Böyük Zəfərin nişanələri: misilsiz mənzərələr, bənzərsiz duyğular

 

"2020-ci il tarixdə bizim Şanlı Qələbəmiz ili kimi qalacaq. Bu Tarixi Qələbə Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq"

Azərbaycan Prezidenti,

Müzəffər Ali Baş Komandan İlham Əliyev

 

Artıq bir ilə yaxındır ki, ürəyimizin həsrət ağrısı öz yerini qürur və şərəf hissinə verib. Millət olaraq öz igid qəhrəmanları ilə dolu olan tarixi keçmişimizi bərpa etmişik.

 

Uzun zamandan bəri dünyanın - dostun, düşmənin gözü önündə sınaq və qeyrət imtahanı qarşısındaydıq. Bu ağır imtahandan, çətin sınaqdan zəfərlə çıxmaq üçün 30 illik səbr kasamız da dolmuş, zaman da yetişmişdi. Tanrı öz haqq hökmü, ədaləti ilə dünyanı nizama salanda, yəqin ki, bütün bunları düşünərək, bilərək edibmiş. Coğrafi mövqe baxımından yurdumuzun bu qədər füsunkar və ecazkar bir məkanda yerləşmək, binə-qədim olmaq elə Tanrının bizlərə lütfü deyilsə, bəs nədir? Adı dillər əzbəri olan Şuşa, Kəlbəcər, Zəngilan, Füzuli, Cəbrayıl, Ağdam, Laçın bu gün bizim and, iman yerimizdir, sabah isə hamılıqla azadlığın qana bulanmış al şəfəqlərini üzünə çəkəcək və bu axan qan AZƏRBAYCAN övladlarının VƏTƏN, TORPAQ yanğısıyla quruyub qaysaqlanacaq. Gələcək nəsillər arxaya boylananda həmin şəfəqlərin içindən bərq vuran bir başqa, təptəzə, imisti, doğma bir Günəşin boylandığını görəcəklər.

 

Bəli, Vətən müharibəsinin birinci ildönümü tamam olur. Qürurlanırıq. Sevinirik. Amma hərdən içimizdə bir həyəcan baş qaldırır. Düşmən o qədər məkrlidir ki, əl atmadığı oyun, qurmadığı tələ qalmır. Tarix üzümüzə qabarır, yada salır, unutdurmur.

 

Tarix yollar aşır atlılar kimi,

Aşır sərhədləri, sədləri aşır.

Əlində bir qədim çıraq var kimi,

Torpağın altında gəzib dolaşır.

 

Yatır, bir sal daşı qoynuna sıxıb,

Bir dağın döşündə mürgüsün döyür.

Hərdən soraqlayır bir məzarlığı,

Hərdən bir ocaqdan gözünə dəyir.

 

Quş dili, daş dili var bu tarixin,

Söz dili, saz dili var bu tarixin.

Bizə xəbər verir keçmişimizdən,

Anlasan, öz dili var bu tarixin.

 

Döyüşən illərin, qanlı illərin

Torpağın üstündə öz tarixi var.

Mən tarix sayıram hər ocaq yerin,

Mənimçün tarixdir hər qala-divar.

 

Bu Vətən tarixin bizə payıdır,

Bu torpaq babalar əmanətidir.

Tarix zaman-zaman geri qayıdır,

Bizi olacaqdan xəbərdar edir.

 

Tarix o vaxt var ki, salırsan yada,

O da unutmayır, səni yaşadır.

Şəhid oğulların məzarları da,

Bu ana torpağın qan yaddaşıdır.

 

Budur... Qədim Şirvanşahlar Sarayının qapısı önündəyəm. Bura necə və nə vaxt çatdığımı bilmirəm, içəri keçmək üçün elə can atıram ki. Məni özünə çəkən Qala divarlarının yanında şəkil çəkdirməyi də unutmuram. Bakı gözümdə daha da böyüyür, gözəlləşir. Saray divarlarına baxdıqca qürur hissi keçirirəm. Ata-babalarımızın əli qılınclı halı gözlərim önündə canlanır. Meydanları geniş, atları zirək, özləri döyüşkən. Qılıncların toqquşmasından yaranan şimşək seli divarlar uzunu axaraq gözlərimi qamaşdırır, hər tərəfdən əks-səda olunan qılınc-qalxan səsləri bu dəfə insanı vahiməyə salmır, əksinə, hər doğulan hissdə qürur və əzəmət var. Süvarilərin atlarının dırnaqlarından qalxan toz-tufan ipək parça kimi havadan sallanır, sonra duman kimi divar uzunu boylana-boylana sürünüb yoxa çıxır. Şahə qalxan atlarının belində öz əzəmətli və vüqarlı duruşlarıyla Qələbə zənguləsinin ilk notlarını simlərə köçürür. Divarlar hər ötüb-keçən tarixə şahidlik etmiş kimi məndən hər eşitdiyimə dinşək kəsilməyimi istəyir. Qulaqlarımı daşlara dirəyirəm, heyrətdən alcalanmış gözlərimi bir az da geniş açaraq heyranlıqla ətrafı süzürəm. Torpağımın keçmişi bu günü kimi məni özünə çəkir. Pillələri enib qalxdıqca bu pillələrdən çıxıb düşən hökmdarların ayaq izlərini görürsən. Yurdun bu günü üçün axıdılan qanlar, verilən fərmanlardan, qurulan tələlərdən, satılan taxt-taclardan daha müqəddəs ucalıqdır. Divanxana, Şirvanşahlar türbəsi, Şah məscidi, Saray hamamı, ovdan, sarayda çalışan dövrünün tanınmış alimi Seyid Yəhya Bakuvinin türbəsi və Keyqubad məscidinin qalıqları bu günümüzəcən gəlib çatıb. Ancaq sadalananlar danışan divarlardır, hətta özündə tarix yaşadan divarlardır. Gəzintimin keçmiş fəsiliylə olan hissəsini başa vurub, bu günümlə bağlı fəslinə giriş edirəm. Neft qoxuyan Xəzərin sahillərində gəzirəm ki, gözümü qamaşdıran qılıncların toqquşma anındakı işıq seli gözlərimdən, mübarizədəki atların şahə qalxan kişnəltisi isə qulaqlarımdan sovuşub getsin. Yolum Hərbi Qənimətlər Parkınadı... Eyni həvəs və həyəcanla mənzilə tez çatmağımı, yolun bitməsini gözləyirəm və budur haa...

 

Göy üzü bənzəyirdi yenə yalın qumaşa,

Hələ də bilmirdik ki, necə dözə bilmişdik.

Şəhidimin al qanı səpələnən hər daşa,

Hər qayaya silinməz tarix yaza bilmişdik,

Zəfər tarixi!

 

Ali Baş Komandanım dizin basıb torpağa,

Öpürdü Bayrağımı, ucaldırdı göylərə...

Alnıaçıq girmişdik bu şərəfli sınağa,

Quran ayəsi kimi həkk edildi hər yerə,

Zəfər tarixi!

 

Uludan da uludur tarixi torpağımın,

O, şəhid balaların əmanətidir bizə.

Kələyini kəsdilər yenə azğın yağının,

Qanlarıyla yazıldı şərəf tariximizə,

Zəfər tarixi!

 

 

 

Addım atdıqca qanımı coşduran yerdəyəm, "Qarabağ Azərbaycandır!" şüarının önündə şəkil çəkdirməkdəyəm. Artıq qılınc səslərinin yerini güllə səsləri əvəz edir, atlar tanka, zirehli maşınlara dönür. Dualarımız Tanrıya yetişib və qarğışımız "Harop" şəklində düşmənin başında partlayır. Düşmənin başsız qalan dəbilqələri diyirlənib torpaqlarımızda qalır. Düşmən heç vaxt onun olmayan və olmayacaq torpaqlarda "at oynatmaq" niyyətinin eyforiyadan ibarət olduğunu anlayıb döyüş meydanından qaçır. Özümü bu yerdə sözümə kiçik bir düzəliş etməkdən saxlaya bilmirəm:

 

Döyüş meydanından qaçmır, Azərbaycan əsgəri onu "iti qovan kimi qovur". Səngərlərdə irəliləyirəm, üstümə qalib bir ölkənin qalib əsgərinin evlərinə, ailələrinə yazdıqları məktubları tökülür.

 

Əsgər yazır: Anacan, Füzulini almışıq,

Zəngilan da bizdədir, döyüşürük durmadan.

Şuşa da and yerimiz, lap bir azca qalmışıq,

Onu da alacağıq gecə, sökülməmiş dan.

 

Əsgər yazır: Ay Ata, Qarabağdayıq, şükür,

Torpaqları qaytardıq, öp nəvənin üzündən.

İndi burda durmuşuq zamanı iplə çəkib,

Dönəcəyik salamat, Tanrı versin tezindən.

Əsgər yazır: Babacan, salam var Xan Şuşadan,

Ermənini qovmuşuq lap iti qovan kimi.

Qurban olum Allaha, odur bizi yaşadan,

Tək Ona borclu billəm sonuncu nəfəsimi.

 

Əsgər yazır: Qardaşım, silahı yağlamışam,

Atımın tərkindəyəm, Göyçəyədir səfərim.

Necə lazım düşmənin bağrını dağlamışam,

Hələ İrəvan da var, qabaqdadır zəfərim.

 

Əsgər yazır: can Dostum, gəlirəm eyy, gəlirəm,

Cibimdə hələ mənim Laçın torpağı da var.

Özümü bu torpağın qalib oğlu bilirəm,

Qayıda bilərsiniz, daha açıqdı yollar.

 

Əsgər yazır: Sevgilim, sənə nə gətirim, nə?

Xarıbülbül dərmişəm bir boyda, bir biçimdə.

Əgər ki, şəhid olsam, bircə sözüm var sənə,

Qurudub saxlayarsan məktubumun içində.

 

Hava sərin və küləklidir. Zəncirlərdən asılmış dəmir dəbilqələr bir-birinə dəyib sanki küçük kimi zingildəyir, elə bil, nəsə deməyə can atır.

 

Anlaşılandır. Tarix onları bağışlamayacaq. Artıq aradan xeyli vaxt ötdüyündən onların arasında paslanmışları da var, zaman-zaman da erroziyaya uğrayıb öz mifləri kimi dağılacaq. Bütün bu dəmir parçalarına nifrətlə baxmıram daha. İnsan oğlu haqlı qisasını aldıqdan sonra nifrət hissinin yerini başqa hisslər tutur, Vətən qarşısında özünü üzüağmış kimi hiss edirsən.

 

Adam öz Vətənini sevməkdən sıxılardımı? Biz də sıxılırdıq bu Vətəni sevməyə, əzizləməyə, oxşamağa. İndi küləyə qoşulub hər səmtə yellənən bu dəmir dəbilqələr bir ZƏFƏR simfoniyasını köçürürdü qulaqlarıma. Yaddaşımdan silinməyəcəkdi. Şuşanı yalın əllə alan Şəhid oğulların şücaəti dillərə dastan olacaq, oraları gəzib, şəkil çəkdirməkdən, vəsf etməkdən yorulacağıq bir gün bəlkə də. Bunlar tarixdə ya qalacaq, ya yox. Tarix həmin torpaqlarda qanından, canından olan igidlərimizi öz qayasına, hər daşına həkk edəcək. Hər gedişimizdə biz bu şərəfli tarixi həmin qayalarda və daşlarda oxuyacağıq. Gələcək nəsillərimiz bizim DƏMİR YUMRUQa çevrilib nələrə qadir olduğumuzu 44 günlük haqq savaşımızın, Vətən müharibəmizin tarixindən öyrənəcək.

 

Çaxdı şimşək kimi, əsdi yel kimi,

Düşmənin belini qırdı həmin əl.

Aşdı keçilməzi, açdı yol kimi,

Həmin dəmir yumruq, həmin dəmir əl.

 

Getdi arxasıyca xalq axın-axın,

İradəyə baxın, qüvvəyə baxın!

Yazdı Zəfərimin yeni tarixin,

Həmin dəmir yumruq, həmin dəmir əl.

 

Vətənim tam oldu, tam...

Deyil yuxu!

Ordu onun gücü, xalq onun ruhu.

Saldı düşmənlərin canına qorxu,

Həmin dəmir yumruq, həmin dəmir əl.

Təzyiqin, təsirin qarşısın aldı,

Gah qalxana döndü, gah sipər oldu.

Xalqdan binələndi, haqdan yoğruldu,

Həmin dəmir yumruq, həmin dəmir əl.

 

Şəhidlərimizin ruhu qarşısında bir ömür sayğı duruşundayız. Payızımız bahara oxşayır daha, həmin yerlərin qaranquşlarının müjdəli qanadlanmaqları boylanır ürəyimiz boyda yuvalardan, indi sentyabr ayı olsa da, hava üzümüzə bir başqa gülümsəyir, Azərbaycan əsgərinin hünəri ilə qazandığı Qələbənin xoş xəbəri neçə vaxtdan bəri bəzən boş və bayağı, çal-çağırdan bezən televiziyaları indi xalqın ürəyincə səfərbər edə bildi. Birliyimiz o qədər gözəl bir vəhdət halındadır ki, bədnəzərlər toxunmasın deyə qoldan-budaqdan yekə bir üzərlik ağacını qoparıb Vətən xəritəsinin baş ucundan asmaq istəyirsən.

 

Yandırmısan 27-30 ildən bəri ürəyinin bir küncündə toz basmış ümidsizlik, çarəsizlik və gücsüzlük hisslərini... Torpaqdan belini dikəldib qalxan bir cavan pöhrəsayağı yeni doğulmuş bambaşqa bir dünyaya boylandığını hiss edirsən. Sən nə gözəlsən, ey AZADLIQ, Qarabağla bütövləşən doğma Azərbaycanımız! Adına, özünə qurban övladların var!

 

Hərbi Qənimətlər Parkına olan səfərim bitmir, burdan xəyalən də olsa Şuşaya gedirəm. Yoluzunu yazdığım və yazacağım şeirlər də özümlədir. Vətən sevgisi kimi ürəyimin başında saxlamışam hamısını. Şeirdən gözəl Vətən sevgisi olarmı? Olmaz!

 

Bələdçim də Xarıbülbülün özüdü!

 

Deyirlər ki, səndən keçir

Şuşaya yol, Xarıbülbül.

Onda tutaq əl-ələ, gəl,

Bələdçim ol, Xarıbülbül.

 

Qonduğun yer ətir saçır,

Sancağısan Zəfərimin.

Bələdçisi olmalısan,

Şuşaya ilk səfərimin.

 

Gül donunda mükafatsan,

Gül donunda ali ödül.

Parçalanmış torpağımın

Simgəsisən, Xarıbülbül.

 

Bir xar qonub, bir də bülbül,

Nə söyləsin adın daha?

Sənin o çiçək sinəndə,

Şərlə Xeyir əlbəyaxa.

 

Köksümdəsən, ruhumdasan,

Deyilsən ki, adi bir gül.

Şəhidimin son nəfəsi,

Son ətrisən, Xarıbülbül.

 

 

AY Bəniz ƏLİYAR

Şairə, Azərbaycan Yazıçılar Birliyinin üzvü

 

525-ci qəzet.- 2021.- 28 sentyabr.- S.14;15.