Ömrünü yaşatmaq üçün yaşadı...  

 

Sonuncu nəfəs ömrün sonu deyil...

 

Kimlərinsə ürəyində, kimlərinsə xatirələrində yaşayanlar elə tarixdə də yaşayır. Tarixdə yaşamaq əbədi yaşamaq deməkdir, xatırlanma əbədi yaşama əlamətidir. Zamanında tarixi şəxsiyyətləri xatırlayanları, xatırladıqlarını kağıza köçürənləri, tanınmışları yenidən tanıdanları sonralar ehtiramla xatırlayırıq. Bunu mənəvi borc bilib xatırlayırıq. Bizə elə gəlir ki, belə xatırlamalar yaşam fəlsəfəsidir. Gəncliyimdən tanıdıqlarımı ömrün bu yaşında da sevgilərlə, ehtiramla xatırlamışam. Bunu zamanında ömür yolundan, tövsiyələrindən öyrəndiklərimin ömrümə düşən qayğıkeşlik işığı bilmişəm və bu işığa yaşam fəlsəfəsinin hünəri demişəm. Bu sevgidə, ehtiramda hərdən təəssüf də olub. Xatırladığım insanın yoxluğunun yaratdığı təəssüfü...

 

Bəxtiyar İbrahim oğlu Süleymanlı 29 avqust 1925-ci ildə Zəngilan rayonun Bartaz kəndində anadan olub. Ruhunun duruluğu bu kəndin adına bağlıdı; kənd göyləri ilin bütün fəsillərində könüləyatımlı olur, görürsən, gözlərinə köçürürsən, son nəfəsinəcən onun bənzərsizliyini yaddaşında yaşadırsan. Bu yaşatma niyyəti ömrünün işığına dönür. Bəxtiyar müəllim belə yaşamışdı, Bəxtiyar müəllimi belə yaşayan insan kimi sevmişdik...

17 yaşında işləməyə başlayıb. Kənddə, poçtda. Həm də poçtun müdiri olaraq. Xarakterində elmə maraq olanlar çeşmə misallıdır; çeşmə nə vaxtsa, hansısa xırda bir təmasdan dünya üzünə çıxır, suyunu səxavətlə bəşərə bəxş edir. Xarakterində çeşməlik olanlar da gec-tez ruhunun işığını bəşərdən əsirgəmir; Bəxtiyar müəllim məktəbdə müəllim işləyib. Nə öyrədirdi şagirdlərə? - dürüstlük, insana, insanlığa sevgi, Vətənə sevgi, elmə sevgi... Müharibə illərinin uşaqlarına bu qayğı min illərin yaşam fəlsəfəsinin zərrəsi idi, Bəxtiyar müəllimin ömrü bu zərrədən boy göstərirdi.

1944-cü ildə döyüşən orduya çağırdılar Bəxtiyar Süleymanlını. Bartazdan Qələbəyəcən döyüş yolu keçdi. Bartazda könlünə köçürdüyü göy üzünün ecazkarlığı da onunla birlikdə döyüşdü, onunla birlikdə qələbə qazandı. Buna doğmalığa sədaqət, el-obaya məhəbbət deyənləri kimsə qınaya bilməz; Bəxtiyar Süleymanlı Vətən müharibəsindən sonra Bartaza qayıdanda gözucu göy üzünə baxmışdı - şükranlıq kimi...

 

1945-1952-ci illərdə Zəngilan rayon hərbi komissarlığında məxfi işlər müdiri, bölmə rəisi vəzifələrində işləyəndə də Bartazın göylərində bir-birinə söykəkli ulduzların sayrışması könlündən üzülməmişdi. O vaxtlar düşüncələrində cavab tapa bilmədiyi suallar çırpınırdı: Ulduzların işığı yerə nə müddətə çatır? Müəllimindən öyrənmişdi cavabı. Onda heç zaman heç kimə demədiyi bir niyyəti ulduzların işığına qarışmışdı: Kaş insanlığa da ulduz ömrü qismət olaydı...

 

Onu 1952-ci ildə Dövlət Təhlükəsizlik orqanlarına işə (xidmətə) dəvət etdilər. Bu, böyük etimad idi, etibar idi (o etibar bir ömür səmimiyyətlə, inamla, şükranlıq nuru olacaqdı; 35 il və 35 ildən sonrakı illər bu nur Bəxtiyar müəllimin səyyar xəyalında ulduzların işığından iraq düşməyəcəkdi). Bəxtiyar Süleymanlı 1952-ci ildə dövlət təhlükəsizlik orqanlarına xidmətə qəbul olundu. Kiyev və Daşkənd şəhərlərində Dövlət Təhlükəsizlik Komitəsinın rəhbər işçilərinin təkmilləşdirilməsi kurslarında təhsil aldı. Bu, peşəkar DTK işçisi olmaq demək idi. Yəni Bəxtiyar müəllim ömrünü dövlətçiliklə belə bağladı...

 

 

 

Peşəkarlıq həm də təhsillə müəyyənləşdirilir; Bəxtiyar Süleymanlı ali təhsil almaq istəyirdi. Bu istək dönməz istək idi və niyyət kimi hopmuşdu onun ürəyinə. 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirdi...

 

1987-ci ilədək DTK-da müxtəlif məsul vəzifələrdə çalışdı, polkovnik-leytenant rütbəsində təqaüdə çıxdı. Xidməti müddətində çoxlu sayda medallarla təltif edildi.

 

35 il müxtəlif vəzifələrdə xidmət etdi Bəxtiyar müəllim...

 

Böyük tarixi şəxsiyyətləri şəxsən tanımaq, tövsiyələrini eşitmək, bilavasitə onun sərəncamında işləmək, xidmət etmək hər adama nəsib olmur. Buna yeniyetməliyindən bütöv xarakterli gənc kimi formalaşanlar, əqidə ilə yaşayanlar, yüksək erudisiyalılar, elmi (və məntiqi) təfəkkürlülər nail ola bilir. Bəxtiyar Süleymanlı da belə ömür yaşayanlardan olub. DTK-da işləyəndə böyük tarixi şəx-siyyət Heydər Əliyevi tanıyıb, onun tövsiyələrini, məsləhətlərini eşidib.

 

10 ilə yaxın bir dövrdə Mingəçevirdə xidmət etmişdi (yeri gəlmişkən, Bəxtiyar müəllim deyirdi ki, biz xidmət etmişik, işləməmişik, bu xidmət dövlətçiliyə xidmətdir). Bu illər ərzində istər DTK rəhbərliyi, istərsə də şəhərin rəhbərliyi onun xidmətini yüksək dəyərləndirmişdi. Camaat da sevirdi Bəxtiyar müəllimi. Sirr deyildi ki, o illərdə bəzən bir kəlmə sözə görə, qərəzli münasibətə görə, get-gəllər, sorğu-suallar olurdu, bəzən günahsızlar illərlə azadlıqdan məhrum edilirdi, bu əzabları təkcə azadlıqdan məhrum edilən deyil, onun balaları da, əzizləri də çəkirdi. Bəxtiyar müəllim neçə-neçə belə hadisənin qarşısını kişi kimi almışdı. Söz yerdə qalmır; Bəxtiyar müəllimin belə xeyirxahlığından (birmənalı şəkildə təmənnasız xeyirxahlığından!) sonralar hamının xəbəri olurdu. Bu xeyirxahlıqlar yaddaşlarda həmişə yaşayır, bəzən yaddaşlardan tarixə də köçür...

 

Mingəçevir şəhərinin rəhbərliyi tarixə ehtiram kimi, tarixi yaşatma mahiyyətli tədbirləri həmişə vətənpərvərliyə vasitə bilib. Zamanında bu şəhərdə xidmət edən, dövlətin və camaatın sevgisini qazanan bir insanın yubileyini keçirməyi vəfa borcu bilmişdi. 1995-ci ilin avqustunda  Dövlət Təhlükəsizlik Komitəsində xidmət etmiş polkovnik-leytenant Bəxtiyar Süleymanlının 70 illik yubileyi keçirilirdi. Bu, Bəxtiyar müəllimə də, şəhərin rəhbərliyinə də, Bəxtiyar müəllimi sevənlərə də gözəl könül xoşluğu idi. Yubiley tədbirində ona "Mingəçevirin fəxri vətəndaşı" adı verilmişdi; sevgi müqabilində sevgi kimi. Tədbirə Prezident yanında Xüsusi İdarənin rəisi, polkovnik Elman Qənbərov da (hal-hazırda istefada olan general-leytenantdır) iştirak edirdi. Bu, yubiley tədbirinin hansı səviyyədə təşkilinin təsdiqi kimi yaşanılırdı. Yüksək vəzifəli qonaq çıxışında yubilyarı təbrik etmişdi, Azərbaycan Respublukasının Prezidenti Heydər Əliyevin təbrikini, arzularını çatdırmışdı. O anlarda hamı, Bəxtiyar müəllimin özü də bir daha əmin oldu ki, həyat iksiri sevgidi - xalqa sevgi, dövlətə sevgi, xalqa, dövlətə sevgisi olanlara sevgi...

 

Bir neçə ay əvvəl böyük sevgilərlə, mənəvi borc kimi Bəxtiyar müəllimin "Əbədiyaşarlar" kitabı haqqında düşüncələrimi, ürəyimdən keçənləri yazmışdım. Kitabda Bəxtiyar Süleymanlı DTK Zəngilan rayon şöbəsinin rəisi olan illərdə (konkret olaraq 1969-cu ildə) keçirilmiş bir kollegiya iclasını xatırlayır. Həm böyük tarixi şəxsiyyətə böyük sevgisinə görə, həm də onun nə qədər diqqətcil olduğunu bir daha təsdiq etmək üçün:

 

"...DTK-nın sədri, general-mayor Heydər Əliyevin çox maraqlı məruzəsi dinlənildi. Həmişə olduğu kimi, hesabat məruzəsində ətraflı təhlillə yanaşı, çatışmazlıqların tənqidinə də geniş yer verilmişdi. Mən də başqa rayon şöbə rəisləri kimi tənqid olunacağımı istisna etmirdim. Amma gözləmədiyim halda sədr məruzəsində bir neçə şöbə ilə birlikdə Zəngilanın da ötən ildəki işini yüksək qiymətləndirdi. Bu barədə dediyinin yekunu kimi qeyd etdi ki, 2-ci əks-kəşfiyyat şöbəsinin rəisi, polkovnik Ə.Xalıqovun, DTK-nın mərkəzi aparatının soyadını unutduğum daha bir nəfər rəhbər həmkarımızın və təvazökarlıqdan uzaq olsa da, Ulu öndərimizin tarixə dönmüş qiymətli fikri kimi deməliyəm ki, Zəngilan şöbəsinin rəisi kimi bu sətirlərin müəllifinin adını çəkərək hər üçümüzü tabeçiliyimizdə olan əməkdaşlar üçün nümunə kimi qiymətləndirdi..."

 

Səmimiyyətlə xatırlanan bir iclasın mahiyyəti bu deyilənlərlə məhdudlaşmır. Bəxtiyar müəllim kimi dərin düşüncəli, dönməz məntiqli bir vətəndaş, işini sevən, işini Vətənə xidmət vasitəsi bilən bir insan (həm də gözəl təhkiyyəyə, gözəl bədii təfəkkürə malik olan söz adamı kimi) bir məqalədə belə xırda məsələni sevgilərlə təqdim etməzdi. Bu iclasın xatırlanması Bəxtiyar müəllimin dünyəvi düşüncələri sədaqət deməkdi. Bu xatırlatma böyük tarixi şəxsiyyətə sevgidi. Bu sevgi isə tarixə söykənən, tarixdə yaşadılmalı sevgidi. Böyük tarixi şəxsiyyət Heydər Əliyev azərbaycançılığı yaşadan, azərbaycançılğın yaşadılmasının metodologiyasını müəyyənləşdirən ideoloji sərkərdə idi. Belə bir şəxsiyyətin idarəçiliyindən öyrənənlər də xidmətini belə bir idarəçilik düsturuna uyğunlaşdırmağa çalışırlar. Dünyaduyumu, təhsili, erudisiyası, xalqa və dövlətə sevgisi bu "düstura" yaxınlaşanlar buna nail olurlar. II Dünya müharibəsi veteranı, DTK zabiti Bəxtiyar Süleymanlı bu şükranlığı yaşadı. Təqaüddə olanda o illəri könül xoşluğu ilə xatırlayırdı. Hər xatırladığı bir tarix idi və bu tarixi dinləyənlər böyük tarixi şəxsiyyətlərin, ömrünü Vətən üçün, xalq üçün yaşamış kişilərin illərinin işığını ömürlərinə köçürürlər...

 

Dəyərli ömür yaşayanlar üçün son nəfəs ömrün sonu deyil; dəyərli ömürlərə ölüm yoxdu...

 

Bəxtiyar müəllim geniş dünya duyumuna malik idi...

 

Bəxtiyar müəllimin insanlara, insanlığa sevgisi illərlə örnək sevgi kimi yaşadılacaq...

 

Bunlar indi yaddaşlardadı, yaşadıla-yaşadıla tarix olacaq. Həm də xalqımızın malik olduğu mənəvi dəyərlərdən biri kimi...

 

Bəxtiyar müəllim gözəl jurnalist, gözəl nasir idi. Onun gözəl zövqlü oxucu olduğunu çoxları kimi mən də bilirdim...

 

Məmməd Rahimin bir şeirini də xatırlayıram:

 

Yarat, sən köçəndə ellər söyləsin:

Dünyadan nə gözəl bir insan gedir.

 

Bəxtiyar müəllim malik olduğu mənəvi dəyərlərlə çoxlarına örnək olası yaşam sistemi yaratmışdı.

 

Bəxtiyar müəllim "Yaşatmaq üçün yaşanmış yarımçıq ömür" və "Əbədiyaşarlar" kimi dəyərli kitabları ilə çağdaş jurnalistikamızda az qala memuar publisistikasının əsasını qoydu (yaxud bunu daha da zənginləşdirdi)...

 

Bunlar Bəxtiyar müəllimin vəzifə borcu olmayıb, insanlıq borcu olub, vətəndaşlıq borcu olub, xalqa, millətə sevgini yaşatma borcu olub. Buna görə də avqustun 24-də haqq düyasına qovuşan Bəxtiyar müəllimsiz günlərdə (Bəxtiyar müəllimsiz illərdə də!) neçə yerdə neçə dəfə deyiləcək:

 

Dünyadan bir yaxşı insan getdi...

 

Bəxtiyar müəllim ömrünü yaşatmaq üçün yaşadı...

 

Bayram MƏMMƏDOV

Ehtiyatda olan polkovnik-leytenant, Əməkdar müəllim

 

525-ci qəzet.- 2021.- 28 sentyabr.- S.12.