Klassik poeziyadan praktiki arxeologiyaya
"NİZAMİ
GƏNCƏVİ İLİ"NİN
DÜŞÜNCƏLƏRİ
Böyük
xalqlar əhalisinin sayı ilə deyil, daha çox bəşər
elminə və mədəniyyətinə bəxş etmiş
olduqları düha və tarixi şəxsiyyətlərlə
tanınır. Hansı ki, həmin insanların təkcə mənsub
olduqları xalqın, ölkənin deyil, bütövlükdə
bəşəriyyətin ümumi inkişafında çox
mühüm xidmətləri olub. Nə xoş ki, Azərbaycan
xalqı da zaman-zaman dünyanın elm və mədəniyyət
xəzinəsini və ictimai fikir tarixini zənginləşdirmiş
olan çoxsaylı nadir dühalar yetirmişdir. Əzəməti
və böyüklüyü dünyanın hər tərəfindən
görünən, qəbul və səcdə olunan belə
dühalarımızdan birisi də bu il
anadan olmasının 880 illiyi qeyd olunan ulu şairimiz Nizami Gəncəvidir.
Etiraf edək ki, bu dahi söz ustadının zəngin
irsini öyrənmək və xatirəsini əbədiləşdirmək
istiqamətində həm Sovet dönəmində, həm də
müstəqillik illərində Azərbaycanda və
respublikanın hüdudlarından kənar yerlərdə
olduqca böyük və yaddaqalan işlər
görülüb. Məsələn, bir neçə il öncə elmi
ezamiyyət ilə bağlı Romada olarkən şəhərinin
lap mərkəzi hissəsində yerləşən məşhur
Borgezi parkının ən görkəmli yerində Nizami Gəncəvinin
tuncdan çox böyük zövqlə hazırlanmış
möhtəşəm abidəsini görəndə bir
anlığa sanki ürəyim dağa döndü. Həmin
missiyanı uğurla həyata keçirmiş olan Heydər
Əliyev Fonduna, onun rəhbəri, çox hörmətli
Mehriban xanım Əliyevaya qəlbimin dərinliklərdən
gələn nidalarla bəlkə də min yol "Əhsən!"
dedim.
Bu cür qürurverici misalların sayı istənilən
qədərdir. Bundan da daha artıq qürurverici məqam isə odur ki,
ölkə Prezidenti cənab İlham Əliyevin "Azərbaycan
Respublikasında 2021-ci ilin "Nizami Gəncəvi ili" elan edilməsi haqqında" 05 yanvar
2021-ci il tarixi Sərəncamı qarşıdakı dönəmdə
dahi söz ustadının elmi-nəzəri və bədii
irsinin öyrənilməsi və xatirəsinin əbədiləşdirilməsi
istiqamətində yeni üfüqlər açmış
oldu. Bəli, Prezident sərəncamında
deyildiyi kimi, "Dünya ədəbiyyatının görkəmli
nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri
Nizami Gəncəvi bəşəriyyətin bədii fikir səlnaməsində
yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir.
Nəhəng sənətkarın
xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə
çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin
misilsiz mədəni sərvətlər xəzinəsində
özünəməxsus layiqli yerini qoruyub
saxlamaqdadır". Ümid edək ki,
Prezident sərəncamından irəli gələn vəzifələrə
uyğun olaraq ölkəmizdə Nizami irsi bundan belə daha dərindən
və hərtərəfli araşdırılacaqdır. Hesab edirəm ki, bunun üçün ilk növbədə
Nizami Gəncəvinin əsərlərinin ana dilimizdə tam
külliyyat halında, əhatəli elmi şərhləri də
daxil olmaqla yenidən nəşri olduqca aktualdır. Nəzərə alınmalıdır ki, Nizaminin əsərləri
sadəcə kamil bədii əsər nümunələri
deyil. Bu əsərlər həm də demək olar ki, bütün
elm sahələrinə dair çox qiymətli məlumat
toplusudur. Odur ki, Nizami əsərlərinin elmi-tənqidi
nəşrinə şərhlərin hazırlanmasına ədəbiyyatşünas
alimlərlə yanaşı, digər sahələrə aid
elm adamlarının da cəlb olunması məqsədəuyğun
olardı.
Təbiidir ki, tarixçi alimlər Nizami irsinə hər
şeydən öncə məhz tarixi mənbə kimi yanaşır
və hesab edirlər ki, bu külliyyat Azərbaycanın Orta əsrlər
tarixini daha dolğun və daha dəqiq araşdırmaq
baxımından olduqca dəyərli elmi mənbədir. Bu dövrə
aid yazılı qaynaqların qıt olduğunu da nəzərə
almış olsaq, onda Nizami
yaradıcılığının məhsulu olan əsərlərin
Orta əsrlər tariximizin önəmli bir dövrünün
araşdırılması baxımından nə dərəcədə
mühüm elmi əhəmiyyəti olduğunu daha aydın
hiss etmiş olarıq. Bu yerdə dahi
söz ustadının əsərlərinin həm də dəyərli
tarixi mənbə olduğuna dair yuxarıda söylənilən
tezisə dair konkret misallar üzərində dayanmaq istərdim.
Məsələn, Azərbaycanın Orta əsr şəhərlərində
sənətkarlığın durumunu araşdırmaq məqsədi
ilə Nizami əsərlərini ötəri vərəqləyərkən
təkcə dulusçuluq sənəti ilə, dulus məmulatının
hazırlanması, istifadəsi, reallaşdırılması,
dulusçu ustaların sosial-məişət şəraiti ilə
bağlı son dərəcə mühüm elmi dəyəri
olan məlumatlarla rastlaşırıq. Onlardan bəzi
nümunələri təqdim edirik. Məsələn, məşhur
"İskəndərnamə" poemasından
götürülmüş aşağıdakı beytlərdə
o dövrün məclislərində "kəhrəba rəngli"
şərabın saxsı qədəhlərlə
içildiyindən bəhs edilir:
Saqi, ol xəyallı
şərab ilə dur,
Kəhrəba rəngli bu saxsını doldur.
Bu qara
torpaqdan süzülən gövhər
Şənlətsin qəlbimi, qalmasın kədər.
Azərbaycanın Orta əsr şəhərlərində
aparılan arxeoloji tədqiqatlar zaman aşkar olunan
çoxsaylı və rəngarəng çeşidli keramika
nümunələrinin böyük bir hissəsi məişət
və təsərrüfatda istifadə olunan su
qablarıdır. Onlar içərisində də daha
çox bulaq və ya hovuzdan su götürmək, süfrəyə
su, meyvə şirələri və ya şərab
qoyulması üçün istifadə olunan kuzə tipli
qablardır.
Bu qablar
adətən yaxşı ələnmiş, qum
qatışıqlarından tam olaraq təmizlənmiş
narın və yağlı gildən istifadə edilməklə
dulus dəzgahında hazırlanırdı. Bu qəbildən
olan süfrə qabları yüngül və nəfis olsun deyə
ustadlar onların mümkün qədər nazik divarlı
olmalarına xüsusi diqqət yetirirdilər. Saxsı
kuzələr ustanın və ya sifarişçinin
zövqündən asılı olaraq şirli və ya
şirsiz ola bilirdi. "İskəndərnamə"
poemasından götürülmüş
aşağıdakı beytlərdə də məhz elə
saxsı kuzələrdən bəhs olunur:
Boş,
quru kuzənin ağzını açdı,
Doldurmaq
fikrilə vurdu daş hövzə,
Əlində qırıldı o saxsı kuzə.
Arxeoloji tədqiqatlar zamanı aşkar olunan keramika
nümunələrinin böyük bir qulpunu saxsı küplər
təşkil edir.
Küplər ölçüsünə, formasına və
təyinatına görə müxtəlif olurdu. Bu cür qablar adətən,
taxıl, un, meyvə qurusu, şərab və
turşular saxlanması üçün istifadə olunurdu. Küplər irihəcmli olduğundan onları
hazırlamaq və kürədə yerləşdirərək
bişirmək o qədər də asan olmurdu. Bu səbəbdən saxsı küplərin
istehsalı ilə daha çox məhz peşəkar ustalar məşğul
olurdu. Həcmi iri olduğundan evdə,
anbarda və mətbəxdə çox yer tutmasın deyə,
küpləri adətən divarların kənarı boyunca
ağzının kənarına qədər yerə
basdırır və ağzını da döşəmə
ilə eyni səviyyədə olan xüsusi qapaq və ya
yastı daşla örtürdülər. Bu
isə onların həm də təsadüfi xətalar
ucbatından sındırıla bilmək ehtimalını da
tam olaraq azaltımş olurdı. Bu baxımdan ölməz
şairin "Yeddi gözəl" poemasında yer alan və iri təsərrüfat küplərindən
həm də mətbəxdə içməli su ehtiyatı
saxlanılmasında istifadə olunduğundan xəbər verən
aşağıdakı beyti xüsusi maraq doğurur:
Küp
demə, küp demə, quyudur quyu,
Kərpic divarlara qalxmışdı suyu.
Şair burada "quyudur,
quyu" deməklə sözsüz ki, küplərin həcmcə
iri və dərin olmasını nəzərdə tuturdu.
"Yeddi
gözəl" poemasında yer alan
"Boyaq dükanında dörd küpsən ancaq",
"Gecə boyaqçı tək küpünü
atdı" və bu kimi beytlərindən aydın olur ki, Orta
əsrlərdə saxsı küplərdən ərzaq məhsulları
saxlamaqdan əlavə, həm də boyaqçılıq
üzrə ixtisaslaşmış dükan və emalatxanalarda
da geniş istifadə olunurmuş. Xatırladaq ki, Orta əsr
Ağsu şəhərində tədqiqatlar zamanı
boyaqçı emalatxanası və onun içərisində
boyaq məhlulu saxlanılması məqsədi ilə istifadə
olunmuş 4 ədəd küp aşkar olunmuşdur ki,
onların da birində qırmızı, digər üzündə
isə çəhrayı boya qalıqları aşkar olunub. Tədqiqatlar zamanı o da aydın olmuşdur ki, həmin
küplərdən aşkar olunan çəhrayı boya
regionda geniş yayılmış boyaqotu bitkisindən
alınıb.
"Yeddi
gözəl" poemasından götürdüyümüz
aşağıdakı beytdən isə belə məlum olur
ki, Orta əsrlərdə saxsı qabların satışı
ilə xüsusi adamlar məşğul olurmuş:
Çox
iti zehinlər yatan oldular,
Axırda
saxsı qab satan oldular.
Məlum olduğu kimi, arxeoloji qazıntılar nəticəsində
tapılmış zəngin keramika məmulatı müxtəlif
ornamentlərlə bəzədilmişdir.
Bu sözlər həm şirsiz, həm şirli, həm
də inşaat kiramikasına aiddir. Saxsı qablar üzərindəki
təsvirlər bir çox hallarda elə məharətlə
işlənmişdir ki, onların yüksək peşə
hazırlığına malik rəssamlar tərəfindən
çəkildiyi əsla şübhə doğurmur. Ola
bilsin ki, Nizaminin "Yeddi gözəl" poemasından
götürülmüş aşağıdakı beytlər
də məhz dulusçu rəssamların əməyinə
işarədir:
On
naxış vursa da bir nəqqaş əgər,
Əsas bir cizgidən sanma əl çəkər.
Bir cizgi
naxışdan çıxarsa kənar,
Başqa cizgilər də bütün pozular.
Aşağıdakı
misralar isə Nizaminin yaşadığı dövrdə əhalinin
güldan tipli qablardan da istifadə etdiyindən, həmin
qabların zəngin nəbati elementlərlə bəzədildiyindən
xəbər verir:
Saxsı
güldan reyhan ilə bəzənmiş,
Ancaq bu reyhanlar meşədən gəlmiş.
Ölməz
şair daim torpaqla, su ilə əlləşən, min bir əzab
və zəhmətə qatlaşan kərpickəsən
ustanın işini hələ halal zəhmətin tamı dadmayan bir gəncin dilindən belə qələmə
alıb:
Bu nə əzab,
zəhmətdir, çəkirsən,
Saman və torpaq daşımaq uzunqulağın sənətidir.
Kəsəklərlə
özünə nə qədər əziyyət verəcəksən,
Torpaq və su ilə nə qədər qurdalanacaqsan.
Əlbəttə, zəhmətkeş kütlələr
hesabına yeyib-içib şənlənən,
bütövlükdə təmtəraqlı həyat tərzi
yaşayan varlı təbəqələrin nümayəndələri
orta əsr dulusçusuna da kərpickəsən ustaya
baxdıqları gözlə baxmışlar. Lakin nə ağır
iş və məişət şəraiti, nə də
onları əhatə edən qeyri-humanist mühit dünya mədəniyyəti
xəzinəsinə solmaz sənət inciləri bəxş
etmiş Orta əsr Azərbaycan dulusçularını bu qədim
xalq sənətindən yayındıra bilməmişdir. Yeri gəlmişkən onu da xatırladaq ki, Azərbaycan
ərazisində aparılan arxeoloji tədqiqatlar zamanı demək
olar ki, bütün Orta əsr şəhərlərimizdən
tapılmış gildən hazırlanmış mətbəx
qablarında Nizaminin "Yeddi gözəl" poemasından məlum
olan Bəhram Gurun ov səhnəsinin təsviri verilmişdir.
Nizami əsərlərindən
götürülmüş bənzər motivlərlə bəzədilmiş
keramika nümunələri maraqlıdır ki, Türkmənistan,
Qazaxıstan, Özbəkistan və Volqaboyu abidələrindən
də məlumdur.
Azərbaycan xalqının XII əsrdə
yaşamış digər böyük mütəfəkkir
şairi Xaqani Şirvaninin yaradıcılığında da
dulusçuluq sənətilə bağlı motivlərə
tez-tez təsadüf edirik. Dodağı saxsıya bənzədən
Xaqani saxsı kasanı özünə dərman bilir:
Dodağım
saxsı, üzüm torpağa dönmüşdü mənim,
Daş olub canım, inan, saxsı kasa dərmanım.
Saxsı kasanı qızıl camdan üstün tutmaqla
Xaqani özünün yoxsullar şairi olduğunu bir daha təsdiq
edir. Bu cəhətdən
onun aşağıdakı beytləri xüsusi maraq doğurur:
Almaram yar
mənə versə qızıl camda mey,
Öpərəm saxsı kasa, versə əgər
cananım.
Torpağam,
saxsı qədəhlə içərəm
qırmızı mey,
Az
qızıl cam adını çək, o deyil imanım.
Bu sətirlərdən
aydın olur ki, istər Nizaminin, istərsə də Xaqaninin
yaşayıb-yaratdığı XII əsrdə saxsı
qablar metal qablarla müqayisədə xeyli ucuz olmuş və təbiidir
ki, onların əsas alıcısı və istifadəçisi
də əhalinin yoxsul təbəqələri olmuşdur.
Saxsı çanaqlar əsrlər boyu əhali
üçün bir növ ölçü vahidi olub. Bu baxımdan
aşağıdakı misralar bədii düşüncə məhsulu
olmaqdan əlavə həm də qiymətli tarixi mənbə
kimi dəyərləndirilə bilər:
Mən cəvahirci
müqəm, saxsı küp isə mücrüm,
Ölçülür saxsı çanaqla gövhərim,
mərcanım.
Ölməz
şairin aşağıdakı beyti isə saxsı qədəhlərdən
içki qabı kimi geniş istifadə olunduğunu yəqinləşdirmək
baxımdan diqqət çəkir:
Torpaq ətrini
duyub saxsı qədəhlər tükümün
Hər biri ətir saçar, sanki güli reyhanım.
Orta əsrlərdə,
xüsusən də XI-XII əsrlərdə çıraqlarda
yanacaq kimi yağdan, yoxsa neftdən istifadə olunduğuna dair
tədqiqatçılar arasında müxtəlif mülahizələr
var. Xalq məişətinə dərindən bələd olan
Xaqani isə yanacaq kimi yalnız yağın adını
çəkərək belə yazır:
Fitil nazik
olsa, tükənərsə yağ,
Titrəyib sönməzmi bir anda çıraq?
Arxeoloji qazıntılar zamanı tapılmış
şarkonusvarı qablar barədə çox yazılıb. Bu tip qabların təyinatı
ilə bağlı tədqiqatçılar arasında fikir
ayrılığı bu gün də davam etməkdədir. Belə ki, bəziləri həmin qablardan içərisində
partlayıcı maddə doldurub düşmən mövqelərinə
atmaq üçün, bir başqaları isə bu qablardan ətir
saxlamaq üçün istifadə olduğunu güman edirlər.
Tədqiqatçılardan bir qismi isə bu
qabların civə qabı olduğunu bildirirlər. Bizcə, Xaqaninin "civə qabı ağzı kimi
bərk bağlanıb ver əlləri" beyti də sonuncu
mülahizəyə haqq qazandırır.
Arxeoloqlar
üçün elmi cəhətdən əhəmiyyətli
olan məsələlərdən biri də Azərbaycan ərazisində
gil qəlyanların nə vaxtdan meydana gəldiyini
müəyyənləşdirməkdir. Hələlik tədqiqatçılar
gil qəlyanların Azərbaycan ərazisində
yalnız XVI əsrin sonlarından etibarən meydana
çıxdığını güman edir və bunu
tütünün məhz XVI əsrdə Amerikadan Avropaya,
oradan Rusiyaya və nəhayət, Azərbaycana gətirilməsi
ilə əlaqələndirirlər. Lakin görkəmli Azərbaycan
şairi İmadəddin Nəsiminin:
Çıxdı
içimdən tütün, çərxi boyadı
bütün,
Gör
ki, nə atəşdəyəm, gör nə qədər
yanaram,
beytindən aydın olur ki, Azərbaycanda tütündən istifadə
indiyədək güman edildiyindən ən azı iki əsr
qabaq məlum imiş. Bu da öz növbəsində gil qəlyanların meydana gəlməsi tarixini
xeyli qabağa çəkmək barədə
düşünməyə əsas verir.
Dulusçuluq sənətilə bağlı motivlərə
XVII əsr Azərbaycan şairi Saib Təbrizinin
yaradıcılığında da rast gəlirik. Aşağıdakı
misralar bu cəhətdən xarakterik nümunə hesab edilə
bilər:
Ya kuzə,
ya qədəh, ya mey üçün cam düzələr,
Bir ovuc torpağı getməz hədərə meygədənin.
Burada şair gildən hazırlanan kuzə, qədəh
və camın adını çəkməklə sanki
sonrakı nəsillərə bildirir ki, həmin qablardan onun
yaşadığı dövrdə də geniş istifadə
olunmuşdur.
Tariximizdən,
onu özündə yaşadan abidələrimizdən bəhs
edən yüzlərlə məqalə, çoxsaylı əsərlərin
adını
çəkmək olar ki, onların əksəriyyəti
ölməz şairimiz Səməd Vurğunun
aşağıdakı misraları ilə başlayır və
ya bitir.
Kim bilir
neçədir dünyanın yaşı,
Hər
saxsı parçası, hər məzar daşı
Nəsildən-nəsilə
bir yadigardır...
Şair
"Bakının dastanı" poemasında
Şirvanşahlara aid muzey və fondlarda mühafizə olunan zəngin
və rəngarəng çeşidli keramika nümunələrini
belə tərənnüm edib:
Hələ
qablar, saraydakı saxsı qablar
Tufan
görüb dəyişməmiş rəngini...
O qablarda
nə lövhələr, surətlər var!
Burada şairin çox incə bir məqama toxunduğunu xüsusilə qeyd etmək yerinə düşər. Yəni söhbət yüz illər, min illər öncə ulu babalarımızın istehsal etdiyi saxsı qablar əvvəl necə olubsa, bu gün arxeoloji qazıntılar nəticəsində tapdığımız zaman da eyni vəziyyətdədir. Bu da məmulatın yüksək keyfiyyətlə hazırlandığından xəbət verir.
"Muğan" poemasında Mingəçevir qəhrəmanlarından ürəkdolusu söhbət açan şair orada yorulmaq bilmədən elmi axtarış aparan arxeoloq alimlərin işini də nəzərdən qaçırmayıb:
Külət əsir, qum sovrulur, gözə girir toz-torpaq,
Qoca alim Yer altından ayrılmayır hələ ancaq
Gah tər basır vücudunu, gah büdrəyir, gah yıxılır
Yer
darısqal, hava tozlu, nəfəs durur, can sıxılır
Alim yenə
qucaq-qucaq yığır qədim saxsıları,
Yer altındakı hər kərpicin üzərindəki
yazıları.
Yeri gəlmişkən onu da bildirək ki, S.Vurğunun
"Muğan" poeması hələlik Azərbaycan
poeziyasında arxeoloq alimlərin işindən təfsilatı
ilə bəhs olunan ilk və sonuncu əsər olaraq qalır.
Yuxarıda deyilənlərdən belə bir nəticəyə
gələ bilərik ki, Azərbaycanın klassik söz
ustaları öz əsərlərində dulusçuluq sənətilə
bağlı məsələlərə bu və ya digər dərəcədə
toxunmuşlar.
Bu da sözsüz ki, arxeoloqların tapıb
üzə çıxardığı zəngin keramika məmulatının
dərindən və hərtərəfli öyrənilməsi
baxımından çox böyük elmi əhəmiyyət kəsb
edir.
Qafar
CƏBİYEV
AMEA
Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi
işçisi, tarix elmləri doktoru, professor
525-ci qəzet.- 2021.- 29 sentyabr.- S.18-19