Tarixin fərqli bazar səhəri...
Həmin gün adi istirahət günlərindən biri
olacaqdı.
Ağır iş həftəsinin yorğunluğunu bazar
günü istirahət edərək çıxaracaqdıq. Həyat axarı ilə davam edirdi. Ta ki,
Müdafiə Nazirliyinin xəbərini eşidənə qədər...
Sentyabrın 27-si 2020-ci il - bir bazar səhərində
yayılan "Ermənistan silahlı qüvvələri
bütün cəbhə boyu genişmiqyaslı təxribat
törədib" xəbəri adi zənn etdiyimiz
günün axarını pozdu və elə həmin andan da hər
şey dəyişdi. Müdafiə Nazirliyi xəbər verirdi
ki, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan
silahlı qüvvələri genişmiqyaslı təxribat
törədərək cəbhəboyu zonada yerləşən
Azərbaycan Ordusunun mövqelərini və yaşayış
məntəqələrini iriçaplı silahlar, minaatanlar və
müxtəlif çaplı artilleriya qurğularından
intensiv atəşə tutub. Düşmənin Tərtərin
Qapanlı, Ağdamın Çıraqlı və Orta Qərvənd,
Füzulinin Alxanlı və Şükürbəyli və Cəbrayılın
Cocuq Mərcanlı kəndlərini intensiv atəşə
tutması nəticəsində mülki əhali arasında həlak
olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə
ciddi ziyan dəyib, yerli əhali və hərbi qulluqçular
arasında itkilər və yaralılar barədə məlumat
dəqiqləşdirilir. Qeyd olunurdu ki, Azərbaycan Ordusunun
ön xətt bölmələri düşmənin bu təxribatının
qarşısını almaq və qoşunların
qarşıdurma xəttinə yaxın zonalarda yaşayan
mülki əhalinin təhlükəsizliyini təmin etmək
məqsədilə cavab tədbirləri görür...
...Hər
kəs həyəcanlı idi. İstirahət gününə
rəğmən, hamı bir nəfər kimi işinin
başında idi, həm də çağırılmadan... Artıq zamanı gəlmişdi. Bir olub haqq savaşında iştirak etmək
lazım idi. Düşmənin belini
qırmaq vaxtı çatmışdı. Haqq savaşında qalib olmaq zamanı idi. Tarixi ədalət yerini tapmalı idi. Bütün beynəlxalq təşkilatlar Azərbaycanın
ərazi bütövlüyünü tanıyır,
Qarabağın Azərbaycan ərazisi olduğunu qəbul edir.
İcrasını öz maraqları naminə
mümkün etməsələr də, beynəlxalq təşkilatların
qəbul etdiyi müvafiq sənədlər, beynəlxalq
hüquq da Azərbaycanın tərəfində idi. Belə bir zamanda beyinlərdə dolaşan suallar
narahat edirdi hamını. Nə baş verəcək?
Müharibə olacaq? Necə olacaq? Nə etməliyik? Necə
davranmalıyıq? Axı indi hər
şey dəyişib. Biz 90-cı illərin
əvvəllərində doğulan gənclərik. O
vaxt biz müharibənin nə olduğunu, necə olduğunu dərk
edəcək yaşda olmasaq da, nəticələrini
ağır şəkildə yaşayan gəncliyik. Və indi
həmin gəncliyin üzərində Azərbaycanın
taleyüklü məsələsi - Qarabağ münaqişəsinin
həlli var. Elə bütün bu sualların içərisində
həyəcan keçirərkən növbəti xəbər
gəlir: Prezident, Ali Baş Komandan İlham Əliyevin Azərbaycan
xalqına müraciəti olacaq. 10 milyonluq xalq bir nəfər
kimi gözünü Dövlət Televiziyasının
ekranına dikir:
"Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın
ərazi bütövlüyünü qoruyur, müdafiə
edir. Erməni əsgərinin bizim torpağımızda nə
işi var?! Ermənistan ordusunun bizim
torpağımızda nə işi var?! Ermənistan
işğalçı dövlətdir, bu işğala son
qoyulmalıdır və son qoyulacaqdır. Biz
haqq yolundayıq. Bizim işimiz haqq
işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!"
Bununla da qaranlıq qalan, bizi narahat edən suallara
aydınlıq gəlir. Biz haqq yolundayıq, bu bizim haqq
işimizdir və biz Vətən müharibəsində qalib
olacağıq, zəfər çalacağıq. Vətən
müharibəsinin ilk günündə bəzi ərazilərimizin
- Füzulinin Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz,
Yuxarı Əbdürrəhmanlı kəndlərinin, Cəbrayılın
Böyük Mərcanlı, Nüzgar kəndlərinin, Ağdərə
və Murovdağ istiqamətlərində yüksəkliklərin
düşmən tapdağından azad edilməsi xəbərinin
açıqlanması bu savaşın sonunda Azərbaycanın
qalib olacağının müjdəçisi olur.
Bir gün sonra, sentyabrın 28-də Prezident İlham
Əliyev ölkədə hərbi vəziyyət elan edilməsi
haqqında fərman imzalayır. Sənəddə qeyd olunur ki, Ermənistan
silahlı qüvvələrinin Azərbaycanın
Dağlıq Qarabağ bölgəsini və ətraf
rayonlarını işğal etməsi, Azərbaycana
qarşı silahlı hücumlar etməsi və mütəmadi
hərbi təxribatlar törətməsi ilə əlaqədar,
2020-ci il 28 sentyabr saat 00:00-dan bütün ölkə ərazisində
hərbi vəziyyət elan edilir. Bakı, Gəncə,
Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində,
Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan,
Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl,
Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax
və Ağstafa rayonlarında hərbi vəziyyət
dövründə saat 21:00-dan saat 06:00-dək komendant saatı
tətbiq edilir. Elə həmin gün dövlət
başçısının sərəncamı ilə
ölkədə qismən səfərbərlik elan edilir.
Bu çağırış vətənini,
torpağını sevən və bu günün gəlməsini
səbirsizliklə gözləyən Azərbaycan
oğulları üçün siqnal olur. Artıq
ölkənin müxtəlif yerlərində, küçələrdə,
sosial şəbəkələrdə birliyimizi əks etdirən,
bizi qalib olacağımıza ruhlandıran görüntülər
görürük. Təsdiq edilmiş plana
uyğun olaraq Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin
yerli struktur bölmələrində hərbi vəzifəlilərin
səfərbərlik üzrə yola salınması mərasimləri
keçirilir. Qismən səfərbərliyə
cəlb edilmiş Azərbaycan vətəndaşları
ölkəmizin ərazi bütövlüyü uğrunda
döyüşlərdə iştirak etmək
üçün böyük ruh yüksəkliyi və
coşqu ilə qeydiyyatda olduqları idarələrə,
şöbələrə gedirlər.
Ölkə üzrə internetin verilişində məhdudiyyətlər
tətbiq olunur. Məqsəd sosial şəbəkələrdə
əsassız, yalan informasiyaların yayılmasının və
Ermənistanın törədə biləcəyi təxribatların
qarşısını almaqdır. Vətən
savaşı ölkədə tamamilə yeni vəziyyət
yaradır. Gündən-günə artan zəfər
xəbərləri Azərbaycan xalqını böyük qələbəyə
daha da yaxınlaşdırır. Qarabağ
uğrunda mübarizədə ümumxalq mübarizəsi gedir
və bu savaşda ordumuz ön cəbhədə, biz isə xalq
olaraq siyasi, etnik mənsubiyyətimizdən,
dünyagörüşümüzdən, yaşımızdan
asılı olmayaraq, uşaqdan böyüyə kimi yumruq kimi
birləşmişik. Xalqın birliyi,
orduya maddi-mənəvi dəstəyi, haqq tələbi,
dövlətə inamı düşmənin belini qıran qəhrəman
oğullarımızın ruh yüksəkliyini daha da
artırırdı.
Hərbi əməliyyatlar davam etdiyi müddətdə
diplomatik cəbhədə də işlər plana uyğun
aparılırdı. Dünyanın diqqətinin Azərbaycanda
olduğu həmin dövrdə informasiya müharibəsinin
önündə də Prezident İlham Əliyev şəxsən
dayanmışdı. Dövlət
başçısının dünyanın 30-dan çox
nüfuzlu media orqanlarına verdiyi müsahibələr Ermənistanın
işğalçılıq siyasətinin əsl təcavüzkar
mahiyyətini açıb göstərən və ifşa edən
ən kəsərli silah idi. Ali Baş
Komandan hər iki cəbhədə apardığı
döyüşə hazırlıq səviyyəsini
dünyaya göstərirdi. İllərdir,
azad media, demokratiya, söz azadlığı ölkəmizdə
nümunə gətirilən xarici medianın dırnaqarası
peşəkarlığı, birtərəfli, qərəzli
yanaşmaları Azərbaycan Prezidentinin cavabları
qarşısında mat vəziyyətinə
düşürdü. Azərbaycan
Silahlı Qüvvələrinin Ali Baş Komandanı xarici
jurnalistlərlə sözün hər iki mənasında
öz dilində danışmaqla dünya televiziya məkanında
master-klass nümayiş etdirirdi.
Müsahibələrinin birində dövlət
başçısının "Şuşasız bizim
işimiz yarımçıq qalar" deməsi əhali
arasında yeni müzakirə mövzusu yaratmışdı. Artıq
Şuşanın azad olunması xəbərini eşitmək
üçün əsasımız vardı. Amma təbii ki, müharibənin ilk günlərindən
müjdələri dövlət başçısı
verdiyindən indi yenə onun ənənəsinə sadiq
qalacağını gözlədiyimiz üçün qeyri-rəsmi
məlumatlara inanmırdıq. Şuşanın
üzərindən qara buludların təmizləndiyi xəbərini
Prezident İlham Əliyev verəcəkdi. Özü də
hər bir azərbaycanlı üçün müqəddəs
olan yerdən - Şəhidlər xiyabanından...
"İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür!"
Şuşa işğaldan azad olunandan sonra artıq düşmən dərk etdi ki, bundan sonra Azərbaycana qarşı müqavimət göstərmək heç bir əhəmiyyət kəsb etməyəcək. Çünki Şuşanın işğaldan azad olunması əməliyyatı dünyanın hərb tarixində baş verən nadir əməliyyatlardan idi.
Şuşa işğaldan azad olunandan bir gün sonra Müzəffər Azərbaycan Ordusu daha 70-dən çox yaşayış məntəqəsini işğalçılardan təmizlədi. Əslində, bu, düşmənə vurulan son zərbə idi. Noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın Baş naziri və Rusiya Prezidentinin imzaladığı bəyanata əsasən, Qarabağ münaqişəsi zonasında atəş və bütün hərbi əməliyyatların tam dayandırılması elan olundu. Kəlbəcər, Ağdam, Laçın Azərbaycana döyüşsüz qaytarıldı. Bəyanatda Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası ilə bağlı bənd də yer aldı. Prezident İlham Əliyev 10 noyabr bəyanatını Ermənistan üçün məğlubiyyətin etirafı, hərbi kapitulyasiya aktı kimi dəyərləndirdi...
Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başlatdığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin, Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik düşməndən geri alındı.
44 gün ərzində biz nələrə şahid olmadıq ki? Məğlubiyyəti ilə barışa bilməyən, Azərbaycan əsgərinin gücü qarşısında dayana bilməyən, döyüş meydanından qaçan, ağ bayraq qaldıran düşmən Azərbaycanı ruhdan salmaq, ölkədə xaos və panika yaratmaq niyyəti ilə qisasını müki əhalidən aldı. Lakin onlar Azərbaycan xalqının ruhunu düzgün hesablaya bilmədilər. Tərtərə, Gəncəyə, Naftalana, Bərdəyə və digər şəhərlərimizə edilən hücumlar nəticəsində aralarında körpə uşaqlar, qadınlar da daxil olmaqla 100-ə yaxın vətəndaşımız həlak oldu, 400-dən çox insan yaralandı. Bütün bunlar isə xalqımızın ruhunu sındırmadı, əksinə, bizi daha da güclü etdi.
44 günlük Vətən müharibəsində əldə edilən zəfər Ali Baş Komandan İlham Əliyevin Qələbə əzminin, sarsılmaz iradəsinin, qətiyyətli, uzaqgörən siyasətinin, hərbi-sərkərdəlik məharətinin nəticəsidir. Böyük Qələbə Prezident İlham Əliyevin simasında Azərbaycanda yaranmış dəmir yumruq kimi möhkəm xalq-iqtidar birliyinin həlledici uğurudur. Bu, İlham Əliyevin müdrik siyasəti nəticəsində hər cəhətdən inkişaf etmiş müstəqil Azərbaycan dövlətinin zəfəridir. Müzəffər Ali Baş Komandanın vətənpərvərlik, azərbaycançılıq ruhunda tərbiyə edib yetişdirdiyi, ən müasir hərbi texnika ilə silahlandırdığı qəhrəman Azərbaycan Ordusunun zəfəridir.
Dövlət başçısının dediyi kimi, biz bütün dünyaya göstərdik ki, böyük xalqıq, yenilməz xalqıq. Döyüş meydanında, siyasi müstəvidə qazanılan Qələbə Azərbaycan üçün yeni dövr açır - inkişaf, təhlükəsizlik, tərəqqi dövrü...
Ayşə İSAZADƏ
525-ci qəzet.- 2021.- 28 sentyabr.- S.11.