Əbədiyyətdəki əziz ünvanlarımız

 

 Şəhidlər ölməz, Vətən bölünməz!

 

 

Həyat nə qədər şirin olsa da, ölüm heç bir insan övladının qaça bilməyəcəyi tale yazısıdır. Amma Allah qatında seçilmiş elə insanlar var ki, onlar ölmür, cismən bu dünyanı tərk edib, ruhən Yaradana - əbədiyyətə qovuşurlar. Ölümlərin ən şərəflisi də deyirlər buna. Bu, müqəddəs şəhidlik zirvəsidir ki, hər kəsə qismət olmaz.

 

Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə sentyabr ayında başlanan və 44 gün davam edən Vətən müharibəmiz 30 ilə yaxın erməni işğalında olan torpaqlarımızın, Qarabağın azadlığıyla nəticələndi.

 

Müharibə varsa, şəhid də var, qazi də, itkin də... Nə yazıq ki, bu müharibəmiz də qurbanlarsız ötüşmədi. Azərbaycanın üç minə yaxın qəhrəmanı torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucaldı, minlərlə igid qazi adını qazandı. "525-ci qəzet" olaraq bu layihəmizdə mütəmadi şəkildə hissə-hissə həmin igidlərimizi oxucularımıza tanıtdıracağıq. Hər biri bir qəhrəmanlıq dastanı olan bu həyatlarla qürur duyur, onları unutmayacağımıza, unutdurmayacağımıza söz veririk! Allah hər birinə rəhmət eləsin!

 

P.S. Bu layihəmizə dəstək olmaq üçün ətrafınızda tanıdığınız, bildiyiniz şəhidlər varsa, həyat yoluna güzgü tutmaq məramı ilə müəllifin göstərilmiş e-mail ünvanıyla əlaqə saxlaya bilərsiniz!

 

***

 

 

 

Rəşad Babək oğlu Eyvazov 20 iyul 2002-ci ildə Astara rayonunun Pəlikəş kəndində anadan olub.

 

Azərbaycan Ordusunun əsgəri olan Rəşad Eyvazov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində iştirak edərək Füzulinin, Cəbrayılın və Xocavəndin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşub. O, 19 oktyabr 2020-ci ildə Füzuli istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhidlik zirvəsinə yüksəlib.

 

Rəşad Eyvazov şəhadətindən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.

 

***

 

 

 

Güləddin Zəfər oğlu Şahbabayev 2001-ci il mayın 21-də Şabran rayonunun Düz Bilici kəndində anadan olub.

 

Azərbaycan Ordusunun əsgəri olan Güləddin Şahbabayev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və oktyabrın 17-də Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Şabran rayonunda dəfn olunub.

 

Güləddin Şahbabayev şəhadətindən sonra "Vətən uğrunda" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.

 

***

 

 

 

Heybullah Məzahir oğlu Əsdiyev 1993-cü il oktyabrın 14-də Balakən rayonunun Qaysa kəndində anadan olub.

 

2000-2011-ci illərdə Qaysa kənd tam orta məktəbində təhsil alıb.

 

2011-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2011-2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin N saylı hərbi hissəsində xidmət edib.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Heybullah Əsdiyev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

 

O, oktyabrın 16-da Suqovuşan döyüşləri zamanı şəhid olub. Balakən rayonunun Qaysa kəndində torpağa tapşırılıb.

 

Heybullah Əsdiyev şəhadətindən sonra "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

 

***

 

 

 

Harun Məhəmməd oğlu Alqayev 1992-ci il iyulun 14-də Balakən rayonunun Gərəkli kəndində anadan olub. 1998-2006-cı illərdə Balakən şəhərində İ.Nəsimi adına 2 nömrəli tam orta məktəbdə, 2007-2010-cu illərdə Heydər Əliyev adına Hərbi Liseydə, 2010-2014-cü illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb.

 

2014-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin N saylı hərbi hissəsində xidmət edirdi. 2015-2016-cı illərdə Taqım Komandirinin müavini, 2016-cı ildən isə Taqım Komandiri vəzifəsində xidmət edib.

 

Azərbaycan Ordusunun baş leytenantı olan Harun Alqayev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və oktyabrın 15-də Füzuli döyüşləri zamanı şəhidlik zirvəsinə ucalıb. Balakən şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.

 

Harun Alqayev şəhadətindən sonra "Vətən uğrunda", "İgidliyə görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

***

 

 

 

Vüsal Qüdrət oğlu Məmmədov 3 iyun 1990-cı ildə Füzuli rayonu Musabəyli kəndində anadan olub. 1993-cü ildə Füzuli rayonunun işğalı ilə əlaqədar ailəsi ilə birlikdə Sabirabad rayonuna köçüb. 1997-ci ildə Qalaqayın kənd köçkün düşərgəsində yaşayıb və Zəngilan rayon tam orta məktəbində ibtidai təhsil alıb. 2010-cu ildə  Füzuli rayon Zobucuq qəsəbəsində 26 saylı tam orta məktəbdə təhsilini başa vurub. Həmin ildə də Füzuli rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.

 

Hərbi xidmət illərində - 2011-ci ildən 2012-ci il yanvar ayının 2-nə qədər N saylı hərbi hissədə Mühafizə təchizat taborunda baş atıcı vəzifəsində, daha sonra eyni hərbi hissənin 2-ci taborunda manqa komandiri vəzifəsində xidmət edib, xüsusi xidmətlərinə görə dəfələrlə təşəkkür və fəxri fərmanlarla təltif olunub.

 

Hərbi xidmətini başa vurduqdan sonra yenidən 22.08.2014-cü ildən 03.01.2015-ci ilə qədər N saylı hərbi hissənin müddətdən artıq həqiqi hərbi qulluqçusu kimi ordu sıralarına könüllü qayıdıb. Dəniz piyada taborunun 2-ci bölüyündə Matros manqa komandiri vəzifəsində xidmət edib.

2015-ci ildən N saylı hərbi hissənin nəzdində olan Xüsusi Təyinatlılar kursunda təlim alıb. Həmin ilin avqust ayın 24-də SQ BQR-nin əmri ilə N saylı hərbi hissədə Xüsusi Təyinatlı dəstənin (sualtı müdafiə) Dalğıc kəşfiyyatçısı vəzifəsinə təyin olunub. O, həmin hərbi hissədə miçman rütbəsini alıb.

 

2016-cı ildə Aprel döyüşlərində fəal iştirak edib. 2019-cu ilin iyul ayından N saylı hərbi hissənin 1-ci Xüsusi Təyinatlı Dəstənin (sualtı hücum) Xüsusi Təyinatlı qrupun dalğıc-kəşfiyyatçısı vəzifəsində xidmət edib.

 

27 sentyabr 2020-ci ildə - Vətən müharibəsi başlayan tarixdən ön cəbhədə gedən döyüş əməliyyatlarına qatılıb, işğal altında olan torpaqlarımızın azad olunmasında fəal iştirak edib. Cəbrayıl, Qubadlı uğrunda gedən döyüşlərdə xüsusi şücaət göstərib və 12 oktyabr 2020-ci ildə şəhidlik zirvəsinə yüksəlib.

 

Ailəli olan şəhidimizin şəhadətindən sonra oğlu - Hüseyn dünyaya gəlib.

 

Vüsal Məmmədov şəhadətindən sonra "Vətən uğrunda", "Füzulinin işğaldan azad olunması", "Cəbrayılın işğaldan azad olunması" medalları və "Qarabağ" ordeni ilə təltif olunub.

 

***

 

 

 

Fəqan Amil oğlu Zalov 1997-ci il aprelin 1-də Amil və Səridə Zalovların ailəsində, Sabirabad rayonunun Qalaqayın kəndindəki qaçqın düşərgəsində anadan olub. Əslən Füzuli rayonunun Aşağı Güzlək kəndindəndir. Ailədə üç uşaq olublar - Fəqan, qardaşı Nicat və bacısı Gültəkin. Qardaşı Nicat Zalov da İkinci Qarabağ müharibəsində iştirak edərək yaralanıb.

 

Fəqan 2003-2007-ci illərdə Füzuli rayon Babı kənd orta məktəbində təhsil alıb. 2010-2014-cü illərdə Sumqayıt şəhərində yerləşən Qubadlı rayon Alı Mustafayev adına Zilanlı kənd tam orta məktəbində təhsilini davam etdirib.

 

Azərbaycan Ordusunun Artilleriya Qoşunlarının əsgəri olan Fəqan Zalov 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində gedən Aprel döyüşlərində vuruşaraq fərqlənib. Sonra Azərbaycan Hərbi Dəniz Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu matrosu olub.

 

Azərbaycan Ordusunun Su Altı Hücum (SAH) Xüsusi Təyinatlı Qüvvələrinin kiçik miçmanı olan Fəqan Zalov İkinci Qarabağ müharibəsində Cəbrayılın, Füzulinin, Qubadlının, Hadrutun və Xocavəndin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşub. Sağ dizinin bir az yuxarı nahiyəsindən yaralanıb. Həkimlərin israrına baxmayaraq, əməliyyatdan imtina edib, eyni zamanda, ona verilən 15 günlük məzuniyyətin 5 gününü götürüb. Beş gündən sonra döyüşlərə qatılıb. Qayıtdıqdan sonra Xocavəndin azadlığı uğurunda gedən döyüşlərdə savaşıb və 9 noyabr 2020-ci ildə üçtərəfli bəyanatın imzalanmasından 6 saat əvvəl Xocavənd istiqamətində gedən döyüşlərdə ağır yaralanaraq şəhidlik zirvəsinə yüksəlib.

Fəqan Zalov şəhadətindən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülüb və "Cəbrayılın azad edilməsinə görə", "Füzulinin azad edilməsinə görə", "Xocavəndin azad edilməsinə görə", "Qubadlının azad edilməsinə görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.

 

***

 

 

 

Zaur Mübariz oğlu Ələsgərli 1995-ci il martın 5-də Tovuz rayonu Çeşməli kəndində Mübariz və Vəfa Ələsgərlilərin ailəsində anadan olsa da, Sumqayıt şəhərində yaşadığı üçün hər yerdə Sumqayıtda doğulduğu yazılıb.

 

2001-2004-cü illərdə Sumqayıt şəhərində 13 nömrəli tam orta məktəbdə, 2004-2012-ci illərdə isə Hacı Zeynalabdin qəsəbəsində 19 nömrəli tam orta məktəbdə təhsil alıb. Çox zəhmətkeş uşaq olan Zaur 7-ci sinifdə oxuyandan tətil vaxtı restoranda işləyərək evə kömək edib.

 

2013-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətini Fəxri fərman və tərifnamə ilə başa vurur. Vətənə bağlılığından, sevgisindən Zaur hərbçi olma qərarına gəlir və əsgərlikdən gələndən sonra hərbiyə işə düzəlir.

 

2016-2018-ci illərdə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin, 2018-ci ildən isə Xüsusi Təyinatlı Qüvvələrin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olub.

 

2017-ci il 20 avqust tarixində özünün sevib-seçdiyi Vəfa xanımla ailə həyatı quran Zaurun bu izdivacdan 2018-ci il 26 avqustda Ayxan adlı oğlu dünyaya gəlib. O, körpənin üzünü görmədən təlimə gedib.

 

Azərbaycan Ordusunun Su Altı Hücum (SAH) Xüsusi Təyinatlı Qüvvələrinin giziri olan Zaur Ələsgərli 2020-ci il sentyabrın 27-  başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Qubadlının və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və oktyabrın 31-də Xocavənd döyüşləri zamanı şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər xiyabanında dəfn olunub. Noyabrın 1-də Ələsgərlilər ailəsində iki dəfn mərasimi olub. Zaurun ata babası və Zaur eyni gündə torpağa tapşırılıblar.

 

Azərbaycan 44 günlük müharibədə doqquz miçman şəhid verib, onlardan biri Ələsgərli Zaur Mübariz oğludur.

 

Ailəli olan şəhidimizin Ayxan və Ayaz adında 2 oğlu yadigar qalıb.

 

Anası Vəfa xanım deyir: "Zaur müharibədə olanda bizə zəng edirdi. Lakin biz onun döyüşdə olduğunu bilmirdik, bizə narahat olmayın, mən Gəncədəyəm, inşallah, hər şey yaxşı olacaq, tezliklə gələcəm deyirdi. Hər dəfə oğlu Ayxana isə deyirdi: "Ata gedib sənə maşın alsın, gələcək". Ayxan da səbirsizliklə atasının gəlməyini gözləyirdi.

 

Zaur şəhid olanda gəlinim Vəfa ikinci oğlunun dünyaya gəlməsini gözləyirdi. O, bu hadisədən bərk sarsıntı keçirdi. 2021-ci il yanvarın 25-də Zaurun ikinci övladı dünyaya gəldi. Zaur hələ müharibədə olanda zəng edib doğulacaq oğlunun adını Ayaz qoymuşdu.

 

Hələ Ayaz doğulmamışdı, Zaur yuxuda mənə demişdi ki, ana, ağlama, Ayaz doğulacaq, o, mənə çox oxşayacaq. Təsəllini Ayazda taparsan. Həqiqətən belə oldu. Ayaz atasına çox oxşayır".

 

Zaur Ələsgərli  şəhadətindən sonra "Qarabağ" ordeni, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə"  medalları ilə təltif edilib.

 

***

 

 

 

Abas Cavad oğlu Şahbazov 1996-cı il noyabrın 13-də İmişli rayonunun Qulubəyli kəndində anadan olub.

 

Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olan Abas Şahbazov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və oktyabrın 5-də Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

 

Abas Şahbazov şəhadətindən sonra "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.

 

***

 

 

 

Abdurahman İsrafil oğlu İsrafilov 1991-ci il iyunun 11-də Zaqatala rayonunun Qımır kəndində anadan olub. 1997-2008-ci illərdə İ.Məmmədov adına Qımır kənd tam orta məktəbində təhsil alıb.

 

Məktəbi müvəffəqiyyətlə bitirməsinə baxmayaraq, Abdurahman təkidlə hərb yolunu seçib. O, 2009-cu ildə kənd tam orta məktəbini bitirdikdən sonra bir müddət təsərrüfat işlərində valideynlərinə yaxından kömək edib və Abdurahman 2009-cu ilin iyul ayında Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılıb. Abdurəhman İsrafilov 2009-2011-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında hərbi xidmətini cəbhə bölgəsi olan Füzuli rayonunda döyüş mövqelərində keçirib.

 

2011-2016-cı illərdə Sərhəd Qoşunlarının, 2019-cu ildən isə Quru Qoşunlarının sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olub. Onun böyük qardaşı Elşən və əkiz qardaşı Abdulla da MAXE kimi xidmət ediblər. 1979-cu il təvəllüdlü Elşən birinci olaraq hərb yolunu seçib. Orta məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra Azərbaycanın Silahlı Qüvvələrində xidmət edib. Əsgərliyi başa vurandan sonra isə müddətli hərbi xidmət üçün müqavilə bağlayaraq (MAXE) hərbi qulluqçu kimi Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində davam etdirib. 3 övlad atası olan Elşən hazırda baş gizirdir. O, da İkinci Vətən müharibəsində iştirak edib, düşmən üzərində qələbə qazanılmasında böyük rolu olub. Abdulla isə cəbhə bölgəsi Füzuli rayonunda həqiqi hərbi xidməti başa vurduqdan sonra Daxili Qoşunların Gəncə şəhərində yerləşən hərbi hissəsində 2 il müqavilə əsasında MAXE kimi xidmət edib. Abdulla İsrafilov xəstəliyi ilə əlaqədar hərbi qulluğunu yarımçıq qoyub.

 

Abdurahman 2018-ci ilin 12 oktyabr tarixində Jalə adlı xanımla ailə həyatı qurub.

 

Azərbaycan Ordusunun baş çavuşu olan Abdurahman İsrafilov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və oktyabrın 22-də Qubadlı döyüşləri zamanı şəhid olub. Zaqatala rayonunda dəfn olunub.

 

Ailəli olan şəhidimizin şəhadətindən 10 gün öncə dünyaya gələn və üzünü görmədiyi Nilay adında bir qızı Vətənə əmanət qalıb.

 

Abdurahman İsrafilov şəhadətindən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

***

 

 

 

Ağabala İlqar oğlu Ağayev 3 mart 1997-ci il tarixində Şabran rayonunun (o vaxtlar Dəvəçi adlandırılırdı) Çölquşçu kəndində anadan olub. Orta təhsilini həmin kənddə alıb.

 

Ağabala Ağayev 2015-ci ildə hərbi xidmətə yollanıb. Kiçik çavuş olan Ağayev tərxis olunduqdan sonra MAXE hərbi qulluqçusu kimi xidmətini davam etdirib.

 

O, 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində savaşıb. Ağabala Ağayev Füzulinin və Cəbrayılın azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edərək oktyabrın 13-də, 23 yaşında Füzuli-Cəbrayıl istiqamətində qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib. Oktyabrın 14-də Çölquşçu kəndində dəfn edilib.

 

Ağabala Ağayev şəhadətindən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

 

***

 

 

 

Anar Nadir oğlu Qorçuyev 1987-ci il yanvarın 4-də Qubadlı rayonunun Çardaqlı kəndində anadan olub. 1993-cü ildə Qubadlı rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsindən sonra Qorçuyevlər ailəsi Sumqayıt şəhərində yaşamağa başlayıblar.

 

1994-2005-ci illərdə Sumqayıt şəhər 9 nömrəli tam orta məktəbində orta təhsil alıb. 2005-2009-cu illərdə Azərbaycan Universitetində (AU) ali təhsil alıb.

 

2009-2010-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.

 

2017-ci ildə hərbi sahəyə olan marağı onu Hərbi Polisə gətirib çıxarır. Daha sonra 2020-ci ilin iyun ayında Ali hərbi məktəbə qəbul olan və Vətən müharibəsi başlananda könüllü olaraq ordumuzun sıralarına qatılan Anar Qorçuyev öncə xidmətdə olduğu döyüş bölgəsində yeni gətirilən gənc əsgərlərin təlimi, döyüş hazırlığı ilə məşğul olur.

 

Xidməti zamanı irəlidə döyüş getdiyindən gənc əsgərlərə də ehtiyac duyulur və onların da aktiv döyüş istiqamətinə aparılma vəziyyəti yaranır. Leytenant Anar Qorçuyev qərara alır ki, öz bölüyü ilə döyüşə girsin. Hərbi hissədə ona bildirilir ki, sən getmə, sən gənc əsgərlərin təlimində lazımsan, özün də gənc, yeni gəlmiş zabitsən. Ancaq Anar Qorçuyevin israrlı təkid və xahişindən sonra ona döyüşə qatılmasına icazə verilir. Beləliklə, Anar Qorçuyev təlim keçdiyi əsgərlərlə Füzuli istiqamətində gedən döyüşlərə qatılır.

 

Azərbaycan Ordusunun leytenantı olan Anar Qorçuyev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və oktyabrın 7-də Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhidlik məqamına yüksəlib. Sumqayıt şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.

 

Ailəli olan şəhidimizin üç yaşlı qızı və şəhadətindən sonra dünyaya gələn bir övladı Vətənə əmanət qalıb.

 

Anar Qorçuyev şəhadətindən sonra "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.

 

***

 

 

 

Əhməd Nazim oğlu Məmmədov 1994-cü il avqustun 25-də Qazax rayonunun Fərəhli kəndində anadan olub. 2000-2009-cu illərdə K.Kərimov adına Fərəhli kənd tam orta məktəbində, 2009-2011-ci illərdə isə Qazax şəhərində F.Şamoyev adına 4 nömrəli tam orta məktəbdə təhsil alıb.

2012-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2014-cü ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.

 

Azərbaycan Ordusunun kiçik çavuşu olan Əhməd Məmmədov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhidlik məqamına yüksəlib. Qazax rayonunun Fərəhli kəndində dəfn olunub.

 

Əhməd Məmmədov şəhadətindən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

 

***

 

 

 

Əli İlqar oğlu Əhmədov 1993-cü il yanvarın 5-də Mingəçevir şəhərində anadan olub. Nişanlı idi. Qardaşı İslam Əhmədov da Vətən müharibəsində şəhid olub.

 

Kiçik çavuş Əli Əhmədov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşaraq ilk gün Tərtər-Laçın istiqamətində gedən döyüşlər zamanı şəhid olub və Mingəçevir şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.

Əli Əhmədov şəhadətindən sonra "Vətən uğrunda" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.

 

Onun qardaşı İslam İlqar oğlu Əhmədov 1994-cü il sentyabrın 19-da Mingəçevir şəhərində anadan olub.

 

MAXE kimi xidmət edən İslam Əhmədov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və sentyabrın 27-də Füzuli döyüşləri zamanı şəhid olub. O, sentyabrın 28-də Mingəçevir şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.

 

İslam Əhmədov şəhadətindən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

 

 

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2021.- 23 sentyabr.- S.14-15.