Böyük qayıdışın şah
əsəri - Şuşa!
Bu ilin avqust ayının axırlarında Molla Pənah Vaqifin məqbərəsinin əsaslı bərpadan sonra yenidən açılışı tədbirində iştirak etmək üçün Şuşa şəhərinə etdiyim ilk səfər mənim üçün qeyri-adi və unudulmaz tarixi hadisəyə çevrildi.
Şuşa şəhəri ilə ilk
tanışlığım isə hələ Sovet hakimiyyəti
illərində olmuşdu. Bu qiyabi
tanışlığın əsasında
"Şuşanın dağları - başı
dumanlı" mahnısı dayanmışdı. Uzun illər ərzində
Şuşanı həmişə dağlarının
başında duman olan, qarlı-yağışlı və
çiskinli bir yer kimi təsəvvür etmişdim:
Şuşanın
dağları başı dumanlı,
Qırmızı
qoftalı yaşıl tumanlı,
Dərdindən ölməyə çoxdu
gümanım.
Ay
qız, bu nə qaş-göz, bu nə tel,
Ölərəm
dərdindən, onu bil,
Danışmasan
da, balam, barı gül.
...Şuşanın
hər yandan gəlir sorağı,
Tərifə
layiqdir İsa bulağı,
Dağları, bağları, qızlar oylağı.
Ay
qız, bu nə qaş-göz, bu nə tel,
Ölərəm
dərdindən, onu bil,
Danışmasan
da, balam, barı gül.
Hələ
tələbə ikən, yəni XX əsrin yetmişinci illərində
eşitdiyim bu mahnı məndə başı qalmaqallı Şuşa obrazı
formalaşdırmışdı. Belə hesab etmişdim ki, məlum
mahnıdakı "başı dumanlı" sözləri Məmməd
Səid Ordubadinin "Dumanlı Təbriz" tarixi
romanında olduğu kimi, təbiət hadisəsinə deyil,
Şuşada baş vermiş gərgin, qanlı-qadalı
ictimai-siyasi və tarixi hadisələrə mahnı dili ilə
edilmiş bir işarətdir. Və həmin məqamda mən
Şuşa haqqında oxuduqlarıma uyğun olaraq,
"Şuşanın dağları başı
dumanlı" sözlərinin XVIII əsrdə Ağa Məhəmməd
şah Qacarın Şuşaya hücum etməsi, İran
şahının öldürülməsi və sonradan
hakimiyyəti ələ keçirmiş Məhəmməd bəy
tərəfindən Molla Pənah Vaqifin qətlə yetirilməsi
hadisələrini mənalandıran misra kimi qəbul
etmişdim. "Şuşanın
dağları" mahnısına uzun onilliklər ərzində
bədbin notların işığında qulaq asmışam.
XX əsrin səksəninci illərinin sonlarında Topxana hadisələri
başlayanda mən "Şuşanın dağları"
mahnısındakı "başı dumanlı" sözlərini
bu alınmaz qala olan şəhərin başı
üstündə dolaşan qara buludlar şəklində təsəvvür
etmişdim. Şuşa şəhəri bədnam
ermənilər tərəfindən işğal edildikdən
sonra "başı dumanlı" sözlərini daha
tünd boyalarla xəyalıma gətirmişdim. Və Şuşanın başını
sarmış həmin qara dumanın çox da asanlıqla
çəkilib getməyəcəyi qənaətinə gəlmişdim.
Lakin Azərbaycan Respublikasının Prezidenti, Ali Baş
Komandan İlham Əliyev erməni
işğalçılarını Qarabağdan qovmaqla, Vətən
müharibəsində xalqımıza tarixi Zəfər
qazandırmaqla həyata keçirilməsi çox çətin
olan bir problemi böyük iradə və yüksək səriştə
ilə mümkün olacaq bir işə çevrilməsinin
mümkünlüyünü isbat etmişdir.
İkincisi
isə hələ məktəbli ikən Şuşa
dedikdə həm də hər dəfə Molla Pənah Vaqifi
düşünmüşəm. Orta məktəb illərində
Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Danzik
kənd səkkizillik məktəbində şagird dram həvəskarları
dərnəyinin üzvləri ilə birlikdə Xalq şairi Səməd
Vurğunun "Vaqif" tarixi dramında Molla Pənah Vaqif,
rayonumuzun Ulya-Noraşen (indiki Oğlanqala - İ.H.) orta məktəbinin
IX sinfində oxuyarkən isə Molla Vəli Vidadi obrazında
çıxış etməyim də "gözəllik nəğməkarı"
adlandırılan bu şairin nə qədər çətin,
qalmaqallı şəraitdə yaşayıb fəaliyyət
göstərdiyini daha dərindən başa düşməyimə
şərait yaratmışdı.
Başdan-başa əzbər bildiyim "Vaqif"
dramı məndə sanki "Molla Pənah Vaqif - başı
dumanlı" təəssüratı yaratmışdı. Tələbəlik illərində
şeir həvəskarı kimi yazıb, 1968-ci ildə əvvəlcə
Azərbaycan Dövlət Pedaqoji İnstitutunun "Gənc
müəllim" qəzetində, sonra isə
Naxçıvan Muxtar Respublikasında çıxan "Şərq
qapısı" qəzetində çap etdirdiyim "Gördüm"
adlı nikbin ruhda olan şeirimdə də hər bəndin
sonunda təkrarlanan "gördüm" rədifi vaxtilə
Molla Pənah Vaqifin yaşadığı məşəqqətlərin
sonralar aradan qalxması mətləbini ifadə etsə də,
alt qatda Qarabağ xanının Baş vəziri olmuş
şairin vaxtilə çəkdiyi müsibətləri,
üzləşdiyi "görmədim"ləri də
göz önünə gətirir:
Xalqımız
qurtarıb dərd-qəm yükündən,
Sorağınız
gəlir toydan-düyündən;
Göz
açıb dünyaya gəldiyim gündən,
Hər yerdə gül açan əməli
gördüm.
Keçib
neçə kənddən, neçə şəhərdən,
Çıxdım Qarabağın seyrinə hərdən.
Gəzdikcə
elləri, obaları mən
İş
üstə "can alan gözəli" gördüm.
Gözlərim
dikilib qaldı gözündə,
Həyat eşqi vardır hər bir sözündə.
Bir vaxt sən
gəzdiyin Cıdır düzündə,
Adınla ucalan heykəli gördüm.
Xəyalım
çox gəzdi sənin bağında,
Ürəklər
oxşayan söz sorağında;
Tufanlı
bir əsrin qaranlığında,
Vaqiftək sönməyən məşəli
gördüm.
Qarabağın erməni işğalında olduğu
dövrdə mənim nəzərlərimdə
"Şuşanın dağları - başı
dumanlı" mahnısındakı qara buludlar daha da tündləşmişdi. "Şuşanın
dağları" mahnısındakı "başı
dumanlı" sözlərindəki qara buludların
açılacağını ilk dəfə Azərbaycan
Respublikasının Prezidenti, Ali Baş Komandan İlham
Əliyevin rəhbərliyi ilə Lələtəpədə
ordumuzun qazandığı ilk qələbə zamanı hiss
etmişdim. Ermənistan tərəfinin
Qarabağı əbədilik işğal etməsi haqqında
uydurub yaydığı mif məhz Lələtəpə
döyüşləri zamanı yarılmışdı.
Lələtəpə hərbi hərəkatı zamanı 200
kilometrdən çox ərazilərimizin geri
qaytarılması və möhtərəm Prezidentimizin
saldırdığı Cocuq Mərcanlı kəndi, burada
ucaldılan qoşa minarəli Şuşa məscidi artıq
"Şuşanın dağları"nın üzərindən
dumanların çəkilməsi fəslinin başlanmasından
xəbər verirdi. Cocuq Mərcanlı kəndi
Qarabağın işğaldan azad olunacağının rəmzinə
çevrilmişdir. Qarabağın azad ediləcəyinə
inam zirvəsindən baxanda Cocuq Mərcanlı:
Düşmənə
göz dağıdır
Böyük
Qayıdışın
İlk
uşağıdır
Doğma
ocaq sevgisinin
Göy qurşağıdır.
Fəth
olunmuş
Lələtəpənin
qabağıdır,
Dağlıq Qarabağın sabahıdır.
İkinci
dəfə "Şuşanın dağları"
mahnısının başı üstündən dumanın
dağılmaqda olduğunu 2020-ci ilin avqust ayının 19-da nəvəm
İsa Həbibbəyli ilə doğulduğum
Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Danzik
kəndi ərazisindəki 1806 metr yüksəkliyə malik
olan Qızıl Qayanın zirvəsi yağı düşməndən
geri alındıqdan bir neçə ay sonra etdiyim ziyarət
zamanı hiss etmişdim. Nəvəm İsa Həbibbəyli
ilə uşaqlıq və gənclik illərimin keçdiyi
bu yerləri ziyarət edərkən unudulmaz uşaqlıq,
dostum rəhmətlik Nail Abbasovla Qızıl Qayanın ətəyindəki
Əyyub ocağından zirvəyə, dağın yuxarı ətəklərinə
qədər gəvən adlı bitkilərə od vurub
yandırmağımızı gözümün önünə
gətirdikcə, sanki yurdumuzun başı üstündəki
qatı dumanın tonqalların işığında çəkilməyə
başladığını və hərbi-siyasi mühitin
aydınlaşmağa doğru gedəcəyinə
inanmışdım. Fəth olunmuş Qızıl Qayanın
zirvəsindən İrəvan-Gorus-Laçın-Şuşa
yoluna nəzarətin bizim tərəfə keçməsi və
əzəmətli Qızıl Qayanın zirvəsinə sancılmış
Azərbaycan bayrağının keşiyində əsgərlərimizin
gözlərini qırpmadan dayanmasını böyük
qürur hiss ilə real olaraq müşahidə etməyim
Şuşanın dağlarının başından
dumanların çəkiləcəyinə inamı qətiləşdirmişdi.
Nəvəm İsa Həbibbəyli ilə Qızıl Qaya
zirvəsindən Arpaçayın o tayındakı
düşmən sərhədində olan Böyük Qala
dağının başını yay fəslinin açıq
səması altında görməyim də təbiət
dilində Şuşanın dağlarından dumanların
çəkiləcəyi günlərin çox da uzaqlarda
olmadığını düşünmək
üçün nikbin əhvali-ruhiyyə yaratmağa xidmət
edirdi. Kiçik Qafqaz dağları silsiləsinin Nuh peyğəmbərin
əfsanəvi gəmisi ilə əlaqədar olan 3906 metr
yüksəkliyə malik Qapıçıq-Gəmiqaya zirvəsindən
sonra Şərur-Dərələyəz istiqamətindəki ən
uca zirvələri sırasına daxil olan Böyük Qala və
Kiçik Qala dağlarının əhatəsindəki XX əsrin
əvvəllərinə qədər babam Həbib bəyə
məxsus olmuş Mehrə dərəsi adlanan geniş ərazilərə
Azərbaycan əsgərinin Qızıl Qayadan və ulu
babalarımızın qəbirlərinin uyuduğu Yasdan
adlı yüksəklikdəki qədim yaşayış yerindən
ayıq-sayıq nəzarət etməyə nail olunması da
"Şuşanın dağları" mahnısının
"Azad Şuşa" obrazına doğru yol getdiyi
assosiasiyası yaratmağa xidmət etmişdir.
Qızılqaya mahiyyəti etibarilə Şuşa
zəfərinin baş məşqlərindən biri
olmuşdur:
Qızılqaya
-
Qədim
oba,
Oğuz
yurdu
Əzəl qaya.
Dörd fəsildə
Həm
gül-çiçək,
Xəzəl
qaya -
Gözəl
qaya!
Uğur rəmzi,
Özəl qaya.
Məğrur
yaşa,
Düzəl,
qaya!
Qalx və
oyan,
Möhkəm
dayan!
İrəli
bax,
Yandırıb-yax,
Şimşək
tək çax!
Haqq
bizimdir,
Vaxt bizimdir.
Tez ol,
qaya!
Və nəhayət,
8 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının
Prezidenti, Qalib Ali Baş Komandan İlham Əliyevin Ümummilli
lider Heydər Əliyevin Fəxri xiyabandakı məzarını
ziyarət etdikdən sonra Şəhidlər xiyabanından bəyan
etdiyi aşağıdakı sözlər Qarabağ
savaşının Qələbə parolu kimi səslənmişdir:
"Əziz Şuşa, sən Azadsan! Əziz Şuşa,
Biz qayıtmışıq! Əziz Şuşa,
Biz səni dirçəldəcəyik!"
Qarabağ savaşının - Vətən müharibəsinin
tarixi Zəfərlə başa çatması günlərində
radio-televiziyada tez-tez səsləndirilən "Şuşanın
dağları" mahnısının başının
üstündən artıq duman birdəfəlik çəkilmişdi. İndi
"Şuşanın dağları"
mahnısındakı "başı dumanlı" sözləri
artıq sözün əsl mənasında xoş təbiət
hadisəsi, cəlbedici peyzaj təzahürləri idi.
İlk dəfə Molla Pənah Vaqifin məqbərəsinin
yenidən və əsaslı şəkildə bərpasından
sonrakı keçirilmiş Poeziya Günlərində
iştirak etmək məqsədilə ilk real Şuşa səfərim
zamanı da Zəfər yolu ilə Füzuli istiqamətindən
Şuşa şəhərinə yaxınlaşdıqda həqiqətən
aşağıdan baxanda səfərdə iştirak etmək
üçün bizimlə birlikdə olanların
hamısı ilə birlikdə uca və sərt Şuşa
qalasının üzərində ağappaq nəhəng bulud
topaları görmüşdüm. Bu, təsadüfi
təbiət hadisəsi mənim nəzərlərimdə
Prezident İlham Əliyevin "Əziz Şuşa, Sən
Azadsan" bəyanatının rəngi idi. Başı
dumanlı Şuşa həmin gün
"başı ağ buludlu", üzü gülən
Şuşaya çevrilmişdi. Şuşa Qalasının
üzərindəki böyük ağ
duman talası elə bil Qarabağın sülh və
azadlıq bayrağı kimi dalğalanırdı.
Mən
Azad Şuşa şəhərini ilk dəfə
Şuşa Qalasının üstündəki ağ duman
topaları ilə gördüm. Ağ buludlar Şuşa
Qalasının qanadları altına alıb qoruyan möhtəşəm
ağ çətir kimi görünürdü. Ağ buludlar
- Şuşanın ağ günlərinin
güzgüsü idi. "Şuşanın
dağları başı dumanlı" mahnısındakı
duman indi öz əsl rənginə qovuşmuşdu. Və
maşınımız Şuşa şəhərinə daxil
olarkən sürücümüzün maqnitofonun düyməsini
basıb səsləndirdiyi "Şuşanın
dağları - başı dumanlı" mahnısı indi
artıq qara buludların doğurduğu hüzn-kədərin
yox, Zəfər sevincinin ifadəsi kimi dalğa-dalğa
yayılmaqda və ürəyimizə də İsa
bulağının saf və sərin suyu kimi yayılmaqda idi.
Maraqlıdır
ki, Şuşa şəhərinin əsasını
qoymuş Pənahəli xan da ağ rəngə xüsusi
münasibət bəsləmişdir. İndiki Ağdam şəhərində
yaratdığı "İmarət" adlandırılan
Qarabağın idarə edildiyi İqamətgahın da ağ rəngdə
olması, Ağdam şəhərinin adının Ağ dam
(Ağ ev, Ağ bina) sözündən alınması da Pənahəli
xanın şəhərsalmada və idaəetmədə
ağ rəngə xüsusi önəm verməsinin ifadəsidir.
Ağdam - Qarabağın Ağ evidir. Ağdam - uzun illər ərzində Qarabağ
xanlığının Ağ Evi funksiyasını həyata
keçirmişdir. Ağdam -
Şuşanın Baş Qərargahı olmuşdur. Yeri
gəlmişkən deyim ki, Quzanlı qəsəbəsində
Azərbaycanın dövlət müstəqilliyinin 30 illiyi
münasibətilə beynəlxalq elmi konfransın
keçirildiyi çərçivədə 17 sentyabr 2021-ci
il tarixdə işğaldan azad edilmiş və erməni
terrorçuları tərəfindən
dağıdılmış, vəhşicəsinə yerlə-yeksan
edilmiş Ağdam şəhərində olarkən həm
İmarətin və həm də bütövlükdə
Ağdam şəhərinin özünün ağ günlərinə
qaytarılması istiqamətində möhtərəm
Prezidentimizin atdığı qətiyyətli addımları
görmək bu şəhərin də başının
üstündəki dumandan xilas edildiyini əyani şəkildə
nümayiş etdirir.
Məlum olduğu kimi, haqlı olaraq,
dağıdılmış, viran qoyulmuş Ağdam şəhərini
Azərbaycanın Xirosiması adlandırırlar. Bundan xeyli əvvəl,
2012-ci ildə gördüyüm Yaponiyadakı bombardman
edilmiş Xirosima ilə müqayisədə Azərbaycandakı
Ağdam daha acınacaqlı təsir bağışlayır.
Çünki Yaponiyadakı Xirosima atom
bombası ilə dağıdıldığı
üçün orada başdan-başa yandırılaraq
külə çevrilmiş böyük bir ərazidə cəmisi
tam uçurulmamış yeganə bir binanın karkası
qaldığı üçün dağıntının
miqyasını və təzahürlərini əyani şəkildə
görmək mümkün deyildir.
Yandırılmış və hələ də ot bitməyən Xirosimada baş vermiş faciəni
təsəvvür etmək üçün həmin
dövrün görüntülərini əks etdirən
kinoxronikaya baxmaq lazımdır. Azərbaycanın
Ermənistan tərəfindən işğal edilmiş əksər
ərazilərində, o cümlədən, Ağdamda isə vəhşicəsinə
dağıdılmış şəhərin bütün dəhşətli
görüntüləri göz önündədir. Vaxtilə 35 min əhalinin yaşadığı
böyük bir şəhərin inzibati binaları, teatrı,
məktəbi, çörək muzeyi və yaşayış
yerlərinin hamısı dağıdılaraq yerlə-yeksan
edilmişdir. İşğal edilmiş
Ağdam minlərlə binaların xarabalıqlarından ibarətdir.
Ağdam xarabalıqlarını şəhərlərin
soyqırımı adlandırmaq olar. Bizə
məlum olduğu qədər, atom bombası ilə
dağıdılmış Xirosima və Naqasaki şəhərləri
istisna olmaqla, XX əsrdə dünya müharibələrində
insan əli ilə, yaxud tanklarla və ya toplarla Ağdam şəhəri
qədər başdan-başa dağıdılmış
şəhərlər olmamışdır. Hətta biz xidməti ezamiyyətlə əlaqədar
2018-ci ildə Suriyada olarkən döyüş bölgəsində
yerləşən Hələb şəhərində məhəllələrin
yalnız müəyyən hissələrinin
dağıntılara məruz qaldığını
müşahidə etmişdik. Ermənilərin
vəhşicəsinə dağıtdıqları Ağdam
şəhərində isə Cümə məscidindən
başqa heç bir tikili salamat qalmamışdır.
Cümə məscidinin dağıntıya az
məruz qalması isə bu dini ibadətgahını minarələrindən
düşmən tərəfinin hərbi müşahidə məntəqəsi
kimi istifadə etməsi ilə əlaqədar olmuşdur.
Şuşa
şəhərində də inzibati binaların və
yaşayış evlərinin, hətta sonralar inşa olunmuş
sanatoriya korpuslarının da çoxusu ağ
rəngdədir. Kim bilir, bəlkə də Pənahəli xan,
yaxud onun davamçıları İbrahim Xəlil xan və
başqaları şəhərsalmada ağ rənglərə
üstünlük verməklə Azərbaycanın bu dilbər
düşərgəsinin adı olan Qarabağ sözündəki
"qara" ifadəsinin aşılaya biləcəyi bədbinlik
notlarını memarlıq əsərləri vasitəsilə,
ağ-qara antonimlərinin ifadə etdiyi nikbin məna əsasında
əridib itirməyə çalışmış və ya
"qara" sözünün böyüklük, möhtəşəm
mənalarını diqqət mərkəzinə çəkmək
istəmişlər. Çünki qara rəng ağ
fonda, ağ rəng isə qara fonda daha əzəmətli
görünür. Vaxtilə Sovet hakimiyyəti illərində
Şuşadakı demək olar ki, əksər binaların,
memarlıq abidələrinin şəkillərini naturadan
çəkmiş tanınmış qrafika ustası Elturan
Avalovun da Şuşa rəsmləri qalereyasında tikililərin
hamısını ağ rəngdə, yalnız damların kənar
görüntülərinin və
çıxıntılarının isə qara xətlərlə
çəkməsi də yalnız qrafika xətrinə
olmayıb, daha çox Qarabağ inşaatı və
memarlığının özünəməxsus
simasını orijinalda olduğu kimi canlandırmaq niyyəti
kimi uğurlu alınmışdır. Bütün
bunlar Qarabağ sözünün mənasının qara
bağ, tutaq ki, qara üzüm bağları
anlayışı kimi yox, Böyük Bağ mənasını
daşıdığını bildirir.
Doğrudan da, XX əsrin əvvəllərindən etibarən
işlədilmiş Dağlıq Qarabağ ifadələri erməni
məqsədlərinə xidmət edən bolşevik
ideyasının təzahürü kimi meydana
çıxmışdır. "Qarabağ"
sözü etimoloji baxımdan "Böyük Bağ", yəni
Böyük Qarabağ mənasını bildirir. Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin Fərmanı ilə 2021-ci ildə iqtisadi region kimi
yaradılmış Qarabağ ərazisi Böyük
Qarabağ mənasını tam mənası ilə ifadə
edir. Fikrimcə, Qarabağ İqtisadi
Regionu Azərbaycanın Respublikasının tərkibində
bu vilayətə dövlət səviyyəsində
verilmiş ən düzgün statusdur.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı
ilə Şuşa şəhərinə
Azərbaycanın Mədəniyyət Paytaxtı statusu verilməsi
də tarixi reallığın və obyektiv gerçəkliyin
ifadəsidir. Buradakı demək olar ki, əksər binalar və
məhəllələr ayrılıqda mədəniyyət
abidəsi olduğu üçün bütövlükdə Şuşa şəhəri memarlıq abidələri
kompleksindən ibarətdir. Şəhərdəki
Aşağı və Yuxarı Gövhər ağa məscidləri
Azərbaycan islam memarlığının
nadir hadisələridir. Məşhur
Cıdır düzü möhtəşəm təbiət
abidəsidir. Nəhəng və sıldırım
qayalar üzərində ucaldılmış Şuşa
dünyadakı Qala-şəhər formatında
salınmış azsaylı şəhərlərdən
biridir. Yəni təkcə Şuşa
Qalası yox, geniş mənada Şuşa şəhəri
Qala kimi təbii qoruq vasitələrinə malik olan müdafiə
qalasıdır. Kənardan baxanda Şuşa
səma ilə torpağın arasında qayalıqlar üzərində
salınan qeyri-adi şəhər təəssüratı
yaradır.
Əgər
Şuşa şəhərinin
adlı-sanlı, görkəmli yetirmələrindən hər
birinə ev muzeyi yaradılarsa, fikrimizcə, burada hər
iki-üç evdən birini muzeyə çevirmək
lazım gələr. Şuşa şəhəri
dünyanın ən məşhur çoxsaylı ev muzeyləri şəhəri ola bilər. Yaxud da tanınmış simalarının
hamısının doğulduqları, yaşadıqları və
ya çalışdıqları binalara xatirə lövhələri
vurularsa, Şuşanın demək olar ki, bütün
küçələri yaxası dəmir lövhələrlə
bəzədilmiş "ordenli-medallı" şəhərə
çevrilər. Vaqif Poeziya Günlərində
Şuşada olarkən Əbdürrəhim bəy Haqverdiyevlə
Nəcəf bəy Vəzirovun, Əhməd Ağaoğlu ilə
Mir Möhsün Nəvvabın və Firidun bəy
Köçərlinin, Sadıqcanla Molla Pənah Vaqifin
yaşayıb müəllimlik etdiyi Saatlı məhəlləsindəki
mədrəsənin və hələlik kimliyini müəyyənləşdirə
bilmədiyimiz onlarla başqa ədəbiyyat və incəsənət
xadimlərinin evlərinin bir-birinin ardınca çox yaxın
ərazidə yerləşməsi Şuşa şəhərinin
mədəni-mənəvi zənginliyinin miqyasını real təsəvvür
etməyə əsas verir.
Mədəniyyət
paytaxtı Şuşanın bərpasına və yenidən
qurulmasına ilk növbədə mədəniyyət tədbirləri
- Xarıbülbül festivalı və Molla Pənah Vaqifin məqbərəsinin
açılması ilə başlanılması, ilk
açılışlardan biri kimi məhz məşhur xanəndə
Bülbülün ev muzeyinin olması qədim şəhərin
bazasında XXI əsrin möhtəşəm mədəniyyət
şəhərinin salınacağından xəbər verir.
Qarabağın müxtəlif guşələrində
inşa edilməkdə olan müasir tipli
"ağıllı kəndlərin" fonunda Şuşa şəhəri özünün
tarixi özəlliyini yaşadan və XXI əsrin memarlıq
xüsusiyyətləri ilə zənginləşdirən nadir
bir şəhər olacaqdır. Tarixiliklə
müasirliyin üzvi vəhdəti Qarabağın yenidən
qurulmasının istiqamətini müəyyən edə bilər.
Artıq
qısa müddət ərzində Şuşa
şəhərində keçirilmiş bir neçə
möhtəşəm ədəbi-mədəni tədbir
Qarabağın Baş Tacı olan Şuşanın müasir
Azərbaycan mədəniyyətinin əsas mərkəzlərindən
birinə çevrilməkdə olduğunu əyani şəkildə
nümayiş etdirir. Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin bu ilin axır çərşənbə
günü Şuşa şəhərində,
Cıdır düzündə alovlandırdığı
Novruz tonqalı Ali Baş Komandanın rəhbərliyi ilə
qazanılmış tarixi Zəfərin atəşfəşanlığı
idi.
Xarıbülbül
Musiqi Festivalı - bütövlükdə Qarabağın və
o cümlədən, Şuşanın erməni
işğalçılarından azad olunmasına həsr
edilmiş möhtəşəm təntənəli bayram
konsertidir.
Xarıbülbül
Musiqi Festivalı - Azərbaycan incəsənətinin növbəti
böyük təntənəsi olmuşdur.
Molla Vaqif
Poeziya Günlərinin yenidən keçirilməsi
özündə bir çox mənaları ifadə edir:
1. Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev Vaqif Poeziya Günlərinin keçirilməsi ilə
ilk növbədə vaxtilə Ulu öndər Heydər
Əliyevin başladığı bu mühüm ədəbiyyat
siyasətinin yeni tarixi şəraitdə yaradıcı şəkildə
davam etdirilməsini və yaşadılmasını təmin
etmişdir.
2. Vaqif
Poeziya Günlərinin keçirilməsi ilə Şuşada - Qarabağa
müasir dövrün ədəbiyyat və mədəniyyət
ab-havasının gətirilməsi gerçəkləşdirilmişdir.
3.
Geniş tərkibdə Azərbaycan ziyalıları, elm və
mədəniyyət xadimləri ilə yanaşı, dövlət
rəsmilərinin, millət vəkillərinin də iştirak
etdiyi Vaqif Poeziya Günləri ədəbiyyat tədbirinin sədlərini
aşaraq, mühüm ictimai-mədəni hadisə səviyyəsinə
yüksəlmişdir. Prezident İlham
Əliyevin Vaqif Poeziya Günlərinin
açılışı mərasimindəki dərin məzmunlu
və parlaq nitqi Qarabağa Böyük Qayıdış hərəkatı
ilə ölkəmizin ədəbiyyat və mədəniyyət
siyasətinin üzvü vəhdətinin canlı təcəssümünün
ifadəsidir.
4. Ədəbiyyat
hadisəsi olaraq da Vaqif Poeziya Günləri müstəqillik
dövrü Azərbaycan ədəbiyyatının mübariz
ruhunun təntənəsi kimi səslənmişdir. Azərbaycan
ədəbiyyatının ağsaqqal nəsillərinin - Azərbaycan
Yazıçılar Birliyinin sədri, Xalq
yazıçısı Anarın, Xalq yazıçısı
Elçinin çıxışları və Xalq şairi Nəriman
Həsənzadənin həyəcanlı şeiri ədəbiyyatımızın
müdriklik və müasirlik ruhunun mesajlarıdır. Gənc nəsil şairlərin Molla Pənah Vaqif məqbərəsi
qarşısında oxuduqları şeirlər Azərbaycan ədəbiyyatının
yeni tarixi epoxadakı müasir tipli poetik monoloqlarıdır.
5. Vaqif Poeziya Günləri çərçivəsində
keçirilmiş simpozium ölkəmizdə poeziya günləri
ilə elmi fikrin əlaqələndirilməsinin ilk modelidir. Bu, böyük
Məhəmməd Füzulinin vaxtilə dediyi "elmsiz
şeir əsası yox divar olur" misrasındakı
gerçəkliyin XXI əsrdə Şuşada həyata
keçirilməsinin nümunəsidir. Fikrimizcə,
bundan sonra başqa görkəmli şairlərimizin adı ilə
əlaqədar keçirilmiş poeziya günlərində də
paralel olaraq elmi konfransların keçirilməsi həm ədəbiyyatın
və həm də elmin xeyrinə olar.
6. Nizami Gəncəvi ilində Vaqif Poeziya Günlərinin
keçirilməsi ölkəmizdə ədəbiyyat və
incəsənətin inkişafına dövlət səviyyəsində
göstərilən böyük qayğının əməli
ifadəsidir.
7. Molla Pənah
Vaqifin Şuşa şəhərindəki
məqbərəsi önündə təşkil olunmuş
Poeziya Günləri Böyük Qayıdışın poetik
manifestidir.
8. Vaqif
Poeziya Günləri - XXI əsr müstəqillik dövrü
Azərbaycan ədəbiyyatının şeir-sənət
direktivləridir.
Böyük
Qayıdış - Qarabağın işğaldan azad edilməsinin
və Qarabağa dönüşün İlham Əliyev
Proqramıdır.
Böyük
Qayıdış - Azərbaycanın ərazi
bütövlüyünün tam təmin edilməsinin
strategiyası və taktikasıdır.
Böyük
Qayıdış - ölkəmizin coğrafı xəritəsində
yenidən salınmış çoxsaylı şəhərlərə
və kəndlərə, xalqın istifadəsinə
qaytarılmış geniş ərazilərə, münbit
torpaqlara yeni həyatın gətirilməsi deməkdir.
Böyük
Qayıdış - Azərbaycan Respublikasının hərbi cəhətdən
ölkəmizin ayrılmaz bir parçası olan
Qarabağın müdafiə olunmasına və iqtisadi-mədəni
baxımından inkişaf etdirilməsi istiqamətində
atılmış böyük addımlardır.
İşğaldan
azad edilmiş və yenidən qurulması istiqamətində
ilk böyük addımlar atılmış Şuşa
şəhəri Böyük Qayıdışın şah əsəridir.
Artıq Şuşanın dünyanın ən
gözəl şəhərlərindən birinə
çevriləcəyinin əsas konturları
görünür.
Zəngəzur - Laçın koridorunun açılması ilə Şuşa əlverişli bir tranzit şəhər funksiyası da qazanacaqdır. Zəngəzur dəhlizindən sağ tərəfə Şuşa şəhərindən Ağdam-Bakı-Orta Asiya və Çinə qədər yol getmək mümkün olacaqdır. Şuşa şəhərindən sola isə Zəngəzur dəhlizindən keçməklə Naxçıvan-Sədərək-Dilucu vasitəsilə Türkiyəyə, oradan da istənilən Avropa ölkəsinə səfər etmək asanlıqla həyata keçirilə biləcəkdir. Şuşa - turizm, ticarət, mədəniyyət, tranzit şəhəri kimi Şərqlə Qərbi birləşdirən İpək yolunu əlaqələndirən körpü rolunu oynayacaqdır.
Şuşada dünya şöhrətli bir Konservatoriyanın yaradılması da şəhərin Mədəniyyət paytaxtı statusunu daha da möhkəmləndirəcəkdir. Beləliklə, Şuşa XXI əsrin Üzeyir Hacıbəylilərinin, Bülbüllərinin, Natəvanlarının, Xan Şuşinskilərin yetişəcəkləri sənət ocağına çevriləcəkdir.
Artıq Şuşa şəhərinə Azərbaycan mədəniyyəti və ədəbiyyatının tarixi ənənələrinin qaytarılması, burada müasir mədəni inkişafın canlandırılması istiqamətində böyük məsafə qət edilmişdir. İnanırıq ki, Azərbaycanın mədəniyyət paytaxtına onun daimi sakinlərinin qayıdacağı gün də çox da uzaqda deyildir.
19 sentyabr 2021-ci il
İsa
HƏBİBBƏYLİ
Azərbaycan
Milli Elmlər Akademiyasının vitse-prezidenti, Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunun direktoru, akademik, Milli Məclisin
deputatı
525-ci qəzet.- 2021.- 29 sentyabr.- S.10-11;12.