Nizami Gəncəvi Avropa Şurasında  

 

Dahi gəncəlinin hələ XII əsrdə uzaqlara baxan gözləri özünün, əsərlərinin sabahkı taleyini də görürdü və dərin təvazö hissi ilə yaşayacağı gələcəyin müddətini hələ vur-tut yüz il götürürdü:

 

Yüz il sonra sorsan bəs o hardadır?

Hər beyti səslənər: "Burda, burdadır!"

 

Nizaminin yaşadığı çağlardan səkkiz yüz ildən də artıq müddət keçib. Lakin o, yenə buradadır, bizimlədir, həmvətənləri ilədir və artıq həm də dünyanın dörd bucağındadır.

 

Bu gün də zamanlara sığmayan zəkasının, ilhamının, doğurduğu misilsiz irsin sayəsində Azərbaycana xidmətini davam etdirir, xalqımıza şöhrət, başucalığı, qürur gətirməkdədir.

 

Azərbaycan da, xalqımız da Nizami ilə daha böyük, daha əzəmətli, daha parlaq görünür.

 

Ona görə də tarix boyu millətimizə və yurdumuza ucalıq, şan-şərəf gətirən Nizami kimi dəyərlərə qarşı da xəbis həmlələr olub, o cür riyakarlıqlar bu gün də davam edir və məqsəd də Azərbaycanı daha qüdrətli edən keyfiyyətləri və məziyyətləri, sərvətləri və üstünlükləri bizdən aralamaq, gur işığını solğunlaşdırmağa nail olmaqdır.

 

Damarlarında irin axan düşmənlərin və düşmən xislətlilərin belə rəzalətləri daim olub, yenə də olacaq və biz də mübarizələrimizdə həmişə ardıcıl, mətin olmalıyıq!

 

Nizami 3 dildə - ana dilində, farsca və ərəbcə yazıb-yaradıb. Ancaq ilk növbədə özünün "Xəmsə"də bildirdiyinə və digər orta çağ məxəzlərinin təsdiqləməsincə, azı 6 dil bilirdi, həmin dillərdə mənbələrlə məsnəvilərini yazmağa hazırlaşarkən çoxlu əsərlər oxumuşdu.

 

İndi - XXI yüzildə isə Nizaminin danışdığı dillərin sayı-hesabı itib və millətin fəxri olan bu nadir azərbaycanlı həm də dünyanın ən oxşarsız və şəriksiz poliqlotlarından birinə çevrilib.

 

İndi Nizaminin solmaz misralarının tərcümə edildiyi Şərq və Qərb dillərinin sayı yüzə çatmaqdadır.

 

Zəmanəmizin qəhrəmanı Nizami Gəncəvi bu gün abidəyə çevrilərək dünyanın neçə böyük şəhərində ucalmaqdadır.

 

1991-ci ildə Nizami Gəncəvi Moskvada abidələşdi, 2002-ci ildə Sankt-Peterburqda şairin daha bir abidəsi ucaldı, 2005-ci ildə Moldovada - Kişinyovda, 2012-ci ilin 20 aprelində İtaliyada - Romada, həmin ilin 6 dekabrında Çində - Pekində Nizami heykəli açıldı. 2014-cü ildə Nizami abidəyə çevrilərək əsrlərcə sevildiyi Özbəkistana - Daşkəndə gəldi və daha haralarda, haralarda Nizami abidələri sıralanır, hələ nə qədər yeniləri də bu silsiləyə qoşulacaq.

 

Əsərləri öz yerində, elə insanların gözü qarşısında olan abidələri ilə də Nizami dünya boyu qarşısında dayanan, önündən keçən insanlara "Mən azərbaycanlıyam!", "Mən bu cür ölməzlər yetirə bilən böyük xalqın övladıyam!", "XII əsrli ola-ola mən sizinləyəm", "BURDAYAM" deyir!

Hər bir sadə soydaşımızın, ruhu, qəlbi, əqidəsi, qanı saf azərbaycanlının iftixar etməli, öyünməli olduğu hadisə deyilmi?!

 

1141-ci ildə doğulmuş, gerçək vəfat tarixi bəlli olsa da, heç vaxt ölməyəcək Nizami Gəncəvinin 2021-ci ildə 880 yaşı tamam olur və Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə bu il sadəcə Nizaminin yuvarlaq ildönümünü keçirmək deyil, bütün 2021-i əvvəldən sona Nizami ili kimi bayram etmək qərara alınıb.

 

Bu sərəncamda bir tərəfdən Nizamiyə millətin və dövlətin sayğısı və sevgisi ifadə olunursa, digər tərəfdən bu mühüm həqiqətə birbaşa işarə edilir ki, Nizami Gəncəvi bizim üçün sadəcə yubileyi keçirilən bir şair deyil.

 

Nizami bizimçün dəyərlər məcmusudur. Nizami bizimçün zəngin mədəniyyətimizin rəmzidir. Nizami bizimçün ifadə etmiş olduğu və bu gün də köhnəlməyən düşüncələri ilə Azərbaycan xalqının ümumbəşəri ideallara sədaqətinin aynasıdır.

 

Və öz ilinin - 880 yaşının tamamlandığı 2021-ci ilin lap əvvəlindən dünya boyunca Nizami Gəncəvi ilə əlaqədar sıra-sıra tədbirlər keçirilir, konfranslar təşkil olunur, yeni nəşrlər araya-ərsəyə gətirilir.

 

Və 2021-ci ilin son sentyabr günlərində Avropa Şurası Parlament Assambleyasının payız sessiyası günlərində Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəliyinin Heydər Əliyev Fondunun dəstəyi ilə Strasburqda, Avropa Evində - AŞPA-nın mənzil-qərargahında təşkil etdiyi və iki həftə nümayiş etdiriləcək  sərgi də dünya miqyasında builki Nizami qeydetmələrinin ən əlamətdarlarından sayılmağa layiqdir.

 

COVİD-19 pandemiyası dönəminin şərtləri nəzərə alınaraq nə binasının qarşısında, nə də Avropa Şurası iqamətgahının daxilində əvvəllər olduğu kimi kütləvi tədbirlər keçirilməyə icazə verilir. Hətta plenar iclasların keçirildiyi zalda belə deputatlar ənənəvi yerlərində deyillər: səhər toplantılarında bir masada əyləşirsən, günortadan sonra yeni siyahı çıxır və artıq başqa yerdə oturursan.

 

Bu qədər məhdudiyyətlərə baxmayaraq, Strasburqdakı diplomatlarımız belə mötəbər məkanda Nizami sərgisini təşkil etməyi bacarıb.

 

Elə binaya daxil olunca - birinci qatda, ən gözəgəlimli yerdə Nizaminin büstü, ətrafında çevrə boyunca onun məsnəvilərinə rəsm edilmiş nəfis miniatürlərin böyüdülmüş, görənə gendən gəl-gəl deyən surətləri, qarşı tərəfdə isə Nizami ilə bağlı ingilis və fransız dillərində kitablar, bukletlər, albomlar.

 

Sessiyanın başlandığı ilk səhərdən artıq bu sərgi avropalı deputatların ixtiyarında idi.

 

Hər kəs baxa, tanış ola, məhz onlara paylanmaq üçün düzülmüş kitablardan götürə bilərdi.

 

Və gəlirdilər də (gəlirlər də), baxırdılar da (baxırlar da), götürürdülər də (götürürlər də) və Avropa Şurasında çalışan, müxtəlif ölkələrdən olan yüzlərcə əməkdaş, bu binaya hələ qarşıdakı həftələrdə gələcək qonaqlar da Nizami sərgisini seyr edə, azaldıqca yeniləri əlavə edilən hədiyyəlik kitablardan pay götürə biləcəklər.

 

Elə bilirsiniz Nizami Gəncəvinin, demək, Azərbaycanın, dövlətimizin, xalqımızın təbliğinin, özünüifadəsinin bariz nümunəsi olan belə bir sərgini Avropa Şurasının mənzil-qərargahında təşkil etmək, iki həftə davam edəcək bu nümayiş üçün icazə almaq asan məsələdir?

 

Axı bura Fransadır, axı bura, elə Strasburqun özü də erməni lobbisinin mərdimazar uzun əllərinin hər istiqamətə işlədiyi yerdir.

 

Elə sərginin təşkil edilməsi ilə bağlı müraciət ediləndə "Pandemiyadır, ehtiyac varmı?" deyə ən münasib bəhanəni də gətirərək rədd cavabı verə bilərdilər.

 

Ancaq Avropa Şurası yanındakı səfirimiz, daimi nümayəndəliyimizin əməkdaşları bütün güclərini səfərbər ediblər və tarixi əhəmiyyəti olan bu cür diqqətəlayiq Nizami sərgisinin təşkilinə nail olublar.

 

Sərgi elə yerdədir ki, gün ərzində deputatların hər biri istər-istəməz onun yanından keçir, sərgidəki əlvan miniatürlər hökmən diqqəti çəkir, bunlar öz yerində.

 

Lakin bizim hər birimiz - Avropa Şurasındakı Azərbaycan nümayəndə heyətinin üzvləri də komitə iclaslarında, partiya qruplarının toplantılarında həmkarlarımıza Nizamidən söz açırdıq, sərgidən bəhs edirdik və iki-iki, üç-üç gəlirdilər, baxırdılar. Növbəti gün yenilərini dəvət edirdik, obiri gün daha başqalarını.

 

Digər deputatlarımız öz yerində, elə öz payıma, mən üzvü olduğum Mədəniyyət, elm, təhsil və media komitəsindən, Avropa Naminə Liberal Demokratların Alyansı siyasi qrupundan bu günlər ərzində həmin minvalla 50-60 deputatla sərgiyə yaxınlaşmışıq, fikir bölüşmüşük.

 

Bəxtimdən orada sıralanmış və Heydər Əliyev Fondunun yüksək zövqlə tərtib və nəşr etdirdiyi müxtəlif dillərdəki kitabların əksərində mənim şair haqqında məqaləm, ön sözüm verilib. Bir çox nəşrləri ilk dəfə görürdüm və sevinirdim, onları avropalı deputatlara həm də avtoqraf yazaraq hədiyyə edirdim.

 

Lakin daimi nümayəndəlik bu sərgi ilə işini tamamlamaq niyyətində deyil. Avropa Şurasının mənzil-qərargahında Nizami ilə bağlı daha vacib başqa gözləntiləri də var ki, arzulayıram, onlar da gerçəkləşsin və sevincini birgə bölüşək (Təfərrüatlarını hələ gerçəkləşməmişdən qarşısına əngəllər çıxarılmasın deyə iş baş tutandan sonra yazacağam).

 

Strasburq Universitetində bir neçə il öncə mən bir konfrans keçirmiş, Nizami ilə bağlı əhatəli məruzə etmişdim.

 

Daimi nümayəndəlik Strasburq Universitetində də Avropa Şurasında qurduğu sərgini təkrarlamaq fikrindədir və bununla bağlı da əməkdaşlar çalışmaqdadırlar.

 

Hələ ki Azərbaycanın hər bir uğuruna qısqanaraq diş qıcadan, bu nailiyyətləri qaralamağa, gözdən salmağa müdam çalışan ermənilərin Strasburqda, Avropa Şurasında Nizami sərgisi ilə əlaqədar nəsə yazdığını görməmişəm. Amma mütləq yazacaqlar. Azərbaycan üçün müvəffəqiyyət sayılan hər addımın düşməni və düşmən xislətliləri yandırıb-tökməsi, qeyzləndirməsi, yüz cür murdar həmlələrə əl atması təzə söhbət deyil ki!

 

İt hürəcək, karvan da keçəcək. Yazacaqlar, dodaq büzəcəklər, çirkablı daxillərinin hisini-pasını tökəcəklər, biz daha bir yaxşı işimizi başlayacağıq, millətə, Vətənə, dövlətə xeyir olan daha bir addımımızı atacağıq.

 

Ağcaqanad səni sancmağa cəhd edirsə, onunla ağız-ağıza verməməlisən ki!

 

Belə ikrah doğuran ağcaqanadlara qapazı tarix, Vaxt özü vurur.

 

Bizim qapazımızsa yeni-yeni nəcib, milləti, dövləti, yurdu daha möhtəşəm təqdim edən əməllərimiz olmalıdır.

 

Axı biz bu gün bütün başqa məziyyətlərimizdən savayı, həm də QALİB XALQIQ, MÜZƏFFƏR AZƏRBAYCANIQ!

 

Nizami Gəncəvi 880 yaşının tamamında Avropa Şurasına, Strasburqa gəldi və buradakı cazibədar Nizami sərgisi yada bir başqa hadisəni və həmin qəlbsevindirən hadisəyə varlığından irin axan bir erməninin tarixin dünənində qalan rəzil münasibətini yada salır.

 

1941-ci ildə Nizami Gəncəvinin 800 illik yubileyi Azərbaycanda, eyni zamanda ovaxtkı Sovet İttifaqının neçə şəhərində təntənə ilə davam etməliymiş.

 

Lakin SSRİ-nin də qatıldığı İkinci Dünya müharibəsi bu mərasimlərin həyata keçirilməsinin qarşısını alır və yubiley mərasimlərini qələbəyə ümid bəsləyərək daha sonrakı xoş zamanlara saxlamağı qət edirlər.

 

Leninqrad (indi Sankt-Peterburq) 1941-ci il sentyabrın 8-dən blokadada idi və həmin çıxılmaz mühasirə düz 872 gün davam edir və 1944-cü ilin 27 yanvarında bitir.

 

Ancaq 1941-ci ilin 19 oktyabrında hələ heç kəs bilmirdi bu ölüm-dirim savaşı bitəcəkmi, blokada qırılacaqmı, xilas ola biləcəklərmi?

 

Fəqət məhz həmin gün küçədə mərmi atəşlərinin gurladığı, insanların aclıqdan günü-gündən taqətsizləşdiyi, heydən düşdüyü bir əsnada Leninqradda - Ermitajın alt qatındakı "Məktəblilər zalı"nda mütəfəkkir Nizaminin 800 illiyinə həsr edilmiş mərasim keçirilmişdi, şairin yubileyi münasibətilə yaxşı sərgi hazırlanmışdı, mötəbər alimlərin sanballı elmi məruzələri dinlənilmişdi, Nizami "Xəmsə"si və "Divan"ından seçmələr oxunmuşdu.

 

Həyat və ölüm sərhədində dayanmış insanların doğurduğu bu möcüzəli Nizami yubileyi həmişə minnətdarlıqla, riqqətlə anılmalı ciddi və ibrətli mədəniyyət və siyasət hadisəsidir.

 

Elə ertəsi gün SSRİ-nin bir nömrəli qəzeti "Pravda" blokadalı Leninqradda baş tutmuş həmin Nizami mərasimi haqqında həyəcan və qürur dolu sətirlərlə müşayiət edilən xəbər yaymışdı.

 

...1989-cu ildə Bakıda Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyinin 50 illiyi keçirilirdi.

 

1939-cu ildə, elə Nizaminin 800 illiyinə Azərbaycanın sovqatı kimi yaranması qət edilmiş və şairin adını daşıyacaq muzeyin ilk direktoru olmuş, həmin 50 illik bayramımıza qatılmış qocaman sənətkarımız, Xalq rəssamı Salam Salamzadə mənə bir əhvalat söylədi.

 

Dedi ki, ömrüm boyu çox idarələrə rəhbərlik etmişəm və yalnız bir adamı işdən çıxarmışam.

 

Əlavə etdi ki, o vaxt muzey hələ qurulurdu, işçilərimizin sayı az idi, əsasən texniki personal, bir də kiçik dəstə alim, tədqiqatçı və rəssamlar. "Pravda"da blokada əzabı çəkən Leninqradda Nizami yubileyinin keçirilməsi xəbərini oxumuş və qarovulçu işləyən bir erməni əməkdaşımız guya canıyananlıqla mənə dedi ki, görürsünüz də, vəziyyət elədir ki, siz burada yubileyi keçirməyə çətinlik çəkirsiniz, amma onlar o vurhavurda guya yubiley keçiriblər. Yəqin, məqsədləri həmin yubileyi bəhanə edib nəsə əlavə pay, artıq ərzaq-filan almaq imiş.

 

Həmin əhvalatdan onillər keçəndən sonra da belə müqəddəs işə nadürüstcəsinə yanaşan cılız adamcığa qəzəbi soyumamış rəhmətlik Salam müəllim deyirdi ki, ən gözəl olana da bədxahcasına baxaraq bir eyib görməyə çalışan o erməniyə iyrənə-iyrənə baxdım. Dövr elə dövr idi ki, artıq söz demək də çətin idi, dərhal birinin üstünə beşini qoyub lazımi yerə ötürürdülər. Sadəcə, cavab verdim ki, niyə elə deyirsiniz, bəs oxumadınız orada iştirak edənlərin neçəsi elə hərbi xidmətdə olanlardır, tədbir bitən kimi yenə cəbhəyə qayıdıblar. Bu, insanların dəyanətini, ən çətin vaxtda da ruhdan düşmədiyini, mübarizliyini göstərir.

 

Salam Salamzadə xatırlayırdı ki, müharibə dövründə 5-10 dəqiqə yubanmaq üstündə adamı işdən çıxarmaq adi məsələ olmuşdu, hətta buna görə həbs edilənlərə rast gəlinirdi. Bir müddət sonra elə həmin əqrəb xislətli erməni işə yarım saat gecikmişdi. Girəvə idi, əmrini verdim, getdi çala-çala. Sonralar əsli-köküylə maraqlandım. Danışdılar ki, onun əmiləri 1918-ci ildə Bakıda azərbaycanlılara qarşı qırğınlarda ən qəddarlardan imişlər...

 

...2021-ci ilin son sentyabr günlərində millətimizin müstəsna övladı Nizami Gəncəvi Strasburqa, Avropa Evinə, Avropa Şurası Parlament Assambleyasının mənzil-qərargahına gəlib.

 

Hər gün yanından keçdiyimiz heykəli salamlayır bizi, aralanıb gendən baxıram, ara-sıra ayrı-ayrı avropalı deputatlar yaxınlaşırlar, ayaq saxlayırlar, seyr edirlər, kitabları vərəqləyirlər, bəyəndiklərindən götürürlər, özləri ilə Nizaminin işığından zərrəcik də olsa alaraq aralanırlar.

Ürəyimdən keçir ki, bir qeyrətli azərbaycanlı jurnalist olaydı, bir bloger tapılaydı, vaxtını sərf edib aralıdan bütün gün ərzində həmin Nizami sərgisi olan guşəni izləyəydi, ermənilərdən ora yaxınlaşan olanda baxaydı ki, reaksiyaları necədir, nə etdilər, şəkillərini çəkəydi, yayaydı, şərh edəydi...

Şübhə etmirəm, ermənilər Avropa Şurasındakı Nizami sərgisi ilə bağlı nəsə məkrli sözlə yazacaqlar, düşmən gözü çıxardan bu təşəbbüsə bir mız qoymaqçün tərpəşəcəklər. Çünki Nizami kimi nəhəngin Avropa Şurasına iki həftəlik belə könül fərəhləndirən gəlişi düşmənin xıltlı içərisini sancıyla doldurmaya bilməz! Olsun, yel qayadan nə aparar?! Nizami Gəncəvinin kölgəsini qılınclamağa qımıldanan hər həşəratı Allah qəhr etsin!

 

Uca Nizamisə elə həmin Nizamidir!

 

8 əsr öncəki əzəməti ilə dikələn müdrik!

 

8 əsr əvvəl yazdıqları bu gün, XXI yüzildə elə bu Avropa Şurasının dedikləri ilə üst-üstə düşən misilsiz Sabah Görücüsü Nizami!

 

Avropa Şurasına gəlişin mübarək, dünya boyu davam edəcək yeni səfərlərin və fəthlərin uğurlu olsun, böyük Ustad!

 

Sən elə əvvəldən belə oldun və nəsihət verdin, vəsiyyət etdin ki:

 

Çalış öz xalqının işinə yara,

Dünya əməlinlə geysin zər-xara!

 

Lap başlanğıcdan ilk növbədə öz xalqına, sonra isə bütün dünyaya üz tutdun. Məşhur, solmaz sözlərinin gerçəyini isə bu gün ən əvvəl özün isbat edirsən.

 

Həm xalqının işinə yarayırsan, həm doğma yurduna şərəf gətirirsən, həm də işığından insanlıq, dünya nurlanır!

 

Diri adına və pak ruhuna salam olsun!

 

29 sentyabr, 2021

Strasburq 

 

 

Rafael HÜSEYNOV

Akademik

 

525-ci qəzet.- 2021.- 30 sentyabr.- S.10;11.