BÖYÜK
ZƏFƏR ÜÇÜN SÖZ ÇƏLƏNGİ
"QARABAĞ DASTANI"
KİTABININ TƏQDİMATI KEÇİRİLDİ
Ölkə
və ya dünya miqyasında baş verən mühüm hadisələr
həmin dövrdə hadisə, üstündən bir az keçəndən sonra xatirə, bir
müddət keçəndən sonra isə əsər, ədəbiyyat
nümunəsi, kitab olur. Bunu tarix və ədəbi proses dəfələrlə
sübut edib. Bir neçə gün sonra
başlamasının birinci ildönümünü qeyd edəcəyimiz
Vətən müharibəmiz də hazırda Azərbaycan
xalqının acılı, şirinli xatirəsi, ən əsası
isə qələbə sevincidir. Bəli,
zaman keçəcək və bu müharibənin qəhrəmanlarının
hər biri bir əsərin, bu böyük qələbə
cild-cild kitabların mövzusuna çevriləcək. Onda ədəbiyyat ordunun əlindən silahı
alıb qələmə çevirəcək və ordunun
yaşatdığı tarixi gələcək nəsillərimiz
üçün əbədi qalacaq yazılara çevirəcək.
Əslində, bu haqda gələcək zamanda
danışmaq heç də doğru deyil. Çünki
ədəbiyyat özünün bu müqəddəs
missiyasını icra etməyə başlayıb artıq.
Vətən müharibəmiz, Qarabağ
sevincimiz indidən yazıçılarımızın,
şairlərimizin qələminə mövzu olub. Fikrimcə, bu mövzuya həsr olunmuş ən
gözəl nümunələrdən biri, hətta deyərdim
ki, birincisi Azərbaycan Yazıçılar Birliyi (AYB) tərəfindən
çap olundu. Bu, yenicə işıq
üzü görmüş "Qarabağ dastanı"
kitabıdır. Kitabda tanınmış
yazıçılarımızın, şairlərimizin
Qarabağa və işğaldan azad olunmuş
torpaqlarımıza həm 30 illik həsrət zamanı, həm
də böyük qələbədən sonra həsr
olunmuş əsərləri yer alıb.
AYB-nin təşəbbüsü ilə hazırlanan
"Qarabağ dastanı, otuz ilin həsrəti - 44
günün Zəfəri" kitabının təqdimatı
sentyabrın 23-də Bakı Kitab Mərkəzində
keçirildi.
Gənc xanəndə Nihad Məmmədzadənin
ifasında "Bayatı-Şiraz" muğamı ilə
açılan tədbirdə əvvəlcə şəhidlərin
xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirin
aparıcısı Nərgiz Cəlilova gecənin məqsəd
və məramı haqqında məlumat verdi.
Mərkəzin
direktoru, yazıçı-publisist Günel Anarqızı
çıxışında bildirdi ki, bugünkü
görüşü belə bir tarixə salmaqda məqsəd
qələbənin ildönümünü qeyd etməkdir:
"Bu vaxtadək Qarabağ haqqında çox sayda əsər
yazılıb, saysız-hesabsız kitab nəşr olunub. Ancaq hər zaman qəlbimizdə bir nisgil olub. İndi isə biz qürur hissi keçiririk. Qələbəni bizə yaşadan Ali Baş
Komandan İlham Əliyevə və qəhrəman Ordumuza təşəkkür
edirəm. İnanıram ki, bundan sonra
Qarabağ haqqında yeni-yeni əsərlər
yazılacaq".
AYB-nin sədri,
Xalq yazıçısı Anar vurğuladı ki, 44
günlük Vətən müharibəsi nəticəsində
Azərbaycan əsgəri ermənilərin özləri barədə
uydurduğu "qəhrəman xalq" mifini darmadağın
etdi: "Bu müharibə bizim üçün ən
böyük zəfər möcüzəsi idi. Bu
möcüzənin yaradıcısı Azərbaycan
xalqının birliyi, müzəffər ordumuz və ordunun Ali
Baş Komandanı, cənab Prezident İlham Əliyevdir".
Xalq
yazıçısı kitab barədə də məlumat verdi: "Kitabda Qarabağla bağlı
yazıçıların öz doğma bölgələri
haqqında düşüncələrinə, xatirələrinə
yer verilib. Ən əsası bu yazıların əksəriyyəti
böyük qələbədən sonra yazılıb. Bəli, biz dəmir yumruqla qələbə
qazandıq. Ancaq unutmamalıyıq ki, bir əl
yumruqdursa, o biri əldə də qələm tutmalı və
qələmlə də qalib gəlməliyik. Azərbaycan yazıçıları qələmlə
də Qarabağın Azərbaycan torpağı olduğunu
isbat edə bildi və biz qələmlə bu qələbəyə
öz töhfəmizi verdik. Bu kitab bir neçə il bundan əvvəl yazılsaydı, nisgil dolu
hisslərlə yazılardı. Amma nə
yaxşı ki, belə olmadı, bu kitab qələbə ruhlu
bir nəşrə çevrildi".
Milli Məclisin
deputatı Jalə Əliyeva kitabın ərsəyə gəlməsində
əməyi keçən hər kəsə təşəkkür
etdi və Azərbaycan Yazıçılar Birliyinin bu təşəbbüsünü
yüksək qiymətləndirdi: "Biz üç tandemin -
xalq, ordu və ölkə başçısının birliyi
sayəsində böyük qələbəyə imza
atdıq. Ordunun, silahların diliylə biz 30
illik həsrətimizə son qoyduq. Ancaq
tarix onu göstərir ki, ədəbiyyat, sənət də hər
zaman öndə gəlir. Bu kitab
yazıçılarımızın, şairlərimizin
Qarabağla döyünən ürəyinin təcəssümüdür.
Sevinirəm ki, Yazıçılar Birliyi bu nəşrlə
Azərbaycan ictimai-siyasi həyatında mühüm rol
oynadığını, xalqının və dövlətinin
yanında olduğunu bir daha sübut elədi".
Xalq yazıçısı Elçin qeyd etdi ki, Vətən
müharibəsində Qələbə təkcə həqiqətin
sevinci deyil, insanların daxilindən gələn hissin ifadəsi
idi. O,
işğalın gətirdiyi kədəri, eyni zamanda, qələbəmizdən
qaynaqlanan qüruru əks etdirən bu yazıların Azərbaycanın
böyük Zəfərinin əbədiləşməsinə
qələm adamlarının töhfəsi olduğunu
vurğuladı: "Bu kitab yaşayacaq kitabdır. Fikrimcə, bu kitabın davamını etmək
lazımdır. Çünki Şuşa
böyük gələcəyin şəhəridir. O gələcəyə
gedən yolu Azərbaycan yazıçılarının əsərləriylə
addım-addım gəzmək lazımdır".
Bakı
Dövlət Universitetinin professoru Cahangir Məmmədli
bildirdi ki, Qarabağ haqqında yazılan kitab onun
üçün ikiqat müqəddəsdir: "Arzu edirəm
ki, bu cür kitablar çoxalsın. İnşallah,
çoxalacaq da. Uzun illər keçəcək,
Vətən müharibəmiz ən gözəl kitablara
mövzu olacaq".
Xalq
yazıçısı Çingiz Abdullayev
çıxışının əvvəlində müharibə
və qələbə haqqında düşüncələrini
bölüşdü: "Bu müharibədə şəhid
olanların mütləq əksəriyyəti 19-20 və ya 21
yaşlı gənclərimizdir. O gənclər ki, yaşca
işğaldan çox balacadırlar və heç vaxt
Qarabağı görməyiblər. Bəlkə
bir neçə zabit görüb, amma onlar da həmin vaxt
uşaq olublar. Təbii ki, bu, cənab
Prezidentin böyük siyasətinin, xalqımızın
birliyinin, övladlarına vətən məhəbbəti aşılayan
anaların tərbiyəsinin nəticəsi idi. Amma
görünür ki, yazıçıların da əməyi
az deyildi ki, onlar yazdıqları ilə bu
30 ildə xalqı məhz bu günə
hazırlayırdılar. Görünür,
müəllimlərimizdən də çox şey
asılıdır ki, gənclərimiz anlayıblar, bəli,
biz Qarabağsız yaşaya bilmirik. Demək
ki, biz - Qarabağı görənlər bu ruhu onlara
aşılaya, vətən torpağının müqəddəsliyinə
onları inandıra bilmişik".
Xalq
yazıçısı kitabdakı əsərlərdə
Qarabağın tarixinə dair maraqlı faktların, unudulmaz
duyğuların, müəlliflərin şirinli-acılı
xatirələrinin əksini tapdığını söylədi:
"Birinci müharibədə 11 yazıçı öz
övladını şəhid verdi. Yəni biz sözdə yox, əməldə də
inanır və çalışırdıq ki,
torpaqlarımızı azad edək. Yaxşı
yazıçı xalqın əbədiyyətdəki vəkilidir.
Bu və bunun kimi kitabların sayəsində gələcək
nəsillərimiz öyrənəcək ki, bu dövrdə
necə insanlar yaşayıb və vətəni necə seviblər".
Sentyabrın
27-də Qarabağda canlarından keçmiş şəhidlərin
əziz xatirəsi ehtiramla yad olunacağını
xatırladan AYB-nin sədr müavini Rəşad Məcid qeyd
etdi ki, ötən il müharibə
başlayanda hamımız səksəkəli günlər
yaşayırdıq. Ancaq oktyabrın 4-də Cəbrayıl
azad olunanda Prezident İlham Əliyevin
çıxışı bizi çox sevindirdi və bu xəbər
xalqımızı qələbəyə köklədi.
Prezident həmin çıxışında ilk
dəfə olaraq Şuşanı "müqəddəs
şəhər" adlandırdı və bu ifadə bizi daha
çox inandırdı ki, bu müharibəni qələbəylə
başa vuracağıq.
Rəşad
Məcid kitabın araya-ərsəyə gəlməsi prosesindən
də danışdı: "Həmin vaxtlarda Anar müəllimin
ideyasıyla belə bir kitab çap etmək məsələsi
gündəmə gəldi. Bəlkə
Yazıçılar Birliyinin bu vaxtacan çap etdiyi kitablar
arasında ilk nəşr idi ki, ona "ideya müəllifi
Anar" yazıldı. Ancaq Anar müəllimin
bu işdəki zəhməti ideya müəllifliyindən daha
çoxdur. Xalq yazıçısı
Anarın müraciətindən sonra Seyran Səxavət
Füzulidən, Elçin Hüseynbəyli Cəbrayıldan,
Qulu Ağsəs Ağdamdan, Şirindil Alışanlı
Laçından yazıblar. Sonradan digər
yazıçılar da bu ideyanın işığına
toplaşıblar. Hər gün də
ideyaya ideya əlavə olunurdu. Şəkilləri
belə, Anar müəllim özü bir-bir seçirdi. Çox böyük həssaslıqla
yanaşırdı bu işə. Nədənsə, mən
"Qarabağ dastanı"nı kitablar
kitabı adlandırıram. Amma əslinə
qalanda, bəli, bu, kitablar kitabıdır. Burda
Qarabağa həsr olunmuş hər bir yazı ayrıca
kitabdır.
Fikrimcə, Anar müəllim başda olmaqla, Azərbaycan
yazıçılarının Şuşayla bağlı
nisgilli yazıları illər boyunca xalqımıza və eləcə
də, Ali Baş Komandanımıza sirayət edib. Bu gün
Şuşanı Ali Baş Komandan kimi vəsf edə bilən,
Şuşa deyəndə üzündə günəş
doğan bir insan yoxdur".
Tədbir maraqlı ifalarla da yadda qaldı. Xalq artisti Tünzalə
Ağayevanın "Şuşam mənim", müğənni
Azad Şabanovun "Qarabağdan salam", xanəndə Nisbət
Sədrayevanın "Şuşanın dağları",
xanəndə Xəyal Hüseynovun "Xudayar təsnifi"
kimi ifaları gecəyə fərqli rəng qatdı.
Qeyd edək
ki, "Təhsil" nəşriyyatında çap edilən,
geniş oxucu kütləsi üçün nəzərdə
tutulmuş 528 səhifəlik kitabın ideya müəllifi
AYB-nin sədri, Xalq yazıçısı Anar, "Ön
söz" müəllifi və redaktoru isə AYB-nin sədr
müavini, Əməkdar mədəniyyət işçisi Rəşad
Məciddir. Kitabın üz
qabığındakı "Cıdır düzündə Azərbaycan
bayrağı" rəsmi Xalq rəssamı Sakit Məmmədova
məxsusdur.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2021.- 25 sentyabr.- S.8.