Əbədiyyətdəki əziz
ünvanlarımız
Şəhidlər ölməz, Vətən
bölünməz!
Həyat nə qədər şirin olsa da, ölüm
heç bir insan övladının qaça bilməyəcəyi
tale yazısıdır. Amma Allah qatında seçilmiş elə
insanlar var ki, onlar ölmür, cismən bu dünyanı tərk
edib, ruhən Yaradana - əbədiyyətə qovuşurlar.
Ölümlərin ən şərəflisi də
deyirlər buna. Bu, müqəddəs şəhidlik
zirvəsidir ki, hər kəsə qismət olmaz.
Ali
Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə
sentyabr ayında başlanan və 44 gün davam edən Vətən
müharibəmiz 30 ilə yaxın erməni
işğalında olan torpaqlarımızın,
Qarabağın azadlığıyla nəticələndi.
Müharibə
varsa, şəhid də var, qazi də, itkin də... Nə yazıq ki, bu müharibəmiz də
qurbanlarsız ötüşmədi. Azərbaycanın
üç minə yaxın qəhrəmanı
torpaqlarımızın azadlığı uğrunda şəhidlik
zirvəsinə ucaldı, minlərlə igid qazi adını
qazandı. "525-ci qəzet" olaraq bu
layihəmizdə mütəmadi şəkildə hissə-hissə
həmin igidlərimizi oxucularımıza
tanıtdıracağıq. Hər biri bir qəhrəmanlıq
dastanı olan bu həyatlarla qürur duyur, onları
unutmayacağımıza, unutdurmayacağımıza söz
veririk! Allah hər birinə rəhmət eləsin!
P.S. Bu
layihəmizə dəstək olmaq üçün ətrafınızda
tanıdığınız, bildiyiniz şəhidlər varsa,
həyat yoluna güzgü tutmaq məramı ilə müəllifin
göstərilmiş e-mail ünvanıyla əlaqə saxlaya
bilərsiniz!
shahane.mushfiq@gmail.com
***
Hüseyn Rasim oğlu Xəlilov 27 mart 2002-ci ildə
Bakı şəhəri, Sabunçu rayonu Nardaran kəndində
doğulub. 295 nömrəli tam orta məktəbdə təhsil
alıb. Daha sonra peşə məktəbində
təhsilini davam etdirərək dülgərlik sənətinə
yiyələnib. Həmçinin, idmana da
marağı olub, cüdo idman növüylə məşğul
olub. Müxtəlif yarışlardan
qazandığı bir sıra diplom və medalları var.
Təhsilini başa vurduqdan sonra həqiqi hərbi xidmətə
yola düşüb. Vətən müharibəsi zamanı həqiqi hərbi
xidmətdə olan Hüseyn Xəlilov Füzuli, Şuşa və başqa yerlərdə gedən
döyüşlərdə iştirak edib. Gərgin
döyüşlərin birində yaralı dostunu çiynində
daşıyarkən başından qəlpə yarası
alıb. Lakin buna baxmayaraq, döyüş
yoldaşını həmin ərazidən
çıxarmağı bacarıb. Ondan
sonra isə huşunu itirib. 22 gün komada
qalıb. Gəncə və Bakıda 6 ay xəstəxanada
yatıb. Həkimlər əllərindən
gələni etsələr də, həyatını xilas etmək
mümkün olmayıb və 25 aprel 2021-ci ildə şəhidlik
zirvəsinə ucalıb. O, Nardaran kəndində
torpağa tapşırılıb.
Hüseyn
Xəlilov "Füzulinin azad olunmasına görə",
"Qubadlının azad olunmasına görə",
"Şuşanın azad olunmasına görə", "Cəsur
döyüşçü" və "Vətən
uğrunda" medalları ilə təltif edilib.
***
Xaliq Kamil oğlu Hüseynov 20 sentyabr 2001-ci ildə
Bakının Nardaran qəsəbəsində dünyaya
göz açıb. İbtidai təhsilinə 2008-ci ildə
295 №-li tam orta məktəbdə başlayıb. 2017-ci ildə orta təhsilini başa vuran Xaliq
çilingər ixtisasına yiyələnərək
maşın ustası kimi işləyib. Arzusu
işləyib pul qazanmaq və internat uşaqlarına kömək
etmək olub. İdmana və hərbiyə
hədsiz marağı olan Xaliq peşəsi ilə paralel
olaraq idmanın cüdo növü ilə də məşğul
olub.
Əsgərlik yaşına çatan Xaliq 2020-ci ilin
yanvar ayında Vətənə olan borcunu yerinə yetirmək
üçün hərbi xidmətə yollanıb. Elə xidmətinin
ilk günlərindən əsgər yoldaşları
arasında fiziki gücü və bacarığı ilə fərqlənən
Xaliq bir neçə idman yarışlarında fərqlənib.
Baş atıcı kimi xidmətini davam etdirib.
Karantin qaydalarının sərt dönəmində xidmət
edən əsgər Hüseynov valideynləri ilə
görüşə bilməmiş və hər telefon zəngində
onlara qalıb orduda müddətdən artıq xidmət etməyi
və işğal altında olan torpaqlarımızı azad
etmək istədiyini bildirib.
Xaliq
Hüseynov 27 sentyabr 2020-ci il tarixində
başlayan Vətən müharibəsinin ilk günlərindən
döyüşlərə qatılıb və Tərtər-Ağdərə
istiqamətində düşmənlə üz-üzə
vuruşub. Baş atıcı kimi Talış və
Suqovuşan kəndlərinin azad olunması uğrunda gedən
döyüşlərdə iştirak edib və ərazilərin
düşməndən təmizlənməsində fəal rol
oynayıb.
Sağ
qalan döyüş yoldaşlarının verdiyi məlumata
görə, Xaliq də daxil olmaqla 6 əsgərimiz erməni
postuna girib və 50 erməni hərbçisini məhv edərək
həmin mövqeni düşməndən azad edib.
Əsgər Xaliq Hüseynov 16 oktyabr tarixində şiddətli
döyüşlərin getdiyi Suqovuşan qəsəbəsində
düşmənin minaatandan açdığı atəş
nəticəsində döyüş meydanında qəlpə
yarası alaraq şəhid olub. Onun nəşi ertəsi
gün - 17 oktyabr tarixində doğulub böyüdüyü
Nardaran qəsəbəsinə gətirilib, ailəsi ilə
vida mərasimindən sonra Rəhimə xanım ziyarətgahına
gətirilib və ziyarətgahın girişində dəfn
olunub.
Xaliq Hüseynov şəhadətindən sonra "Vətən
uğrunda" medalı ilə təltif edilib.
***
Məmməd
Rəhman oğlu Zamanlı 1998-ci il avqustun
3-də Şərur rayonunun Püsyan kəndində anadan olub.
Orta təhsilini M.Əsgərov adına
Püsyan kənd orta məktəbində alıb, daha sonra isə
Naxçıvan şəhər Heydər Əliyev adına Hərbi
Liseydə təhsilini davam etdirib. 2015-ci ildə liseydən məzun
olub, Heydər Əliyev adına Ali Hərbi
Məktəbə daxil olub.
2019-cu il iyul ayında Beyləqan rayonunda yerləşən
N saylı hərbi hissədə artilleriya üzrə leytenant
rütbəsi ilə Vətənə xidmətə
başlayıb. 1 il 2 ay verilən
tapşırıqların öhdəsindən yüksək səviyyədə
gəldiyinə görə "Baş zabit" rütbəsi
ilə təltif edilib.
Vətənini canından çox sevdiyini deyir
yaxınları. Ən böyük arzusu isə Vətən
torpaqlarını yağı düşməndən xilas etmək
olub.
27 sentyabr
2020-ci ildə Füzuli istiqamətində gedən
döyüşlərə əsgərləri ilə birgə
qatılan komandir, düşmən tərəfindən
atılan mərmi nəticəsində şəhidlik zirvəsinə
yüksəlib, elə döyüşlərin ilk günü,
ilk şəhidlərimizdən olub... Şəhid
leytenant Şərurun Püsyan kənd qəbiristanlığında
torpağa tapşırılıb.
Zamanlı
Məmməd şəhadətindən sonra "Azərbaycan
Bayrağı" ordeni, "Vətən uğrunda" və
"Füzulinin azad olunmasına görə" medalları
ilə təltif edilib.
***
Busat Əfsər oğlu Qurbanov 10 sentyabr 2000-ci ildə
Füzuli rayonunun Aşağı Kürdmahmudlu kəndində
anadan olub. Büsat orta məktəb illərində də vətənpərvərliyi
ilə seçilib. Orta məktəbi
bitirdikdən sonra ruh yüksəkliyi ilə hərbi xidmətə
yollanan Büsat hərbi xidmətini bitirdikdən sonra yenidən
orduda qalaraq, müddətdən artıq həqiqi hərbi Xidmətçi
kimi Vətənin keşiyində dayanıb.
Azərbaycan
Ordusunun əsgəri olan Busat Qurbanov 2020-ci il
sentyabrın 27-dən başlanan Vətən müharibəsində
ilk gündən tuşlayıcı olaraq iştirak edib. Füzulinin azad edilməsi uğrunda gedən
döyüşlərdə vuruşub, postların
yarılmasında şücaət göstərib. O, 10
oktyabr 2020-ci ildə Füzuli döyüşlərində
döyüş tapşırığını yerinə
yetirərkən şəhid olub.
Busat Qurbanov şəhadətindən sonra "Vətən
uğrunda" və "Füzulinin azad olunmasına görə"
medalları ilə təltif edilib.
***
Şakir Arif oğlu Cəmilli 4 dekabr 1992-ci ildə
Füzuli rayonunun Araz Dilağarda kəndində anadan olub. 1999-cu ildə
Araz Dilağarda kənd tam orta məktəbinin 1-ci sinfinə
gedib, 2010-cu ildə həmin məktəbin 11-ci sinfini bitirib.
2011-ci ildə həqiqi hərbi xidmətə
yollanıb, 2012-ci ildə hərbi xidmətini başa vurub.
2015-ci ildə N saylı hərbi hissənin nəzdində
MAHHXHQ hazırlığı kursuna qəbul olunub. 2015-ci ildən
2020-ci ilədək silah təmiri bölüyünün təmir
manqa komandiri vəzifəsində xidmət edib.
2020-ci ildə gizir hazırlığı kursuna qəbul
olunub. Kursu bitirdikdən sonra N saylı hərbi hissənin
zirehli tank təmiri bölüyünün xüsusi işlər
tağımının komandiri vəzifəsində xidmətini
davam etdirib.
2016-cı
il Aprel döyüşlərində Lələtəpənin
azadlığı uğrunda qəhrəmancasına
vuruşub, silah təmiri bölüyündə artilleriya
toplarının təmirində fəal iştirak edib. Müdafiə Nazirliyi tərəfindən bir
çox fəxri fərmanlar və hədiyyələr
alıb.
2020-ci il 27 sentyabrda başlayan Vətən müharibəsində
böyük şücaətlə döyüşlərdə
iştirak edib, öz üzərinə düşən vəzifəni
layiqincə yerinə yetirib. Füzuli, Cəbrayıl,
Qubadlı, Laçın, Xocavənd, Zəngilan, Hadrut, Şuşa uğrunda döyüşlərdə
qəhrəmanlıqlar göstərib.
Şakir Cəmilli və qrupunun rəşadəti
Müdafiə Nazirliyi tərəfindən fəxri fərmanlar,
döş nişanları ilə dəyərləndirilib.
Şakir Cəmilli oktyabrın 23-də Xocavənd
döyüşləri zamanı şəhid olub.
Ailləli olan şəhidimizin iki oğul övladı vətənə
əmanətdir.
Şakir Cəmilli şəhadətindən sonra "Vətən
uğrunda", "Füzulinin azad olunmasına görə"
medalları ilə təltif olunub.
***
Elməddin Dəyanət oğlu Bədəlov 6 mart
2000-ci ildə Bakı şəhərində anadan olub. Əslən
Füzuli rayonu Kərimbəyli kəndindəndir.
2006-cı ildə Şəhid Əkrəm Səlimov adına Kərimbəyli kənd tam orta məktəbində
1-ci sinifə başlayıb.
2018-ci ildə hərbi xidmətə
çağırılıb. 2019-cu il oktyabr
ayının 1-də hərbi xidmətini Gədəbəy
rayonunda başa vurub.
Elməddin həm də idmançı idi. O, yunan-roma güləşi
üzrə Füzuli rayonunun açıq birinciliyi, şəhidlərin
xatirəsini həsr olunmuş güləş
yarışında, eləcə də Əliyar Əliyevin
xatirəsinə həsr olunmuş yarışda da birinci yerə
layiq görülüb.
Onun uşaqlıqdan hərbiyə marağı çox
olub. Ən böyük arzusu Xüsusi Təyinatlı
Qüvvələr sırasında olmaq imiş. XTQ-də kursu bitirməyə bir ay qalmış
möhkəm xəstələnir və kursdan xaric edilir.
27 aprel 2020-cu ildə Füzuli rayonunda yerləşən
N saylı hərbi hissədə kəşfiyyatçı-snayper
kimi xidmətə başlayır.
Vətən müharibəsi başlayan gündən
döyüş əməliyyatlarında fəal iştirak
edir. Merdinli kənd istiqamətində 16 ermənini məhv
edərək yoldaşlarına yol açır. Qaraxanbəyli
kəndi uğrunda gedən döyüşlərdə beş postun alınmasında qəhrəmanlıqla
iştirak edib. O, 29 sentyabr 2020-ci ildə qəhrəmancasına
şəhidlik zirvəsinə ucalıb. Döyüş
yoldaşlarının sözünə görə, onun son
sözü "mən heç bir zaman düşmən
qarşısında əyilmədim" - olub.
Elməddin Bədəlov şəhadətindən sonra
"Füzulinin azad olunmasına görə" medalı ilə
təltif olunub.
***
Adəm Elçin oğlu Əmirov 26 avqust 1999-cu ildə
Ağdam rayonunun Xındırıstan kəndində
doğulub. Əslən rayonun Papravənd kəndindəndir.
2017-ci ildə həqiqi hərbi xidmətə
çağırılıb, xidmətinə 112 saylı hərbi
hissədə başlayıb. Xidmətini 2019-cu ildə
başa vurub. 15 iyul 2020-ci ildə MAXE kimi
xidmətə qəbul olunub və tuşlayıcı kimi xidmətə
başlayıb. Sonra manqa komandiri olub.
Vətən müharibəsində qəhrəmancasına
iştirak edən Adəm Ağdam rayonunda şəhidlik zirvəsinə
yüksəlib.
Adəm Əmirov şəhadətindən sonra "Vətən
uğrunda" və "Ağdamın azad olunmasına
görə" medalları ilə təltif edilib.
***
Şəhriyar
Nəsib oğlu Quliyev 1990-cı il
mayın 25-də Ağdam rayonunun Cinli kəndində anadan
olub. 1997-2008-ci illərdə Sumqayıt şəhərində
M.Füzuli adına 13 nömrəli tam orta
məktəbdə təhsil alıb.
2008-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin
sıralarında müddətli həqiqi hərbi xidmətdə
olub. 2009-cu ildən isə Xüsusi Təyinatlı
Qüvvələrin sıralarında müddətdən
artıq həqiqi hərbi xidmət qulluqçusu olub. 2016-cı ilin 2-6 aprelində baş verən Aprel
döyüşlərində savaşıb.
Azərbaycan
Ordusunun giziri olan Şəhriyar Quliyev 2020-ci il
sentyabrın 27-də başlanan Vətən müharibəsi
zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin,
Füzulinin və Qubadlının azadlığı
uğrunda gedən döyüşlərdə savaşıb. 150-ə yaxın erməni əsgər və zabitini
məhv edib. Məhv edilənlər
arasında polkovnik də olub. Şəhriyar
Quliyev oktyabrın 23-də Qubadlı döyüşləri
zamanı şəhid olub. Sumqayıt şəhərinin
Şəhidlər xiyabanında dəfn olunub.
Ailəli olan şəhidimizin iki oğlu Vətənə
əmanət yadigar qaldı.
Şəhriyar
Quliyev şəhadətindən sonra "Qarabağ" ordeni,
"Vətən uğrunda", "Cəbrayılın azad
olunmasına görə", "Füzulinin azad olunmasına
görə", "Xocavəndin azad olunmasına görə"
medalları ilə təltif edilib.
***
Teymur
Feyruz oğlu Abbasov 1981-ci il fevralın 25-də
Bakı şəhərində anadan olub. Evin ilk
övladı olan Teymur siyasətçi Tural Abbaslının
qardaşıdır. Ailədə
üç qardaş, bir bacı olublar.
Orta təhsilini
S.C.Pişəvəri adına Respublika
Humanitar Fənlər Gimnaziyasında alıb. İdmanı
çox sevən Teymur futbol və karate ilə məşğul
olub.
Hər kəs
onun hərbçi olacağını gözləsə də,
o, anasının istəyilə Gəncə Dövlət
Universitetinin fars ədəbiyyatı
üzrə şərqşünaslıq fakültəsinə
daxil olur.
Hərbi xidmətə çağırılan zaman
öz istəyilə Xüsusi Təyinatlı Qüvvələrin
sırasına yazılır. Hərbi xidmətini
başa vurduqdan sonra 3 ay zabitlik kursu keçir və leytenant
rütbəsi alır.
İran İslam Respublikasının Azərbaycandakı
səfirliyində işləyib.
2020-ci il iyul ayında baş verən Tovuz
döyüşləri zamanı ailəsindən xəbərsiz
könüllü şəkildə ordu sıralarına
yazılır.
Azərbaycan
Ordusunun leytenantı olan Teymur Abbasov 2020-ci il
sentyabrın 27-də başlanan Vətən müharibəsi
zamanı Füzulinin və Xocavəndin azadlığı
uğrunda gedən döyüşlərdə savaşıb və
oktyabrın 12-də Xocavənd döyüşləri
zamanı Hadrut istiqamətində şəhid olub. II Şəhidlər iyabanında dəfn olunub.
Teymur Abbasov şəhadətindən sonra "Vətən
uğrunda" və "Füzulinin azad olunmasına görə"
medalı ilə təltif edilib.
***
Şirxan
Xaməmməd oğlu Xaməmmədov 1998-ci il
fevralın 9-da Şamaxı rayonunun Məlikçobanlı kəndində
anadan olub.
2004-2015-ci
illərdə G.Ağayev adına Məlikçobanlı
kənd tam orta məktəbində təhsil alıb.
Şirxan Xaməmmədov 2016-cı ildə müddətli
həqiqi hərbi xidmətə çağırılıb.
2016-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin
Culfa rayonunda yerləşən N saylı hərbi hissəsində
xidmət edib.
2018-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin
Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunda müddətdən
artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi
xidmət edirdi.
Azərbaycan
Silahlı Qüvvələrinin əsgəri olan Şirxan Xaməmmədov
2020-ci il sentyabrın 27-də başlanan Vətən
müharibəsi zamanı Cəbrayıl, Qubadlı, Zəngilan
və Şuşanın azadlığı uğrunda gedən
döyüşlərdə snayper kimi iştirak edib.
O,
noyabrın 3-də Şuşa
döyüşləri zamanı şəhid olub. Şamaxı rayonunun Məlikçobanlı kəndində
torpağa tapşırılıb.
Şirxan Xaməmmədov şəhadətindən sonra
"Vətən uğrunda" və "Şuşanın
azad olunmasına görə" medalları ilə təltif
edilib.
***
Təbriz
Məhəmmədəli oğlu Xancanov 1996-cı il iyunun 9-da Göyçay rayonunun Qəbələ
Müsgürlü kəndində anadan olub.
2014-2016-cı illərdə Azərbaycan Silahlı
Qüvvələrinin sıralarında müddətli həqiqi
hərbi xidmətdə olub.
Azərbaycan
Ordusunun əsgəri olan Təbriz Xancanov 2020-ci il
sentyabrın 27-də başlanan Vətən müharibəsi
zamanı Suqovuşanın azadlığı uğrunda gedən
döyüşlərdə savaşıb. Oktyabrın
19-da Suqovuşan döyüşləri zamanı şəhid
olub. Göyçay rayonunda dəfn olunub.
Təbriz Xancanov şəhadətindən sonra "Vətən
uğrunda" medalı ilə təltif edilib.
***
Qoşqar Nuruş oğlu Vəliyev 12 aprel 1989-cu ildə
Füzuli rayonunun Kərimbəyli kəndində anadan olub.
2010-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin
sıralarında müddətdən artıq həqiqi hərbi
xidmət hərbi qulluqçusu idi. 2010-2013-cü illərdə
Daşkəsən rayonunda yerləşən N saylı hərbi
hissədə, 2013-cü ildən Füzuli rayonunda yerləşən
N saylı hərbi hissədə xidmət edirdi.
2016-cı ilin aprelin 2-dən 5-nə qədər davam edən
Aprel döyüşlərində yaxından vuruşub, fərqlənib.
Azərbaycan
Ordusunun əsgəri olan Qoşqar Vəliyev 2020-ci il sentyabrın 27-də başlanan Vətən
müharibəsində tankçı olaraq iştirak edib. Füzulinin, Cəbrayılın və Xocavəndin
azadlığı uğrunda gedən döyüşlərdə
vuruşub. 2020-ci ilin oktyabrında tank
partlaması zamanı aldığı kəllə-beyin
travmasına görə xəstəxanaya yerləşdirilib.
Müalicəsini 20-ci gündə
yarımçıq qoyan əsgər Vəliyev döyüş
meydanına qayıdır. O, 22 noyabr 2020-ci ildə Şuşa şəhərinin
yaxınlığında qarşı tərəfin
texnikasını götürməyə getdiyi zaman avtoqəza
zamanı şəhid olub.
Qoşqar
Vəliyev şəhadətindən sonra "Vətən
uğrunda", "Cəbrayılın azad olunmasına
görə", "Füzulinin azad olunmasına görə",
"Xocavəndin azad olunmasına görə" və
"Şuşanın azad olunmasına görə"
medalları ilə təltif edilib.
***
Laçın
Rasim oğlu Alıyev 1992-ci il yanvarın
22-də Goranboy rayonunun Yəhərçi Qazaxlar kəndində
anadan olub.
Azərbaycan
Ordusunun giziri olan Laçın Alıyev 2020-ci il
sentyabrın 27-də başlanan Vətən müharibəsi
zamanı Cəbrayılın və Füzulinin
azadlığı uğrunda gedən döyüşlərdə
savaşıb. Oktyabrın 25-də Füzuli
döyüşləri zamanı qəhrəmancasına şəhidlik
zirvəsinə ucalıb.
Ailəli olan şəhidimizin Aylin adında qızı
və Cahid adında oğlu Vətənə və xalqa əmanət
qaldı.
Laçın
Alıyev şəhadətindən sonra "Vətən
uğrunda", "Cəbrayılın azad olunmasına
görə" və "Füzulinin azad olunmasına görə"
medalları ilə təltif edilib.
***
Mahir Bəxtiyar
oğlu Paşayev 1997-ci il sentyabrın 1-də
Cəlilabad rayonunun Əsədli kəndində anadan olub.
2015-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin
sıralarında xidmət edirdi. 2016-cı ilin 2-5
aprelində baş verən Aprel döyüşlərində
savaşıb.
Azərbaycan
Ordusunun kiçik çavuşu olan Mahir Paşayev 2020-ci il sentyabrın 27-də başlanan Vətən
müharibəsi zamanı Füzulinin, Hadrut qəsəbəsinin
və Xocavəndin azadlığı uğrunda gedən
döyüşlərdə savaşıb. Oktyabrın
9-da Xocavənd döyüşləri zamanı qəhrəmancasına
şəhidlik məqamına ucalıb.
Mahir
Paşayev şəhadətindən sonra "Vətən
uğrunda", "İgidliyə görə", "Cəbrayılın
azad olunmasına görə", "Kəlbəcərin azad
olunmasına görə", "Xocavəndin azad
olunmasına görə" və "Qubadlının azad
olunmasına görə" medalları ilə təltif
edilib.
***
Qasım Əli oğlu Abdullazadə 27 iyul 1999-cu ildə
Bakının Mərdəkan qəsəbəsində anadan
olub. 2005-ci
ildə Mərdəkanda yerləşən H.Z.Tağıyev adına 123 nömrəli orta məktəbə
təhsil almağa başlayıb və 2016-cı ildə təhsilini
İsmayıllı rayonu 1 saylı tam orta məktəbdə
başa vurub.
2017-ci il iyulun 27-də həqiqi hərbi xidmətə
yola düşüb. 2019-cu ildə hərbi xidmətini
tamamlayıb.
Qasım
Abdullazadə 2020-ci il sentyabrın 27-də
başlanan Vətən müharibəsi zamanı cəbhənin
bir çox istiqamətlərində döyüşlərdə
iştirak edərək şücaət göstərib. 14 oktyabr 2020-ci ildə Füzuli istiqamətində
gedən döyüşlər zamanı qəhrəmancasına
şəhid olub.
Qasım Abdullazadə şəhadətindən sonra
"Vətən uğrunda" və "Füzulinin azad
olunmasına görə" medalları ilə təltif
olunub.
***
Mirzə
Musa oğlu Axundov 1984-cü il martın
15-də Lənkəran rayonunun Gəgiran kəndində anadan
olub. 1991-2000-ci illərdə Gəgiran kənd
tam orta məktəbində təhsil alıb.
2002-2004-cü illərdə Azərbaycan Silahlı
Qüvvələrinin sıralarında müddətli həqiqi
hərbi xidmətdə olub. Hərbi xidmətini başa vurduqdan
sonra isə müddətdən artıq həqiqi hərbi xidmət
qulluqçusu olan Mirzə Axundov, 2004-2016-cı illərdə
Azərbaycan Silahlı Qüvvələrinin Zığ qəsəbəsində
yerləşən N saylı hərbi hissəsində,
2016-2019-cu illərdə Ağdam rayonunda yerləşən N
saylı hərbi hissəsində, 2019-cu ildən isə Tərtər
rayonunda yerləşən N saylı hərbi hissəsində
xidmət edib. 2016-cı ilin Aprel
döyüşlərində savaşıb.
Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin miçmanı olan Mirzə Axundov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Suqovuşanın və Talışın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və oktyabrın 2-də Talış istiqamətində qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib. Xəzər rayonunun Türkan qəsəbəsində dəfn olunub.
Mirzə Axundov şəhadətindən sonra
"Vətən uğrunda", "Suqovuşanın azad
olunmasına görə" və "Laçının
azad olunmasına görə" medalları ilə təltif
edilib.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2021.- 30 sentyabr.-
S.14-15.