Göyərçinin qartal övladı
Professor Misir Mərdanovun
75 illiyinə
İnsanlarla qanadlılar arasında bir bənzərlik
var. Bəziləri sərçə kimidir - yalnız
doğulduğu yerin sınırları içində
dolaşar, dünyadan xəbəri olmaz və çox vaxt
cikkiltisi ilə zəhlə tökər. Bəziləri
sanki qaranquşdur - bütün dünyanı dolaşar, həmişə
insanlara yaxın olmağa çalışar,
varlığı ilə onlara yalnız sevinc gətirər,
hamının məhəbbətini qazanar. Bəziləri
üzdəniraq yapalağa bənzər - təkcə öz mənafeyini
güdər, bir küncdə gizlənərək səs
çıxarmadan pusquya yatar, ovunu qəflətən tutub
parçalayar, namərdliyi ilə tanınar. Ancaq elələri
də var ki, öz gücü, iradəsi ilə qanadlanıb
qartal kimi ünyetməz zirvələrə ucalar,
ucsuz-bucaqsız səmalarda buraların
ağasıymışcasına məğrur-məğrur
süzər, əlçatmaz göylərdən iti gözləri
ilə aşağıdakı hər şeyi, ən xırda
incəlikləri də seyr edər, gərəkli anda ən
doğru qərarı verər.
Bu
yazım o cür bir qartal haqqındadır - qədim Qazax
torpağının Qaraqoyunlu dərəsinin
Karvansaray (indiki İcevan) bölgəsinin Göyərçin
kəndində dünyaya göz açmış professor Misir
Mərdanov haqqında! O da doğma yuvası Göyərçindən
qartal kimi qanad gərərək pərvazlanıb, yalnız
öz gücü, ağlı, əməyi və
bacarığı ilə zirvələr fəth edib, ölkələr
gəzərək dünyanın gəliş-gedişini
süzgəcdən keçirib, 75 yaşında ikən
dönüb arxaya boylananda öyünə biləcəyi bir
ömür yolu görüb.
Mən yalnız dərin sayğı bəslədiyim,
inandığım insanlar haqqında düşüncələrimi
qələmə alıram. Bu yazım da həmin
insanlardan biri haqqında ürəkdən gələn səmimi
sözlərimdir.
Göyərçindən
Bakıya
Misir Mərdanov 3 oktyabr 1946-cı ildə dünyaya
göz açıb. Kolxoz sədri olan atası Cumayıl kişi
bölgənin sayılıb-seçilən el
ağsaqqallarındandır. Ancaq Misir hələ
uşaqlığından həyatını ata hesabına
deyil, öz gücünə qurmağı qərarlaşdırmışdı.
Bu üzdən də birinci sinfə getdiyi
1954-cü ildən üzübəri yaxşı oxuyub, şəkli
daim məktəbin şərəf lövhəsini bəzəyib.
Kiçik yaşlarından oxumağa böyük həvəs
göstərib. Qalın-qalın romanları qısa
müddətdə başa çıxıb. Kənd kitabxanasında oxumadığı kitab
qoymayıb. Mütaliəyə həvəsi
eyni coşqunluqla indiyədək qalmaqdadır.
Karvansaray
bölgəsi məktəblərində 1964-cü ilədək
oxusa da, onu Bakı özünə çəkib və elə
həmin il paytaxta gələrək orta təhsilini
burada bitirib.
Tələbəlikdən
professorluğa
Orta məktəbi
başa vurunca sənədlərini o zaman ölkənin yeganə
universiteti və ən hörmətli ali məktəbi
olan Azərbaycan Dövlət Universitetinin (ADU-nun) riyaziyyat
fakültəsinə verib. Qəbul imtahanlarından yüksək
bal toplayaraq tezliklə adını tələbələr
siyahısında oxuyub. Elə
başlanğıcdan seçilən tələbələrdən
olub. Yalnız yaxşı oxumaqla
qalmayıb, aşağı kurslardan elmə həvəs
göstərərək həm fakültə, həm də
universitet tələbə elmi cəmiyyətlərində fəallıq
göstərib, onlarda və respublika konfranslarında müxtəlif
maraqlı məruzələrlə çıxış edib,
orta məktəbdə "papağını günə
yandırmadığını" sübut edib. Beş ildə bütün imtahanlarını
yalnız "beş"lə verərək ADU-nu 1969-cu ildə
fərqlənmə diplomu ilə bitirib. 1970-ci ilin
yanvarından bütün elmi və pedaqoji fəaliyyəti ilə
ölkəmizin ali məktəblərinin
şahı olan ADU-ya, sonrakı Məhəmməd Əmin Rəsulzadə
adına Bakı Dövlət Universitetinə bağlanıb.
O, 1972-ci ilin sonunadək aspiranturada oxumaqla yanaşı, bəzən
aşağı kurs tələbələrinə dərs də
deyib.
Aspiranturanı uğurla başa vurunca 1973-cü ildə
namizədlik dissertasiyası müdafiə edərək
fizika-riyaziyyat elmləri namizədi adı alıb, doğma
riyaziyyat fakültəsinin müxtəlif kafedralarında
1984-1987-ci illər arasında dosent kimi baş müəllim,
dekan müavini işləyib, universitet qəbul komissiyası məsul
katibinin müavini və məsul katibi olub. 1989-cu ildə
isə doktorluq dissertasiyası müdafiə edərək
fizika-riyaziyyat elmləri doktoru alimlik rütbəsi qazanıb.
1991-ci ildə professor olub.
Universitetdə təşkilatçılıq
bacarığını göstərə bilmiş elmlər
doktoru Misir Mərdanova 1989-cu ildə yüksək bir vəzifə
- Xalq Təhsili Nazirliyində Ali Təhsil İdarəsinin rəisliyi
etibar edilib. Bu zaman onun 43 yaşı vardı və həyatının
ən enerjili dönəmlərindən birini
yaşayırdı. Burada ali təhsillə
bağlı qabaqcıl düşüncələri, yeni təşəbbüsləri
və onlarla bağlı gördüyü işlər
çox keçmədən onun daha yüksək vəzifəyə
irəli çəkilməsinə yol açdı - 1991-ci ildə
professor M.Mərdanov artıq xalq təhsili nazirinin müavini
idi.
1992-ci ildə iqtidara gələn yeni hakimiyyət, təbii
ki, nazirliyə öz kadrlarını təyin edəcək, o
sıradan Misir müəllim də əvəzlənəcəkdi
və əvəzləndi də. Ancaq ali təhsil
sahəsindəki böyük təcrübəsi və
bacarığı nəzərə alınaraq, o, M.Ə.Rəsulzadə
adına Bakı Dövlət Universitetinə birinci prorektor
göndərildi. Firidun Səməndərovun və Murtuz
Ələsgərovun rektorluqları dönəmində -
1992-1996-cı illərdə M.Mərdanov M.Ə.Rəsulzadə
adına BDU-nun I prorektoru vəzifəsində
çalışdı. 1996-cı ildə M.Ələsgərov
rektorluqdan gedərkən onun kürsüsü bir il boş qaldı və vəzifəsinin
icrası, təbii ki, ondan sonrakı ikinci şəxsə
tapşırıldı.
Bir ildə
universitetə rəhbərlik etməyə layiq olduğunu
sübut edən Misir müəllim artıq 1997-ci ilin
fevralından bu ali məktəbin rektoru
idi. Ancaq bu vəzifəsi də uzun sürmədi,
çünki 25 mart 1998-ci ildə ona artıq ölkə
miqyaslı dövlət qurumu - Azərbaycanın Təhsil
Nazirliyi etibar edildi.
Təhsil
naziri
Bu vaxt mən
artıq 5 il idi ki, indiki Bakı Avrasiya
Universitetində müəllimlik edirdim. Doğrudur,
nazirlə heç bir şəxsi əlaqəm yoxdu, ancaq bir təhsil
işçisi kimi fəaliyyətini izləyirdim. Bu
gün bizim istəyib-istəməməyimizdən, bəyənib-bəyənməməyimizdən
asılı olmayaraq Misir Mərdanovun adı Azərbaycanın
təhsil tarixinə daim yeniliyə can atan islahatçı
nazir kimi həkk olunub və onun, 15 illik nazirlik fəaliyyəti
ilə öyünməyə haqq qazandığını
düşünürəm. Gerçəkləşdirməyə
çalışdığı islahatların nə dərəcədə
uğurlu alınıb-alınmaması isə ayrıca
araşdırma gərəkdirən ciddi bir mövzudur.
M.Mərdanov
nazir kimi işə başladığı günədək
bütün müəllimlik, alimlik və idarəçilik fəaliyyəti
dönəmində təhsilin müxtəlif səviyyələrinə
səmərəli innovasiyalar tətbiq etmək, ölkə təhsilində
məzmunca dönüş yaradan islahatlar apararaq təhsil
sistemini yeniləşdirmək, milli və ümumbəşəri
dəyərlərə söykənməklə təhsilimizi
Avropa və dünya təhsil sisteminə uğurla
uyğunlaşdırmaq üzərində xeyli
düşünüb və çalışdığı vəzifələrdə
bu düşüncələrini gerçəkləşdirmək
üçün bütün güc və
bacarığını sərf edib. İndi isə
- ölkənin bütün təhsil sisteminin taleyinin ona
tapşırıldığı məsul bir dönəmdə
bu arzularını həyata keçirməyə onun
qarşısında geniş imkanlar yaranıb. Bu imkanlardan maksimum yararlanmaq üçün o, ilk
növbədə içində bulunduğu mövcud sistemin
qanun və tələblərinə, ictimai-siyasi şəraitə
tam uyğun şəkildə ləngimədən gerçək
islahatlara can atıb. Nazirliyə gəlişindən
5 gün sonra Prezidentin sərəncamı ilə Azərbaycanda
Təhsil Sahəsində İslahatlar üzrə Dövlət
Komissiyasının sədri də təyin edilib və
islahatlara başlayıb.
Xatırlatmalıyam ki, onun rəhbərliyi altında təhsilin
inkişafına hədəflənmiş 16 dövlət proqramı
təhsilin müxtəlif sahələrinin
inkişafındakı gerçək durumun təhlili əsasında
işlənərək hazırlanıb və gerçəkləşdirilib. Həmin proqramların həyata
keçirilməsi nəticəsində Azərbaycanın təhsil
sistemi çağdaş tələblərə uyğun
qurulub və məzmunca yenilənib, "Azərbaycan
Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli
Kurikulumu)" hazırlanıb, dərsliklərlə
bağlı yeni siyasət gerçəkləşdirilib,
şagirdlərin biliyinin qiymətləndirilməsinin yeni model
və mexanizmləri tətbiq edilib, kadr
hazırlığı və təminatı əmək bazarının
tələblərinə uyğun şəkildə təkmilləşdirilib,
təhsil ocaqları informasiya-kommunikasiya texnologiyaları ilə
təchiz olunub, təhsil sisteminin
bilgisayarlaşdırılması, məktəbəqədər,
texniki-peşə, ali təhsil, əcnəbi ölkələrdə
təhsil, vergili uşaqların inkişafı, özəl
qayğıya möhtac uşaqların oxumasının təşkili
və başqa bir çox sahələrdə gözgörəsi
uğurlar qazanılıb.
Azərbaycanın təhsil sisteminə "kurikulum"
yeni bir anlayış kimi daxil olub.
İslahat
çərçivəsində özündə təhsilalanlar
üçün zəruri səriştələri, məzmun
və qiymətləndirmə standartlarını, mövcud tədris
planı və proqramlarını, şagirdə və onun
hazırlıq səviyyəsinə verilən tələbləri,
hər dərsin konkret inkişafetdirici məqsədlərini,
metodik təminatını, dəyərləndirmə modelini,
texniki təchizatını və s. təsvir edən, müəllimin
və məktəbin qarşısında duran vəzifələri
və onların konkret həlli yollarını göstərən
bir konseptual sənəd hazırlanıb. "Azərbaycan
Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli
Kurikulumu)" adlı həmin sənəd 2006-cı ildə
ortaya qoyulub, onu Azərbaycan Respublikası Nazirlər Kabineti təsdiqləyib
və o, 2010-cu ildə "Ümumi təhsil pilləsinin
dövlət standartı və proqramları
(kurikulumları)" adı altında təkmilləşdirilib.
Ümumi təhsilin fənn kurikulumları təhsil
nazirinin əmri ilə təsdiqləndikdən sonra pedaqoji
ictimaiyyətin istifadəsinə verilib.
1992-1993-cü illərdə bizim rəhbərliyimiz
altında müstəqil Azərbaycanın milli ideologiyaya əsaslanan,
kommunist düşüncələrdən təmizlənmiş
ilk orta məktəb dərslikləri ən qısa vaxtda
hazırlanaraq ortaya qoyulmuş, sonrakı illərdə təkmilləşdirilmişdi. M.Mərdanovun
nazirliyi dönəmində isə həmin dərsliklər məzmunca
kurikulumun tələblərinə
uyğunlaşdırıldı. Boynuma
almalıyam ki, bu dərsliklər poliqrafik baxımdan özlərindən
qabaqkılara nisbətən qat-qat üstündür.
Nazir M.Mərdanovun gördüyü işləri
sadalamaq elə də çətinlik yaratmır,
çünki bu işlərin statistikası genişdir. Burada ən
önəmlilərini sadalayaq.
Onun dönəmində yeni tədris-tərbiyə müəssisələrinin
dövlət xəzinəsi hesabına tikintisi və əsaslı
təmiri kəskin şəkildə artıb.
Onun birbaşa rəhbərliyi altında "2007-2015-ci
illərdə Azərbaycan gənclərinin xaricdə təhsili
üzrə Dövlət proqramı" işlənib
hazırlanaraq gerçəkləşdirilməyə
başlanıb.
Onun vaxtında Azərbaycan müəllimlərinin
qurultayları hər 5 ildən bir müntəzəm
keçirilib.
1998-ci ildəki 11-ci, 2003-cü ildəki 12-ci və
2008-ci ildəki 13-cü qurultayların təşkili və təntənəli
keçirilməsi M.Mərdanovun nazirlik dönəminin
uğurlarındandır.
Onun təşəbbüsü
ilə keçirilən "50 ən yaxşı məktəb",
"100 ən yaxşı müəllim" müsabiqələri
təhsil müəssisələri kollektivlərinin və
müəllimlərin həvəsləndirilməsində
önəmli rol oynayıb.
Təhsil sahəsindəki səmərəli fəaliyyəti
nəzərə alınmaqla nazir 2006-cı ildə "Şöhrət"
ordeni ilə təltif edilib.
Nazir M.Mərdanov müəllimlərin əmək
haqqının artırılmasını vacib sayıb və
buna cəhd edib. Təsadüfi deyil ki, vəzifəyə
başladığının elə 3-cü günü
keçirdiyi ilk iclasda məktəb sənədlərinin nəşri
ilə yanaşı, bəzi bölgələrdə müəllimlərə
maaşın verilməsinin ləngidilməsi və işləməyən
məcburi köçkün müəllimlərə maaş verilməsi məsələləri
müzakirə edilmişdi. Müəllimlərin əmək
haqqının 200 manatdan 2 min manata qaldırılması arzusu
isə nə o zaman, nə də sonralar gerçəkləşdi...
Əlbəttə, nəzərdə tutulmuş islahat zəncirindəki
geniş işləri yalnız dövlət büdcəsi
hesabına görmək çox çətin idi. Buna görə
də ölkə rəhbərliyinin tövsiyəsinə əsasən
Təhsil Nazirliyi Ümumdünya Bankı ilə sıx əməkdaşlıqda
bulunub və önəmli layihələrin çoxu məhz bu
əməkdaşlıq sayəsində həyata
keçirilib.
Sonda qeyd
edim ki, M.Mərdanov 2007-2013-cü illərdə "Təhsil
yenilikləri", 2008-2013-cü illərdə
"Kurikulum", 2012-2013-cü illərdə isə "Ali təhsil
və cəmiyyət" jurnallarına baş redaktorluq edib. Haqqını verərək qeyd etməliyik ki, bu nəşrlərin
yaradılmasının təşəbbüsçüsü
və onlara həyat verən də elə nazirin özü
olub.
Misir müəllim 2011-2014-cü illərdə Türk
Dünyası Riyaziyyat Qurumuna başqanlıq (prezidentlik) edib.
Nazirlik
dönəmi əməkdaşlığımız
2012-ci ilin yanvarında günlərdən bir gün idi. Telefonum zəng çaldı. Açdım. Təhsil naziri Misir Mərdanovun səsini eşidəndə təəccübləndim, çünki 20 ildi ki, heç bir əlaqəmiz yox idi. Mənimlə görüşmək istədiyini bildirdi. Yanına getdim. Görüşdük. Tarixçi Nərmin xanım Tahirzadənin Çar dönəmi ziyalılarımız haqqında rusca nəşr edilmiş "Azərbaycan ziyalılarının tarixindən" adlı kitabını çox bəyəndiyini, onu ana dilimizə çevirtmək istədiyini bildirdi (7 yanvar 2012-ci ildə Nərmin xanım Haqq dünyasına qovuşdu. Misir müəllimin yas mərasiminə nazirliyin iki əməkdaşını göndərərək başsağlığı verdiyi yadımdadır).
Tərcüməni oğlum Oğuztoğrulla birgə edirdik. İş ağır idi. Mən bircə səbəbini deyəcəyəm: əsərdə geniş istifadə olunmuş özəlliklə Çar dönəminə aid sənədlərdə elə terminlər işlədilmişdi ki, dilimizdə onların qarşılığı yoxdu. Başqa ciddi səbəblər də vardı, ancaq biz işin öhdəsindən gələ bildik.
Əsər 2015-ci ildə Misir müəllimin layihəsi olaraq "Azərbaycan təhsil tarixi oçerkləri və ilk ali təhsillilərimiz" adı altında işıq üzü gördü. Onun kitabdakı "Layihə rəhbərindən" adlı giriş sözü həm ümumən Nərmin xanımın elmi fəaliyyətini, həm rusca kitabını, həm də bu yeni nəşrin özünü dəyərləndirmək baxımından çox qiymətlidir.
Dördcildlik sanballı "Azərbaycan təhsil tarixi" kitabında Çar dönəmində azərbaycanlıların ali təhsil almasına geniş yer ayırmış Misir müəllim ilk görüşümüzdəcə belə fikir yürütdü ki, 1920-ci ilədək ali məktəblərdə oxumuş bütün soydaşlarımızın adlarını müəyyənləşdirmək, onların dünya arxivlərində qorunub saxlanan sənədlərini əldə edib Azərbaycana gətirmək gərəkdir; sovetləşməyədək olan gerçək ali təhsil tariximizi yalnız bundan sonra köklü şəkildə öyrənə bilərik.
Açığı, təşəbbüs qulağa xoş gəlsə də, gerçəkləşdirilməsi olduqca müşkül idi, çünki bu arzunu həyata keçirmək üçün: 1) Çar dönəmində ali məktəb(lər)i olmuş bütün şəhərlərə ezamiyyətə getmək, onların arxivlərində şəxsən çalışmaq gərəkdi, axı arxivlərdə "sifarişlə həcc" əsla qəbul olunmur, olsa da hədsiz baha başa gəlir; 2) arxivlərdən toplanaraq gətirilmiş bəlgələri son nəticədə kitaba çevirmək lazımdı, onların yazılması və nəşri də altına girilməsi çətin, oğul çiyni istəyən ciddi problemdi. Bu işin maddi-texniki-psixoloji baxımdan çətinliyini hələ bir qırağa qoyuram. Bu üzdən də deyilən fikrə öncə inamsız yanaşdım, ancaq nazir "dediyimi gerçəkləşdirməkdən ötrü hər cür imkan və şərait yaratmağa hazıram" bildirincə inamsızlığım öz-özünə yox oldu.
Misir müəllimin 15 illik nazirlik görəvi 19 aprel 2013-cü ildə başa çatdı. Ancaq bu, nəinki əməkdaşlığımızın sonu oldu, əksinə, ortaq layihəmiz yekun gerçəkləşmə mərhələsinə girdi.
AMEA
Riyaziyyat və Mexanika İnstitutunun direktoru
M.Mərdanov
1 may 2013-cü ildən AMEA Riyaziyyat və Mexanika
İnstitutunun direktorudur. Bu müddətdə
institut elmi araşdırmalarda və beynəlxalq əməkdaşlıq
sahəsində önəmli uğurlar qazanıb. Bu elm ocağının 60 illik yubileyi 2019-cu ilin
oktyabrında dünyanın 20-dən artıq ölkəsindən
gəlmiş ən görkəmli alimlərin
qatıldığı möhtəşəm beynəlxalq
konfransla qeyd edilib.
Onun
direktorluğu dönəmində Riyaziyyat və Mexanika
İnstitutunda çıxan 4 ingiliscə jurnaldan 3-ü
artıq beynəlxalq arenaya çıxıb: "Azerbaijan
Journal of Mathematics", "Proceedings of the Institute of Mathematics
and Mechanics" (2015-ci ildən bu jurnalın baş redaktorudur)
və "Transactions of ANAS (Matematiçeskaə seriə)"
məşhur Scopus elmmetrik bazasında impakt-faktor
alıb. İlk iki jurnal eləcə də Clarivate Analytics
şirkətinin dünyada ən məşhur Web of Science elmmetrik bazasınin
ilkin siyahısına daxil edilib. Bunun nə qədər
dəyərli bir amil olduğunu elm adamları bilir.
O,
"Azerbaijan journal of Mathematics", "TWMS Journal of Pure and
Applied Mathematics" və "Çebışevskiy
sbornik" jurnalları redaksiya heyətlərinin
üzvüdür.
Alim və
müəllim
Professor Qoşqar Əhmədovun tələbəsi olan
Misir Mərdanov Azərbaycanda optimal idarəetmənin riyazi
üsulları sahəsində ən öndə gedən alimlərdəndir. O, hələ aspiranturada oxuduğu
vaxtdan - 1972-ci ildən beynəlxalq konfranslarda bu mövzuda məruzələrlə
çıxış edib.
Misir müəllim Azərbaycanda riyaziyyat elminin və
riyaziyyatçıların təbliği üçün
önəmli işlər görüb.
"Azərbaycanın
çağdaş riyaziyyatının sələfləri"
(prof. Ramiz Aslanovla birgə; Moskva, 2016), "Müəllimim
Qoşqar Əhmədov" (2017), "Azərbaycan
riyaziyyatçıları" (2019), "Azərbaycan Milli
Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutu -
60" (2019), "Bakı Dövlət Universiteti" (2021)
kimi dəyərli əsərlərində o, milli riyaziyyatçılarımızın
bir çoxu haqqında elm tariximizdə ilk dəfə söz
açıb və onların
yaradıcılığını dəyərləndirib.
Ümumtəhsil məktəblərimiz üçün
bir sıra dərsliklərin də müəllifinin M.Mərdanov
olması təbiidir. 6-cı sinif üçün "Riyaziyyat", 7, 8, 9,
10, 11-ci siniflər üçün "Həndəsə",
7, 8, 9-cu siniflər üçün "Cəbr", 10, 11-ci
siniflər üçün "Cəbr və analizin
başlanğıcı" kimi dərsliklər onun qələminin
məhsuludur. Ali məktəblər
üçün "Ali riyaziyyat" kitabı da onun rəhbərliyi
və müəllifliyi ilə hazırlanaraq 2020-ci ildə nəşr
edilib.
Misir müəllim yaradıcılığının son dönəmlərində əsas elmi istiqaməti ilə yanaşı, təhsilin məzmunu, təhsil tarixi, milli-mənəvi dəyərlər... kimi mövzular üzrə də ciddi araşdırmalar aparır. "Azərbaycanın təhsil nazirləri", 4 cildlik "Azərbaycanın təhsil tarixi" əsərləri, mənimlə birgə hazırladığı "1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar. (Ensiklopedik soraq kitabı)" çoxcildliyi həmin araşdırmaların məhsuludur.
Dost sözü
Bu gün Misir müəllim Göyərçindən pərvazlanarkən bəlkə də ağlına belə gətirə bilməyəcəyi zirvələrə yüksəlib, ən uca adlara, rütbələrə yiyələnib. Rektor işləyib, nazir olub, institut direktorudur, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor, Əməkdar elm xadimi, neçə-neçə sanballı kitabın müəllifidir və s. Bəzi insanlar bu məqama yetişəndə tarazlığını saxlaya bilmir, büdrəyir. 2012-ci ildən bəri ortaq işimizlə bağlı tanıdığım Misir Mərdanov isə ilk gündə necə görmüşdümsə bu gün də elə qalıb: özünü dartmağı sevməyən, işdə həm özünə, həm də əməkdaşlarına qarşı tələbkar və ciddi, eyni zamanda qayğıkeş, dostbazlıqla arası olmayan, ümumən adamlarla münasibətdə məsafə saxlamağa çalışan, ancaq bəyəndiyi insanlarla yaxınlığa can atan, ürəyindəkiləri onlarla paylaşmağı xoşlayan, verdiyi sözü hökmən yerinə yetirən, ikiüzlülük və yalana nifrət edən, yazmaqdan və oxumaqdan əsla yorulmayan bir insan!
...Əlbəttə, hər bir şəxs kimi Misir müəllimi də sevənlər də var, onu qəbul etməyənlər də. Heç biri ilə işim yoxdur. Ancaq şəxsən mən arzu edirəm ki, bütün ətrafımızda yalnız onun kimi insanlar olsun.
Bu yaxınlarda Misir müəllim həyatının
75-ci ilini yola salacaq. Bu əlamətdar
günündə onu təbrik edir, təbii ki, ona hər
şeydən öncə uzun və sağlam ömür,
çoxlu-çoxlu yaradıcılıq uğurları diləyirəm!
Ürəyimdəki ən böyük diləyim budur: əziz
Misir müəllim, Sizin haqqınızda eşitdiyim
yaxşı və pis heç bir sözə indiyədək
əsla diqqət vermədim, necə insan olduğunuzu
özüm kəşf etdim. Kəşf etdiyim isə
başqalarına örnək bir insan oldu. Lütfən
ömrünüzün sonunadək elə indiki örnək
Misir müəllim olaraq qalın!
Ədalət
TAHİRZADƏ
Bakı
Avrasiya Universitetinin professoru
525-ci qəzet.- 2021.- 29 sentyabr.- S.16-17.