Dul qadının tənhalığı

 

Nəsr

(Əvvəli ötən şənbə sayımızda)

 

Ruhiyyənin yeni mənəvi iztirabları

 

Hüseynin qəfləti ölümü Ruhiyyənin dünyasını alt-üst etmişdi. Güman edirdi ki, onun həyatı atom bombasının xaraba qoyduğu Hirosimanı andırır. Axı Hüseyn təkcə ona ər, oğluna ata deyildi, o, yaşlı adam olsa da, onu əfsanələrdə təsvir olunan odlu bir məhəbbətlə sevirdi, öz varlığını bu qıza, onu xoşbəxt etməyə həsr etmişdi. Hüseyn onu elə əzizləyirdi ki, heç ana da sevimli uşağına belə vurğunluqla yanaşa bilməzdi. Ruhiyyə qəflətən onun üstünü kəsən faciəni, fəlakəti araşdırmağa, niyə bunun baş verdiyinin səbəblərini öyrənməyə çalışsa da, anlaşıla bilən heç nəyə nail olmurdu. Onun bu xoşbəxtlik dünyasına qədəm basması və onda yaşaması da, əslində, qısa müddət ərzində baş vermişdi, ömrünün bu füsunkar zolağını o, olduqca qısa məsafəli hesab edirdi.

 

Həyatında baş verən dəyişikliklərin hamısı həm də onun üçün fantasmaqorik xarakter daşıyırdı. Bağda sırf təsadüf hesabına tanış olduğu Yusif müəllim nəinki onun qüsurundan, zəif cəhətindən istifadə etməmiş, əksinə, bu bədbəxt insana xilaskar əlini uzatmış, tanımadığı bir qızı əxlaqsızlıq bataqlığından, buna özü də əmin olmadığı halda, çıxartmağa cəhd etmiş və nə qədər inanılası olmasa da, qəribə görünsə də, buna nail ola bilmişdi. Bu yad kişi ona atasını əvəz etmiş, düşdüyü yolun puçluğunu çox çılpaq şəkildə, bəlkə də, açıq qəddarlığa yol verməklə izah etmiş və pozğunluğun öz düşüncəsinə hakim kəsilən bir qızdan dini qaydada tövbə etməyi və başqa, əxlaqın inkar edilmədiyi həyat tərzinə keçməyi tələb etmişdi. O, bu qıza müəllim kimi dərs keçmək şəklindəki təsirsiz bir üsula əl atmamış, onu əzən, dəhşətlərlə üzləşdirən bir məşğuliyyətdən uzaqlaşmaq hökmünü vermişdi. Bəlkə də o, özü də bu qızın adət etdiyi bir peşədən uzaqlaşacağına inanmırdı, öz sözünün, məsləhətinin, nəsihətinin hansısa bir nəticəsi olacağını güman etmirdi. Bu real şübhələri yaddan çıxarmamaqla yanaşı, o, bu cəhdi, israr qaydasında qıza təsir göstərməyi vacib saydı. Deyəsən, bu kişidə başqalarına məlum olmayan bir ovsunçuluq, cadugərlik, şaman xüsusiyyəti var imiş. Kənd yerlərində ovsunçu istənilən zəhərli ilanı tutub, torbaya salmaqla, həmin yaxın ərazidə yaşayanları onun bəlasından xilas etməyi bacarır. Ovsunçu ilanı tutmaqla, neçə-neçə adamı onun sancmasından, zəhərindən qoruyur. Şamanlar ona müraciət etmiş adamlara kömək etmək məqsədilə nəsə qəbul edib, özünü transa salır. Bu, onlara çox ağır başa gəlir, əvvəlki normal vəziyyətlərinə çox çətinliklə qayıdırlar, lakin müraciət edənlərin dərdinə çarə tapmağa çalışır və bunu əsasən bacarırlar.

 

Yusif müəllim əgər Ruhiyyə kimi ağır xəstəni - fahişəliyə yoluxmuş və ondan maddi həyat şirəsi qəbul edən bir qızı həmin mühitdən ayırmaq, uzaq salmaq niyyətinə görə, hətta bu cəhdi bir fayda verməyəcəyi təqdirdə də, əsl minnətdarlığa layiq idi. Axı bu qız ilk görüşdə öz davranışı ilə onda ikrah hissləri oyatmalı idi, bəlkə də, oyatmışdı, lakin o, buna əhəmiyyət verməmiş, bu ağır bəlaya mübtəla olmuş fağır bəndəni yalnız xilas etmək fikrinə düşmüşdü.

 

Nə onun özü, nə Ruhiyyə bu ağılsız, nəticəsinə heç bir ümid bəslənilməyən cəhdin baş tutacağına inanmırdı, lakin hadisələrin sonrakı gedişi göstərdi ki, bu müasir peyğəmbər nə qədər savab bir iş görmüşdür. Onun başqaları kimi sitayişdən başqa, Allahla heç bir əlaqəsi yox idi, Sahiblə heç bir ünsiyyətdə olmamışdı, lakin özünü bu təsadüfdə, bədbəxt bir qız üçün Allahın mələyi, xilasedici bir varlıq kimi aparmışdı. Onun göstərdiyi yol qızı xoşbəxtlik məbədinə aparıb çıxarmalı idi. Hətta bu, baş verməsəydi də, fahişəlik dünyasından onu dartıb çıxardığına görə bu xeyirxah insana ən ali möminlik qiyməti düşürdü. O, nə molla, axund, yaxud da keşiş deyildi, elm adamı idi, həkim də deyildi ki, insanların fiziki və ya ruhi sağlamlığı keşiyində dayansın. O, ən böyük həkimlərin də görə bilmədiyi bir işi icra etmişdi, Ruhiyyəni məhv edəcək dəhşətli sosial xəstəliyin caynaqlarından xilas etmişdi.

 

Bu xəstəliyin təkcə özü deyil, hakim kəsildiyi mühit də, gələcəklərini xoşbəxt görmək istəyənlərdən, onun baş tutması planı ilə birdəfəlik vidalaşmağı tələb edirdi. Həmin qızlar çirkab dənizinin sularında boğulsalar da, xilas üçün heç nəyə ümid bəsləmirlər. Sərxoşluğu hesabına onlara vəd kimi səslənən sözlərlə bir anlığa guya həqiqi eşq elan edənlər də, az sonra spirtli içkinin təsirindən azad olduqdan sonra, əvvəlki dediklərini nəinki unudur, hətta kobud qaydada həmin qızı yenidən öz peşə məkanına - küçəyə qovurdu. Bu qızlar anadan olanda onların heç bir qüsuru yox idi, əksinə, təbiət onlara müəyyən gözəllik payı da vermişdi. Bu gözəllik öz həqiqi qiymətinə nail ola bilmədiyindən, fahişəliyin iti silahına, işlək alətinə çevrilmişdi. Həyat onları hətta ən çirkin olan uşaqlıq rəfiqələrindən də daha çox əzmiş, onlara qarşı ağlasığmayan haqsızlıq göstərmişdi. Onlar bədbəxt bir taleyin daşıyıcılarına, əslində, əsirlərinə çevrilmişdilər.

 

Yusif müəllim bu həqiqətləri bir daha təkrar etməklə, bu tilsimli və məhvedici cızıqdan çıxmaq lüzumunu həm də çox sərtliklə qeyd etmişdi. Lakin o, təbiətcə heç də qəddar insan deyildi, bu könül xəstəsi olan qıza əlavə bir zərbə vurmaq istəməmiş, ittihamını bir qədər yumşaltmaq üçün başqa xalqa mənsub olan qızların da acınacaqlı taleyindən misallar çəkmişdi. XIX əsrin son dekadalarında çinli qızların oğurlanıb, Amerikaya gətirilməsindən və orada fahişəlik fəaliyyəti üçün satılmalarından geniş söhbət açmışdı. Bu qızlar Birləşmiş Ştatların Sakit okean sahilindəki limanı olan San Fransiskoya gətirilirdi. Onların bu dəhşətli səfəri üç ay davam edirdi. Hər gecə göyərtədəki rəngləri və iyləri dəyişilmiş qızları götürüb, gəmidən dənizə atırdılar və sağ qalan qızların müvəqqəti yaşayış sahəsi bunun hesabına böyüyürdü.

 

Yaşlı kişilər gəmidə qızların üzünü əvvəlcə fırça ilə , sonra isə qırmızı rənglə boyayırdılar. Onlar ümid verməyən qızları isə, onlara pudra və boya sərf edilməsinə layiq bilmirdilər. Amerikaya gəlib çatdıqda qızlar sahildə gömrük şeytanlarını görürdülər. Keçəl çinli kişi onları qarşılayır, qızlara deyirdi ki, mən sizin atanızam. Gömrük işçisinə isə deyirdi ki, bu beş nəfər mənim qızlarımdır. Gömrükçü onların üstünə it buraxırdı. Sonra çinli tərcüməçi gəlirdi, o, ən başlıcası, necə tərcümə etməyi yaxşı bilirdi. Bir qızdan gömrükçü, anasının adını soruşanda, öyrədildiyi kimi, tutuquşu qaydasında o dedi ki, anası ölmüşdür. Çin dilində: Ta si le. Digər qızlar da eyni cavabı verirdilər. Gömrükçü onlara deyirdi ki, siz yalan danışırsınız. Keçəl kişi yerə yıxılıb, teatr faciəsi səhnəsi çıxarırdı. Sonra o, qızları əl-üzlərini yumağa aparırdı.

 

Ümumiyyətlə, Amerikaya bu məqsədlə gətirilən çinli qızların əksəriyyəti heç də uzun ömür sürmürdü. Əvvəlcə onların arzuları, xəyalları və fantaziyaları ölürdü, sonra isə onlara bol vəd verən kişilər bu bədbəxtləri arvadları kimi götürüb, kənara aparırdılar və onların ürəklərində düşündükləri də bir-birinin ardınca ölürdü. Axırıncı ölən onların bədənləri olurdu, ancaq  bu, yeganə ölüm idi ki, heç də ağrılı olmurdu. Bizdəki fahişəliyə başlamış qızların taleyi də heç də həmin çinli qızlarınkından fərqli deyildir, onların bəziləri yad ölkədə hətta ailə qura bildikləri halda, ölkəmizdə hamı bir-birini yaxşı tanıdığından onlara bu da mümkün olmurdu.

 

Çinli qızların oğurlanıb, yad ölkədə satılmalarına təəccüblənmək lazım deyildir. Keçən əsrin ikinci yarısında bizdə də cənub zonasından qızları aparıb, Türkmənistanda satırdılar. Bizdəki izafi təklif orada yaxşı tələb tapırdı. Həmin qızlardan bir çoxu ərə gedə, ailə qura bilirdi.

 

SSRİ-də ər-arvad münasibətlərindən kənarda cinsi əlaqələr hər vəchlə inkar edilirdi, saxta "namus mücahidləri" də meydana çıxırdı. Bizdə bir siyasi xadim içki məclisində moskvalı jurnalistlərə özünü tərifləmək üçün demişdi ki, arvadı fahişəlik edən qardaşı ilə hətta danışmır. Jurnalistlər bunu mərkəzi qəzetdə dərc etdilər və yazı əslində, ifşa xarakteri daşıyırdı. Məqalənin qəhrəmanı dəfələrlə bunu təkzib etsə də, siyasət səhnəsində də flyuger kimi tanınan bu adamın öz "yaxasını cırmasına" heç kəs inanmadı. Həm də özünə vurğunluğu ilə seçilən bu müasir Nartsis sifətinin cazibədarlığna ölçüyə sığmayan qayğı göstərməsi ilə yanaşı, öz qüsurlu mənəvi xüsusiyyətlərini də fürsət düşdükcə ört-basdır etməyə çalışırdı. Fransisko Qoyya kimi bir rəssam lazım idi ki, onun portretində xoşagəlməyən xüsusiyyətlərini də gizlətməyib, əksinə, daha qabarıq şəkildə göstərə bilsin.

 

Ruhiyyəyə Yusif müəllimin çinli qızlar barədə söylədikləri olduqca ağır təsir göstərmişdi və həm də belə qənaətə gəlmişdi ki, təkcə o, özü və rəfiqələri deyil, dünyanın hər tərəfində onlar kimi böyük bədbəxtlər ordusu mövcuddur.

 

Ona bir yaşlı aktrisa söyləmişdi ki, artistlər ömürlərində üç dəfə böhranla üzləşirlər və bu, yaşın artması ilə əlaqədar olduğundan hər iyirmi ildən bir baş verir. 40 yaşına çatmış artist artıq gənc və yeniyetmə rolunu oynaya bilmir, altmış yaşında olana isə aşağı yaşlardakı personajları oynamaq etibar edilmir. İyirmi yaşında peşəsinə başlayanda isə ona yaşlı adamların rolunu oynamaq məsləhət görülmürdü. Beləliklə, ona təkcə əvvəllər geyindiyi paltarlar uyğun gəlmədiyi kimi, hətta əvvəlki rollarda da, özünü rahat hiss etməməyə başlayır, tam başqa qəlibə salınmaq ilə üzləşməli olur. Bu da əslində, öyrəndiyi oyun üslubu ilə vidalaşmağı, yeni ifadə, təcəssüm və təsvir vasitələri tapmağı tələb edir. Fahişələri isə yaşın artması ilə bəlkə də daha qorxulu təhlükələrin baş verməsi gözləyir. Kişilər Balzakdan fərqli olaraq, adətən, cavan qızlarla yaxınlığa meyl edirlər, ilk təravətdən uzaqlaşanlara yuxarıdan aşağı baxır, hətta onların təbii gözəllik əlamətlərini də sadəcə süni boyalar hesabına yarandığını güman etməklə, səhv fikirlərə düşüb, onları rədd edirlər. Ona görə də yaş artdıqca fahişə qızlar, qadınlar özlərinə olan münasibəti əsas götürərək, hələ cavan olduqları halda, qocalmaları, peşəyə artıq yaramamaları, "səltənətlərindən" ayrı düşmək qorxusu barədəki yanlışlığı düşüncələrinə iki qat şəkildə təlqin edirlər. Onlar özlərini nimdaş paltar kimi təsvir edirlər, üst paltar köhnəldikdə də onu satanlar və alanlar tapılır, nimdaş alt paltarlarını satışa çıxarmaq isə ağılsızlıqdan başqa bir şey deyildir. Yaşa dolan fahişə qadın özünü belə nimdaş alt paltarı kimi təsəvvür edir, ona görə də bazarda təklifinə tələbat xeyli azalır və bəzən tamamilə yoxa çıxır. Hətta xəstə, yaşlı qadınlar bütün günü bağlarda, parklarda oturub müştəri gözləsə də, axtarsa da, ona yaxın gələn olmur. Əgər Ruhiyyə bataqlığın onu boğmasından uzaqlaşa bilməsəydi, onu da belə daha fərəhsiz günlər, mərhələlər gözləyəcəkdi.

 

(Ardı var)

 

 

Telman ORUCOV

 

525-ci qəzet.- 2021.- 25 sentyabr.- S.22.