“Sənə, Bəşəriyyət!"
"Bir rəsmin dedikləri" rubrikası
"Bir rəsmin
dedikləri" rubrikasının
budəfəki qonağı
Bakı Xoreoqrafiya Akademiyasının müəllimi,
sənətşünas Sevinc
Əliyevadır. Sevinc xanımla Tahir
Salahovun "Sənə,
Bəşəriyyət" əsəri haqqında danışmışıq.
***
- Bu il Tahir
Salahov kimi böyük bir rəssamı itirdik. Onun yaradıcılığının mahiyyətini bir sualla ifadə etmək çətindir, bilirəm. Amma mən yenə
də soruşmalıyam.
Nə idi bir rəssam
kimi onun fərqi?
- Böyük fransız rəssamı Matiss "Rəssamın qeydləri"
əsərində yazırdı
ki, predmetlərin təsvirinin iki üsulu var. Birinci üsul onları sadəcə olaraq görmək, ikinci isə onlara valeh olmaqdır. Bu tərif sanki
Salahovun təsviri sənətə münasibətini
izah edir - qadın, doğma torpaq, nur içində
üzən qladioluslar,
yaxud üzü qatranlı zəhmətkeş
neftçi olmasından
asılı olmayaraq təsvir edilənə heyranlıq. Bu, Tahir Salahovun özünəməxsusluğu, fərdi üslubudur.
Tahir Salahov Avropa təsviri sənətinin tərz və üslubi düşüncəsini
məharətlə mənimsəsə
də, əsl azərbaycanlı ziyalı
kimi vətəninə,
millətinə bağlı
rəssam idi. Deyilənə görə, hər
respublika sərgisindən
öncə qəribə
bir "sakitlik" müşahidə edilirdi
- "Maraqlıdır, görəsən,
Salahov bu dəfə nə çəkib?" Onun işlərini
intizarla gözləyirdilər.
Onun ardıcılları
yarandı - hər kəs geniş, sərbəst "sərt"
əsərlər çəkməyə
başladı - amma heç biri ikinci Tahir Salahov
ola bilmədi.
Onun qəhrəmanı
Zaman idi. O, özünü
zamanın insanı kimi hiss edirdi. Məhz buna görə Salahovun əsərləri
müasirdir - rəssamın
yaradıcılığı gənclik enerjisi və yüksək üslub duyumu ilə diqqət mərkəzində olub hər zaman.
Rəssam haqqında daha maraqlı bir fakt qeyd etmək
istərdim. Məlum olduğu kimi,
həmin dövrdə
rəssamlar müharibə
mövzusunda əsərlər
yaradır və çox zaman bununla tanınırdılar.
Tahir Salahov isə demək olar ki, heç vaxt bu mövzuya
müraciət etməyib.
Haqqında danışacağım "Sənə,
Bəşəriyyət!" adlı nəhəng, qeyri-adi əsərə gəldikdə isə, havada uçan nəhəng çılpaq
yarıilahi-yarıinsanlar rəssam
tərəfindən onun
özünün etiraf
etdiyi kimi, "qeyri-şüuri" olaraq
yaradılıb.
- Tahir Salahov yaradıcılığına xas
xüsusiyyətlər bu
əsərdə özünü
necə göstərir?
- Əsər haqqında rəssamın özünün
belə bir qeydi var. İnsanın kosmosa uçuşundan 2 il əvvəl
mən gecənin bir vaxtı yuxudan ayıldım və kosmik səmada yanar ulduzlar arasında uçan antik çöhrəli kişi
və qadın eskizi çəkdim. Az sonra
mən həmin eskizi kətan üzərinə köçürdüm
və məhz ilk kosmonavt Yuri Qaqarinin kosmosa uçduğu gün sərgidə nümayiş etdirdim.
- Rəssam fantaziyasının
gücü bu olsa gərək.
- Elədir ki, var. Əsər insanın kosmosa uçuşundan bir il əvvəl - 1960-cı ildə tamamlanıb. Həmin tablo monumental əsərdir. Ölçüləri 580-180 santimetrdir. Belə iriölçülü əsəri yaratmaq o qədər də asan deyil. Əsər emalatxanaya sığışmadığından Tahir Salahov onu yaxınlıqdakı məktəbin dəhlizində işləyib. Konfiqurasiyası orqan tonallığının qarşısıalınmaz gurluğu, uçuşun reaktivliyi - bütün bunlar əsəri qeyri-adi məcraya yönəldir. Burada "sosializm realizmi"ndən əsər-əlamət yoxdur. Əsər ilk dəfə 1961-ci il aprelin 12-də nümayiş etdirilib.
- Rəsmin rəng koloriti barədə nə deyə bilərsiniz?
- Əsərin kolorit həllində soyuq göy rəng üstündür. Tablodakı rənglər qaraya çalan tünd göydən ağa qədər dəyişir. Bu əsərdə rəssam ümumiyyətlə, isti rəng tonlarından istifadə etməyib. Əsərin kolorit həlli yalnız soyuq, əsasən göy rəng üzərində qurulub. Kompozisiyanın sol hissəsi daha tünd rəngdə verilib və hər iki surət məhz bu tərəfə yönəlir. Onların əllərindəki nur saçan kürələr qaranlığı yararaq yolu işıqlandırır. Rəssam bununla insan zəkasının qaranlıqlara nur saçdığını əks etdirmək istəyib.
- Əsər hazırda harda saxlanılır?
- Tablo hazırda Bakıda, Rüstəm Mustafayev adına Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılır.
- Sizcə, bu rəsm bizə nə deyir?
- Kompozisiya etibarilə fantastik xarakter daşıyan bu əsər insana sanki onun gücündən, öz məqsədinə çatmaq qətiyyətindən, polad iradəsindən söz açır. Bu tablo insanlara səbirli, dözümlü olmağı, gələcəyə inamı təlqin edir. Əsər sanki insanla danışır, onu daha yüksək zirvələri fəth etməyə səsləyir. Bu, xüsusilə gənc nəsil üçün vacib bir çağırışdır. Buradakı sanki ilahi təbiətli qadın və kişi fiquru həm də rəmzi məna kəsb edir və bəşəriyyətin inkişafını, onun keçmişdən gələcəyə istiqamətlənməsini məcazi formada ifadə edir.
Aytac SAHƏD
525-ci qəzet.- 2021.- 29 sentyabr.- S.20.