İngilis şərqşünası və diplomat Qor Ausli Nizami Gəncəvi haqqında  

 

 

Orta əsrlərdən başlayaraq hər hansı səbəb üzündən Şərq ölkələrinə gələn avropalıların bir çoxu regionun zəngin tarixi irsinə, mədəniyyət və incəsənətinə maraq göstərmiş, şərqşünas-alim Mirzə Kazımbəyin sözləri ilə desək, "əsrarəngiz Şərq ədəbiyyatı gülzarından çiçək dərməyə"  çalışmışdılar. 

 

1810-1814-cü illərdə Böyük Britaniya imperiyasının Qacar sarayında fövqəladə və səlahiyyətli səfiri Sir Qor Ausli (1770-1844) də əksər həmkarları kimi, bu Asiya ölkəsinə qədəm basdığı vaxtdan müdriklik və hikmət dolu Şərq ədəbiyyatı nümunələri ilə yaxından maraqlanmağa başlamışdı. Onun diplomatik fəaliyyəti dövründə toplayıb müəyyən sistemə saldığı materiallar əsasında ölümündən sonra, 1846-cı ildə "Fars şairləri haqqında bioqrafik qeydlər. Tənqidi və zəruri şərhlərlə" (Sir Gore Ouseley, Biographical Notices of Persian Poets with Critical and Explanatory Remarks, with a Memoir of the late Right Hon. Sir Gore Ouseley, baronet, by James Reynolds, London, 1846) adı altında Londonda kitab şəklində çap olunmuşdu. Xoşbəxtlikdən əsərin nadir nüsxəsi Azərbaycan MEA Əsaslı kitabxanasında, Bertelsin fondunda saxlanır.

 

Böyük Britaniya Şərq Tərcümə Fondunun təşəbbüsü ilə işıq üzü görən kitaba İran, Türkiyə, Azərbaycan, Hindistan və s. Şərq ölkələrinin 31 söz ustadının tərcümeyi-halına, ədəbi irsinə dair materiallar daxil edilmişdi. Maraqlıdır ki, Qor Auslinin bu əsəri uzun müddət iranşünasların diqqətindən kənarda qalmışdı. Yalnız SSRİ EA-nın müxbir üzvü E.E.Bertels "Böyük Azərbaycan şairi Nizami" monoqrafiyasında (ilk nəşri 1940) onun Nizami Gəncəvi haqqında oçerkindən qısaca söz açmış, yararlandığı mənbələri ötəri gözdən keçirmişdi.

 

 

 

Qarışıq ingilis-irland əsilzadələri nəslindən olan Ausli ailəsi ənənəvi surətdə Şərqlə maraqlanırdı. Böyük qardaş Vilyam Ausli (1767-1842)  iranşünas alim kimi şöhrət qazanmışdı. Xüsusən Böyük Britaniyanın İran missiyasında çalışdığı illərdə nadir Şərq əlyazmaları kolleksiyası toplamış, bir sıra ərəb-fars müəlliflərin əsərlərin ingiliscəyə çevirmiş, yaxud şərh yazmışdı. Onun 3 cildlik "Orta Şərqin müxtəlif ölkələrinə, özəlliklə də İrana səyahətlər" əsəri regionun, eləcə də Azərbaycanın XIX əsrin ilk qərinəsindəki həyatını öyrənmək baxımından mühüm mənbələrdən sayılır. Məşhur ingilis iranşünası E.Braun "İranın ədəbi tarixi" əsərində ölkənin qədim tarix və mədəniyyətini öyrənən avropalı mütəxəssislər arasında Vilyam Auslinnn adını birincilər sırasında çəkmişdi.

 

Sir Qor Ausli 1770-ci ildə İrlandiyanın Limerik şəhərində  doğulmuşdu. Təhsilini qardaşı ilə birlikdə ev şəraitində almışdı. 1787-ci ildə iş qurmaq məqsədi ilə Hindistana səfər etmişdi. Bir müddət sonra həqiqətən də Dəkkədə toxuculuq fabriki açmağa müvəffəq olmuşdu. Hindistanda yaşadığı 18 il ərzində biznes, hərbi və idarəçilik sahəsində uğurla çalışmış, geniş əlaqələr yaradaraq kifayət qədər tanınmışdı. Eyni zamanda, fitri istedadı və dillərə marağı sayəsində sanskrit, benqal, ərəb və fars dillərini yaxşı öyrənmişdi. Bu isə sirli, əsrarəngiz Şərq dünyasının qapılarını üzünə açmışdı. Qardaşı Vilyama 1 noyabr 1792-ci il tarixli məktubda Qor Ausli Şərq ədəbiyyatından heyranlıqla bəhs edir, hələlik dillərə bələdlik səviyyəsinin dərinliyi və gözəlliyi ilə anlamağa  imkan vermədiyi sehrli poeziyanı ciddi şəkildə öyrənəcəyini bildirirdi.

 

1805-ci ildə vətənə qayıdan Q.Ausli üç il sonra imperiya qarşısındakı xidmətlərinə görə baron tituluna layiq görülmüşdü. Lord Uelsinin təqdimatı əsasında diplomatik fəaliyyətə Qacarların İngiltərə səfiri, sonralar iki dəfə ölkəsinin xarici işlər naziri olan Elçi ləqəbli Mirzə Əbül Həsən xanın (1776-1845) yanında mehmandar - rəsmi müşayiətçi   kimi başlamışdı. Napoleonun Hindistanla bağlı niyyətləri ingilisləri Qacar sarayı ilə daimi və sıx əlaqə saxlamağa vadar edirdi. Belə şəraitdə məsul vəzifəyə ən layiqli namizəd Sir Qor Ausli sayılmışdı. O, 1811-ci ilin başlanğıcında İrana səfir təyin olunmuşdu. Bacarığı sayəsində qısa müddət ərzində Qacar elitasının və Fətəli şahın etimadını qazana bilmişdi. 

 

Gülüstan sülh müqaviləsinin (1813) imzalanmasında, Azərbaycanın şimal əyalətlərinin Rusiyaya birləşdirilməsində və iki ölkə arasında yeni sərhədlərin müəyyən edilməsində ingilis diplomat Qacar sarayının siyasi eksperti kimi fəallıq göstərmişdi. Xidməti layiqincə qiymətləndirilmiş, Fətəli şahın fərmanı ilə almazlarla bəzədilmiş 1-ci dərəcəli "Şiri-Xurşid" ordeninə layiq görülmüşdü. Təbrizi ziyarət zamanı Q.Ausli xarici siyasət üzrə məsul şəxs - vəliəhd Abbas Mirzə ilə görüşüb hərbi-siyasi məsələlərlə bağlı müzakirələr aparmışdı.

 

 Diplomatik missiyası başa çatdıqdan sonra o, Şimali Azərbaycandan keçib Tiflisə gəlmiş, oradan da Rusiyaya yola düşmüşdü. Bir neçə ay bu ölkədə qalmışdı. Qacar sarayına Rusiyanın nəzarəti altına keçmiş Azərbaycan torpaqlarının geri qaytarılması ilə bağlı çar qarşısında binagüzarlıq edəcəyi barədə vəd versə də, bu məsələdə uğur qazana bilməmişdi. Amma görünür, ingilis səfirinin İrandakı fəaliyyəti Peterburq sarayını da razı salmışdı. Çar I Aleksandr onu  ali ordenlə təltif etmiş,  Peterburq EA isə fəxri üzvləri sırasına seçmişdi (1815).

 

G.Ausli vətənə qayıdandan sonra diplomatik xidmətdən ayrılsa da, ömrünün sonuna qədər İranla əlaqələrini itirməmişdi. Henri Martin və Mirzə Səyyad Əli xanın ilk dəfə fars dilinə çevirdikləri "İncil"in çapa hazırlanmasına yardım göstərmişdi. Doğrudur, himayələrinə güvəndiyi Fətəli şah Qacarın və rus çarı I Aleksandrın  binagüzarlığına baxmayara,q per titulu almaq niyyəti baş tutmamışdı. Əvəzində 1817-ci ildə ölkəsində mötəbər elmi mərkəzin -London Kral Cəmiyyətinin üzvü seçilmişdi. O, London Səyyahlar Klubunun (1819), Kral Asiya Cəmiyyətinin (1823) qurucu üzvü idi. Yaxından iştirakı ilə Şərq Tərcümə Fondu (1823) yaradılmışdı. 1842-ci ildə isə birbaşa rəhbərliyi altında Şərq Mətnlərinin Nəşri Cəmiyyəti fəaliyyətə başlamışdı. Qurumun ilk işlərindən biri Sədi Şirazinin məşhur "Gülüstan" poemasını ingiliscə nəşri olmuşdu. Sir Qor  Ausli 1844-cü ildə Bekonsfilddə vəfat etmiş, orada da torpağa tapşırılmışdı.

 

İranda qaldığı müddət ərzində o, davamlı gündəlik aparmışdı. Lakin təəssüf ki, ayrı-ayrı fraqmentlər istisna olunmaqla səfir-alimin 1810-1815-ci illəri əhatə edən gündəlikləri indiyə qədər əlyazması halında qalmaqdadır. Heç şübhəsiz, burada Azərbaycanla bağlı çoxlu qeydlər, təəssüratlar da özünə yer alıb. Məsələn, gündəliyindəki  Stavropola aid qeydlərdə Q.Ausli "təxminən 50 il tatarlara rəhbərlik etmiş 83 yaşlı naxçıvanlı qoca" ilə Şimali Qafqazdakı görüşündən söz açır. Çox güman, o, rus-İran müharibəsi nəticəsində vətənini tərk edən, yaxud sürgünə göndərilən Naxçıvan xanlarından biri ilə rastlaşmışdı.

 

Q.Ausli kitabını "Fars şairləri haqqında qeydlər" adlandırsa da, burada fars müəllifləri ilə yanaşı, Azərbaycan, türk, özbək, hind, tacik, əfqan ədiblərinin həyatından da bəhs etmişdir. Onun əsərini bir növ Qərb təzkirəsi də adlandırmaq mümkündür. Mənbə kimi əsasən türk əsilli ədəbiyyat tarixçiləri - Dövlətşah Səmərqəndinin (1438-1491) "Təzkirətüş-şüəra" və Azər təxəllüslü Lütfəli bəyin (1722-1780) "Atəşkədeyi-Azər" əsərlərindən istifadə edən ingilis müəllif bioqrafik oçerklərində Şərq təzkirə ədəbiyyatının bir sıra forma və məzmun xüsusiyyətlərini də qoruyub saxlamağa çalışmışdı. Bunu kitabdakı tərcümeyi-hallarda dəqiq ədəbi faktlardan daha çox şairlərin həyatı üçün ikinci, üçüncü dərəcəli əhəmiyyətə malik, bəzən sadəcə dedi-qodu xarakteri daşıyan lətifəvari hadisələrin sadalanması, təhlili materialın azlığı, tipik şərqli təfəkkürünün məhsulu olan müqayisə və bənzətmələrdən istifadə edilməsi də aydın göstərir.

 

Əksər müasirləri kimi, Q.Ausli də fars poeziyası ilə farsdilli poeziya anlayışlarını fərqləndirə bilməmiş, yaxud sadəcə buna maraq göstərməmişdi. Digər tərəfdən əsərlərinin mühüm qismini ana dilində yazmış Əlişir Nəvai, Saib Təbrizi kimi  ümumtürk ədəbiyyatına mənsub sənətkarların fars şairi kimi təqdim olunması da ingilis şərqşünasının, bəzi hallarda, mənbələri dərindən, hərtərəfli öyrənmədiyini,  yaxud paniranizm mövqeyindən çıxış etdiyini göstərir.

 

Q.Auslinin toplusunda diqqəti çəkən əsas cəhət klassik Azərbaycan poeziyası və onun aparıcı nümayəndələrinə münasibətdir. "Fars şairləri haqqında qeydlər" kitabına XII-XVII əsrlərdə yaşayıb-yaratmış Nizami Gəncəvi, Xaqani Şirvani, Şah Qasim Ənvar, Məğribi, Katibi, Şahi, Əssar Təbrizi, Saib Təbrizi kimi sənətkarların həyat və yaradıcılığı ilə bağlı oçerklər daxil edilmişdir.

 

Böyük Azərbaycan şairi Nizami Gəncəvi haqqındakı qeydlər xüsusi maraq doğurur. Müəllif Nizamidən bütün Yaxın və Orta Şərq xalqlarının ədəbi-mədəni fikir tarixində mühüm yer tutan möhtəşəm ədəbi sima kimi söz açır. Onun alimliyinin, yüksək insani ləyaqətinin, qüdsiyyət, hikmət və nəcibliyinin nə qələmlə, nə də dillə vəsfə gəldiyini qeyd edir. Nizami "Xəmsə"sinə bir-biri ilə üzvi vəhdətdə olan, ilham və ustalıqla yaradılmış nadir fəlsəfi-poetik inci, öz sözləri ilə desək, "bütöv bir qranit parçası" kimi baxan Q.Ausli şairin beş məşhur  poemadan əvvəl guya "Vis və Ramin" əsərini yazması barədə bəzi təzkirələrdə yer alan fikirlərə etirazını bildirir. Nizami poemaları ilə "Vis və Ramin" arasında müqayisələr aparan tədqiqatçı sonuncunun bədii cəhətdən böyuk şairin sənətkarlıq qüdrətindən qat-qat aşağı səviyyədə dayandığı qənaətinə gəlir.

 

Təqdirəlayiq haldır ki, "Xəmsə"yə daxil olan poemaların yüksək təbəqəyə mənsub simalara, ayrı-ayrı hökmdarlara ithaf edilməsini Q.Ausli Nizaminin onlara ixlaskarlığı ilə deyil, əksinə, şahların, xaqanların, sərkərdələrin öz adlarını Nizami dühasının işığında yaşatmaq, əsrlərin qaranlığından, zamanın təlatümlərindən Nizami sözünün qüdrəti ilə gələcəyə yol tapmaq arzusu ilə izah edir.

 

Əvvəldə də göstərdiyimiz kimi, Nizaminin dövründən və mühitindən, şəxsiyyət və yaradıcılığından bəhs olunarkən tədqiqatçı ilkin mənbə kimi əsasən təzkirə müəlliflərinin əsərlərinə istinad etmişdir. Lakin mənbələrə tənqidi yanaşmadığı, müxtəlif qaynaqları bir-biri ilə tutuşdurmadığı üçün guya Bəhram şahın "Sirlər xəzinəsi" poemasına görə şairə beş min qızıl dinar, Atabəy Qızıl Arslanın isə "Xosrov və Şirin" görə 14 kənd bağışlaması haqqındakı rəvayətləri  kor-koranə təkrar edir. Bu faktların həqiqətdən uzaqlığını sübuta yetirmək üçün  ən etibarlı mənbə, heç şübhəsiz, həkim Nizaminin öz əsərləridir.

 

Bir sıra məlumatsız təzkirəçilərin ardınca Q.Ausli də şairin atasının əslən fars, İraqının Qum şəhəri yaxınlığındakı Nəkrəş kəndindən olduğunu, sonradan gözəl ab-havasına görə Gəncəyə köçdüyünü qeyd edir. Fikrini əsaslandırmaq üçün "İskəndərnamə" poemasından aşağıdakı beytləri misal gətirir:

 

Nizami, ze gəncine boqşay bənd.

Gereftariye-Gənçe ta çənd, çənd?

Ço gərçe dər bəhre Gənçe qoməm,

Vəli əz kuhistane-şəhre-Qoməm

 

Nizami, xəzinədən bir bənd aç.

Gəncəyə bağlılıq nə qədər, nə qədər olar? 

Gəncə dənizində qum dənəsi olsam da,

Qum şəhərinin dağlıq bölgəsindənəm

(sətri tərcümə).

 

Nizami Gəncəvi irsinin tədqiqatçıları arasında bu beytlərin poemaya sonradan əlavə edilməsi ilə bağlı ümumi rəy olduğundan məsələ üzərində ətraflı dayanmağa lüzum görmürük. Nizamişünas-alim Kamil Allahyarovun son araşdırmaları da "Qum versiyasının" qeyri-ciddiliyini göstərir: Müəllif yazır: "...beytlər nəinki şairin əsərlərinin XVII əsrdən əvvəl köçürülmüş əlyazmalarında, hətta müasir dövrdə İranda nəşr edilmiş "Xəmsə"lərin də əksəriyyətində yoxdur. Çünki onları əlyazmalara kimsə XVI əsrdən sonra əlavə edib və yalnız bundan sonra bəzi təzkirəçilər də həmin beytlər barəsində məlumatlar yayıblar. İranda ən ciddi nizamişünaslar kimi tanınan Səid Nəfisi, Vəhid Dəstgerdi və Əbdülhüseyn Zərrinkub da bu beytlərin Nizamiyə mənsub olmasına inanmamışlar".

 

Q.Ausli həmişə ictimai həyat hadisələrinin mərkəzində dayanan, dövrün şəxsiyyət və hadisələrinə obyektiv, əksər hallarda tənqidi münasibət bildirməkdən çəkinməyən Nizaminin zahidanə  həyat sürdüyünü, insanlardan uzaq gəzdiyini yazır və fikrini şairdən gətirdiyi aşağıdakı beytlə əsaslandırmağa çalışır:

 

Qole-rəna hənuz ğonçeyi-həzin

Həm ço mən gəşte etilaf neşin

 

Rəna gül butasında saxlandığı kimi,

Mən də dərd içində fikirli oturmuşam

(sətri tərcümə).

 

Məlumdur ki, ayrılıqda götürülmüş hər bir beyti istənilən şəkildə şərh etmək,  mənalandırmaq mümkündür. Q.Ausli də Nizaminin tərkidünyalığını, zahidanə ömür sürdüyünü sübuta yetirmək üçün eyni üsula əl atmışdı. Tam əminliklə demək olar ki, əvvəldən sona qədər həyatını şəhər mədəniyyətinin bütün atributlarına malik Gəncədə yaşamış şairin guya dağlara üz tutub yarımqaranlıq mağarada inzivaya çəkilməsi, dünya nemətlərindən üz çevirməsi ilə bağlı "Qeydlərdə" irəli sürülən iddialar sadəcə müəllifin təxəyyül məhsulundan, yaxud mənbələrdən gələn yanlışlıqdan başqa bir şey deyildir.

 

Bütün əsərlərini XI əsrin mühüm mədəniyyət mərkəzi Gəncədə yazıb-yaratmış şair həm də doğma şəhərində intellektual mühitin formalaşmasıma təkan verən ziyalılardan, onun aparıcı simalarından biri olmuşdu. Digər tərəfdən Nizaminin məğrur təbiəti, hər cür asılılıqdan azad həyat tərzi, şahlara və xaqanlara baş əyməməsi, şeirlərindən birində dediyi kimi, "öz süfrəsinin aslanı olmağı özgə süfrəsinin pişiyinə çevrilməkdən" üstün tutması şairə paxıllıq edən saray cızma-qaraçılarının ona şər-bohtan atmalarına təkan vermişdi. Nizami dövrünü yaxşı bilmədiyi, başlıcası isə şairin bioqrafiyasını ən etibarlı qaynaqlardan sayılan əsərlərindən öyrənmədiyi üçün Q.Ausli  səhv təsəvvürlərdən xilas ola bilməmiş, onları fərqinə varmadan kor-koranə təkrarlamışdı. 

 

Azərbaycan Atabəylərindən Eldəgizlər sülaləsinin üçüncü hökmdarı Qızıl Arslanın (hakimiyyət illəri: 1186-1191) Nizami Gəncəvi ilə görüşündən istər tarixi mənbələrdə, istərsə   bu türk əsilli sultana ithaf edilmiş "Xosrov və Şirin" poemasında söz açılıb. Nizamini Qızıl Arslanın hüzurunda təsvir edən miniatür də mövcuddur. Lakin həmişə həqiqətin gözünə fantaziya qatmağı sevən Şərq təzkirəçilərinin ardınca Q.Ausli də həmin görüşü irreal, fantastik boyalarla təsvir edir: Müəllifin təqdimində oxuyuruq:

 

"Atabəy Qızıl Arslan Şeyx Nizami ilə görüşüb söhbət etmək fikrinə duşdü. Adamlarından birini Şeyxin arxasınca göndərdi. Aradan bir müddət keçəndən sonra həmin şəxs geri qayıdıb dedi: "Şeyx zahidanə həyat sürür, sultanlar və hökmdarlarla görüşmək istəmir". Atabəy bu sözlərin doğru olub-olmadığını şəxsən yoxlamaq üçün özü Şeyxin yanına getməyi qərara aldı. Şeyx sehrinin gücü ilə dərhal Atabəyin onu imtahan etməyə gəldiyini və ürəyində nifrət bəslədiyini başa düşdü. Odur ki, əfsun oxuyub Atabəyin gözlərini dumanlandırdı. Qızıl Arslan özü də fərqinə varmadan al-əlvan qumaşlarla bəzədilmiş hökmdar taxtı, yanında isə bahalı daş-qaşlardan düzəldilmiş səndəl gördü. Gördü ki, yüz min xidmətçi və əsgər, sıravi təbəələr, zər-ziba kəmərli qulamlar, cariyələr, nədimlər, xətiblər və əyan-əşrəf onun dörd bir tərəfində  dayanıb, Şeyx Nizami isə padşah kimi uca taxtda oturub. Atabəyin gözləri bu qüdrət və əzəmətə sataşanda  özünü itirdi, əyilib müticəsinə Şeyxin ayaqlarını öpmək istədi. Lakin ruhi aləmdən gerçək dünyaya qayıdanda həqir bir qocanın qarşısına müqəddəs Qurani-Kərim, mürəkkəbqabı, kağız-qələm, səccadə, möhür və əsa qoyub mağaranın girəcəyinə salınmış dəvə dərisinin üstündə oturduğunu gördü. Hökmdar itaətkarlıqla qocanın əlindən öpdü.  Şeyxə olan hörməti birə-beş artdı. Həmin görüşdən sonra Şeyx də  qayğılardan başı açılanda Atabəyin yanına gedib onunla söhbət edirdi".

 

 

 

Kiçik dəyişikliklərlə "Təzkirətüş-şüəra"sında təsvir olunan bu xəyali görüş səhnəsini  kitaba daxil etməklə Q.Ausli, çox güman, Nizaminin şair və filosof kimi böyük şöhrət qazandığını, dövrün şahlarından yüksəkdə dayandığını göstərmək istəmişdi. Lakin bir çox müasirləri kimi hadisəni ağıl və məntiqlə təsvir etməmiş, Şərqlə əlaqədar daha bir ekzotik epizodun təqdiminə şirniklənmişdi.

 

Nizami poemalarının əlyazma nüsxələrindən danışarkən Q.Ausli şairin miladi 1612-ci ildə xəttat Əbdül Cabbar Şirazi tərəfindən gözəl nəstəliq xətti ilə köçürülmüş,  miniatürlər və zəngin Şərq ornamentləri ilə bəzədilmiş 756 vərəqdən ibarət "Xəmsə"sini gördüyünü bildirsə də, yerini açıqlamır. Gündəliyindəki qeydlərdən və Nizami Gəncəvi haqqındakı oçerkindən ingilis diplomatının İran şəhərlərinə səyahətləri zamanı "Xəmsə"yə daxil olan bütün poemalarının ayrıca əlyazma nüsxələrini əldə edib İngiltərəyə apardığı aşkara çıxır. Nizami yaradıcılığının epik miqyası və tarixi-fəlsəfi mündəricəsi haqda gerçək təsəvvür yaratmaq məqsədi ilə kitabın "Əlavələr" bölməsində "Yeddi gözəl" əsərinin nəsrlə müxtəsər tərcüməsi verilib. 

Qor Ausli XIX əsr ingilis şərqşünaslığı tarixində Nizami Gəncəvi şəxsiyyəti və yaradıcılığı, dövrü və mühiti haqqında ilk məlumat verən müəlliflərdən idi. Bu baxımdan onun "Nizami Gəncəvi" oçerki müəyyən bəsitliyinə baxmayaraq, tarixi fakt kimi diqqəti çəkməkdədir.

 

 

 

Vilayət QULİYEV

 

525-ci qəzet.- 2021.- 25 sentyabr.- S.16-17.