"...Könüllər yapmağa
gəldim"
YUNUS
ƏMRƏ ŞEİRİNDƏ İNSAN SEVGİSİ
Bu il böyük
Türk övliya şairi Yunus Əmrənin (1241-1320) anadan
olmasının 780 illik
yubileyi bütün türkdilli məkanlarda təntənə ilə qeyd olunur. Ümummilli lider
Heydər Əliyevin
"Bir millət, iki dövlət" ideyasına sadiq qalan Azərbaycan dövləti də bu övliya şairinin yubileyini böyük təntənə
ilə qeyd edir. AMEA Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunda
şairin divanının
Azərbaycan dilində
tərtibi, həyat və yaradıcılığı
ilə bağlı monoqrafiyanın hazırlanması,
ayrı-ayrı məqalələrin
çap olunması və Yunus Əmrə
konfransının yaxın
zamanlarda keçirilməsi
nəzərdə tutulub.
Müasir
dövrümüzdə insanların
təlatümlərlə dolu
bir dönəmdə yaşaması, baş verən acınacaqlı hadisələrin onları
bir-birindən uzaqlaşdırmasını
sanki XIII əsrdən
görən Yunus onları birliyə, barışa səsləyərək
deyirdi:
Gəlin
canlar bir olalım, işi kolay qılalım,
Sevəlim-seviləlim, dünya kimsəyə qalmaz.
XIII əsr sufi
ədəbiyyatının zirvəsi
sayılan Yunusun türk dilinin sadələşməsi və
türklərin islamı
sadə dildə dərk etməsi yolunda əvəzsiz xidməti olmuşdur. Sadə türk insanı Yunus ilahiləri fövqündə Qurani-Kərimin
yüksək bəşəri
ideyalarını anlamış,
ona sevərəkdən
könüldən bağlanmışdır.
Yeddi yüz ildən çox keçməsinə
baxmayaraq, Yunus ilahilərinin sehri hələ də insanları valeh etməkdədir.
İnsanlara sadə dildə Allah sevgisini aşılayan bu poeziya onlara
Allahı öz içlərində aramağın
sirlərini öyrətməkdədir. Yunus şeirlərindən qırmızı
xətt kimi belə bir ideya
keçir: birlikdə
rəhmət, ayrılıqda
əzab var.
Küll halında götürdükdə
Yunusun yaradıcılığı
başdan-başa insana
sevgi, məhəbbət
çağırışı ilə doludur. Təbii ki,
şairin yaradıcılığının
başında duran insan motivi təsəvvüfün
insana verdiyi dəyərləri bariz şəkildə açıqlayır.
Şairə görə, özünü
bilən, özünü
tanıyan insan Tanrısını da tapmış olur, çünki onun məqsədi haqqa çatmaqla kamillik zirvəsinə qalxmaqdır.
Buna görə də dinindən, dilindən asılı olmayaraq, insan Yunus şeirlərində mənəvi dəyər qazanan anlayışa çevrilir. Şair bütün
varlıqlara nisbətdə
insanı əsli uca varlıq kimi xarakterizə edir. Əsli uca olan insanın
könlünün yıxılmasına
şair razı ola bilmir.
Bütün insanlara eyni
gözlə baxan şair onlar arasında fərq qoymur. Yunusun öz sözləri ilə desək, "yetmiş iki millətə qurban ol aşiq isən"
kəlamı insanı
mələklərdən də
uca mövqeyə qaldırır:
Əlif
oxuduk ötürü,
pazar eylədik götürü,
Yaradılmışı sevəriz yaradandan ötürü.
Şair insan sevgisinin mənbəyini məhz yaradanda axtarır, beləliklə, insanı sevməyin Allahı sevmək olduğunu açıq şəkildə
bildirir. Allah insanı
sevərək yaratması
ideyasını çoxları
dərk etmir və bu sevgidən
xəbərsizdirlər. Ona görə də, günah edərək insan könlünü qırır, nəfsə uyaraq şər əməllər törədirlər.
Şairin öz sözləri ilə desək:
Könül Çələbin taxtı,
könülə Çələb
baxdı,
İki cahan bədbəxtı kim könül
qırar isə.
Allah insanın könlündə
qərar tutduğu üçün şair könülə üstünlük
verir. Şair daha sonra insan
könlünü müsəlmanların
müqəddəs saydıqları
Kəbə, Qüds, Həclə müqayisə
edir, yenə də üstünlüyü
insan könlünə
verir:
Ararsan, Mövlanı qəlbində
ara,
Qüdsdə, Məkkədə, Kəbədə
degil.
Əgər ziyarət etmək, Allah məqamında uca olmaq lazımdırsa, onda insan könülü
sevindirmək, insanı
sevmək, onun qayğısına qalmaq, ona mənəvi yaxın olmaq lazımdır. Bu şərtlərə
əməl edənlərin
müqəddəs yerləri
belə ziyarət etməsinə ehtiyac olmadığını şair
öz şeirlərində
vurğulayır. Yunus
Əmrə bir də Kəbə mövzusuna qayıdıb,
könül ziyarətini
Kəbə ziyarətindən
üstün tutaraq deyir:
Çalış, qazan, ye, yedir, bir könül ələ gətir,
Yüz Kəbədən
daha yeydir, bir könül ziyarəti.
Şair bəzən islamın qəbul edə bilməyəcəyi mətləblərə
də toxunur. Belə
mətləblərdən biri
də islamın beş ehkamından
olan namazdır. "Bir kəz
könül qırdın
isə bu qaldığın namaz degil", deyən şair, namaza qarşı çıxmaqla,
insan könlünü
qırmağın Allah məqamında
necə böyük bir günah olduğunu vurğulayır.
"Könül azadlığı, din sərbəstliyi
çox əski çağlardan türkün
təbiətinə hakim idi".
Ancaq Yunus şeirlərində bu könül azadlığı mövzusunu
təsəvvüf donunda
təqdim edir. Şair həm də təsəvvüf ideyalarını
yaymaq üçün
öz şeirlərini
xalqın ruhuna, səviyyəsinə uyğun
şəkildə dilə
gətirirdi. Yunusa görə
Tanrı dostu olan insanlar sevib-sevilməyə
layiqdirlər.
Yunus şeirində
İnsanı sevmək
Tanrını sevməyə
bərabər tutulur. Bu barışçılıq, bu
sevgiyə süslənmək
ideyası Yunus şeirində milli dünyagörüşə əsaslanır.
Ancaq şair bütün bu ideya və
fikirlərini poetik sözün qüdrəti
ilə elə səviyyədə deyirdi ki, onu oxuyanlarda
nə sufilərə,
nə din adamlarına,
nə şairə, bir sözlə, heç kimə qarşı antimünasibət
yaranmırdı. Şairin
poeziyasından belə
bir ideya keçir: birlikdə rəhmət, ayrılıqda
əzab var. Odur ki, şair həyata
gəlməsinin məramını
belə açıqlayır:
Mən gəlmədim dəvi üçün, mənim
işim sevi üçün,
Dostun evi könüllərdir, könüllər
yapmağa gəldim.
Yunusun lirik insanı bir aləmdir. Mövcudat canlı aləmdən
asılı olduğu
kimi, insan da mövcudatdan asılıdır. Belə olan
halda maddi aləmdə görünən
hər şey insan vücudunda da mövcuddur. Şair orta əsr fəlsəfəsi
daxilində kainatın
kiçik bir hissəsi kimi insanı götürür.
Kainatda hər bir şeyin - həm maddi, həm də mənəvi olanları insan vücudunda tapdığını bildirir:
Məna
bəhrinə daldıq,
vücud sirrini bulduk,
İki cahan serteser cümlə vücudda bulduk.
Onun ilahilərində
İnsan həm də təsəvvüf fəlsəfəsi baxımından
oxuculara təqdim olunur. Şairin yaratdığı İnsan hər şeydən əvvəl ruhən təmiz, saflaşan bir İnsandır. Yunus şeirində
bu təmizlənmə
"insan ruhunun gerçəkləşə biləcəyi
seyri-sülukdan ibarətdir".
"Nə münkürüz
aləmlərə, nə
tərsanın xaçındayız",
"bir dəm varıp qeyrə girir, İncil oxur, rəhban olur", deyən şairin poeziyasında
din, dil, millət təəssübkeşliyi yoxdur.
O, elə bir mənəvi ucalıqdan danışır ki, orada özünü nə müsəlman, nə xristian, nə də başqa bir din əhli hesab etmir. Sadəcə olaraq özünü
İnsan adlandırır.
Təsəvvüfdəki kamil insan konsepsiyası Yunus şeirində mənəvi
ucalıq, könül
ucalığı şəklində
öz ifadəsini tapır.
Yunus barışçı
şairdir. Onun poeziyasında qan
tökən, döyüşkən
insan obrazı yoxdur. Şairin yaradıcılığını
başdan-başa İnsana
sevgi, məhəbbət
təşkil edir.
Orta əsr təsəvvüf şairlərinin
çoxunda olduğu kimi, Yunus Əmrə
şeirində də kamil İnsan tipi mənəvi ucalıq zirvəsinə çatmaq
üçün əzablara
dözən İnsandır. Təsəvvüf məqamlarını keçən,
bədənini ruhuna, əqlinə, könlünə
tabe etməyi bacaran kamil insan
haqqa qovuşan "haqq ilə haqq
olan ərəndir".
Şair poeziyasında kamil insan obrazı vasitəsilə haqqı, ədaləti təbliğ edir, insanları birliyə səslənir. Şairə görə kamil insan öz içinə dönən, öz iç dünyası ilə mübarizə aparan İnsandır. Çünki bütün bəlalar insana öz içindən, nəfsindən gəlir. Bu baxımdan içindəki nəfsinə yenməyə özündə güc tapan mübariz insan obrazı tərənnüm olunur. Sufilər öz içlərinə qapılıb, öz varlıqları ilə döyüşə atılmağa "cihad-əkbər" adını vermişlər. Öz içindəki nəfsi ilə döyüşən doğrudan da, ən ali insandır.
Təsəvvüf ədəbiyyatının müştərək mövzularından biri də nəfs və ondan doğan tamah, qürur, xəbislik, acgözlük, paxıllıq və sairdir. İnsanı bu dünyaya bağlayan, onu Tanrısından uzaqlaşdıran, kamillik mərtəbəsinə çatmağa qoymayan yeganə əngəl, sufizmə görə nəfsdir. İnsan mənliyini tərk etməklə nəfsini məhv edir, əks təqdirdə, o, nəfsinin quluna çevrilə bilər.
Yunus poeziyasında könül cahana, nəfs isə elə-obaya bənzədilir. Bu bənzətmədə cahan, yəni könül elə, nəfsə qarşı qoyulur. Könül cahanın sahibi yaxşı, şairin öz sözləri ilə desək, rəhmani, nəfs elinin sahibi isə pis, yəni şeytani ruhdur. Bu mənada nəfsi əqlə tabe etdirə bilən insan xoşbəxtdir.
Biri rəhmandır, can həzrətindən,
Biri şeytanidir qərəz yatından.
Yunus Əmrə insanın iç aləminə nüfuz etməyə çalışır, çünki insanın özünün kim olmasını bilməsi üçün daxilinə nüfuz etməsi lazımdır. Buna görə də şair öz içindən gələn səsi dinləyir.
Beləliklə, dünyagörüşün
hakim olduğu həm islami, həm də dünyəvi mövzular Yunus Əmrə
poeziyasında təsəvvüf süzgəcindən keçərək
təqdim olunmuşdur. Bütün hallarda
Yunus şeiri onun ruhən milli olduğunu bildirməklə yanaşı, şairin dini dünyagörüşü baxımından islama, fəlsəfi düşüncə
baxımından isə təsəvvüfə dərindən
bələd olduğunu da
poetik biçimdə ifadə edir.
Xuraman
HÜMMƏTOVA
AMEA
Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutu,
Türk xalqları ədəbiyyatı şöbəsinin
aparıcı elmi işçisi
hummatovax@mail.ru
525-ci qəzet.- 2021.- 30 sentyabr.- S.13.