Yaponiyadan bütöv Azərbaycana qayıtdım
Elvin Səhətbəyli:
"Radio təcrübəçiləri ilə maksimum səmimiyyət
yaradırdım ki, onlar öyrənmək istədiklərini
çəkinmədən mənə deyə bilsinlər"
"İrəli" İctimai Birliyinin cəmiyyətdə populyarlaşaraq
ətrafına daha çox gəncin cəlb olunmasında "İrəli" medianın
rolu əvəzsizdir. Uzun müddət
"İrəli" mediaya
rəhbərlik edən
şəxslərdən biri
də Elvin Səhətbəyli
olub.
Səhətbəyli Elvin Əbülfət
oğlu 1993-cü il 28 martda anadan olub. 2011-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında boks ixtisası
üzrə təhsil alıb. 2012-ci ildə
Gənclər və İdman nazirliyi ilə Azərbaycan Televiziyasının birgə
layihəsi olan "Müasir Azərbaycan Gənci" verilişində
könüllü olaraq
fəaliyyətə başlayıb.
Daha sonra bir çox
TV layihələrdə prodüsser,
kordinator olaraq fəaliyyət göstərib.
2014-cü ildə "İrəli" İctimai
Birliyində "İrəli"
medianın rəhbəri
təyin edilib. 2015-ci ildə hərbi
xidmətə yola düşüb, 2016-cı ildə
Aprel döyüşlərinin
iştirakçısı olub.
2016-cı ildə xidmətini başa vuraraq yenidən "İrəli"də fəaliyyətini
davam etdirib.
Elvin Səhətbəyli ilə müsahibəmizi sizə təqdim edirik.
***
- Elvin bəy, təhsiliniz sosial fəaliyyətlə
tamam ziddiyət təşkil edib. Boks ixtisası
üzrə irəlilədiyiniz
vaxtda hansı amil sizi bu
sferaya yönəltdi?
- Məktəbdə oxuduğum
illərdə boksla peşəkar məşğul
olmuşam. Bakı birincisi və
Azərbaycan üçüncüsü
olmuşam. Paralel olaraq,
basketbolla da məşğul olmuşam.
Məktəbimizin basketbol komandasında
oynayırdım. İdmanla peşəkar səviyyədə
məşğul olmağıma
və yaxşı nəticələr göstərməyimə
baxmayaraq, həmişə
yaradıcılıqla məşğul
olmaq istəmişəm.
Elə arzum da İncəsənət
Universitetinə qəbul
olmaq idi. Amma valideynlərimin təkidi ilə İdman akademiyasını seçməli
oldum. Universitetdə
oxuduğum ilk ildə,
yəni 1-ci kursda artıq Gənclər və İdman Nazirliyi, Azərbaycan Televiziyası və MZ prodakşının birgə
layihəsi olan "Müasir Azərbaycan Gənci" verilişində
könüllü olaraq
fəaliyyətə başladım.
Daha sonra elə həmin prodakşında başqa vəzifələrdə
çalışdım. Ordan ayrıldıqdan sonra isə, artıq müxtəlif televiziya kanallarında ayrı-ayrı
layihələrdə çalışmağa
başladım. Növbəti üz tutduğum yer "İrəli" İctimai Birliyi idi.
- "İrəli" medianın
rəhbəri olduğunuz
illərdən danışaq...
Nələrə imza atdınız, hansı müvəffəqiyyətlərə nail oldunuz?
- "İrəli" İctimai Birliyində
2014-cü ildə media rəhbəri
olaraq fəaliyyətə
başladım. Ümumiyyətlə, onu deyim ki, elə o ildən "İrəli"
komandası ilə uzun bir yola
çıxdıq. Bu yolda bizi gözləyən
çətinliklərdən, uğurlardan xəbərsiz
idik. Elə fəaliyyətim dönəmində ilk təşəbbüsüm 2 Fevral
Gənclər günü
münasibəti ilə
"İrəli" radionun
fəaliyyətini tamam
başqa formatda yeniləmək idi. Buna nail olduq. 2 Fevral Gənclər
günündə ölkədə
keçirilən silsilə
tədbirlərin siyahısına
"İrəli" radionun
açılış tədbiri
də daxil oldu. Açılışda bir çox
ölkə rəsmiləri,
media nümayəndələri iştirak etdilər.
Bundan əlavə, 13 Fevral "Ümumdünya
Radio Günü"ndə "İrəli" radio olaraq
Park bulvarda konsert proqramı təşkil etdik. Bu konsert
proqramı UNESCO-nun tədbirlər
planına əlavə
edilmişdi. Daha sonra
"İrəli" media olaraq
ölkənin xüsusi
günlərində hazırladığımız
videoçarxlar həmin
dövrün trend videolarına
çevrilmişdi. Bir çox
televiziya kanalları həmin videoçarxları
gündə bir neçə dəfə nümayiş etdirirdilər.
- "İrəli" radio internet platformasında səslənsə
də, yetərincə
maraq cəlb edə bilirdi. Sizcə, bunun
səbəbi nədir?
- Ümumiyyətlə, yaradıcılıq
olan yerdə səmimiyyət olmalıdır.
Mən də radio təcrübəçiləri
ilə maksimum səmimiyyət yaradırdım
ki, onlar öyrənmək istədiklərini
çəkinmədən mənə
deyə bilsinlər.
Təbii ki, radionun uğurlu olmasının tək səbəbi mənim idarəetməm deyil, burada həm "İrəli" komandasının
təcrübəçilərinin, həm də təcrübəçilərə təlim keçən peşəkar jurnalistlərin
əməyi var. Fəaliyyətim
dövründə radioda
8 təcrübə proqramı
keçirmişəm və
ümumi olaraq 100-ə
yaxın gənc bu proqramdan yararlana
bilib.
- Radio təcrübəçiləri bu sahə üzrə
hansısa peşəyə
sahiblənə bilirdilərmi?
- "İrəli" radio "İctimai"
radio ilə birgə əməkdaşlığa başladı.
Radiomuzda
təcrübə keçən
gənclər "İctimai"
radioda 1 ay daha peşəkar təcrübə
keçirdilər. Təbii ki,
mən təcrübəni
bitirən dostlarımıza
"sizi mütləq
iş ilə təmin edəcəyik"
deyə söz vermirdim. Bu, hər
bir gəncin öz həvəsindən,
öz istəyindən
asılıdır. Onu qeyd edə bilərəm ki, məhz ilk təcrübə yeri
"İrəli" radio olan
gənclərin bir çoxu artıq televiziya və radio sahəsində daha peşəkar jurnalist olaraq fəaliyyət göstərirlər. Sağ
olsunlar, hər işə düzəldikcə
mənə öz təşəkkürlərini bildirirlər.
Elə xəbərlər eşidəndə,
ən azı, onlar qədər mən də sevinirəm. Nə yaxşı ki, uğurlarında az
da olsa əməyim
var və onlar bunu unutmurlar.
Növbəti uğurumuz
isə, hal-hazırda təcrübə proqramını
uğurla bitirən
Nadir Yalçının məndən
müsahibə götürməsidir
(gülür)...
- Bildiyimiz kimi, "İrəli" bu yaxınlarda rebrendinq elədi. Rebrendinqden sonra "İrəli"də
nə kimi dəyişikliklər oldu?
- Bəli, "İrəli"
bu yaxınlarda rebrendinq elədi. Məlumdur ki, "İrəli" gənclərlə
iş üzrə fəaliyyətində vətənpərvərlik
mövzusunu əsas tutub. Bütün xalqımız dəmir
yumruq kimi birləşərək Ali Baş
Komandanın rəhbərliyi
altında düşmənə
sarsıdıcı zərbələr
vurub öz torpaqlarını işğaldan
azad etdi. Həmin dəmir yumruq bu gün
"İrəli"nin
yeni loqosunda əks olunub. "İrəli" İctimai
Birliyi təkcə
2021-ci ildə Göygöldə
"Marş İrəli"
layihəsini, Ağdamda
"Hərb oyunları"
layihəsini, Naxçıvanda
yenidən "Marş
irəli" layihəsini
və Şamaxıda
"Yayfest-vətənpərvərlik"
düşərgəsini təşkil
etdi. Bu layihələrdə
500-dən çox gənc
iştirak elədi.
- Yaponiyada yaşadığınız
dövrdən danışaq...
- Həyatımın ən böyük təcrübələrindən
biri idi. Çətin idi, çətin
olduğu qədər
də maraqlı idi. 2 il ərzində, demək olar ki, Yaponiyanın
əksər görməli
yerlərini gəzdim.
Şükür, qayıtmışam, gözüm arxada qalmayıb. Türklər demiş, kvamında
saxladım.
- Niyə geri qayıtdınız, ab-hava
ürəyinizcə olmadı?
- Tam ürəyimcə idi. Bilirsiniz ki, Yaponiya çox
inkişaf etmiş ölkədir. Həyat səviyyəm,
aylıq gəlirlərimiz
isə, yüksək idi. Bir məsəl var: El görməz, oba görməz, it yesin elə yağı (gülür).
Nə qədər
gözəl yaşasam
da, amma elə bil nəsə
çatışmırdı. Dostlarım
üçün, ailəm
üçün, Bakı
üçün, ölkəm
üçün, Azərbaycan
dilində danışmaq
üçün - burda
qoyub getdiyim hər şey üçün darıxırdım...
- Bildiyim qədərilə,
Aprel döyüşlərində
iştirak etmisiniz. Bu gün Qarabağ
azaddır. Sizi də
qalibiyyətin bir parçası adlandırmaq
olar. Qalib ölkənin vətəndaşı
olmaq necə hissdir?
- Aprel döyüşlərində
şəhid kapitan İnqilab Quliyev və şəhid baş leytenant Rəşid Mehdiyev mənim zabitlərim idi. Komandirim isə, fəxr
hissi ilə deyirəm ki, Milli qəhrəman İlqar Mirzəyev idi.
Qalib ölkənin
vətəndaşı olmaq
çox möhtəşəm
hissdir. Təsəvvür edirsiniz, qalibiyyət
münasibətilə Yaponiyada
xarici dostlarım məni təbrik edirdi. Mən Yaponiyaya gedəndə torpaqlarımızın 20 faizi
işğal altında
idi, qayıdanda isə bütöv Azərbaycana qayıtdım!
- Gələcək planlarınız
nədir?
- Hal-hazırda Azərbaycan Respublikası Gənclər
Fondunun və "İrəli" İctimai
Birliyinin birgə layihəsi olan "Müzəffər əsgər"
layihəsinin rəhbəriyəm.
Layihə çərçivəsində
44 günlük Vətən
müharibəsində ölkəmizin
bütövlüyü uğrunda
canından keçən
qəhrəman şəhidlərimizin
ailələrini ziyarət
edirik. Layihə ölkənin əksər
regionlarını əhatə
edir. Bundan əlavə gələcək
planım - hər şey yaxşı olacaq!
Nadir YALÇIN
525-ci qəzet.- 2021.- 25 sentyabr.- S.10.