Başqa zaman tuneli - Xınalıq  

 

 

Esse

 

Gözlərini yum və indi söyləyəcəklərimi düşün. Şair deyir, uzağın bir adı var. Mənsə deyirəm, yüksəkliyin bir adı var... Sivilizasiyadan, səs-küydən kənarda, dağların qoynunda uyuyan, zirvələri hər sabah Günəşlə öpüşüb xına rənginə boyanan, cocuqları al yanaqlı, insanları uzunömürlü nağıl kənd desəm, eyni ilə nağıllardakı tək qarlı dağlar aşaraq, çox ellər dolaşaraq gedib çatdım desəm, adına Xıınalıq desəm, varsanmı mənlə bu virtual səyahətə? Elə isə uçduq. Çün hər kəs ömründə bir kəs də olsa uçmaq, ətrafa ən yüksəkdən baxmaq istəyir...

 

Uşaq vaxtı nənəm nəql edərdi ki, uzaq-uzaq diyarlar var dağların ta o başında. Orda da xınalı quzular. Bir də quzuları qoruyan üzü xınalı balaca çobanlar. Hərəsinin əlində bir tütək. Hər tütəkdən də bir səs gəlir, gəlir və birləşib qoca-qoca dağlara ninni kimi yayılır:

 

Dağların başında cocuqlar var...

Yanaqları qırmızı, gözləri parıl-parıl,

Qəlbləri bəmbəyaz...

Hələ ətirləri,

ətirləri dağ çiçəkləri misalı...

Təndir qoxuyan, təndirdən çıxan

çörək qoxuyan cocuqlar...

Bir salama sevinən,

bir təbəssümlə mutlu olan cocuqlar...

Nağılda yaşayan cocuqlar,

Xınalıq cocuqları...

O cocuqların qoxusu

yoluxucu bir az da...

Baxırsan, qoxlayırsan,

sən də cocuqlaşırsan...

Arınırsan bütün pisliklərdən,

İçini gəmirən qurdlardan,

Yarım qalan sevgilərdən,

Öldürücü viruslardan...

Arınırsan və sən də cocuq olursan...

Xınalı cocuq...

Xınalı cocuq...

 

Hə, o keçilməz dağlara ayaq basar-basmaz əlini gözlərinin üstünə çətir edəndə bu ninnini həqiqətən duyursan. Duyursan və beynində bircə fikir siqnal verir: "Dəniz səviyyəsindən 2350 metr yüksəklikdəsən, Karl..." Bu da xınalı quzuların yaşadığı Xınalıq... Dərələr, təpələr, daşlar, dağlar, dağlar, dağlar... Atıb-tutan sınıq-salxaq qazelin şüşəsindən izlədiyim mənzərə budur. Sanki bir çox nəhəng daşları üst-üstə qoymusan ki, yekə bir dağ yaransın. Sonra da o yekə dağların qoynuna bir kənd üfürmüsən. Ana çağasını qoynuna alan kimi dağlar sarıb-sarmalayıb bu kəndi də, onun 1837 nəfər adamını, qadınını, uşağını da. Sonra göz ekranında bir-birinin belində tikilmiş evlər mərtəbələnir. Sanki dağ böyük bir evdir, hər evciksə dağın qoynunda yuvalanmış ayrıca bir mərtəbə. Hamısının da görkəmindən bir dünya qədimlik yağır: yorğun pəncərələr, köhnə qapılar, yuxulu dalanlar. Elə bil vaxt dayanır bu panoramdan sonra. 10 il, 20 il öncəyə uçursan zaman çarxlarının üstündə. Bambaşqa bir zaman tunelinə düşürsən. Düşünürsən ki, dünyanın ən ətirli kəklikotusunu belində daşıyan uzunqulaq da, boz atı dördnala çapan qaragözlü gənc də, bumbuz bulaq suyuyla paltar yuyan çalmalı gəlin də, şalının ucunu ağzına yaşmaq tutan ağbirçəkli nənə də, nərd taxtasının arxasında pürrəngi çayını qurtumlayan qoca da, çöhrəsi çilli-xınalı sarı-sarı bal balalar da bu zəmanədən deyil. Düşünürsən ki, bu zaman tunelinə günümüzün müasirlik yeli dəyməyib. Düşünürsən ki, indi hansı kandardan adlasan, bir hana görəcəksən və rəngarəng saplardan toxunan xalçalar da sehirlidir, indicə uçacaq. Bəs bu kənd niyə belə tanış, belə doğma gəlir? Axı əvvəl heç gəlməmisən, gəzməmisən, görməmisən. Sonra xatırlayırsan, sən demə, bu kənd elə o kənddir: nənəmin nağıllarındakı. Kəndin camaatısa həmin nağılın qəhrəmanları. Öz dilləri var bu nağıl qəhrəmanlarının və bu dili bir özləri bilir, bir də ki yeri-göyü yaradan. Çün dünyanın başqa heç yerində bu dildən anlayan bir bəni-insan tapılmaz. Və öz dillərində kəndin adı da fərqlidir. "Kətiş" deyir Xınalıq camaatı bu kəndə. Quba şəhərindən 57 km cənub-qərbdə, Böyük Qafqaz silsiləsinin dağları ilə əhatə olunmuş ərazidəki çökəklikdə yerləşir Kətiş. Əhalisi də heyvandarlıq və təsərrüfatla məşğul olur. Bir də uzaq-uzaq diyarlardan gələn qonaqları ağırlamaqla. Uzunömürlülər məskəni sayılır Xınalıq. Dağlara baxdıqca öz-özümə deyirəm ki, bura ölməli yox, elə yaşamalı, uzun-uzun yaşamalı yerdir. Bir tərəfdə cana dərman dağ havası, bir tərəfdə çeşid-çeşid məlhəm çiçəkləri, yerin altından pıqqapıqla qaynayan bulaq suyu, coşquyla axan Qudyal çayı, Xınalıq çayı, hansı birini deyəsən... Amma camaatın söylədiyinə görə, 130 yaş yaşayan xınalıqlılar keçmişdə qalıb. İndi əvvəlki təbii qidalar yoxdur. Müasir nəsil nə gəldi yeyir, ağına-bozuna baxmır. Və ildən-ilə uzunömürlülər əfsanəyə çevrilir.

 

 

 

Dalanbadalan dolaşıram 5000 illik tarixə malik əfsanəvi yaşayış məntəqəsini. Gənclər elə də çox deyil. Əksəriyyət şəhərə axışır. Kimi təhsil dalınca, kimi də dolanışıq. İlk baxışdan elə təəssürat yaranır ki, burda ancaq qadınlar işləyir. Biri yuyur, biri bişirir, o biri heyvanlara baxır. Əksər kişilərsə çaydan içib nərd oynayır. Amma sonra öyrənirəm ki, kişilərin çoxu qışlaqda olur. Və həyat yoldaşları da onlara yardım etmək üçün qışlağa gedəndə uşaqlarını dövlət tərəfindən hər cür şəraitlə təmin olunan internatda qoyurlar. Valideynləri qayıdana kimi internat o uşaqların ikinci evidir. Həm təhsil aldıqları, həm gecələdikləri ev. Düzü, Xınalıq kimi gözdən-könüldən iraq bir yerdə internat olması da başqa bir təəccüb, amma təşəbbüs kimi gözəl. Elə bu dəm qarşıma sarışın bir Xınalıq uşağı çıxır. Gözləri yamyaşıl, saçları sapsarı. Onu qucaqlayıb foto çəkdirirəm. Xınalıq dilində soruşur ki, məni televizorda göstərəcəksiz? Əvvəl başa düşməyib çiyinlərimi çəkirəm. Sonra tərcümə edirlər sualı. "Hə" deyincə gülür, ikimiz də gülürük. Gülüşündə günəşi görürəm. Sonra dağların qoynuna pərçimlənmiş pirlərdən danışırlar mənə. Əslində, İslam dininə etiqad edirlər. Kənddəki məscidə gedib Allahı xatırlayırlar. Amma bir də içdən-içə inandıqları pirlər var: xeyir-bərəkət dilədikləri pirlər. Və onu da etiraf edirlər ki, Qarabağ deyib, 44 günlük mühribəyə gedən kənd cavanları qayıdar-qayıtmaz pirlərə nəzir-niyazlar qoyublar. Qarabağ demişkən, bu savaşı necə həvəslə izlədiklərini, qələbəni necə maraqla gözlədiklərini danışırlar. Neçə oğul göndəriblər Vətən müharibəsinə. Qayıdanda da toy-büsatla qarşılayıblar.

 

Axır ki, sözün hərfi mənasında, dırmaşa-dırmaşa gəlib çatıram mənzilbaşına. Bu da Xınalığın ən hündür evi. Taxçalı, boxçalı, divarları mal təzəyi ilə hörülmüş, döşəməsi mütəkkə və döşəkcələrlə döşənmiş qədimbəqədim evdə Xınalıq süfrəsindəyəm. O gün həyatımda ilk kəs Xınalıq xoruzunu dadıram, Xınalığın bulaq suyuyla yoğrulmuş çörəyi nuş edirəm. Xınalıq əhli qonaqpərvərdir. Xörəkləri də insanları kimi şirindir. Amma məni süfrədəki təamlardan çox bu məkanın sehrini kəşf etmək maraqlandırır. Ev sahibi bir baxışdan duyan arif adamdır.  Babəli kişi kəndin sayılıb-seçilən başıpapaqlılarındandır. Söhbətinə doyulmaz. Deyən-gülən, mehriban adamdır. Deyir, buraların qışı çox sərt olur. Evi qızdırmağa odun çatmır, təzək yandırlar. Bapbalaca evindəki 3 darısqal otaqda 12 övlada sahiblənib Babəli kişi. Maşallah, dediyinə görə, nəvələrinin sayını da itirib. Təəccüblə baxdığımı görüncə, xanım qızım, əsas qəlblərin genişliyi, gözəlliyi, deyilmi? Başımla təsdiqləyirəm və ürəklənib səhərdən dilimin ucunda fırlanan fikri dilə gətirirəm: "Bütün Xınalığı ovcumun içində hiss etmək istəyirəm". Süfrədən qalxıb məni evlərinin damına dəvət edir:

 

- Hündürlükdən qorxmursan ki?

 

- Yox. Nə qorxmağı...

 

Birnəfəsə dama dırmaşıram. "Maşallah" deyib gülümsünür:

 

- Bura Xınalığın ən hündür nöqtələrindən biri. Bax doyunca.

 

Məni Xınalıqla üzbəüz qoyub gedir. Durduğum yüksəklikdən nöqtə kimi evləri, adamları, mal-qaranı, dörd bir yanımı saran dağları doya-doya izləyirəm. Sonra səmaya boylanıram. Uşaqlıqdan bir vərdişim var axı. Elə bilirəm, səmaya boylananda bütün doğmalarımı hiss edəcəm. Onlar da hardasa bir yerlərdə səmaya  baxırlar və göylər bizi birləşdirir. Əllərimi Günəşə sarı uzadıb dərindən nəfəs alıram. O an beynimdəki bütün pis fayllar buxarlanıb Xınalıq havasına qarışır. İçimdə qəribə yüngüllük, hətta çəkisizlik yaranır, zaman donur. Həyatımın bütün "ən" nöqtələri beyin monitorumda fırlanır və varlığım doğmalarıma göndərdiyim "salam" nidasına köklənir. Gözümə düşən ilıq günəş şüası içimi isitdikcə düşünürəm ki, xoşbəxtliyin rəngi elə qızılı imiş... Sonra o damdan bambaşqa bir qadın düşür: qorxularına üstün gəlmiş, daha güclü, daha aram...

 

Babəli kişi aşağıda təbəssümlə qarşılayır məni:

 

- Nə gördün, xanım?

 

- Başqa bir zaman tunelidir bura.

 

Gülüşürük.

 

- Hə, bura başqadır. Hələ dəyişib a. Çox şey dəyişib.

 

- Məsələn, nə dəyişib?

 

- Elə arvad tayfası (Gülür). Əvvəllər hamı nehrə çalardı, xalça toxuyardı...

 

- Doğrudan e. Evdə görmədim xalça hanası.

 

- Hardan görəcəksən? Hanaları çoxdan yığışdırıblar. İndi xalça toxumur gəlinlər, şaqqaşaraq söz toxuyur telefonda.

 

- Elə bilirdim, tək Bakı belədir...

 

- Ata minmək istəmirsən?

 

- Əla olardı.

 

Atın üstündə o dağlara tamaşa etmək başqa bir zövq. Anlatılmaz, yaşanılır...

 

- Bəs niyə Xınalıq? Bu adın bir mənası varmı?

 

- Nə bilim. Bax o dağları görürsən? Deyirlər ki, guya Günəş çıxanda o dağlar xına rəngində olur. Ona görə də buralara Xınalıq deyiblər. Hər halda bir ad deməliydilər də...

 

Onun dediyi kimi, dağlara sarı boylanıram. Düşünürəm ki, qədim insanlar dünyanı təbiət hadisələri ilə, rənglərlə qavradıqları üçün bu ad təsadüfən seçilə bilməz.

 

- Bayaq deyirdiz, cavan vaxtı ovçu olmusuz. Maraqlı hadisə ilə qarşılaşmısız dağlarda?

 

- Çox şeylər olub olmasına. Amma bir şey heç vaxt yadımdan çıxmayacaq. Qar adamı... O vaxt cavan idim. Getmişdim keçi ovuna. Bir mağara vardı. Girdim ki, gecəni keçirim. Elə təzəcə yerimi rahatlamışdım ki, o gəldi. Hündür, iri, bədəni uzun qara tüklərlə örtülü, çılpaq bədənli. Baxırsan adamdır, amma daha gövdəli... Dondum qaldım saatlarla. Qorxumdan doğru-dürüst nəfəs ala da bilmirdim. Tərpənə də bilmirdim. Gəlib yanımda oturdu. Ay işığında o, məni süzürdü, mən onu. Qış vaxtı olsa da, bütün paltarlarım tər-su içindəydi. Bircə dəfə boynumdan bassaydı, elə ordaca qalardım əlinin ağırlığından. Amma toxunmadı mənə. Sübh vaxtı sakitcə çəkilib getdi. Bir xeyli sonra özümə gəldim. Silahımı götürüb evə sarı götürüldüm. Evdə aylarla heç kimə bu haqda danışmırdım. Nə olduğunu da bilirdim axı. Bir gün kəndin çobanı dedi ki, dağda qarın üstündə çox böyük bir iz görüb. Heyvan izi deyil, insan ləpiridir, amma böyük... Onda başa düşdüm ki, onun izidir. Aylar sonra onun qar adamı olduğunu anladım. Rusiyada dərc olunan bir məqalə vardı. Orda şəkil qoyulmuşdu. Və yazılmışdı ki, oralarda belə bir məxluqla rastlaşıblar. Adına qar adamı deyirlər.   

 

- Möcüzədir...

 

- Bura möcüzəli yerdir, xanım qızım. Amma gərək o möcüzəni hiss edəsən də. İndiki uşaqlar qundaqdan çıxmamış şəhərə can atır. Amma mənə dünya versələr, getmərəm bu sakitliyi, aramlığı qoyub. Nə var e o səs-küyün içində?..

 

Qaş qaraldıqca dağlar başına duman çalmasını bağlayır. Tez-tələsik vidalaşırıq nağıl kəndlə. Maşına doluşub dağların başına fırlanan dolanbac yollarla fırlanırıq. Sıx dumandan göz-gözü görmür. Bu duman bir az hürküdür, bir az da Xınalıqdan aldığım təəssüratlara başqa sehr qatır. Öz-özümə zümzümə edirəm: "Ay duman, gəl get bu dağlardan..." Duman deyirəm, get deyirəm, həm də təhtəl-şüur pıçıldayır ki, bax duman bitər-bitməz sivil həyat başlayacaq və bu sehr də bitəcək. Sonra da ümidlənirəm. Bitəcək bitməyinə, amma yaddaş kartındakı Xınalıq sehri bir ömür davam edəcək. Baxma ki, addımbaşı yarışırmış kimi bir-birindən nəhəng Bakı seriyalı avtomobillərlə rastlaşırsan. Baxma ki, dağların ətəklərində müasir geyimli şəhər əhlinə tuş gəlirsən. Baxma ki, internet fırtınası oraların adamlarını da silkələyib. Bütün bunların fövqündə amansız bir sürətlə dönən dünyamızda Xınalıq başqa aləmdir. Başqa zamandır. Başqa bir zaman tunelində mövcuddur. O tunelə adlayıb yeknəsək həyatına rəng qatmaq üçün sehr axtaranlar çoxdur. Dəniz səviyyəsindən 2350 metr yüksəklikdə qeyri-müəyyən zaman tunelindəki sehrlə mənim tək qarşılaşanlarsa çox azdır. Amma o sehri yaşamaq üçün bunca yolu qət etməyə, zirvədəki zaman tunelinə çatmağa dəyərdi!

 

 

Günel MEHRİ

 

525-ci qəzet.- 2021.- 25 sentyabr.- S.14;15.