Azərbaycanın dünya
iqtisadiyyatına inteqrasiyasının sürətlənməsində
turizmin rolu
Dünyanın bir çox ölkələri üzrə
aparılmış tədqiqatlardan
aydın olur ki, xarici ticarət
əlaqələrinin genişlənməsi,
xüsusilə də ixracın artması ölkənin iqtisadi inkişafını stimullaşdırır. Bu səbəbdən də hər bir ölkə
dünya iqtisadiyyatına
inteqrasiya məsələlərinə
xüsusi diqqət göstərir və onun genişlənməsi istiqamətində zəruri
tədbirlərin reallaşdırılmasına
çalışır. Son illərin beynəlxalq
statistik rəqəmlərinə
əsasən, xarici ticarət əlaqələrinin
genişlənməsində əmtəələrlə yanaşı,
xidmətlərin beynəlxalq
mübadiləsinin rolu
artıb. Dünya üzrə
əmtəə və
xidmət ixracında xidmətlərin payı artmış və xidmətlərlə beynəlxalq
ticarətin artım sürəti əmtəələrlə
beynəlxalq ticarətin
artım sürətini
üstələmişdir. Xidmətlərlə beynəlxalq ticarətdə
ən önəmli sahə turizm xidmətləri hesab olunur.
Statistik
rəqəmlərə əsasən,
2019-cu ildə dünya
üzrə bütün
məhsul ixracında xidmətlər ixracının
payı 24,5 faiz olub. İnkişaf etmiş ölkələrə
nisbətən inkişaf
etməkdə olan ölkələrin ümumi
məhsul ixracında xidmətlər ixracının
payı daha yüksəkdir. Belə
ki, inkişaf etmiş ölkələrin
ümumi əmtəə
və xidmət ixracında xidmətlər
ixracının payı
20,9 faiz olmuşdursa, inkişaf etməkdə olan ölkələrdə bu rəqəm daha yüksək 29,3 faiz təşkil edib.
Bir sıra
xidmətlərin ticarəti
istehlakçı ilə
xidmət göstərən
arasında birbaşa reallaşdırıldığından əmtəə mübadilələrindən
fərqlənir. Xidmətlərin
təklifi (beynəlxalq
ticarəti) aşağıdakı
modellər üzrə
həyata keçirilir:
- Model 1. Xidmətlərin ölkə sərhədini
keçməklə mübadiləsi.
Bu model əmtəələrin
beynəlxalq mübadiləsi
ilə eynilik təşkil edir, yəni xidmət növü ölkə sərhədlərini keçməklə
ticarət edilmiş olur.
- Model 2. Xarici ölkədə istehlak etməklə mübadiləsi.
İstehlakçılar (misal üçün
turistlər və ya tələbələr)
ölkə sərhəddini
keçməklə xarici
ölkəyə səyahət
edir və həmin ölkədə müəyyən növ xidmətlərdən faydalanırlar.
- Model 3. Kommersiya iştirakı. Xidmət göstərənin
hər hansı bir nümayəndəliyinin
istehlakçının ölkəsində
fəaliyyət göstərməsi
və həmin ölkədə xidmət
göstərməsi bu
modelə aid edilir.
Model 4. Fərdi insanların hərəkəti.
Fərdi istehsalçının
(xidmət göstərənin)
ölkə sərhədini
keçərək başqa
bir ölkədə fəaliyyət göstərməsi
buna misal ola bilər.
Turizm ixracı
bir çox yollarla ölkə iqtisadiyyatına müsbət
təsir göstərir. Xarici turistlərin
ölkədə qaldıqları
müddətdə müəyyən
məqsədlər üçün
xərclədikləri maliyyə
vəsaiti həmin ölkə iqtisadiyyatına
xarici valyuta axınına səbəb
olur. Ölkədə turizmin fəaliyyəti
məqsədilə müvafiq
infrastruktur yaradılmalı
və bir sıra zəruri tikinti işləri həyata keçirilməlidir.
Bu istiqamətdə mühəndislər və
tikinti fəaliyyəti
ilə məşğul
olanlar müəyyən
miqdarda gəlir əldə edirlər, dövlət bu sektorla birbaşa və dolayı əlaqəsi olan vətəndaşların fəaliyyətlərinə
vergilər bağlamaqla
öz mədaxilini artıra bilir. Bəzi beynəlxalq tədqiqatlarda
bildirilmişdir ki, sürətli inkişaf tempinə malik turizm sektoru ölkədə zəruri
infrastrukturun formalaşdırılması
və gücləndirilməsilə,
habelə bu istiqamətdə müvafiq
investisiyaların cəlb
edilməsilə başqa
sektorların inkişafına
zəmin yaratmış
olur. Turizm məqsədilə yaradılan infrastrukturdan kənd təsərrüfatı
məhsullarının daşınmasında
istifadə edilir ki, bu da
ölkədə aqrar
sektorun inkişafına
təkan vermiş olur. Habelə turizm məqsədilə zəruri tikinti işlərinin aparılması
tikinti sektorunda yeni iş yerlərinin
yaranmasına və bu sahədə gəlirlərin artmasına
səbəb olur. Başqa bir tərəfdən isə xarici turistlərin ölkəyə
səfər etdikləri
zaman bir sıra məhsullar (ərzaq, nəqliyyat, qalmaq üçün yer və əyləncə
mərkəzləri) istehlak
etməsi həmin ölkənin iqtisadiyyatında
turizm ilə əlaqədar sahələrin
inkişafına töhfə
vermiş olur, bu sahələrdə istehsalın və gəlirlərin artmasına
səbəb olur.
Gəlirlərin artımı isə
öz növbəsində
vergilər və gömrük rüsumları
vasitəsilə dövlət
mədaxilinin artımını
təmin edir.
Hər bir ölkənin iqtisadiyyatında
ixracın önəmli
rola malik olması bir çox tədqiqatçılar
tərəfindən birmənalı
şəkildə vurğulanıb. Hazırkı şəraitdə bəzi
inkişaf etməkdə
olan ölkələrin
ixracında təbii ehtiyatlar və kənd təsərrüfatı
məhsulları əsas
paya malikdir, bu ölkələrdə turizm xidmətləri ixracının genişlənməsi
valyuta gəlirlərini
artırmaqla yanaşı,
iqtisadiyyatın xammal ixracı asılılığını
azaltmış olur.
Eyni zamanda, turizmin inkişafı nəticəsində
bu sektorun iqtisadiyyatın başqa sahələri ilə qarşılıqlı əlaqələrinin
genişlənməsi və
ölkədə istehsal
olunan məhsulların
turizm sektoru vasitəsilə istehlak edilməsi ölkənin idxalının azalmasına
və idxal üçün istifadə
olunacaq maliyyə vəsaitinin yerli sektorların inkişafı
məqsədilə sərf
edilməsinə şərait
yaradar.
Respublikamız müstəqilliyinin ilk dövrlərindən
etibarən dünya iqtisadiyyatına inteqrasiyaya
xüsusi diqqət göstərib və xarici ticarətin inkişafını ölkənin
iqtisadi inkişafının
əsası hesab edib. Bu məqsədlə uğurlu neft strategiyasının reallaşdırılması
bir sıra istiqamətlərdə olduğu
kimi dünya iqtisadiyyatına inteqrasiyada
əhəmiyyətli nəticələrin
əldə edilməsinə
səbəb olub.
Son illərdə respublikamızda ixracın
şaxələndirilməsi istiqamətinin prioritet hesab edilməsi bir çox strategiyaların və siyasətlərin həyata
keçirilməsinə zəmin
yaradıb. Reallaşdırılan tədbirlər nəticəsində
artıq ölkəmizin
dünya iqtisadiyyatında
təkcə təbii ehtiyatlar üzrə deyil, bir sıra
digər məhsullar üzrə ixtisaslaşmasına
şərait yaradıb
və ixracımızda
həmin məhsulların
payı durmadan artır. Belə əsas məhsullardan
biri turizm xidmətləri ixracıdır.
Statistik məlumatlardan aydın olur ki, respublikamızın
1995-2019-cu illər üzrə
əmtəə və
xidmətlər ixracında
böyük artım əldə edilib. 1995-ci ildə ölkəmizin
əmtəə və
xidmətlər ixracının
həcmi 784 milyon
ABŞ dolları olduğu
halda, 2019-cu ildə bu rəqəm 23 milyardan artıq olub. Eyni zamanda, 1995-2018-ci illər ərzində xidmətlər ixracı davamlı olaraq artıb, təkcə
2019-cu ildə azalma müşahidə edilir ki, bu da
dünyada mövcud olan pandemiya ilə əlaqədardır.
Habelə qeyd etmək lazımdır ki, 1995-ci ildə ümumi xidmətlərin ixracında turizm xidmətləri ixracı
40,6 faiz olduğu halda 2019-cu ildə artaraq 47,6 faiz və hətta
2015-2018-ci illərdə bu
rəqəm daha yüksək olub.
Ölkəmizin xidmətlər ixracı içərisində turizm
xidmətləri ən
böyük çəkiyə
malikdir. Lakin respublikamızın malik olduğu potensiala nəzər yetirdikdə turizm xidmətləri ixracında
daha böyük artımın mövcudluğu
nəzərə çarpır
və bir sıra əlavə tədbirlərin reallaşdırılması
nəticəsində ürəkaçan
mövqeyə yüksəlməsini
gözləmək olar.
Dünyanın bir çox ölkələrində aparılmış
tədqiqatlara əsasən
turizm xidmətlərinin
ticarətinə müsbət
təsir edən önəmli amillərdən
biri müvafiq infrastrukturun olmasıdır. Dünyanın bir sıra ölkələrinin
turizm xidmətləri
ixracında maneələri
əsasən müvafiq
infrastrukturun yoxluğu,
insan resursları sahəsində çatışmazlıq,
müasir texnologiyalardan
lazımi şəkildə
istifadə edilməməsi,
lazımi informasiyanın
yoxluğu və maliyyə ehtiyatlarının
azlığı ilə
bağlıdır.
Qeyd edilənlərdən aydın olur ki, bir çox ölkənin iqtisadi inkişafında turizm xidmətləri ixracının rolu böyükdür. Ölkəmizin malik olduğu potensiala əsasən ixracın şaxələndirilməsində, qeyri-neft sektorunun inkişafında və dünya iqtisadiyyatına inteqrasiyanın genişlənməsində bu sektorun inkişafı böyük önəm kəsb edir. Bu məqsədlə respublikamızda reallaşdırılan müvafiq strategiyalar, siyasətlər və tədbirlər turizm xidmətləri ixracında mühüm rol oynayıb. Lakin Azərbaycanda bu sektorun daha böyük inkişaf potensialını nəzərə alaraq bir sıra əlavə tədbirlərin reallaşdırılmasını məqsədəuyğun hesab edirik.
Turizm məqsədlərinin seçilməsinə önəmli təsir edən amillərdən biri müvafiq infrastrukturun gücləndirilməsidir. Hazırkı dövrdə dünya miqyasında turizm xidmətləri ixracı sahəsində güclü rəqiblərin olduğunu, bu sahənin böyük həcmdə investisiya ehtiyacını və ölkə iqtisadiyyatında yalnız bir sahəyə deyil, bir sıra sektorlara müsbət təsirini nəzərə alaraq dövlətin birbaşa iştirakını məqsədəuyğun hesab edirik. Dövlət müəyyən vergi güzəştləri tətbiq etməklə və lazımi subsidiyalar verməklə respublikamızın turizm xidmətləri ixracının artımına böyük təkan vermiş olar. Bundan başqa, turizm sektoru ilə əlaqədar sektorlar arasında yaranan əlaqələrin genişləndirilməsi sayəsində təklif edilən turizm xidmətləri, ətraf mühitin keyfiyyəti və qorunması olduğundan bu sahənin inkişafı təkcə bir sahənin deyil, eyni zamanda, firmaların, dövlətin və ictimai təşkilatların müştərək maraqlarına uyğundur. Beləliklə, həmin maraqlı tərəflərin birgə fəaliyyətinə şərait yaradan klasterləşdirmə qeyd edilən məqsədin reallaşdırılmasında önəmli təsir gücünə malikdir. Belə növ klasterlərin yaradılması və inkişafı dövlətin stimullaşdırıcı tədbirləri ilə reallaşdırıla bilər.
Günay ƏZİZOVA
Azərbaycan Dövlət İqtisad
Universiteti (UNEC)
525-ci qəzet.- 2021.- 24 sentyabr.- S.8.