Azərbaycan teatrının
"COVİD-drama"sı
SIZILTI... ETİRAF...
TÖVBƏ
İstədim cibimə daş
kimi cümlələr
yığıb ayaqyalın,
başıaçıq düşüm
teatrın və teatr adına
nə varsa hamısının, hər
şeyin və hər kəsin canına. Bütün pəncərələri vurub
sındırım... Amma vurulmaqdan,
sınmaqdan, xıncım-xıncım
olmaqdan qorxdum, mərkəzdən qaçıb
kənarlara səpələndim.
Bu aralar əlimi vicdanıma və döyüş yoldaşlarımın
qoxusu hələ də ənsəmi yaxan qanına basıb cavab axtarıram: Azərbaycan teatrı ilə Ermənistan teatrı savaşa, əcəba, hansı qalib gələr? Əstəğfürullah,
ləyaqətli qorxaq kimi deyə bilərəm ki, AZƏRBAYCAN
TEATRI və "!", yəni
tövbə, ət-tövbə...
Bəli, mən, miskin bir teatr
sevdalısı... Sizə yalvaracağam
ki, AÇIN TEATRLARI. Amma
bundan öncə...
ETİRAF edirəm...
Öz yalanlarına vurulmuş toplumlar üçün
COVİD göydəndüşmədir: illüziyanı dağıdır
və həqiqət çiban kimi pırtdayıb hardansa çıxır.
COVİD demişkən, Kamyunun "Vəba"sında
bir qoca var, işi-gücü noxudu bir qabdan
o birinə boşaltmaq
və saymaqdır. Belə
baxanda işdir, əməlli-başlı zəhmət
tələb edir! Amma vəba ilə mübarizəyə heç
bir dəxli yox. Bizim Beynəlxalq Teatr Konfransları kimi: dünyanın yüzdən
çox ölkəsindən
ağıllı bibilər
və dayılar gəlib "Teatr canlı sənətdir"
tipli mühazirələr
tolazlayırlar. Biz də ki, dil-filan
bilmirik axı, tərcümə aparatları
da fərli işləmir, eləcə
gözümüzü döyür,
bir-birimizə baxıb
yalandan gülümsəyir,
qaş-gözümüzü oynadırıq. Hamımızın da ürəyimizdən Azərbaycan teatrı boyda noxud asılıb.
Azərbaycan teatrı "öz yoxluğundan xəbərsiz
həqiqət" kimi
yaşayırdı. COVİD şokundan sonra anladı ki, həqiqət olmağına
həqiqətdir, amma sən demə, "yox" imiş, özünü "varlıq"
kimi sırıyan
"yoxluq" imiş.
Varlıq örtüyü altından üzümüzə
irişən abırsız
"heçlik" bir
ovuc şünas, direktor, baş rejissor və əlacsızlıq, "əzabkeşlik
abidəsi" aktyordan
başqa heç kimə lazım deyilmiş. Bəli, Azərbaycan teatrı taleyi TANRIdan bura calaq edilmiş
və həyatda ondan başqa tutunmağa heç bir ŞEY tapa bilməyən "əlacsızlar
teatrı", sərsəri
təlxəklər teatrı...
...Təlxək, yəni cəsarətli qorxaq.
Lakin...
Bu gün Azərbaycan teatrı öz sərsəri təlxəkləri
üçün ac yavrularını
ovundurmaqdan ötrü
qazanda daş qaynadan ANA kimidir...
Sizi and veririk, bütün ULUlara, AÇIN TEATRI!
Mərhəmətli ətəyinizdən
yapışıb etiraf
edirik ki, bütün bu illər ərzində özümüzü çox
pis aparmışıq...
amma TÖVBƏ... ət-TÖVBƏ...
And içirik "Stanislavskinin
ASILQANI"na!
BİZ
BİR DƏ...
- Teatra ayrılan pulları çırpışdırmayacaq...
- Ştatlarda "ölü
canlar"ı yaşatmayacaq...
- Dövlət sifarişi üstündə bir-birimizi
çeynəməyəcək...
- Müxtəlif qurumlara bilet "sırıyıb"
"nəlbəkidə fırtına"
effekti yaratmayacaq...
- Əl açıb, Allah rizası üçün
fəxri adlar təvəqqe etməyəcəyik...
- "Məhlə festivalları"nda
aldığımız "daha gəlmisiniz də" nominasiyası üzrə "qran-axırdan
ikinci yer" mükafatını "şıdırğı
teatr prosesimiz"in alibisi kimi kullanmayacaq...
- İstedadsız, zövqsüz,
qeyri-peşəkar qrafoman-dramaturqların
əsərlərini səhnəyə
qoymayacaq...
- Bir də yuxarıdan...
yox, olmadı, AŞAĞIdan gələn
zənglərlə teatrlara
aktyor götürməyəcək,
o aktyorlara "baş"
rollar verməyəcək,
onların ev,
maşın, şalvar,
papaq, əlcək,
"kirzovıy sapoq"
alması üçün
baş-beyin aparmayacaq...
- "Bir-iki şiş kabab, beş manat pul, bir
kəllə qənd"
sevdasıyla yazdığımız
difirambları teatrşünaslıq
adına sırımayacaq...
- Düzgün və səviyyəli reklam, piar məsələləriylə
məşğul olacaq...
- Teatrın müasir bazar iqtisadiyyatına inteqrasiyasını təşkil
etmək üçün
konsepsiyalar qondaracağıq...
Və bundan sonra...
Bilirik ki, teatrın açılması
məsələsi dövlət
üçün aktual
deyil. Nədən ki, dünyanın son dərəcə ciddi və soyuqqanlı siyasi ab-havasında nəfəs alan
dövlət Azərbycan
teatrı kimi "qeyri-ciddi məsələlər"i
prioritet saymır.
COVİD isə pandemiya,
filan deyil...
YENİ
- düşüncə dalğasıdır;
- cəmiyyət və idarəçilik modeli - "postmodern diktatura"dır;
- dünya duyumdur;
- epistemadır;
- matriks və
paradiqmadır;
- "qlobal məcəllə"dir,
- davranış kodeksidir;
- etikadır, dəyərlər
sistemidir və s.
Yəni ki, təzə dünyadır, təzə
təcrübədir.
Teatr da varlıqla yoxluğun sərhədindən asılı vəziyyətdə... Teatrın yeni düşüncə "məkanı"nın koordinantlarında varolma şərtlərini düşünüb tapmaq gərək. O şeyləri ki, yuxarıda sadalamışam, bunlar hamısı AZƏRBAYCAN DÖVLƏT TEATRIDIR! Azərbaycanda teatr dövlətə məxsus olsa da, təəssüf ki, Allah ümidinə buraxılmış vəziyyətdədir! Belə olan təqdirdə "dövlət" statusu teatr üçün perspektivə yox, buxova çevrilir. Ya biz bu statusu götürüb teatrı öz stixiyasına buraxmalı, öz təbiətindən, öz içindən dirçəlməsinə imkan verməliyik, ya da dövlət səviyyəsində həyata keçirilən tədbir və islahatlarla teatrın yeni varolma şərtlərini yaratmalıyıq. Bu baxımdan teatr dövlətin həm də xarici siyasətidir. Bəli, mədəniyyət həmişə "xarici siyasət"dir. Teatr bir millətin sivillik maskası, sivillik şərtidir. Bir millətin teatrı qaranlıqlara qərq edilirsə, onun sivil dünya düzənində varlığı sual altına düşür və bu, hansısa çox güclü zəhərin orqanizmimizdə sürətlə yayılmasının göstəricisidir.
İndi bu sual dəbdədir: TEATR KİMƏ LAZIMDIR?
ƏVVƏLA, insanların özünü vətəndaş kimi dərk etdiyi ölkələrdə belə suallar yaşamır. O ki qaldı cavaba, ola bilsin, bizim Maliyyə Nazirliyinə teatr lazım deyil! Amma TEATR TARİXƏ LAZIMDIR, BİLİYƏ, DÜŞÜNCƏYƏ, ƏXLAQA, MƏNƏVİYYATA, LOQOSA, EPİSTEMAYA LAZIMDIR. Bəlkə də teatr heç kimə lazım deyil, lakin teatr, SADƏCƏ OLARAQ, LAZIMDIR! İlk baxışda, yəqin ki, bir-biriylə əlaqədar görünmür, amma teatr özünə qapananda dünya narkomaniya dünyası olur, fahişələr dünyası olur, qaragüruh dünyası olur. Bu əlaqələri tapmaq və yazıya çevirmək monoqrafiyaların, cild-cild kitabların mövzusudur. Teatrın hermetik şəkildə özünə qapanması mövcud cəmiyyət modelinə, cəmiyyətin və mədəniyyətin çağdaş durumuna qoyulmuş neqativ diaqnozdur. Burdan o yanası teatr və mədəniyyətin əhəmiyyəti haqda ritorikadır, emosional manipulyasiyadır ki, buna da nə hacət?!
Yuxarıda biz teatrımızın pre-pandemiya dönəmindəki neqativlərini etiraf etməklə post-pandemiya dönəmi üçün pozitivlərin sərhədini cızdıq. Bütün bunlarla yanaşı, ümidverici bir pozitiv: Azərbaycan teatrı daima özü haqda düşünür. Düşüncə isə prosesdir, ümiddir, mədəniyyətin ruhudur. Sadəcə, bu məqalədə Azərbaycan teatrı ölməliydi... Kİ, YAŞASIN AZƏRBAYCAN TEATRI! Hər şey yaxşı olmasa da, hər şey yaxşılığa doğru...
Əvvəldə verdiyim
sualı sonda bir də
verim, yoxsa hər şey aydındır?.. Bütün
sualları yenidən verib bütün
cavabları yenidən düşünmək üçün...
LÜTFƏN və BUNCA DEYİLƏNLƏRƏ
RƏĞMƏN, AÇIN TEATRI!..
Dağlar
Yusif
525-ci qəzet.- 2021.- 30 sentyabr.- S.8.