Valideyniksə, ayıq-sayıq olaq...
Deyir, hər kəsin özünə görə dərdi var. Bir də deyir dərdli gördüm, dərdimi unutdum. Bax indi mən də o vəziyyətdəyəm. Dünən bacım mənə bir video göndərdi. Baxdım ki, bir gənc ananın iki körpə balasını əlindən alıblar. Bu qəddarlığı edən qadının keçmiş həyat yoldaşıdı. Belə ki, ata öz uşaqları ilə görüşdükdən sonra qanuna məhəl qoymayıb. Bu gün, sabah, deyə-deyə ana gözüyaşlı, uşaqlarına həsrət qalıb. Bir ananın uşaqlarından ayrı düşməsi nə deməkdir, bunu ancaq analar bilir... Mən də anayam və nə vaxtsa başqalarının yaratdığı hansısa problemlərə görə uşaqlarımdan bir həftə ayrı qalmışam. Üstündən illər keçsə də, uşaqlarımdan ayrı düşdüyüm o günlərin dəhşətini unuda bilmirəm və bu əzabı heç nə ilə müqayisə etmərəm... Çünki bir anaya verilən ən böyük cəza onu uşaqlarından ayırmaqdı. Uşaqlarından ayrılmaq ana üçün həyatın bitməsi, ölüm deməkdi...
Bax ona görə də, ailə quranda çox məsuliyyətli, diqqətli olmaq lazımdı. Sizin boy-buxununa, evinə, sərvətinə aşiq olduğunuz kişinin psixoloji problemləri ola bilər. Bu ananın başına gələn sizin də başınıza gələr. İki azyaşlı övladının gözləri qarşısında dəfələrlə işgəncə edilən, qanına qəltan olan bu gözəl, gənc qadın gecə saatlarında neçə dəfə evdən qaçıb, canını sanki bir vəhşidən qurtarmağa çalışıb. Üstündə dəli kimi adı olan bu kişi deyir, uşaqlar, baxın görün indi ananızı nə günə salacam... Sonra da başlayır onu axtarmağa, qadının ən uzaq qohumlarının evinə gedir ki, arvadımı verin. Elə bil, camaat bunun pulunu oğurlayıb, əlindən bir əşyasını alıb. İndi də, qanunla ayrıldığı həyat yoldaşına gün vermir. Qanuna tabe olmur, onsuz da uşaqlarını görürsən, əlindən alan yoxdu ki, hamı bilir ki, uşağa ana baxır. Uşaqları qaçırmaqla onu nəyə məcbur etmək istəyirsən, işgəncəyə, zülmə, sonunda ölüməmi?..
Əziz valideynlər, övladlarınızı gözünüz görə-görə bax belə odun içinə atmayın. Niyə tələsirsiniz, qorxmayın qızınız evdə qalmaz. Ən çox da kənddə bunun şahidi oluruq. İllərdi, xarici ölkədə, başqa mühitdə yaşayan, necə biri olduğu sizə məlum olmayan birinə 16-17 yaşlı övladınızı necə etibar edirsiniz? Sonra məlum olur ki, kişinin sizin qızınızdan böyük övladları varmış. Qızınız yanında iki-üç körpə sizin üstünüzə qayıdanda isə xoşunuza gəlmir. El-oba içində biabır olduq, deyirsiniz...
Olmazmı o qıza heç olmasa bir sənət verəsiniz, həyatı öyrədəsiniz, ondan sonra kürəkən arzusunda olasınız?! Görmürsünüzmü bu gün boşanmaların sayı durmadan artır... İki-üç uşağı olan analar belə qəddarlığın nəticəsində intihar edir... Uşaqlar əziyyət çəkir, körpəlikdən travma alırlar... Bu gün övladınıza qayğınızla gələcəkdə neçə faciənin qarşısını almış olarsınız. Unutmayın, həyat sizə bir dəfə verilib, elə övladınıza da. Onu qaraltmağa, məhv etməyə ixtiyarınız yoxdu... Onu siz yaratmamısınız. Bir valideyn kimi məsuliyyətinizi hiss edin. Orta məktəblərdə övladları təhsil alan onlarla ana tanıyıram ki, ibtidai təhsili belə yoxdu... Onları siz bu hala gətirmisiniz. İndi özünüz deyin, sizə əsl valideyn, ata-ana demək olarmı?..
Mina
RƏŞİD
525-ci qəzet.- 2021.- 29 sentyabr.- S.21.