Yazıçının ədəbi qayəsi:
Vətən və İnsan
Tanınmış
şair, yazıçı, publisist Novruz Nəcəfoğlunun
bir şeir kitabı ilə tanış
idim. Hesab edirəm ki, onun "İçimdə bir ocaq
var" adlı kitabındakı şeirlərin isti nəfəsi,
şirin tərənnüm dili adamı həyatın ən
xoş günlərinə, keçmişin bir qədər
çətin, keşməkeşli, indinin nostalji doğuran
hisslərinə aparıb çıxarmağa bəs edər.
O xoş çağlara qayıtmaq üçün ədəbiyyatın,
poeziyanın imkanları genişdir. Bu yaxınlarda Novruz Nəcəfoğlunun
nəsr əsərlərini - hekayə və povestlərini
mütaliə edə-edə bu qənaətlərim bir az da qətiləşdi. Düzü,
onun nəsr əsərləri də həzin lirika ilə
müşayiət olunan təsvirlərlə bizim
hamımızın yaşadığımız həyatın
ən kövrək tərəflərinə işıq
salır. "Yuxuya gedib gecə", "Atüstü
bir nağıl", "Ötən cavan çağım
ola", "Nağıl adam" povestləri, "Yollar
uzanan gün", "Bir qış gününün xatirəsi"
kitablarındakı hekayələr və şeirlər təkcə
mövzunu açmağa, həyatın hər cür, həm
də bir cür üzü ilə tanış etməyə,
geniş, təfərrüatlı nitq axınına
düşməyə deyil, müəllifin və onun şəxsində
insanın tam dolğun obrazını yaratmağa səbəb
olur. Həmin dolğun, bitkin müasir insan
obrazının tamamlanmasında "İçimdə bir ocaq
var" həqiqətinin payı çoxdur. Bu
ocağın başında adi insanlar, "adi" olduğu qədər
ali əxlaqa, ali həyat tərzinə
alışmış böyük şəxsiyyətlər cəmləşibdir.
Bu ocağın dairəsi Novruz müəllimin qələminin
işarət etdiyi yerəcən, bu gündən dünənə,
dünəndən bu günə böyüyür, genişlənir,
hələ özünü diri tutan əhdinə-sözünə
vəfalı köhnə adamlar onun yazdığı mətnlərinə
bəzən eyni adla, eyni məram-məqsədlə səpələnib
yerlərini tutmuş olurlar. Müəllifin
obrazını seçib ayırmağımın bir ayrı səbəbi
də var. Mən bu əsərləri, xüsusən
"Nağıl adam" əsərini mütaliə edərkən
paralel olaraq yazıçı Aydın Tağıyevin də
hekayələrini oxuyurdum. Novruz müəllimlə
Aydın müəllimin münasibətləri gərəkən,
hər kəsə aid edilə bilməyən fərqli tellərlə
möhkəmlənməsəydi, bu dostluq kitablara düşməz,
nağıla, dastana çevrilməzdi. Aydın
Tağıyevlə Novruz Nəcəfoğlunun həyatdakı
dostluğu kitablarda davam edir və bədii vüsət
qazanır. Ən azı, N.Nəcəfoğlunun
bir neçə əsərində "Aydın" adı məxsusi
sayğı və sevgi ilə orijinal poetik dəyər
qazanır. Aydın Tağıyevdən bəhs edən
"Nağıl adam"da əsərin
baş obrazı (Aydın obrazı) ilə birlikdə müəllif
Novruz Nəcəfoğlu obrazı da diqqəti cəlb edir. Daha doğrusu, biri müəllif olmaqla bu iki obrazın,
müxtəlif epizodik əhvalatların fonunda iki
ayrı-ayrı şəxsiyyətin bir amal, bir ideya əhatəsində
birləşməsi, bütövləşməsi
müşahidə olunur. Həmin bioqrafik
romanın quruluşu da, məzmun elementləri də oxucunu
maqnit kimi çəkən unikal nəsr nümunəsinin göstəriciləri
kimi yadda qalır. Aydın məsələdir
ki, lirik duyğuların ifadəsi zamanı nəsrdə
birinci şəxsin (hekayə edənin) nümunəsində
çoxlu sayda insanı, toplumu, toplumları ümumiləşdirmək
mümkündür. "Nağıl adam"da
müəllif - qəhrəman tandemi bu görəvi yerinə
yetirir. Bu tipli əsərlərdə müəllif
mətnin bir tərkib hissəsinə, ayrıca bir estetikaya
çevrilir. Xatirə üslubu bədii əsərdəki
iştirakçıların sırasında müəllifin
portretini və yerini geniş planda nümayiş etməyə
imkan yaradır. Bu halda "Nağıl adam"da yer almış
bir çox tanınmış yazıçı və şəxsiyyətlərlə
əlaqəli şirin əhvalatların poetikası ilə
baş-başa qalıb yazarın qələminin nişan
verdiyi səmti, təsvir etdiyi mənzərəni zövqlə,
şövqlə seyr etməyə oxucuda meyl və maraq
yaranırsa, bu, müəllifin uğurudur. Başqa
sözlə desək, bir mətnin havasına düşmək,
orada tapdığın indi və keçmişdə baş
verənlərin, necə deyərlər,
acılı-şirinli xatirələrinə sığına
bilmək, hər şey mətnin bədii tərtibatından,
dil kompleksindən asılıdır. Ədəbiyyatda
imzaya, o imzanın doğurduğu ovqata, rəy və qənaətlərə
gəlib çıxmaq bir yazarın bir cümləsindən,
bir şeirindən, bir kitabından başlayaraq şüurda
möhkəmlənməyə səbəb olur. Müəllifin
yadda qalmağı, ya diqqət kəsb etmədiyi nəzəri
cəhətdən bəzən metodoloji aspektdə izah olunsa
da, bunun yeni ədəbi cərəyanların tələbi ilə
bağlı olduğu deyilsə də, hər bir halda N.Nəcəfoğlu
kimi ədiblərin obrazının "izm"lərsiz mətnin,
mətnlərin vasitəsilə yaddaşa təsir etməsi
yaxşı haldır. Ədəbi oyunlara məhəl
qoymadan, sadəcə olaraq mətnin bədii konteksti üzərində
layihə-dizayn planlarını uğurla yerinə yetirməklə
konkret uğur qazanmaq mümkündür. Bir
halda oxucusunu tapmaqla əldən-ələ keçərək
yazıçının kitabları məşhurlaşır,
öz auditoriyasını genişləndirməyə müvəffəq
olur, digər halda yazıçı əsərin hər
abzasında, cümləsində ehtiramla xatırlanır və
yüksək reytinq qazanır. Bu üzdən
hər bir istedadlı yazıçının hər hansı
formada təbliği vacib məsələdir. Bu başdan deyim ki, bu fikirlərimə yer
ayırmağım onun xüsusən nəsr əsərlərinin
orta məktəbdə tədrisinin zərurəti ilə bağlıdır.
Bu əsərlər ölkənin doğma təbiətini,
azərbaycanlının həyat tərzi və məişətini,
ən əsası, milli yaddaşını, yaxın
dövrün tarixini öyrətmək baxımından
çox faydalıdır. Bilgim var ki, məktəb
dərsliklərinə Xocalı hadisələri, Qarabağ
mövzusunda daxil edilmiş bir çox hekayə mətnləri
dərslik tərtibçilərinin sifarişi ilə
yazılıb və təəssüf ki, o əsərlərin
bədii dəyəri müasir məktəblinin tələblərinə
tam cavab vermir. Bu baxımdan, N.Nəcəfoğlunun
səmimi notlarla qələmə alınmış "Ağ
qayadan atılan güllə" povesti dediyim həmin
boşluğu təmin edən əsərlərdən biri
sayıla bilər. Onun povest və hekayələrində
güclü insan xarakterləri, saf, təmiz münasibətlərin
əasında keçib gedən həyat, vətəni,
doğma yurd yerlərini sevdirən doğal mühit, insan
taleyindəki qəribəliklər - bütün bunlar
istedadlı, müqtədir bir söz-sənət
adamının peşəkar qələmi ilə
canlandırılır. Təkcə "Nağıl adam"da deyil, digər əsərlərində
də yazıçının gizlindən boylanan mükəmməl
obrazını görmək, hiss etmək, ya intuisiya etmək
olur. Bu məqamda yalnız əsəri təhlil etməklə
kifayətlənmək olmur, bir yazarın timsalında
mühakimə yürüdən, göstəriş verən təhkiyəçi
yox, hadisənin içində iştirakçı kimi yerini
tutan obraz tez-tez göz qabağına gəlir, onun yaxından
tanıyıb öyrəndiyi insan taleləri ilə birgə
özünün də nə qədər səmimi bir
müsahibə çevrildiyinin fərqində olursan. Düzünü deyim ki, oxuduğum bu əsərlərdəki
təsvirlər şəxsən mənə çox
doğmadır. Məsələn,
"Atüstü bir nağıl" povestinin məndə
oyatdığı təəssüratın şirinliyi
ömrümün cavan çağlarında
yaşadığım hiss və düşüncələrə
bağlanır. Onun bir kitabı "Keçən cavan
çağım ola" adlanır. Bax bu "keçənlər"i unutmamaq həm də
bir sadiqlik nişanəsidir. Keçmişə
sayğı, sevgi hər zaman təqdirəlayiq əməldir.
Mən Qubanın ucqar dağ kəndlərində
yaşamış, müəllim işləmiş, əsərdə
təsvir olunan çətinliklərlə
qarşılaşmışam. Qışın
qarlı, şaxtalı günlərində çətin
dağ relyefi şəraitində bir yerdən başqa bir yerə
atla, ya ayaqla yol getməyin əziyyətlərini bilirəm.
Keçmiş Sovet həyatının bəzi özəllikləri
ilə bu əsərdə tanış ola
bilirik. Keçmişi öyrənmək yeni
zamanı dərk etməyə yardım edir. Novruz müəllimin yardıcılığında
at kultu geniş yer tutur. Atın üzərində
qurulan geniş miqyaslı fikir, ifadə sırasında mərdlik,
fədakarlıq, əhdə, sözə vəfalı olmaq
kimi müsbət insani cizgilər üstünlük təşkil
edir. "Atüstü bir
nağıl"ın təhkiyə qatındakı gərgin
hərəkətlilik iki formada özünü göstərir.
Burada yolun atla qət edilməsi, yer səthi ilə
əraziyə daxil olma, iqlim, relyef çətinliklərini dəf
etmə zahiri səciyyə daşıyır. İkinci yol şüurda, duyğuda, arzuda, ümiddə
çözülən və birincidən qat-qat ağır
keçilən yoldur, hərəkətdir. Bu atüstülüyün coğrafi konturları ilə
vaxtı istənilən qədər kiçiltmək
mümkün olsa da, fikirdəki, qəlbdəki
yaşntılarla vaxt, zaman genişdir, hüdudsuzdur. On dörd yaşlı Gərayın - kökünə,
əxlaqına bağlı bir azərbaycanlı gəncin
qarlı, şaxtalı qış günü sərt
dağların arası ilə mənzil başına
özünü çatdırmaq çabası bir fədakarlıq
nümunəsi kimi yadda qalır. Ananın,
atanın, Gərayın özünün və əlbəttə,
oxucunun ümidi, gözləntisi, narahatlığı daha
artıq məzmun, dəyər kəsb edir. Gərayın
timsalında motivasiya olunur ki, ev, ailə,
ocaq müqəddəsdir, əzizdir. Partkom
atası ilə kolxoz sədrini yola salıb üç atla
geri qayıdan Gəray evdə ananın nigaranlığına
səbəb olmamaq üçün bütün çətinliklərə
rəğmən, gücünü toplayıb özünü
axşama evə çatdırmalıdır. Yol boyu təhlükə
onu hər an izlədikcə keçib getdiyi hər kənd
onun inamını artırır, vücuduna təpər gəlir,
ancaq heç yerdə ləngimək istəmir, çünki
daha doğma məkan var. Dağlara səpələnmiş kəndlərin
hər biri vətənin möhtəşəm obrazını
təmsil edir. Yolun dəhşətindən
qarşıdakı daha bir yaşayış məntəqəsinin
varlığı hissi ilə qurtulmaq olur. Hələ tam
böyüyüb-bərkiməmiş Gərayı cəsarətləndirən
də, rayon mərkəzində oğlundan heç bir xəbər
ala bilməyən narahat ataya da toxtaqlıq gətirən yol
uzunu bir-birinin dalınca sıralanmış kəndlər, o kəndlərdəki
tanış, etibarlı insanlardır. Bəli, kainatı isidən, qəlbə hərarət
bəxş edən insandır. İnsan
varsa, vətən varsa, planetdə həyat nişanəsi var.
Vətəndə keçən ən çətin
ömür-gün belə əzizdir, doğmadır.
N.Nəcəfoğlunun nəsri xatirə notları
üzərində qurulduğuna görə orada poetik-psixoloji
ovqat güclüdür. Xatirə adamı uzağa, səssizliyə
çəkib aparır. Keçmişə
boylanmağın ən yaxşı üsulu həmin səssizliyə
dalıb "uzun gecələrin" birində yola
çıxmaqdır. Ayaqla qət ediləsi
mümkün olmayan bu ilahi səfərə yol almaq
üçün bir səs, bir nida bəs eləyər. "Yuxuya gedib gecə" povestinin maraqlı
quruluşu, kompozisiyası var. Qeybdən, ya yuxunun içindən
bir səda yüksələrək Həbibi düşüncələrə
qərq edir. Tanış səslərin
sorağı ilə əsər qəhrəmanının
keçmişə səyahəti başlayır.
Yazıçı əsərdəki ideyanın əsaslarını,
kökünü həmin səsin, "qıyha"nın üzərində quraraq ustalıqla
bitib-tükənməyən bir təhkiyə labirintini
yaratmağa müvəffəq olur. Mətnin
uğuru göz qabağındadır. Adamın onu
yuxusundan qaldıran "qıyha"nın
izinə düşmək qərarı oxucunu da məmnun edir. Ədəbiyyatda səs kultu mifik mətnlərdən
bizə bəllidir. Novruz müəllimin
digər əsərlərinin də səs çaları barədə
geniş söhbət aça bilərik. Bu,
payızın xışıltısı şəklində,
suların şırıltısı, ya qış fəslində
kəskin soyuq havadakı uğultu kimi xatırladıla bilən
olub bitmiş hadisələrlə bağlıdır.
Novruz Nəcəfoğlunun hekayələrini və o hekayələrin
az sayda personajlarını, onların hər
birinin iç yaşantılarını - dünyasını
da nəzərə alsaq, insanın "başına gələnləri"
söyləyib qurtarmağa bir, heç bir neçə
ömür bəs eləməz. Çünki
yazıçının bəhs etdiyi hadisələr ədəbi
çözüm tələb edir. Bu
qısa, uzun əhvalatların təhkiyə qatı çoxsəsli
lirik-psixoloji düşüncədən, duyumdan ibarətdir.
Bu yaşantıları sözə çevirmək,
şübhəsiz, müqtədir söz ustalarının
uğurlu ədəbi projelərinə bağlıdır.
Səsli-sözlü dünyada gecənin bir aləmində
ətraf, yer-göy səsini udub yuxuya daldığı bir
anda keçmişin bir səmtindən - xatirədən qopub gələn
bir səsin izinə düşmək, görəsən, adamı
harayacan aparıb çıxaracaq?! "Yolda" səslər
şaxələnir, bu polifonik həyatın içindən
bir səsin ünvanına, nəhayət, yetişmək Həbibə
nəsib olur və zəncir kimi uc-uca calanan hekayətlər də
bu zaman yekunlaşır. Deməli, bütün səsli,
sözlü, rəngli axtarışlar maraqlar, əlbəttə,
xatirələr sevginin üzərinə gəlib
çıxır...
Yazarın nə vaxtsa nədənsə təsirlənib yazması ilə onun poetik dünyagörüşə uyğun fəaliyyətini fərqləndirmək lazımdır. Poetik şüurda həyat, ətraf aləm bütövləşir, dünyanın dərki adi vərdişlər səviyyəsindən kənara çıxır. N.Nəcəfoğlunun özünün mənsub olduğu nəsil, bu nəsildən əvvəlki atalar, babalar qismində təfsir edə biləcəyimiz insanlar, bizdən əvvəl, bizdən sonra və bizim özümüzə aid olan sosial mühit, iqlimlər kimi bu mühitin başı üzərindən keçib gedən vaxt, zaman poetik örtüyə bürünür. Onun yuxarıda adını çəkdiyimiz şeirlərdən ibarət "İçimdə bir ocaq var" kitabını şərti olaraq nəsrinə, sonrakı yaradıcılığına yazılmış proloq kimi dəyərləndirmək olar. O "ocaqdan" qopub gələn misraların nəsr əsərlərinin mətninə "sızması" şair-yazıçının həm də nağıl, dastan təfəkkürünə möhkəm bağlılığını göstərir. "İçimdə bir ocaq var, Çölü daş, içi atəş" təsvir formatı yazıçının bədii obrazını yaxşı ifadə eləyir. Bu cür misralardan azərbaycanlının təsəvvüründə daşlaşan qədim, alınmaz qalalara "gizli" keçidlər bərkidilir. Bu keçidlərlə irəliləyib təmsil olunduğumuz vətən ərazisinin ən doğma yerlərini seyr etmək mümkündür. Əslində, onun içindəki ocağın adı vətən sevgisidir. Bu sevgi qalanan tonqalları, yolları, qalaları, ucada qərar tutmuş qartalı, tufanı, seli, suyu, ananı, qala ilə assosiasiya oluna bilən duvaqlı gəlini - bütün bu doğma saydıqlarımızı vəsf etməyə qadir güc və qüdrətin adıdır. Bu baxımdan, şairin "Bacım üçün" şeiri gözəl nümunə ola bilər. Sevgi haqqında da şeirinin olub-olmadığını öyrənmək istəyən bacıya verilən cavab tək ədəbi mövqeyə qiymət vermək sarıdan deyil, adi insanlıq vəzifəsinə görə ibrətə layiqdir. Şairin fikrincə, insan üçün doğma olan şeylərə onun ehtiyacı sevgi ola bilər. Belə bir ümumiləşdirmə aparıb deyə bilərik ki, adamın öz keçən günlərinə, qarşıda ona sevinc və səadət gətirəcək hər şeyə ehtiyacı olduqca sevgi tükənən deyil. Yazıçının nəsr əsərlərində bu sevginin konturlarını daha aydın cizgilərlə təyin etmək mümkündür. "Atüstü bir nağıl" povestində insan ömrünün də əslində, atüstü bir görüşdən, təmasdan ibarət olduğu fikri meydana gəlir. Bu kitabdan çıxan bir nəticə də odur ki, nağıldan gəlib nağıla qayıdacaq insan oğlunun həyatı təkcə onun başına gələnlərdən deyil, həm də onun ağlına gələnlərdən, ürəyindən keçirdiklərindən ibarətdir. Bu əsərdə keçən ömrün, keçən əsrin xatirəsi əziz tutulur, onun xoş və rahatsız günlərinin eyni dərəcədə adamı məşğul etdiyi qənaəti doğurur.
Yazıçı hər yeni mətnində
özünü, sözünü tamamlamaq missiyası ilə
çalışır, lakin zamana nisbətdə
"tamamlama" işləri bitmir, həyat kimi, vaxt kimi mətn
də davam edir və zamanın özü kimi yeni nitq
variasiyaları şəklində dəyişir. Bir çox
hekayələrinin, ya hekayə və povestlərinin eyni motivə,
ideyaya köklənməsi, yazıçı kredosunda
ideyanın, mahiyyətin bütövlük əmsalının
həcmi ilə bağlıdır. Kəlbi, Rəhman,
Həbib və digər yaddaqalan obrazların onun bir çox mətnlərində
təkrarən çıxış etməsi həyatda öz
yerini tutan, daim anılmağa, örnək olmağa, sevilməyə,
ehtirama layiq insan obrazını önə çıxaran əlamət
kimi də qəbul etmək olar. Müəllifin onun
oxucusunun da bəyəndiyi obrazlara, insan tiplərinə tez-tez
müracət etməsi təsdiq edir ki, N.Nəcəfoğlunun
ədəbi dünyagörüşündə iki fundamental
mövzu - Vətən və İnsan prioritet təşkil
edir. Bu iki anlayışa nəzərən
yazıçının ədəbi qayəsini müəyyənləşdirmək
olur. Doğrudan da, onun əsərlərinin əsas ideyası
Vətəndir. Elə bir vətən ki, onu sevmək və
tez-tez xatırlamaq üçün qəlbi sevgi ilə dolu
insanlara ehtiyacımız var.
Zakir
MƏMMƏD
525-ci qəzet.- 2021.- 25 sentyabr.- S.20;21.