Uzun ömrün
səhifələri
Sadiq Murtuzayevin “ Son borc”"kitabı haqqında qeydlər
Həyatda elə şəxsiyyətlər
olur ki, onlar sağlıqlarında
olduğu kimi, əbədiyyətə qovuşduqdan
sonra da ölümsüzlük
qazanırlar. Bu cür
insanlar həyatda ikən təkcə özlərinə, doğmalarına,
yaxın çevrələrinə
deyil, böyük bir nəslə, cəmiyyətə fayda verirlər. Onların yaşam tərzinin,
keçdiyi şərəfli
ömür yolunun təkcə öz nəslinin davamçıları
üçün deyil,
yazdıqlarını oxuyan
və oxuyacaq bütün gələcək
nəsillər üçün
nümunəyə çevrilmək
ehtimalı çox böyükdür.
Uzun illər mühüm vəzifələrdə çalışmış
bacarıqlı dövlət
xadimi, istedadlı filoloq, tarixçi alim, humanitar elm sahələri üzrə
dərin biliklərə
malik ziyalı, böyükdən kiçiyədək
hər kəsin hörmətini qazanmış,
mənəviyyatı və
əxlaqı hər şeydən üstün tutmuş el ağsaqqalı
Sadıq Murtuzayev məhz belə insanlardandır. Onun bu günlərdə
işıq üzü
görmüş "Son borc"
kitabını vərəqləyən
hər kəsin gözü önündə
bütöv kamillik obrazı canlanır.
Kitabı oxuduqca anlayırsan
ki, o, təkcə öz övladlarının
deyil, millətin gələcəyi olan gənclərin həyatını
elmlə, yaxşı
əxlaqla zənginləşdirmək
üçün ömrünü
fəda edib. Sadıq Murtuzayev təkcə sözdə deyil, əməldə də cavanlara örnək olub. O, hər zaman məğrurluğunu
qoruyub saxlayıb, çətin sınaqlardan
üzüağ və
alnıaçıq çıxıb.
Gözəl əxlaqı və
mənəviyyatı maddi
nemətlərdən üstün
tutub, övladlarına
da bu cür həyatı təlqin edib.
Kitabı
mütaliə edərkən
görəcəksiniz ki,
onsuz da yoxsul ailədə əzab-əziyyətlərlə
böyüyən Sadıq
müəllimin 12 yaşında
atasını, 14 yaşında
anasını itirməsi
ona nə uşaqlıq dövrünün
şıltaqlığını, nə də tələbəlik illərinin
ləzzətini yaşamağa
imkan verib. Özündən bir qədər
böyük bacısı
ilə birgə erkən yaşlarında həyatın enişli-yoxuşlu,
daşlı-qayalı, "ayılı-canavarlı" yollarına
atılması onun çox arzularını ürəyində qoyub.
Elə həmin vaxtdan iradəsinin gücü və əllərinin qabarı ilə zəhmətə alışan
Sadıq Murtuzayev odlu-alovlu müharibə illərində yaşadığı
dövrün hər üzünü görüb.
Çətinliklərə sinə gərib,
addım-addım irəliləyib,
həyatın sınaqlarına
dözüb, amma inanıram ki, bir anlıq da olsa təslim olmaq barədə düşünməyib. Şükürlər olsun ki, bu
zəiflik dalğası
ondan yan keçib, onun daxili aləminə yol tapmayıb. Özünün də dediyi
kimi, yaşadığı
çətinliklər, çəkdiyi
əziyyətlər onu
böyüdüb, tərbiyə
edib, eyni zamanda yüksəklərə
ucaldıb. Xatirələrində qeyd etdiyi kimi,
uşaqlıq dövrünün
şən şıltaqlığını
yaşaya bilməyib, amma Allahın ona nəsib etdiyi şərəfli ömür payı ilə bu gün
fəxr edə bilir. Bu, sadəcə
etiraf, faktları sadalamaq deyil, bu, insanın Kainatla, Yaradanla, mələklərlə əlaqəsinin
nəticəsi, həmin
əlaqənin mövcudluğuna
işarədir.
Bildiklərim və eşitdiklərimə
əsaslanaraq deyə bilərəm ki, uzun illər yüksək vəzifələrdə
çalışmış Sadıq müəllim öz vəzifəsindən
bilərəkdən sui-istifadə
etməklə kiminsə
haqqını tapdalamayıb. Onu ətrafdakılara
ən çox sevdirən məhz dürüstlüyü və
vicdanlılığı olub.
Sadıq müəllimi
hər zaman mərhəmətli və
qayğıkeş ata,
baba, sədaqətli dost kimi
tanımışam. Övladlarından heç zaman iradələrinin əlehinə
nəsə tələb
etməyi özünə
rəva bilməyib.
Amma yaşadığı ömür
yolu ilə onlara ən yaxşı örnək olub. Vətənpərvərliyi, yurd məhəbbəti
onun ən dəyərli mənəvi
keyfiyyətlərindəndir. Uşaqlarını da bu ruhda tərbiyə edib. Artıq hamısının
ev-eşik, ailə-uşaq,
iş-güc sahibi olmalarına baxmayaraq, bu günə kimi Sadıq Murtuzayev onlara imanlı, vətənpərvər,
yurdımsevər, təvazökar,
nizam-intizamlı və
ədəb-ərkanlı olmağı
aşılayır, öz
əməlləri ilə
onları daha da kamil olmağa həvəsləndirir, həyat
dərsi verməyə
davam edir.
Səmimiyyəti, təbiiliyi, qayğıkeşliyi
sayəsində Sadıq
Murtuzayev özünə
yaxşı dostlar qazanmağa nail olub. Onu əhatə
edən geniş çevrəsində rəssamından,
şairindən, həkimindən,
alimindən, el-obanın
sadə adamlarından
tutmuş siyasətçisinə
kimi müxtəlif peşə sahibləri
var. Sadıq Murtuzayev onlar üçün sanki kamillik zirvəsidir. Dediyi hər
bir söz, verdiyi hər bir məsləhət onlar tərəfindən müzakirə olunmadan qəbul edilir və mütləq həyata keçirilir.
Çünki mənəvi aləminin
zənginliyi, xarakterinin
bütövlüyü, geniş
müşahidə qabiliyyəti
və məntiqli təhlil apararaq düzgün qərar vermək bacarığı
ətrafındakı insanlara
onu fərqli düşüncə sahibi
olaraq qəbul etdirir.
Ensiklopedik biliklərə
sahib Sadıq Murtuzayev ömrünün
ahıl yaşında
hələ də möhkəm yaddaşı
ilə hər kəsi heyran edir. Uzun illər
əvvəl rəhbər
vəzifədə çalışarkən
şahidi olduğu hər bir hadisə
sanki bu gün baş vermiş kimi yadındadır. Sadıq müəllim doğma el-obasının tarixi, tanıdığı elm adamlarının, rəhbər
işçilərin, əmək
adamlarının həyatını
qələmə aldığı
müxtəlif kitablarında
əks etdirib. Nəsihətnamə şəklində yazdığı bu kitab vasitəsilə, güman edirəm ki, Sadıq Murtuzayev təkcə övladları qarşısında
deyil, bütün gənc nəsillər qarşısında son mənəvi borcunu yerinə yetirmək istəyib (bu, onun sözüdür və mən hələ deyiləsi çox sözünün olduğuna inanıram).
Kitabda çoxlarının hörmət,
məhəbbət ünvanı
olan Sadıq Murtuzayev keçdiyi bütün həyat yolu, soyadını daşıdığı nəslin
keçmişi, çalışdığı
zaman şahidi olduğu hadisələr işıqlandırılsa da,
əsas diqqət onun övladlarına, nəvə-nəticələrinə verdiyi faydalı məsləhətlərə ayrılıb.
"Qurani-Kərim"dən
göstərilən ayələr,
Peyğəmbərimizin həyatından
gətirilən nümunələr,
məşhurlardan kəlamlar,
aforizmlər, həmçinin,
el məsəlləri
və atalar sözləri vasitəsilə
fikirlərini daha da qüvvətləndirən
Sadıq Murtuzayevin qələmə aldığı nəsihətlər
toplusunun gələcək
nəsillər üçün
faydalı olacağına,
onların həyat təcrübəsini zənginləşdirəcəyinə
və çətin anlarında düzgün qərar vermək üçün vəsilə
olacağına inanıram.
525-qəzet.- 12 yanvar.- S.10.
Rafiq Əliyev