Tariximizdə izi qalan şəxsiyyət: Kərim Sultan kimdir?
kuliyevm@yandex.ru
XVI-XVIII yüzilliklərə aid tarixi sənədləri öyrənərkən aydın
olur ki, Azərbaycan Təbriz, Qarabağ, Şamaxı və Çuxur-Səd (İrəvan) bəylərbəyliklərinə
bölünürdü. Hər bir
bəylərbəylik (general-qubernatorluq) isə inzibati ərazi bölgüsünə görə
mahallardan ibarət idi. Mahallar həm də
ölkə adlanırdı.
Ona görə də Naxçıvan mahalı həm də Naxçıvan ölkəsi
adlanırdı.
Tarixi mənbələrdə,
əsasən XVII-XVIII əsrə
aid arxeoqrafik sənədlərdə
"...ulu Kəngərli
elinin vəkili yüksək şənli,
uca məkanlı, ali rütbəli, (dövlətin) təməl
dirəyi olan şöhrətli vəkili
Məhəmmədkərim Sultanın"
adı çəkilir. Bəzən
isə sadəcə Kərim Sultan adına
rast gəlirik.
Hicri 1184-cü (miladi
1770) ildə Məhəmmədkərim
bəy Bilici Kəngərli artıq
Sultan titulunu daşıyırdı. Səfəvilər dövründə sərhəd
bəylərbəyliklərinin tərkibinə daxil olan kiçik inzibati ərazi hakimləri Sultan adlanırdılar.
Səfəvi hökmranlığının
son dövründə isə
bu titul əvvəlki əhəmiyyətini
tamamilə itirmişdi.
XVIII əsrdə Sultan titulu artıq bəylərbəyliklərinin tabeliyində
olan şəhər və qalalarda saxlanılan qoşun başçılarına verilirdi.
Qoşunlar isə adətən kiçik atlı dəstələrindən
ibarət olurdu.
1747-ci ildə Naxçıvan
xanlığının yaranması
hərbi işlərdə
müəyyən dəyişiklik
yaratsa da, Sultan titulu işlədilirdi və çox nüfuz sahibi olan hərbçi süvarilərə şamil
edilirdi. Hər dəfə süvari sözünü ona görə işlədirik
ki, Kəngərli qoşunları ancaq atlı dəstələrdən
ibarət idi. Onların piyada qoşunları qaydaya görə yox idi.
Naxçıvan xanlığının hərbi
sənədlərini araşdırarkən
aşkar oldu ki, Kəngərli tayfasının bir qolu olan vəkil-Kəngərlilər
(bunlar sənədlərdə
çox vaxt Bilici kimi də
qeyd edilib) əsasən xanlığın
süvari dəstələrinin
əsasını təşkil
etmişlər. Bu haqda
ilk sənəd hələ
xanlıqdan qabaq XVII əsrin ortalarına aiddir. Həmin sənədə görə, I Kərim
Sultan (şərti olaraq
I göstəririk) II Şah
Abbasın hakimiyyəti
illərində Kəngərli
tayfasının vəkili
olub. Vəkilin həmin yüzilliklərdə
hərbi imtiyazları
çox yüksək
idi. Vəkil ərəb sözüdür,
azərbaycanca "inanılmış"
mənasını verir.
XVIII əsrin əvvəllərində
onun nəvəsi Şahnəzər bəy Eyvazəlibəy oğlu Kəngərli elinin vəkili idi.
Sankt-Peterburq şəhərində
yerləşən Rusiya
Dövlət Tarix Arxivində tapdığımız
şəcərə sənədinə
görə, Şahnəzər
bəyin 6 oğlu olmuşdur. Tərxan bəy, Baba bəy,
Əliməmməd bəy,
Haqnəzər bəy,
Qasım bəy və Mirim bəy.
Onlardan Əliməmməd
bəy təxminən
1749-1759-cu illərdə, yəni
Kərim xan Zəndin şahlıq etdiyi illərdə Kəngərli tayfasının
vəkili olub. Tapdığımız sənədlərdə Əliməmməd
bəyin iki oğlunun adı qeyd edilib. Məhəmmədkərim bəy və
Kalbalı bəy.
Onu da qeyd edək
ki, Allaha və onun peyğəmbərlərinə,
həmçinin, imamlara
məhəbbət, hörmət
əlaməti olaraq Kəngərlilər adlarının
əvvəlində və
ya sonunda "Məhəmməd", "Əli"
yazırdılar.
Məhəmməd Kərim Sultanı II Kərim Sultan kimi qeyd edəcəyik.
XVIII əsrin 60-80-ci illərində
o, məşhur hərbçi
və Kəngərli tayfasının vəkili olub. Ona büzurg də
deyiblər. Onun möhüründə yazılıb:
"Bu Qurani-Möhtərəm Məhəmmədkərim" (1768-ci ilə aid sənəd).
II Kərim Sultanın tapılan sənədlərə
əsasən 9 oğlunun
adı çəkilir:
Hacı Lütfəli
Sultan, Xudaverdi bəy,
Nəzər Sultan, Məhəmmədhüseyn
bəy, Fətəli
Sultan, İsmayıl bəy,
Hacı Vəli bəy, Kazım ağa və Əliməmməd ağa.
Kalbalı bəy Kəngərlinin
isə Məhəmməd
Rza bəyin nəsil varisləri əsasən Culfanın, daha doğrusu, Əlincənin Baş Anzır (Yuxarı Anzır), Orta Anzır və Ayaq Anzır (Aşağı Anzır) kəndlərində yaşayıblar.
Əvvəllər İranın, sonralar
isə Rusiyanın ordusunda bacarıqlı hərbçilər, daha doğrusu, süvarilər
olublar. Onların bəzilərinin nəsil davamçıları
indi də Culfa rayonunun Əlincə qalasına yaxın kəndlərində
yaşayırlar.
Burada bir haşiyə çıxmaq
istərdik. Şəcərə tərtib etmək
çox çətin,
zəhmət və məsuliyyət tələb
edən bir işdir. Kəngərli varislərinin bəziləri
tələm-tələsik kitabçalar
yazdırıb, oraya istədikləri qola aid şəcərə tərtib
edirlər. İzah edirlər
ki, Rusiya arxivlərindən gətirilib
və sair. Yox, arxivdə orijinal tapmaq o qədər də asan deyil.
Kəsəsi, ad çəkmək istmədiyim müəlliflərin
bəzilərinin çap
etdirdikləri şəcərələr
yanlışdır. Bu
isə ümumi tarixi işimizdə "xaos"dan özgə heç nə deyil. Kərim Sultanın böyük
oğlu Hacı Lütfəli Sultan XVIII əsrin
sonlarından etibarən
Kəngərli tayfasının
vəkili və Naxçıvan xanlığının
hərbi rəisi olub.
Bizim tapdığımız sənədlərdə
onun 10 oğlunun adı çəkilir: Novruz ağa, Əsəd bəy, Əmirsuvar bəy, Məmmədqulu bəy, Rəhim bəy (çox vaxt ağa da yazılıb),
Məmmədxan Sultan, Hüseynəli
ağa, Hüseyn
Sultan, Mirzə Cəfər
bəy, Məmmədəli
bəy. Bunlar sonralar öz
övladlarına babaları
Kərim Sultanın adını vermişlər.
XX əsrin I rübündə
və sonralar şəcərə tərtibçilərini
çətinliyə salan
Kərim sultanların
bolluğu olub. Və bəzən əsl hərbçi II Kərim
Sultan yox, digərləri
haqda, hərbi rəis olmaları haqda yazıblar.
Ona görə
də Kəngərlilərin
nəsil şəcərələrini
işləyərkən bu,
tamamilə aşkar göründü. Hətta XIX əsrin sonunda,
XX əsrin əvvəllərində
Kərim Sultanov familiyaları da işlədilib. Belə halda
xeyli qovluqlar vardır. Kəngərlilər
Sultanov, Kərimov, Elçiyev, Qullarağasıyev,
Tahirov, Qarayev familiyalarını öz ata-babalarının şərəfinə
işlədiblər və
bu hal indi
də davam etməkdədir. Amma arxiv sənədləri
bunların hamısının
II Kərim Sultanın
varisləri olduqlarını
təsdiqləmir. Araşdırmalar göstərdi ki, Elçiyev, Qullarağasıyev
familiyalarını daşıyanlar
Kəngərli tayfasının
Salahı və Kəclər qollarına mənsubdurlar. Sənədlər üzərində işləyərkən
Çar Rusiyasının
ordusunda tanınmış
və hərbi mükafatlar almış Kərim Sultan Hacı İbrahim Xəlil bəy (1803-1867) oğlu və Kərim Sultan Əliməhəmməd ağa
oğlunun işləri
diqqətimizi çəkdi.
İbrahimxəlil bəy Hacı Vəli bəy oğlu 1854-cü ildə podporuçik və onun oğlu Kərim Sultan praporşik hərbi rütbələrini
Çınqıl döyüşlərində
almışlar. Bunlar haqqında ayrı
yazıda söhbət
açılacaq. Onların da
maraq doğuran hərbi təltifləri vardır. Bu günədək fotosu bizlərə gəlib çatan Kərim Sultan Əliməhəmməd ağa
oğlunun hərbi təltifləri daha çoxdur. Onun haqqında danışmazdan
əvvəl deyək ki, Əliməmməd ağa II Kərim Sultan oğlu da 1854-cü ildə sinədə gəzdirmək üçün
"igidliyə görə"
qızıl medalını
almışdır. O, həmin il
müsəlman süvari
polkunun vəkili kimi hərbi döyüşlərdə idi.
Əliməmməd ağa II Kərim Sultanın Əlimurad bəy (Almurad bəy) və Kərim Sultan və digər övladları olmuşdur.
Əlimurad bəyin varislərindən
olan Ağası Kəngərli şəcərənin
tərtibində köməyini
əsirgəmirdi.
Kərim Sultan Əliməmməd ağa
(bundan sonra qarışmasın deyə
"III Kərim Sultan" yazacağıq)
oğlu təxminən
1826-cı ildə doğulmuşdur. Harada təhsil alması haqqında məlumatımız
olmasa da, onun hələ yeniyetməlik illərindən
hərbi sənətin
sahibi olduğu görünür. Varislərinin dediyinə görə, mavi gözlü, ucaboy, yaraşıqlı bir süvari imiş.
O, 1848-ci ildə çar ordusunun könüllülərdən
təşkil etdiyi (əslində məcburən)
Dağıstan hərbi
ekspedisiyasının tərkibində
Kəngərli süvarilərinin
ən fəal döyüşçüsü kimi Gergebil vuruşmalarında
iştirak etmişdi. III Kərim Sultan bu
döyüşlərdə sinədə gəzdirmək
üçün "igidliyə
görə" qızıl
medalını almışdır.
Çınqıl döyüşlərində -
10 dekabr 1854-cü ildə
praporşik hərbi rütbəsini qazanan III Kərim Sultan 1853-1856-cı illərdəki
"Şərq Müharibəsi"ndə
iştirak etmişdir.
20 iyul 1855-ci ildə
"Mərhəmətli padişah"
mükafatını alan hərbçi 25 dekabr 1869-cu ildə
3-cü dərəcəli Müqəddəs
Stanislav ordenini almışdır.
1866-cı ildə Ordubad qəzasında yer mühafizəçisi kimi əyalət rəisi vəzifəsini daşımışdır. O, atasından qalma Biləv, Gilançay və digər kəndləri ömrünün sonunadək idarə etmişdir. Onun əyalət mühafizəçisi olması haqqında əmr də vardır.
1865-1867-ci illərdə İrəvan bəy komissiyasının Naxçıvan qəzası üzrə üzvü kimi də səmərəli fəaliyyət göstərmişdir. Onun mülkləri Kəngərli məhəlləsində (indiki 2 nömrəli orta məktəbin arxasında) olmuşdur. Bəzi tikililəri qalmaqdadır.
12 yanvar 1876-cı ildə podporuçik, 23 dekabr 1879-cu ildə isə poruçik hərbi rütbələrini almışdır.
14 yanvar 1891-ci ildə isə İranın 4-cü dərəcəli "Şir və Günəş" ordeni ilə təltif olunan III Kərim Sultan 1897-ci ilin payızında 9 sentyabrda Naxçıvanda vəfat etmişdir.
III Kərim Sultanın Şirin xanım, Sona xanım, Səkinə xanım, Ceyran xanım, Fatma xanım, İmmi xanım, Günəş xanım, Güllü xanım adlı qızları və Novruz ağa və Əliməmməd ağa adlı oğlanları olmuşdur.
Novruz ağanın Xanım və Ağakərim adında övladları qeyd edilmişdir. Varislərinin ömür davamçıları Kərimov familiyası ilə Naxçıvanda və Bakı şəhərində yaşayırlar. Onlardan biri yazıçı-jurnalist, uzun illər "Şərq qapısı" qəzetinə redaktorluq edən Sənubər Kərimovadır. Bir çox məsələlərin aydınlaşmasında bizə köməklik göstərdi və ulu babasının şəklini bizə bağışladı.
Yəqin ki, gələcəkdə
aparılan tədqiqatlar III Kərim Sultanla
bağlı bir çox
məsələlərə aydınlıq gətirəcək.
XIX əsrdə Qafqazın müsəlman süvari
polkunun tərkibində döyüşən
Kəngərli süvarilərinin fəaliyyəti hərb tariximizin zəngin olduğunu
bir daha önə
çəkir.
Musa
QULİYEV (RƏHİMOĞLU)
AMEA
Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya
İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə
fəlsəfə doktoru
525-ci qəzet.- 2021.- 28 sentyabr.- S.10.