Sözün düz
adamı
Əli bəy Azəri-55
Mətbuatda naşı deyiləm. Çap olunmağa
orta məktəb illərindən başlamışam.
Paytaxta baş alıb varmamın məğzində
mütaliə edib bəyəndiklərimin həmkarı
-jurnalist olmaq, ondan da əsas
- yazıçı, şair
kimi tanınmaq həvəsi dayanıb.
Bu arzunun ucundan
tutub çox çətinlikləri dəf
etmişəm. İlk cəhdlərim
uğursuz alınsa da, sonradan dövrü
mətbuatda məqalələrim,
şeir və hekayələrim, publisistik
yazılarım dərc
olunub. Azərbaycan Jurnalistlər və
Yazıçılar Birliklərinin
üzvüyəm. Qələm
əhli kimi ölkə daxilinə və xaricə səfərlərim də
az olmayb.
Bu gün çap
olunmaq problemi yaşamasam da, mətbuatı "külliyyatımla"
zəbt eləmək fikrindən uzağam.
Hər dəfə düşüncələrimi
ictimailəşdirmək istəyəndə
yüz yol götür-qoy edirəm, ağır məsuliyyətin
altına girməkdə
ehtiyatlı davranıram.
Həm də yazımın qəhrəmanı,
bu günlərdə
55 yaşını qeyd
edəcəyimiz Əli
bəy Azərinin rəhbərlik etdiyi "Xəzan" jurnalına hekayə və şeirlərimi çapa göndərəndə!..
Vətəndaş kimliyində sadəcə
Əli Rzaquliyev adı və soyadı qeyd olunmuş, çağdaş
Azərbaycan yaradıcı
mühitində həm
yazar, həm də naşir kimi tanınan Azərbaycan Yazıçılar
Birliyinin üzvü,
"Xəzan" jurnalının
təsisçisi və
baş redaktoru, dostumuz Əli bəy Azərinin ədəbi KİMliyinə
işıq salmaq haqqıma özümütanıdımla
ayaq verməyim oxucuya qəribə gəlməsin. Xalqımızın "dostunu tanıt,
deyim sən kimsən!" misalını
bilərəkdən belə
baş-ayaq nizama çəkməyim də
yaradıcı dostumun
orijinallığa meyilliliyinin
qarşılığı səbəbindəndir. Sözün
doğrusu, Əli bəy Azəri ilə dost da olmaq mənim üçün həm bir qədər çətin, həm bir o qədərdən çox asandır. Məsələ mənim bir neçə bahar böyük olmağımda deyil, sadəcə onun sadəliyində və səmimiyyətindədir. İstənilən və istənilməyən
yerdə və məqamda haqsızlığı
şax, çəkinmədən
üzə çırpa
bilər. Tezliklə də
günahını başa
düşənin könlünü
almağı bacarır.
Yaxud haqqında deyilən fikirlə (mənfi, ya müsbət) anındaca razılaşmaq
meylindən uzaqdır,
düşüncə süzgəcindən
keçirər, sakit,
yaxud çılğın
şəkildə münasibətini
bildirər. Cəmiyyətdəki hər hansı problemə, yaxud uğurlu perspektivə biganə qala bilmədiyindən, bu və ya digər
məsələ barədə
çox götür-qoy
etdiyindəndir ki, ən optimist qərar vermək bacarığı
ilə dostlarının
rəğbətini qazanıb.
Kini, küdurəti tez soyuyan hirs
və qəzəbindən
o yana keçmir.
Haşiyə: Azərbaycan Yazıçılar
Birliyi nəzdində sayı heç də az
olmayan zəngilanlı
yazarların təşkilatlanması
fikri çoxdandır
ki, hər ikimizin diskussiyasına çevrilmişdi. Hər dəfə
söz salır, sosial şəbəkələrdə
ağzına gələni
yazan və deyənlərə qarşı
müəyyən tədbirlərin
görülməsi haqqında
arzularımızı bəyan
edirdik. Ancaq konkret iş görməyə vaxt və məqam tapa bilmirdik. Nəhayət, yeni yaradılmış
AYB Qubadlı Regional Birliyi
tərkibində təşkilatlanmağa
razılaşdıq. Yadımdadır ki, təsis yığıncağına getməzdən
əvvəl aramızda
tam başqa bir məsələ ilə bağlı ciddi fikir ayrılığı
yarandı, mən sözümü deyib, necə deyərlər, otağı tərk elədim. Sabahısı gün 20 nəfərədək
Zəngilan qələm
əhlinin iştirakı
ilə keçirilən
tədbirdə kimin təşkilatlanmamıza rəhbərlik
edəcəyi təklifinə
hamı bir-birinin üzünə baxdı.
Bu vaxt Əli
bəy Azəri əlini qaldırıb tribunaya çıxdı və mənim namizədliyimi irəli sürərək fikrini əsaslandırmağa çalışdı.
Sözsüz ki, dünənki mübahisəmizi
xatırladıb bir xarakter kimi təqdir
etməklə!
Əli bəy Azəri oxuya-oxuya güclü qələmi olan yazara, yaza-yaza mükəmməl oxucuya, redaktə edə-edə təcrübəli naşirə doğru peşəkar yaradıcı insan ömrünü yaşayır. O, Azərbaycan tarixini dərindən öyrənib, hər bir dövrə dair, xüsusən torpaqlarımızın yadellilər tərəfindən zəbti ilə bağlı zəngin mənbə və tutarlı qaynaqlara söykənən faktlardan geniş və izahlı məlumat vermək, yazmaq bacarığına malikdir. Müasir Azərbaycan hərb tarixmizin həm iştirakçısı, həm də salnaməçisidir. Bir neçə kitabın müəllifi, almanaxın tərtibçisidir. Həyatı haqqında dövrü mətbuatda, sosial şəbəkələrdə məlumat bol olduğundan aşkar faktlara yer verməyərək, bu insanın güclü vətəndaş mövqeyinə malik ziyalı, eyni zamanda, çağdaş ədəbi mühitdə özünü və sözünü təsdiqləmiş qələm sahibi kimi dəyərli olduğunu vurğulamaq xüsusilə yerinə düşərdi. Əli bəy Azərinin həyatı onun nəsrində, hekayə, povest və romanlarında öz əksini tapıb. Publisistik düşüncələri təsisçisi və naşiri olduğu, oxucularının və müəlliflərinin coğrafiyası respublikamızın hüdudlarını aşan gözəl tərtibli və dərin mövzulu "Xəzan" jurnalının "Baş redaktordan" səhifəsində real hadisələr, aktual məsələlər barədə obyektiv mövqeyində oxucuya çatdırılır. Sosial şəbəkələrdəki paylaşımlarında hər hansı mənfi meyllər və ünsürlər barədə yumoru, sarkazmı öldürücü xarakter daşıyır.
Əli bəy Azəri müasir Azərbaycan mətbu və ədəbi
mühitinin fəal simalarındandır.
Əminəm ki, onun gördüyü işlər, həyata keçirdiyi layihələr ədəbiyyat
tariximizdə əbədiyyət qazanacaq və
gələcək müzakirələrin aktual
mövzuları sırasında yer alacaq - müəllifi olduğu
və redaktor kimi xeyir-dua verdiyi kitablar, çoxlu sayda aktual mövzulu,
məzmunlu publisistikası, təsisçisi və naşiri olduğu nəfis
tərtibli "Xəzan" jurnalı... və bir də bu yığcam səmimi
dost yazısı!
Mahir
CAVADLI
525-ci qəzet.- 2021.- 25 sentyabr.- S.23.