Sənət yolundakı silinməz izlər
Fədakar ədəbiyyat
və mədəniyyət xadimi
Rafiq Rəhimlinin 65
yaşına
Haqqında
dərin ehtiram və məmnuniyyət hissi ilə söhbət
açacağım insanı hələ uşaq
yaşlarımdan tanıyıram. Ailəmizin bir üzvünə çevrilmiş ən yaxın qonşumuz, əzizimiz kimi. Onun sənət
dünyasına 1990-cı illərdən
bələdəm. Yazıçı, dramaturq, tərcüməçi,
rejissor, jurnalist, incəsənət ustası
və teatr xadimi kimi.
Nə xoş ki, bu möhtərəm
və dəyərli ziyalımızın keçdiyi
zəngin yaradıcılıq
yolu mənə qayğısız uşaqlıq
illərimdən tanışdır. Hətta dəfələrlə
onun yazı masası üzərində
üst-üstə düzülmüş
qalaq-qalaq vərəqləri
gördükcə hər
yeni növbəti əsərin ərsəyə
gələcəyindən və
teatr məkanına vüsət tapacağından
xəbərdar olardım.
Övladları ilə
çox yaxın dost olduğumuzdan qardaşımla
mən tez-tez onlara qonaq gedərdik.
Bütün qonşu uşaqları
kimi mən də ona "Rafiq əmi" deyə müraciət edərdim. O vaxtdan bu günə kimi bu səmimi,
sadə, imanlı, geniş qəlbli, möhtərəm insan mənim yaddaşımda
"teatral şəxsiyyət"
kimi yaşamaqdadır.
Gözlərim onun evində Azərbaycanın tanınmış
aktyor və aktrisalarını görməyə
adət etmişdi. Kimlər
bu evin qonağı
olmazdı... Yaddaqalan obrazları ilə teatr sahəsində öz möhrünü vurmuş sevimli, korifey sənətkarlarımız...
Rafiq Səfər oğlu Rəhimli 1956-cı il yanvarın 3-də Lənkəran şəhərində
dünyaya göz açıb. Fitri istedadı onu
jurnalistika sahəsinə
çəkib aparıb.
1989-cu ildə Bakı
Dövlət Universitetini,
1994-cü ildə isə
"MüstəqilRs" nəzdində
fəaliyyət göstərən
ali rejissorluq
kursunu bitirib. İlk qələm təcrübələri də
gənclik illərindən
başlayıb. Tələbəlik illərində müxtəlif
müsabiqələrin qalibi
kimi bir sıra mükafatlara layiq görülüb.
1984-1993-cü illərdə Azərbaycan radiosunda,
1994-2000-ci illərdə Azərbaycan
Dövlət Televiziyasında
müxbir və redaktor, 2000-2002-ci illərdə
İrəvan Dövlət
Azərbaycan Dram Teatrında
ədəbi-dram hissəsinin
rəhbəri vəzifələrində
çalışıb. 2002-ci ilin dekabr ayından
isə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında
ədəbi-dram hissəsinin
müdiri vəzifəsini
icra edir. Bütün bunlarla yanaşı, "Rəfiq" ədəbi məcmuəsinin təsisçisi
və baş redaktorudur. O, Azərbaycan
Yazıçılar Birliyi,
Azərbaycan Jurnalistlər
Birliyi, Teatr Xadimləri İttifaqının
üzvüdür. 2005-ci ildə
"21-ci əsr ziyalıları"
Beynəlxalq layihəsinin
qalibi və "Qızıl kitab" mükafatı laureatı olub.
Rafiq Rəhimlinin
Azərbaycanın görkəmli
teatr xadimləri haqqında "Teatr kraliçası" (Amaliya
Pənahova haqqında),
"Həmişə təravətli
sənət" (Səyavuş
Aslan haqqında),
"Səhnə səadətimdir"
(Rafiq Əzimov haqqında), "Səhnə
də bir həyatdır" (Lətifə
Əliyeva haqqında)
adlı kitabları işıq üzü görüb. Bir sıra incəsənət
xadimləri haqqında
hazırladığı kitabları
isə hələ də nəşrini gözləyir.
Qələmi qızıldan da qiymətli
olan bu görkəmli
və peşəkar sənət ustası Azərbaycan Dövlət Gənc Tamaşaçılar
Teatrının və
Akademik Milli Dram Teatrının səhnəsində
neçə-neçə yerli
və dünya dramaturqlarının əsərlərinə
özünəməxsus quruluş,
yeni həyat verib. Həmçinin, tərcüməçilik sahəsində də bir çox uğurlara, nailiyyətlərə
imza atıb. Sofoklun "Şah Edip, yaxud alın yazısı" əsəri
üzərində apardığı
uğurlu tərcümə
prosesinin şəxsən
özüm şahidi olmuşam. Bundan əlavə, J.Rassinin
"Fedra", Filipponun
"Silindr və ya məhəbbət oyunu" əsərləri
Akademik Dram Teatrında
öz səhnə təcəssümünü tapmışdır.
Müəllifin İrəvan
Dövlət Azərbaycan
Teatrında "Yeni il", Şuşa Teatrında "Sevgi nağılı", Akademik
Milli Dram Teatrında
"Bahar xoş gəlibdir Azərbaycana",
"Novruz sərgüzəştləri",
"Gözəllik müsabiqəsi",
Lənkəran Teatrında
"Ağ kəlağayı",
Gəncə Teatrında
"Qobustan əfsanəsi",
Mingəçevir Teatrında
"Gizli məhəbbət",
Salyan Dövlət Kukla Teatrında "Göyçək Fatma",
Dərbənd Azərbaycan
Dövlət Dram Teatrında
"Sönmüş talelər"
və digər pyesləri tamaşaya qoyulub.
Bu sahədə dəyərli
mütəxəssis sayılan
Rafiq Rəhimli Azərbaycanın mədəniyyət
və incəsənət
sahəsində ecazkar
qələmiylə, qeyri-adi
fitri istedadıyla, güclü zəkasıyla,
parlaq imzasıyla vaxtında sözünü
demiş sənətkarlar
sırasındadır. Amaliya Pənahova, Nailə Muradxanlı, Səyavuş
Aslan, Lütfi Məmmədbəyli, Lətifə
Əliyeva, Rafiq Əzimov, Nurəddin Mehdixanlı kimi böyük incəsənət
xadimləri və səhnə ustaları ilə çalışmaq
Rafiq müəllimə
nəsib olub.
Onun yorulmaz qələminin məhsulu sayılan müharibə mövzusunda ədəbi
dram əsərləri 1990-cı illərin teatr epoxasının həyatına
güzgü tutmuş
və zamanla uzlaşmış səhnə
əsərlərindəndir. "Şəhid
toyu", (1990-cı il
Yanvar hadisələri
ilə bağlı),
"Namus naminə",
"Sənin izinlə"
(Qarabağ müharibəsi
ilə bağlı) dramatik səhnə əsərləri, "Ölməzlik",
"Bakı harayı" radioesseləri və Azərbaycan Dövlət Televiziyasında
yayımlanan "Bilən
bu dərdimi yoxdur" teleoçerki dövrün məğzini
ifadə edən yaradıcılıq nümunələridir.
1990-cı ilin 20 Yanvar
hadisələrinin canlı
şahidi olmuş Rafiq müəllimin iti və kəsərli
qələmi adıçəkilən
qətliam mövzusundan
da yan keçməyib. Həmin hadisələrin
canlı ensiklopediyası
sayılan Rafiq müəllim məhz o ağrılı illərdə
qırmızı imperiyanın
xalqımızın başına
gətirdiyi ağlasığmaz
müsibətləri isti-isti
qələmə almağa
fürsət tapıb.
Bu qəbildən, "Efirin göz yaşları", sənətkarın
özünün təbirincə
desək, bədii publisistik xatırlama çox qiymətli tarixi əsərdir. Kitabın adından da göründüyü
kimi, əsərin məğzi sovet imperiyasının təcavüzünə
məruz qalaraq xaincəsinə susdurulmuş
efir məkanımızın
bərqərar olması
uğrunda gedən mübarizənin təfərrüatlarından
ibarətdir.
Yorulmaz qələm və
yüksək ideyalar sahibi Rafiq Rəhimli
Mədəniyyət Nazirliyinin
keçirdiyi, böyük
dövlət xadimi Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 30 illiyinə,
Xalq Cümhuriyyətinin
80 illiyinə həsr olunmuş mərasimlərin,
həmçinin, bir sıra dövlət tədbirlərinin ssenari müəllifidir.
2013-cü ildə "Fəxri
Mədəniyyət İşçisi"
döş nişanı
ilə təltif edilib. Bundan əlavə, Dövlət
Gənc Tamaşaçılar
Teatrının əməkdaşlarına
fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası
Prezidentinin Sərəncamına
əsasən, Rafiq Rəhimli "Əməkdar
mədəniyyət işçisi"
fəxri adına layiq görülüb.
2019-cu ildə
Rafiq müəllimin redaktəsində, müəllifi
olduğum, 1990-cı ilin
20 Yanvar hadisələri
zamanı Şəhidlik
məqamına ucalmış
gənc idman ustası Müşfiq İsayevin qısa və şərəfli ömür yolundan bəhs edən "Şəhid pəhləvan"
kitabı çapdan çıxıb. Burada
Rafiq müəllimin adıçəkilən kitab
üzərində böyük
zəhmət hesabına
apardığı uğurlu
redaktə işini minnətdarlıq hissi ilə qeyd etməyə
bilmirəm. Odur ki, bu səbəbdən
Rafiq əmiyə daha bir təşəkkür
borcum var.
Rafiq Rəhimlinin çoxşaxəli
yaradıcılıq potensialı,
Vətənə, xalqa
xidmət yolunda atdığı hər bir təmənnasız, uğurlu addımı onun necə geniş mənəvi aləmə, necə böyük qəlbə sahib şəxsiyyət olmasından xəbər verir. Buna görə də Rafiq Rəhimli imzası hər zaman tarixdə qalacaq, Azərbaycanın mədəniyyət və
incəsənətinin inkişafı
uğrunda əvəzsiz
xidmətləri hörmət
və məhəbbətlə
anılacaq.
Çox hörmətli
Rafiq müəllim, sizi 65 illik yubileyiniz
münasibətilə səmimi
qəlbdən təbrik
edir, sizə həyatda uzun ömür və möhkəm cansağlığı,
yaradıcılığınızda isə yeni-yeni uğur və nailiyyətlər arzu edirəm!
Sevinc ƏDALƏTQIZI
525-ci qəzet.- 12 yanvar.- S.16.