Hərbçi peşəsini şərəfləndirən
peşəkar zabitimiz
Azərbaycanın hərb tarixində xüsusi yeri olan
Zaqatalamızın adlı-sanlı, yüksək nüfuza
malik hərbçiləri çox olub. Azərbaycanlı
kimi general-leytenant rütbəsinə yüksələn ilk hərbçi
də məhz rayonumuzun Tala kəndindən olan Balakişi
Ərəblinskidir. Görünür, onun qazandığı
yüksək nüfuz və hörmət sonradan
tanınmış hərbçilərin yetişməsində
bir örnək rolunu oynayıb. İkinci Qarabağ
müharibəsinin tarixi zəfərlə başa
çatmasında generalın yolunun layiqli
davamçıları olan, Taladan çıxan hərbçilərin
xidmətləri az olmayıb. Onların
arasında Vətən Müharibəsi Qəhrəmanları adına layiq görülüb,
"Qarabağ" ordeni, çoxlu sayda medallarla təltif
olunmuş talalılarla hamımız fəxr edirik. Bu igid hərbçilərimiz sırasında bir nəfər
var ki, onun haqqında ayrıca danışmağa böyük
ehtiyac var.
Şəxsən mən onu tanıyandan sonra ordumuzda belə
yüksək vətənpərvərlik hisslərinə malik,
seçkin, ləyaqəti və təvazökarlığı
ilə diqqəti cəlb edən zabitimizin olması ilə fəxr
və qürur hissi keçirdim. Azərbaycan Ordusunun
yüksək peşəkarlığa malik zabiti, Xüsusi Təyinatlı
Qüvvələrin polkovnik-leytenantı Səfər Qurbanov
haqqında uzun müddət yazmaq istəmişik, lakin o, buna
razılıq verməyib. İndi bu
yazıya başlayarkən mənə tam aydın olur ki, Səfər
haqlıymış. Bir şərəfli və
ləyaqətli zabit kimi o, məhz bu tarixi Qələbəmizi,
torpaqlarımızın düşmən işğalından
azad olunmasını gözləyirdi. Bu tarixi
missiyanın yerinə yetirilməsində onun da komandir kimi xidmətləri
az olmadı.
Bəzən öz peşəsini ideal dərəcədə
yerinə yetirən, onu bütün varlığı ilə
yaşayan birisini görəndə deyirik ki, az-az da olsa belə
insanlar anadangəlmə bu cür doğulurlar. Azərbaycan
Ordusunun say-seçmə zabiti Səfər Qurbanov onlardan
biridir. Burada bir neçə fərqli cəhət
var. Əvvəla Səfər hərbçi ailəsində
doğulub. Atası Qurban Qurbanov Sovet
ordusunda uzun müddət xidmət edib, polkovnik rütbəsinədək
yüksəlib, hərbi hissə komandiri olub. Səfərin uşaqlığı demək olar ki, əsasən
hərbi hissələrdə keçib, əsgərlərlə
və zabitlərlə daima ünsiyyətdə olub, hərbi həyatın
nə olduğunu uşaq ikən hiss edib. Və
uşaq ikən bu peşəni nə qədər qəribə
səslənsə də, sevib, həyatını sevə-sevə
hərbçi peşəsinə həsr edib. Minlərlə hərbçimiz kimi Səfər
Qurbanovun da hərb sahəsinə gəlişi Qarabağda gedən
qanlı savaşlar dövrünə təsadüf edib.
1992-ci ilin sentyabr ayında Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olanda onun 14
yaşı tamam olmuşdu. Səfər liseydə çox az bir vaxtda hamının diqqətini
özünə cəlb edə bildi. Liseyin rəhbərliyi
bu gəncdə olan qabiliyyət və bacarığı, hərbçiyə
məxsus keyfiyyətləri qiymətləndirərək onu təhsilini
davam etdirmək üçün Türkiyə
Respublikasının İzmir şəhərindəki hərbi
liseyə göndərdi. Səfər müstəqillik
illərində qardaş ölkədə hərbi təhsil alan ilk yeniyetmələrimizdən biri idi.
Dörd il ərzində liseydə təhsil
alan Səfər burada da hamı tərəfindən sevilən
bir öyrənci idi. Ailəcanlığı
uşaqlıqdan onun ruhuna hakim kəsilmişdi. Atası söhbətlərimizin birində demişdi
ki, o, aldığı təqaüd hesabına məzuniyyətə
gələndə ona gödəkçə alıb gətiribmiş.
Qardaş
Türkiyədə ilk hərbi təhsilini başa vurduqdan
sonra Səfər Qurbanov ali hərbi təhsil
almaq üçün 1997-ci ilin avqust ayında bu ölkənin
Kara Harb Okuluna daxil olur və 2001-ci ildə həmin məktəbi
motoatıcı ixtisası üzrə böyük müvəffəqiyyətlə
bitirir. Məlum olduğu kimi, Türkiyə
Ordusu NATO-nun ən güclülərindən biri hesab olunur.
Azərbaycandan hərbi təhsil almağa gələnlər
müasir hərbi peşənin sirlərinə, dünya
standartları səviyyəsində biliklərə yiyələnərək
ordumuzun sıralarına qayıdırdılar. Bu iti zəkalı, vətənsevər gənc zabitlərin
gəlişi ilə ordumuzda gedən yenilənmə proseslərinə
sanki bir yeni nəfəs gəlirdi. Səfər
Qurbanovun bir zabit kimi bilik və bacarığı, müasir
döyüş taktikasına yiyələnməsi, mətinliyi
gələcəkdə ordu komandanlığının
perspektiv planlarının icrasında lazım gələ bilərdi.
Bunu nəzərə alaraq onu 2001-ci ilin sentyabr
ayında Türkiyə Respublikasının İstanbul şəhərindəki
Təlim Tədris Mərkəzinə dinləyici kimi
yollayırlar. Burada təhsilini
tamamladıqdan sonra Səfər Qurbanov ordumuzun ən elitar və
güclü növü olan Xüsusi Təyinatlı Qüvvələrdə
xidmətə başlayır.
Səfər
Amerika Birləşmiş Ştatlarında 1 il
6 ay Texas ştatında San Antoniya şəhərində xarici
dillər universitetində təhsil alıb. O, Corciya
ştatının Kolumbus şəhərində Xüsusi Təyinatlı
Kursunu (Ranger), yüksək hazırlıqlı kursu bitirən
ilk zabitlərimizdəndir. Yüksək hazırlıqlı
zabit kimi Səfər Qurbanov türk, ingilis, rus dillərində
sərbəst danışmağı bacarır.
Ordumuzun ən hazırlıqlı və
döyüşkən qüvvəsi olan Xüsusi Təyinatlı
Qüvvələrimiz düşmənin vaxtaşırı təxribatlarının
qarşısının alınmasında, müxtəlif
xüsusi tapşırıqların yerinə yetirilməsində
daima şücaət göstəriblər. Hamımız
2016-cı ilin Aprel döyüşlərini yaxşı
xatırlayırıq. Azğın
düşmən təxribat törədərək Lələtəpə
istiqamətindən ordumuzun mövqelərinə hücuma
keçmişdi. Dörd gün davam edən
döyüşlərdə xüsusi təyinatlılarımız
böyük qəhrəmanlıq göstərərək erməni
qüvvələrini darmadağın etdilər, çox vacib
sayılan Lələtəpə yüksəkliyini azad etdilər.
Döyüşlərdə fərqlənənlərdən
biri də Səfər Qurbanov idi. Aprel
döyüşlərində o, uzun illər bir yerdə xidmət
keçən çox dəyərli dostlarını itirdi.
Xüsusilə Azərbaycanın Milli Qəhrəmanı,
polkovnik Murad Mirzəyevin şəhid olması onu çox
sarsıtdı. Axı, onlar Türkiyədə
bir yerdə hərbi təhsil almışdılar, çox
saylı xarici ölkələrdəki təlimlərdə
birgə iştirak etmişdilər. Onlar ən yaxın
dost, həm də sirdaş idilər.
2020-ci ilin sentyabrın 27-də düşmənin
növbəti təxribatının qarşısının
alınmasıyla başlayan İkinci Qarabağ müharibəsi
Azərbaycan Ordusunun, əsgər və zabitlərimizin qəhrəmanlığını
bütün dünyaya sübut etdi. Bu müharibə
dünya hərb tarixində ilk dəfə yeni
texnologiyaların, taktikaların tətbiqi ilə yaddaşlarda
qaldı. Müzəffər Ali Baş Komandan İlham
Əliyevin sərkərdəlik məharəti, ordumuzdakı
sonsuz ruh yüksəkliyi, döyüşçülərimizin
hamını heyrətə gətirən qorxmazlığı
və cəsarəti 44 gün ərzində Ermənistan
ordusunun tamamilə darmadağın olunmasını, işğalçıların
torpaqlarımızdan qovulmasını, Qarabağın
işğaldan azad olunmasını təmin etdi. Tarixi Zəfərin qazanılmasında Xüsusi Təyinatlı
Qüvvələrimiz müstəsna xidmətlər göstərdilər.
Ən çətin, bəzən mümkünsüz
görünən tapşırıqları böyük
müvəffəqiyyətlərlə yerinə yetirən
xüsusi təyinatlılar adətən döyüşlərin
ön sıralarında yer alırdılar, mənfur
düşmənin əsl kabusuna çevrilirdilər.
Torpaqlarımızın erməni işğalından azad olunması əməliyyatlarının idarə olunması özü-özlüyündə dünya hərb tarixində yeni bir hadisə idi. Məlum məsələdir ki, İkinci Qarabağ savaşında döyüş əməliyyatlarına müasir hərbi biliklərə yiyələnmiş, zəngin təcrübəli zabitlərimiz rəhbərlik edirdilər. Belə yüksək peşəkar zabitlərdən biri polkovnik-leytenant Səfər Qurbanov idi. Əfsanəfi komandir, general Hikmət Mirzəyev ona yüksək etimad göstərirdi. Söhbətlərimizin birində Şuşa əməliyyatından qısaca danışdıq. Səfər Qurbanov bildirdi: "Bu gün bütün dünya bu əməliyyatın unikallığından geniş bəhs edir. Fəxr edirəm ki, komandirim, general Hikmət Mirzəyevlə birlikdə bu əməliyyatın hazırlamasında, uğurla icrasında iştirak etmək mənə də nəsib olub. Biz Qarabağı demək olar ki, 30 ilə yaxın bir müddətdə işğalda saxlayan, möhkəm istehkamlar quran, hər yerdə əlverişli mövqelərdə qərarlaşan düşməndən şücaətimizlə, Vətənimizə olan sonsuz sevgimizlə, qanımız və canımız bahasına azad etdik. İnanın ki, 18-20 yaşındakı gənc əsgərlərimizin elə qəhrəmanlıqlarının şahidi olmuşam ki, bunu sadəcə sözlə ifadə etməyə çətinlik çəkirəm. Bir zabit kimi Vətən müharibəsindəki gördüklərim məndə tam bir əminlik yaratdı ki, Azərbaycan Ordusunun döyüş qüdrəti və inanılmaz dərəcədə artan peşəkarlığı qarşısında heç bir düşmən tab gətirə bilməz. Biz qalib ordunun yenilməz əsgər və zabitləriyik".
Hərbidə komandirin sədaqətliliyi ən vacib keyfiyyətlərdən sayılır. Bu baxımdan Səfər Qurbanov çoxlarına nümunə ola bilər. Müharibə başa çatandan sonra qısa müddətə valideynlərinə baş çəkməyə gələn Səfər Qurbanov keçmiş döyüşçülərinin, xüsusi təyinatlıların şəhidlərinin ailələrinə baş çəkməyi özünə borc bildi. Həmin vaxt söhbətimiz zamanı ürək yanğısı ilə bildirdi ki, rayonumuzdan olan Vətən Müharibəsi Qəhrəmanları, şəhidlər - mayor Şıxəmir Qurbanov, kapitan İsmayıl Səmədov və baş leytenant Valeh Bədəlov ordumuzun ən seçilmiş zabitləri, gələcəkləri parlaq olan hərbçilərimiz idi. Onların ikisi - İsmayıl Səmədov və Valeh Bədəlov Səfər Qurbanovun yetişdirdiyi, bir dost və qardaş qədər yaxın bildiyi zabitlərimiz olmuşlar.
Fəxrimiz, polkovnik-leytenant Səfər Qurbanovun Vətən müharibəsindəki qəhrəmanlığı və döyüşləri məharətlə idarə etmək bacarığı Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək qiymətləndirilmişdir. Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa olunması zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərmiş Qurbanov Səfər Qurban oğlu "Qarabağ" ordeni ilə təltif olunmuşdur. Bundan əlavə, onun sinəsini "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" və s. medallar bəzəyir.
Hərbçi peşəsini keçdiyi nümunəvi xidmətlə şərəfləndirən, zabit kimi ləyaqəti və şəxsiyyəti ilə ürəklərimizdə sevgi ünvanı quran əzizimiz Səfər Qurbanov Vətən qarşısında xidmətini bu gün yenə əzmlə və sevgi ilə davam etdirir. Həyatda və döyüşlərdə çox zirvələri fəth edən zabitimizə Allahın qismətiylə general rütbəsinə yüksəlməyi arzulayırıq.
İbrahim
BƏXTİYAROĞLU,
"Zaqatala"
qəzetinin redaktoru
525-ci qəzet.- 2021.- 23 sentyabr.- S.13.