Şuşa Aslanı
Səmada saysız-hesabsız bürclər
mövcuddur. Lakin onlardan ikisini,
demək olar ki, hamı tanıyır
- Böyük Ayı bürcü və Kiçik Ayı bürcü. Bu bürclərin hər birində 7 ulduz var. Böyük Ayı bürcünün bütün
ulduzları təxminən
eyni parlaqlığa malikdir. Mən nədənsə, ölkəmizdəki hərbçiləri
Böyük Ayı bürcünün ulduzlarına
bənzədirəm.
Kiçik Ayı bürcünün xüsusiyyətlərindən biri
odur ki, onun bir ulduzu
(Qütb ulduzu) parlaqlığı ilə
başqalarından fərqlənir. Qütb ulduzu
yol göstərəndir,
istiqamətvericidir. Mən də
bu ulduzların içindən Qütb ulduzunu seçmək fikrinə düşdüm.
Mənim
Qütb ulduzum polkovnik-leytenant Rəşad
Aslanovdur.
44 günlük Vətən
müharibəsi Azərbaycanın
yüzlərcə igid
oğullarını dünyaya
tanıtdırdı. Onların bəziləri
şəhid oldu, bəziləri isə sağ qalaraq yaşayan qəhrəmanlarımıza
çevrildi. Rəşad Aslanov
da yaşayan qəhrəmanımızdır. Əmirbəy müəllim
oğlunun adını
qoyanda yəqin hiss edib ki, Rəşad
adının mənası
kimi ağıllı,
dərrakəli, doğru
yolda, haqq yolda gedən, soyadının mənası
kimi isə aslan olub düşmənləri
məhv edəcək.
Rəşad Əmirbəy oğlu
Aslanov 1979-cu ilin may ayının 2-də Qusar şəhərində ziyalı
ailəsində anadan olub. Təhsilini 8-ci sinfə kimi
Qusar şəhərində
6 nömrəli tam orta
məktəbdə aldıqdan
sonra, Bakı Türk Liseyində davam etdirib. 1997-ci ildə 687 bal toplayaraq Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. Eyni zamanda,
Türkiyənin YÖS imtahanlarına
da qatılıb və Türkiyənin ən nüfuzlu ali məktəblərindən
birinə - Orta Şərq Texniki Universitetinə qəbul olunub. Lakin igidimiz orada
oxumaqdan imtina edərək, vətənində
qalıb hərbi təhsil alıb.
R.Aslanov təhsil aldığı
müddətdə yüksək
göstəricilərə görə
mükafat və medallara layiq görülüb, Prezident
təqaüdü alıb.
2001-ci ildə Ali Hərbi
Məktəbdə 600 müdavim
arasında Rəşad
Aslanov Qırmızı
diploma layiq görülüb. Diplomu ona
Ali Baş Komandan Heydər Əliyev təqdim edib. Ali Hərbi Məktəbi
motoatıcı ixtisası
üzrə bitirib.
2014-cü ildə Rəşad
Aslanov Silahlı Qüvvələrin Hərbi
Akademiyasında magistraturaya
daxil olub. Xidməti müddətində
həm ölkə daxili, həm də bəzi xarici ölkələrdə
öz ixtisasına uyğun müxtəlif kurs və beynəlxalq
təlimlərdə iştirak
edib.
Orta və
Ali Hərbi Məktəb
illərində daima fəal idmanla məşğul olub. Cüdo üzrə
respublika, keçmiş
ittifaq və beynəlxalq miqyaslı yarışların qalibi olub, həmçinin, idman ustası dərəcəsini alıb.
Gənc yaşlarından həyatda
özünün mövqeyi,
sözü olub, haqqını tələb
etməyi bacarıb. İntellekt səviyyəsi,
düşünmə qabiliyyəti,
fiziki hazırlığı,
fərdi-psixoloji və
digər keyfiyyətləri
nəticəsində Rəşad
Aslanov Silahlı Qüvvələrin Təlim
və Tədris Mərkəzində kəşfiyyat
ixtisası üzrə
zabit ixtisas kursunu da müvəffəqiyyətlə
başa vurub. 2002-ci ildə xidmətini
davam etdirmək üçün təyinatla
Naxçıvan Muxtar
Respublikasında yerləşən
hərbi hissəyə
göndərilən zabit
bu günə kimi öz ixtisasına
uyğun yüksələn
karyera ilə müxtəlif vəzifələrdə
xidmət edib və hazırda xidmətini Əlahiddə
Ümumqoşun Ordusunda
davam etdirir.
R.Aslanov hər zaman igidliyi, fədakarlığı,
ünsiyyətcilliyi, mərhəməti
ilə əsgər və zabitlərin rəğbətini qazanıb.
Xidmət
etdiyi müddətdə
Rəşad Aslanov 1,
2 və 3-cü dərəcəli
"Qüsursuz xidmətlərinə
görə", 3-cü dərəcəli
"Hərbi xidmətdə
fərqləndiyinə görə",
"İgidliyə görə",
"Şuşanın azad
olunmasına görə",
"Xocavəndin azad olunmasına görə",
"Füzulinin azad olunmasına görə",
"Vətən müharibəsi
iştirakçısı", Azərbaycan Silahlı Qüvvələrinin 10, 90, 95 və
100 illik "Yubiley"
medalları və
"Qarabağ" ordeni
ilə təltif olunub. Xidməti müddətində R.Aslanov bir neçə
fəxri fərman alıb, sertifikat, qiymətli hədiyyələr
və diplomlarla mükafatlandırılıb.
İkinci Qarabağ müharibəsi
başlayanda igidimiz Naxçıvanda idi. Oktyabr ayının
11-də Ali Baş Komandan
İlham Əliyevin tapşırığı ilə
Naxçıvan Xüsusi
Təyinatlıları Vətən
müharibəsinə cəlb
edildi. Yola düşməzdən əvvəl Naxçıvanda
döyüş qərargahı
yaradıldı və
polkovnik Tehran Mənsimov
rəhbər təyin
olundu. R.Aslanov Naxçıvandan yola düşən bir hərbi hissənin komandiri idi.
İki həftə
idi ki, səbirsizliklə
döyüş meydanına
atılmağı gözləyən
igidlər üçün
müharibəyə getmək
toy-bayrama çevrilmişdi. R.Aslanovun rəhbərlik
etdiyi xüsusi təyinatlı bölmə
düşmənə böyük
itkilər verərək,
bir çox əraziləri işğaldan
azad edir. Şuşa uğrunda döyüşlərdə
böyük şücaətlər
göstərir.
İgidlik, mərdlik, cəsurluq nümayiş etdirən R.Aslanov Azərbaycan əsgər və zabitinin qəhrəmanlıq
nümunəsidir. Döyüşdə ağır yaralansa
da, verilən tapşırığı layiqincə
yerinə yetirib.
Vətən müharibəsində qələbə
Ali Baş Komandanın
rəhbərliyi ilə
əsgər və zabitlərimizin şücaəti,
qorxmazlığı, Vətən
sevgisi hesabına əldə edilib. İllərdir həsrətində olduğumuz
torpaqlara bayrağımızı
sancmaq hər kəsin arzusu olub. Qarabağın döyünən ürəyi olan Şuşaya ilk daxil olanlardan biri də polkovnik-leytenant Rəşad Aslanovdur.
Şuşa qalasının giriş
qapısına Azərbaycan
bayrağını sancmış
R.Aslanovun şəkil
və video görüntüləri
internet şəbəkələrində geniş yayılıb.
Naxçıvandan müharibəyə gələndə
özü ilə bayrağımızı götürüb
və bütün
dost-tanışına, ailəsinə
söz verib ki, "bu bayrağı
Şuşada dalğalandıracağam". İgidimiz arzusuna
çatıb. Şuşa qalasının
giriş qapısına
ermənicə yazılan
"Şuşa" sözünün
üstündən üçrəngli
bayrağı asıb.
İgidimiz liseydə təhsil aldığı dövrdə
tədbir keçirilir
və orada "Çırpınırdı Qara
dəniz" mahnısı
səsləndirilir. Mahnıda olan
"Qafqazlardan aşacağıq,
Türklüyə şan
qatacağıq, Azərbaycan
bayrağını Qarabağdan
asacağıq..." misraları
yeniyetmənin ürəyinə,
beyninə, dilinə həkk olunur. İllər sonra Şuşa qalasının
üzərində yenicə
asdığı bayrağa
baxaraq "Azərbaycan
bayrağını Qarabağda,
Şuşada asdıq..."
səsi, avazı gəldikcə qürurla hayqırırdı.
Polkovnik-leytenant Rəşad Aslanovun qəhrəmanlığından, şücaətindən yazmaqla
bitməz. Sadəcə buna sevinirəm ki, Qütb ulduzum
illərdir həsrətini
çəkdiyi arzusuna
qovuşub: "Ali Baş
Komandan İlham Əliyevin qətiyyəti
və rəhbər bacarığı Vətən
müharibəsini qələbə
ilə sonlandırdı
və məni də həyatdakı ən böyük arzuma çatdırdı.
Döyüşlər boyu
hər zaman ürəyimin üstündə
gəzdirdiyim müqəddəs
üçrəngli bayrağımızı
Şuşa qalasında dalğalandırmaq
nəsibim oldu. Mən bundan böyük xoşbəxtlik
təsəvvür edə
bilmirəm...
Azərbaycan Ordusu Ali Baş Komandanın əmr etdiyi istənilən yerdə Azərbaycan bayrağını sancmağa
hazırdır".
İgidimiz ailəlidir, iki gül balası var. İnşallah, bu gül balalar bir gün mütləq
atalarının düşməndən
təmizlədiyi torpaqlara
gəzməyə gedəcəklər.
Kəmalə XƏLİLQIZI
yusifovakemale38@gmail.com
525-ci qəzet.- 2021.- 29 sentyabr.- S.7.