrüfatının iqtisadiyyatı, təşkili və planlaşdırılması" fənni üzrə müəllim işləyirdim. Ömrümün əlamətdar, ən yaddaqalan günlərindən biri 1982-ci il yanvar ayının 14-dür. Həmin gün Ulu öndərimiz qarlı-çovğunlu bir gündə görkəmli şairlər, ədiblər, ziyalılar və şuşalılarla birlikdə öz təşəbbüsü ilə ucaltdığı Molla Pənah Vaqifin möhtəşəm məqbərəsinin açılışına gəlmişdi.

 

Mən özümü xoşbəxt sanıram ki, həmin tədbirdə mən də iştirak etmişəm. Tədbirin rəsmi hissəsi qurtardıqdan sonra Heydər Əliyev tribunadan aşağı düşərək ətrafında olan mühafizəçilərə tapşırdı ki, kənara çəkilin, insanlara mane olmayın, xalqla təmasda olmalıyam. Mən də bu fürsətdən istifadə edərək Ulu öndərin iki addımlığında dayana bilmişdim.

 

Deyirlər tarix təkrar olunur.

 

Mən özümü xoşbəxt sayıram ki, bu gün də, yəni 30 avqust 2021-ci ildə Vaqifin yenidən qurulan bu möhtəşəm məqbərəsinin önündə Vaqif Poeziya Günlərində 39 ildən sonra yenidən iştirak edirəm və Ulu öndərimizin davamçısı, Azərbaycan Prezidenti, Ali Baş Komandan, öz dəmir yumruğu ilə düşmənin başını əzərək, igid əsgərlərimizin şücaəti ilə işğal altında olan torpaqlarımızdan qovan möhtərəm İlham Əliyevin iki addımlığında dayana bildim. Buna görə özümü ikiqat xoşbəxt sanıram.

 

Bu görüşün təəssüratı altında yazdığım bir şeirimi oxuculara təqdim edirəm.

 

Qayıdırıq bu yerlərə

   

Allah, bizə kərəm etdin qayıdırıq bu yerlərə,

Dərdimizə məlhəm etdin, qayıdırıq bu yerlərə.

 

Qayıdırıq bu yerlərə, dizin-dizin sürünməyə,

Dağılsa da yurd-yuvamız, daş-qayaya bürünməyə.

 

Qayıdırıq bu yerlərə, göz yaşların silmək üçün,

Ata-baba məzarıyla dərdimizi bölmək üçün.

 

Qayıdırıq bu yerlərə, Şuşamızda halay vuraq,

Sərin sulu bulaqlarda süfrə açaq, bardaş quraq.

 

Qayıdırıq bu yerlərə, Ağdamımda gün görək,

Burda çıxaq gur bazara, bəlkə bir az sağ gün görək.

 

Xan əminin zənguləsi bu dağlardan axıb gəlsin,

Görmək üçün bu büsatı məzarından qalxıb gəlsin.

 

Qayıdırıq bu yerlərə, Laçınımız qanad çalsın,

Turşsuda bir "oxxay" deyək, şair qəlbim ilham alsın.

 

Sultan bəyin yanan kəndin, Kürdhacısın yaşatmağa,

Gözümüzün qorasını o yollarda boşaltmağa.

 

Qayıdırıq bu yerlərə, Qubadlını görək barı,

Zəfər çalan igidlərim çaya tökdü dığaları.

 

Qayıdırıq bu yerlərə, Zəngilanı oyatmağa,

Xan çinarın meşələri töhfə versin boy atmağa.

 

Qayıdırıq bu yerlərə, Cəbrayılda Qurbani var,

Neçə-neçə insanların kəsmək üçün qurbanı var.

 

Qayıdırıq bu yerlərə, Füzulidən Kirsə çıxaq,

Azad olmuş torpaqlarda zəmilərdən sünbül yığaq.

 

Qayıdırıq bu yerlərə, Kəlbəcərdə qucaqlaşaq,

Beçə balı ləzzət versin, dərddən-qəmdən uzaqlaşaq.

 

Qayıdırıq bu yerlərə, Xocalının obasına,

Sülh deməklə bitmədi, çıxdıq meydan davasına.

 

Qayıdırıq bu yerlərə, "Nalə çəkən" Xocavəndə,

Qalib ordu sahib durdu hər şəhərə, hər bir kəndə.

 

Dəmir yumruq düyünlənib, çölə atdı düşmənləri,

Mərd başqanı olan xalqın heç vaxt olmaz dərdi-səri.

 

Bu arxalı köpəklərin, arxasını xar eylədi,

Bu zəfəri, qələbəni, yer üzünə car eylədi.

 

Həm siyasi, həm mənəvi Türkiyə də dəstək oldu,

44 günlük bu qələbə, çoxlarına örnək oldu.

 

Bu dostluğu qoy var olsun İlham ilə Ərdoğanın,

Məzarları nurla dolsun igidləri nər doğanın.

 

 

Seyid Əsgər MÜZƏFFƏROĞLU

Azərbaycan Yazıçılar Birliyinin üzvü

 

 

525-ci qəzet.- 2021.- 23 sentyabr.- S.11.