Geri say

 

Qəlbim lap uşaqdı, özüm bilirəm,

Bəzən bu uşaqlıq "başımı yeyir".

İçində öküz tək oturub biri:

"Ayıbdır yaşından-başından" - deyir!

 

Şeirlər yazıram, yaşıma görə,

Fikirlər çəkirəm, başıma görə.

Bir bina başladım - daşıma görə,

Bir kitab yazıram - Allahdan xeyir!

 

Bu, arıdı, güldü, baldı - yazmadım,

Qələmin ucuna gəldi, yazmadım.

İmaməsin taxdım, doldu, yazmadım...

Muncuqlar düzürəm təsbehə bir-bir!

 

Hara getdiyimi hələ bilmirəm,

Necə alım bəxti ələ, bilmirəm,

Görsən öz xoşumla ölə bilmirəm,

Zəhər ver, geri say: 4,3,2,1!

 

Bir qul azad oldu, qəbri qazılan!

...Mütləq yaşanacaq, nəysə, yazılan!

Durmadan dərd çəkdim, bəlkə azala,

Sonda baxdım, çəki - həmin çəkidir!

 

sentyabr, 2021

 

***

 

Ya Allah! Ya şeir!..

 

Min yol haqq ol, sevilməzsən sərt isən,

Tərifsənsə, bəxtəvərsən, a şeirim!

Yaşamaqçın yaltaq olmaq şərt isə,

Vurun bizi... Ha mən ölüm, ha şeirim...

 

Altun, almaz, gövhər, inci, dürr - şeir!

Qorxmaz olsun, azad olsun, hürr - şeir!

Xiridarı yaxşı sözə bal deyir,

Alıcın da yoxdu balcan ta, şeirim...

 

Kainatın sirrindən var bir agah!

O bir bilər gətirər hər sabah,

İş başlayan hər kəs deyir: - Ya Allah!

Sözdən tutub yüksəlirəm: - Ya şeirim!

 

avqust, 2021

 

***

 

Fağır vaxtımız

 

Evimizin atası,

Tez sağal, qeyrət elə!

Oğlanlar - başıpozuq,

Dur gəl nəzarət elə!

 

Hər gün soruş ki, evin

nəyi çatır, nəyi yox,

Evdə iki oğul var,

Amma kişi iyi yox!..

 

Böyüyüb, yolun azıb,

Üzümlər sözə baxmır.

Biz qədər baxsaq da,

Bu işlər bizə baxmır...

 

Hansı qonşusa alıb

aparıb nərdivanı.

Küçəni tikan basıb,

Yerin yiyəsi hanı?

 

Bişirdiyim yeməklər

boyatlaşıb atılır.

Sən bu gün soruşursan:

- Sütlaşa su qatılır?

 

Nənə, baba olmuşuq,

Ağır vaxtlarımızdı.

dava, qısqanclıq...

Fağır vaxtlarımızdı!

 

Deyirsən ki, qürbətdə

xəstə olmaq deyil...

- Oxayy... canıma minnət,

Qədrimi bax belə bil!!!

 

P.S. Yaşlı kişi tək - yetim,

Qadınsa tək - urvatsız!

Yaxşı qız tapan kimi

Evlənin

... zarafatsız!

 

iyul, 2021

 

 

Nübar ELDARQIZI

 

525-ci qəzet.- 2021.- 29 sentyabr.- S.23.