Şuşanın yolları...
Yollar xalça kimi uzanırdı. Yuxulu təxəyyülümdə
naxışlar bir-birini əvəz edir, sanki əriyərək
bir-birinə qarışırdı. Yatmaq
istəsəm də, bizi gözləyən o möhtəşəm
görüşün həyəcanı gözlərimi
yummağa imkan vermirdi. Hələ tanış
olmağa macal tapmadıım yol yoldaşlarımın səs-küyü
də yuxumu bir yandan qaçırırdı.
- Səhər
yeməyi! Düşürük - deyə bir səs düz
başımın üstündə
cingildədi.
Bir dəqiqə sonra artıq "Qonaq evi" adlanan
müasir bir tikilinin girişində növbəyə
dayanmışdım.
Sadə, evsayağı səhər yeməyi idi. Kəklikotulu
çay yuxumu qaçırıb məni özümə gətirdi.
Qarşıma düzülən naz-nemətlərə
əl də vurmadım.
Həyəcandan nəinki yemək yadıma
düşür, hətta heç nə eşidə bilmirdim.
Uzun süfrə arxasındakı mehriban dostluq mühiti
mənə Renuarın "Avarçəkənlərin səhər
yeməyi" adlı məşhur rəsm əsərini
xatırlatdı.
-
Doğrudan e, əsl avarçəkənlərdir, - deyə
düşündüm və elə o dəqiqə bu sətirlər
ağlıma gəldi:
...Sənin
fəxr etdiyin mərd oğulların
Yuxuma girmişdi bu gecə yarı.
Belə
bir xoş xəbər verdilər mənə:
Az
qalıb, mələklər çatacaq sənə...
Ağ qu quşları kimi cərgəyə
düzülmüş avtobuslar yenidən yola düzəldi.
Növbəti bir neçə saat tez
ötüşdü. Deyəsən, nəhayət, bir az
yuxuya gedə bilmişdim ki, kuratorun təntənəylə
söylədiyi
"Biz Qarabağdayıq", - sözlərinə
ayıldım.
Asfalt yol dərhal torpaq yolla əvəz olundu. Maşın
bizi elə atıb-tuturdu ki, elə bil at çapırdıq.
Hə də, Qarabağda atdan başqa nə sürəcəksən
ki?
Amma gördüyüm mənzərə poetik fikirlərimi
bir andaca alt-üst elədi.
Bayırda ucsuz-bucaqsız, minalanmış cansız
çöllər uzanırdı.
20-ci əsr
iblisinin səsi qulaqlarımda əks-səda verdi:
"Müharibənin nə əvvəli, nə də sonu
var". Bu minalanmış çöllər həmin
o mənfur sitatın təcəssümü idi. Hardasa buralarda elə o minalardan birinə düşüb
partlayan iki jurnalistin siması gözümün qabağına
gəldi.
Get-gedə gözlərimiz önündə bir-birindən
dəhşətli mənzərələr canlanırdı. Dağıdılmış,
yerlə-yeksan edilmiş kəndləri, yaşayış yerlərini
ötüb keçdikcə hiddətdən sanki donub
qalmışdıq. Gör bu yerlərdə
nə qədər insanlar ölüb, neçə-neçə
talelər yarımçıq qalıb. Amma yanıb
külə dönmüş torpaqların iniltisi, möcüzə
nəticəsində sağ qalmış beli bükük
ağacların fəryadı, ruhlara çevrilmiş şəhərlərin
ah-naləsi bütün sualları kölgədə qoyurdu...
Torpağın harayın duyursanmı sən?
Otlar da əl açıb göyə bir qarış.
Ağacların
beli bükülüb həmən
Hər kolun dilində dua, yalvarış.
Kül
olub sinəsi çölün-çəmənin
Fəryad səslərindən kar oluram mən.
Yenə sənin
səsin ayırır məni
Beynimi gəmirən düşüncələrdən.
Uğrunda
o qədər qanlar tökülmüş torpaqlar 30 il ərzində xarabazarlığa
çevrilmişdi. Zəbt etdikləri şəhər və
kəndləri, yüzlərlə tarixi abidələri
darmadağın edən, meşələri qırıb
tökən, təbiətə divan tutan, özlərini gah
Haykın, gah Nuhun törəmələri adlandıran vandallar
bu 30 ildə bir dənə də olsun ağac əkməyib, tək
bir daşı daş üstünə qoymayıb,
işğal etdikləri torpaqlarda bir addım da yol çəkməyiblər.
Ancaq gör bir nə qədər mina basdırıblar!..
Gördüyüm bu dəhşətli mənzərəni
telefonun kamerasına çəkmək istəsəm də, dərhal
başa düşdüm ki, yer üzündə heç bir
fotoşəkil, heç bir çəkiliş
Qarabağın, burada yaşamış insanların faciəsini
olduğu kimi əks etdirə bilməz. Şəkil hər
hansı kiçik bir anı, videoçəkiliş ancaq bir dəqiqəlik,
uzağı bir saatlıq bir hadisəni əks etdirir.
Amma canlı-canlı baxdığın zaman gözlərin
önündə bütöv bir ömür, bir həyat
canlanır...
Keçmiş, bu gün və gələcək. Bax, elə
indi də avtobusun titrəyişi, təkərlərin səsi
altında, pəncərədən görünən
maşınların, yol çəkən fəhlələrin
fonunda, qədim tarixi və memarlıq abidələrinin
dağıntıları arasında mən neçə-neçə
böyük şəhərləri təsəvvürümdə
canlandırırdım. Gerçəkdə
isə, uzaqdan artıq yeni hava limanı
görünürdü.
Biz Şuşaya yaxınlaşanda yağış səpələməyə
başladı.
Xeyir və uğur gətirəcəyinə
inandığım yağışa sonuncu dəfə nə
vaxt bu qədər sevindiyimi xatırlamıram...
Şuşam,
yağışınla haqladın bizi,
Yoxsa sevincdənmi dolubdur gözün?
Yenidən
titrədi tarın simləri,
Susmuş ocaqların ötdü dilləri.
Yenə
doğmaların səsi ucaldı,
O uzaq
günləri yadıma saldı,
Orda əcdadların
ruhu yatırdı,
Xan qızının şeiri at oynadırdı.
Yağış səngidi. Göyün
üzü açıldı. Biz
yuxarı, əzəli arzumuza doğru qalxırdıq - əzəmətli
qayalarıyla qollarını bizə açmış
doğma Şuşaya doğru. Bu qayalar
dağların başında yerləşən şəhərini
əsrlərlə düşmən hücumlarından qoruyub.
On ay öncə, Şuşanı 28 illik əsirlikdən
azad edən qəhrəman oğullara öz nəhəng
çiyinlərilə dayaq duran da elə bu qayalardır.
Günəşin şəfəqlərində yuyunan
küçələrlə şəhərə daxil olduq.
Bizə donuq gözlərlə baxan yaralanmış qədim
evlər, eyvanları qanqrena olmuş ayaq kimi kəsilmiş
yanıq beşmərtəbələr səbirsizliklə təcili
yardım gözləyən xəstələrə bənzəyirdi. Bu fikirlərimi
sanki torpaq yolun altından dikəlib çıxan asfaltçəkən
maşınlar dəstəklədi. Təcili
yardım artıq yetişmişdi. Yolun hər
iki tərəfində dayanan işçilər gülərək
bizlərə əl eləyirdi.
Bir qədər irəlidə Sovet irsinin nümayəndəsi
sayılan "Qarabağ" mehmanxanasının təmkinlə
ucalan binası üzərində bərpa işləri
aparılırdı. Qarabağın rəmzi -
Xarıbülbül çiçəyinin, sanki uzun illərin
ayrılığından saçları ağarmış zərif,
gümüşü budağı binanın fasadını bəzəyirdi.
Hardansa
uzaq keçmişdən öz səsimi eşidirdim:
Quşların
cəh-cəhi burda nə vaxtsa
Aşıq nəğməsiylə birgə ötərdi.
Bilirdim hər
zaman mənimlə varsan,
Çiçək tək qəlbimdə daim bitərdin.
Əminəm,
gələcək nəsillərin də
Əbədi,
əzəli Vətənisən sən!
Nəhayət bizim maşın karvanımız
dayandı. Fərqli yaş təbəqələrindən olan,
müxtəlif ölkələrdən gəlmiş adamlar
avtobuslardan tökülüşdülər.
Bir neçə addım irəlilədikdən sonra
üzəri ensiz boz naxışlarla bəzənmiş
yamyaşıl örtüklü qayaların qoynunda uzanan
geniş bir düzənlik gördük. Sıldırım,
ürküdücü uçurumun kənarına aparan
böyük bir düzənlik.
Cıdır
düzü! - sərin dağ mehi
pıçıldadı...
Cıdır
düzü! - deyə ayağımız
altında xışıldayan otlar təsdiqlədi...
Yəqin
ki, 1752-ci ildə Şuşanın əsasını qoyan Pənahəli
xan gələcək şəhərin adını da məhz
bu yerdə qoymuşdu: Şuşa! Dupduru
bulaqların, sərin küləklərin səsilə cingildəyən,
dağ havası kimi tər-təmiz və şüşə
kimi şəffaf!
"Əziz Şuşa! Sən Azadsan!" Yeni,
azad Şuşanın qurucusu İlham Əliyevin kövrək
səsi eşidildi. Və bu yel qanadlı sözlər nəhayətsiz
çəmənliyin üzərində üçrəngli
bayraqla həmahəng dalğalanmağa başladı...
...Və
o nəfəs kəsən uçurumun kənarında, Canel
adlı o gözəl qızın ifa etdiyi skripkanın sədaları
altında mənim ən böyük arzum yerinə yetdi...
Bu dəm
qəlbimin ən gizli, saralmış vərəqlərindən
süzülən, sanki bu günləri hiss edərək
Qarabağa həsr etdiyim şeirimdən bir bənd hafizəmdə
canlandı:
Bilirəm,
tezliklə görüşəcəyik,
Sənin
nəfəsini hiss edirəm mən.
Yenə
şeirlərlə deyişəcəyik
Rəşidin nəğməsin söyləyəcəksən.
Əyri, döngəli küçələrlə gəzərək
gəlib bir meydana çıxdıq. Burada
Şuşanın üç korifey sənətkarının
-Xurşidbanu Natəvan, Üzeyir Hacıbəyov və
Bülbülün düşmən tərəfindən
güllələnib dəlik-deşik edilmiş büstləri
yanaşı qoyulmuşdu. Həmin bu
meydanın düz arxasında Xan qızı Natəvanın
sarayının dağıntıları
görünürdü. Bu böyük qadının
bütün varlığını həsr etdiyi torpağa səcdə
edə bilmək üçün illərdir ki, mən bu
görüşün arzusuyla yaşayırdım...
Bir ovuc quru torpağı götürüb gözlərimə
sıxmışdım ki, qəfil bir səs eşitdim. Düz
başımın üstündən pırıltıyla bir
quş uçdu. Mənim dünyamın üzərində
isə Xan qızının bu ölməz beyti
dolaşırdı:
Çağırram
allahımı hal, Natəvan ilə
Məgər
ki, tez verə həq düşmənə cəza, ey dust!
Azərbaycanın mədəniyyət qalasına səfərimizin zirvə nöqtəsi isə Yuxarı Gövhər ağa məscidinin ziyarəti oldu. Məscid qapılarının səmavi tağları sanki şəhidlərin ruhuna qoynunu açan cənnət qapılarının təcəssümü idi.
Məsciddən Şuşanın azadlığı uğrunda şəhid olmuş qəhrəmanlarımızdan birinin bizimlə birlikdə Şuşaya gələn kiçik qızının ağlamaq səsi eşidilirdi. O an qəlbimdən bir dua qopdu - bütün bu müsibətlərə qəhrəmancasına sinə gərmiş torpağa yönələn bir dua:
Sənsiz ötüb keçdi ömür nahaqdan,
Sadəcə səsini duydum uzaqdan.
Hər gün gözümüzdən qan yaş tökərək
Beləcə yaşadıq əzab çəkərək.
Bütün günahları atıb təkbətək,
Dartıb qandalları qıracaq ürək.
Xoş günlər görəcək qarşıda hələ,
Nə qədər yaralı olsa da belə.
Bakıya axşam, elə həmin yolla qayıdırdıq. Telefonun ekranı 17 avqust tarixini göstərirdi - Müslüm Maqomayevin doğum gününü. Pəncərədən göyə boylandım. Göy üzündə ulduzlar sayrışırdı. Qəlbimin səmasından isə Müslüm Maqomayevin ölməz nəğməsinin sədaları süzülürdü:
Ey əziz Anam, Azərbaycan!
Sənə bağlıyam, Azərbaycan!
Ömrümün mənasısan,
Qardaşlıq dünyasısan,
Anamın anasısan, Azərbaycan!
Leyla BƏYİM (Leyla BEGİM)
525-ci qəzet.- 2021.- 24 sentyabr.- S.11.