Əflatun Amaşov: “2020-ci ildə
mediamız döyüşmək öyrəndi” -
Azərbaycan Mətbuat
Şurasının sədri Əflatun Amaşovun APA-ya
müsahibəsi
-
Əflatun müəllim, 2020-ci ili
medianın fəaliyyəti baxımdan necə qiymətləndirərdiniz?
- 2020-ci il ümumən ölkəmizin tarixində son dərəcə
mühüm il idi. İşğal altından
olan torpaqlarımız azadlığına qovuşdu.
Müstəqilliyimizin elə bir ili
olmamışdı ki, biz bunu xəyal etməyək, bir-birimizə
arzu kimi bildirməyək. Xəyallarımız
gerçəkləşdi, arzularımız reallığa
çevrildi. Bir xalq üçün bundan
böyük xoşbəxtliyi təsəvvürə gətirmirəm.
Fürsətdən istifadə edib Vətən
müharibəsindəki qələbəmizin memarı Prezident
İlham Əliyevə bir daha təşəkkürümü
çatdırıram. Ona nə qədər
təşəkkür etsək, nə qədər minnətdarlıq
hisslərimizi izhar etsək, azdır.
Azərbaycan 44 günlük Vətən müharibəsində
bir yumruq oldu.
Dövlət başçımızın da
bildirdiyi kimi, “dəmir yumruq”. Biz Xalq-Hakimiyyət, Xalq-Ordu
vəhdətinin nəsillərə miras qalacaq ali
nümunəsini gördük. Gözəl,
unudulmaz, qürur və fəxarət dolu
yaşantılarımız ömrümüzü mənalandırdı.
Bir anlıq dünyanı cənginə
almış koronavirus pandemiyasını unutduq. Halbuki ölkəmiz üçün pandemiya ilə
mübarizə də 2020-ci ilin mühüm sınaqlarından
idi. Bu sınaqdan da alın
açıqlığı ilə çıxmaq
üçün kifayət qədər mənəvi immunitet
formalaşdırmağı bacardıq.
Yekun nəticəyə gəlsək, 2020-ci ilin Vətən
müharibəsində zəfərin əldə olunması və
pandemiya ilə mübarizə istiqamətindəki tədbirlərlə
yadda qaldığını söyləyə bilərik. Bu tədbirlərin
hər birində jurnalistikamız monolit komandaya çevrildi.
Media orqanlarımızın təmsilçiləri
indiyədək görünməyəcək qədər fədakarlıq
nümayiş etdirdilər. Doğrudur,
ümumən jurnalist əməyi fədakar əməkdir.
Dünyada da belə qəbul olunub. Çünki bu peşənin sahibləri ən
qaynar nöqtələrdə olurlar. Kimlərsə
çalışdıqları konkret sahələri
düşünürlərsə, jurnalistlər ümumən
cəmiyyəti, onun ruhunu və ovqatını nəzərə
alırlar.
Azərbaycanda jurnalist fədakarlığı
üçün daha bir xarakterik xüsusiyyət isə budur
ki, ölkəmizdə media iqtisadi münasibətlər
sistemində tam oturuşmayıb. İstər-istəməz
maliyyə sıxıntıları var. Amma bu dediklərim əvvəlki
illərdə də olub.
2020-ci
ilin özəlliyini nəzərə alaraq nəticəyə
gəlirəm ki, ötən il
jurnalistikamız üçün fədakar fəaliyyət
ilidir. Mediamız xalqımızın
sınaqlardan çıxma potensialının bir növ
katalizatoru rolunu oynadı. Bu, son dərəcə
vacib missiya idi.
- Ötən
il də, ondan əvvəlki illər də
bir çox sahədə islahatların şahidi olduq. Demək mümkündürmü ki, 2020-ci ildə həm
pandemiya ilə mübarizə, həm də Vətən
müharibəsi sırf media sahəsindəki islahatların
tempinə təsir göstərdi?
- İslahat üçün vacib məqam gözləntilərin
özünü doğrultmasıdır. Medianı digər
sahələr kimi təsəvvür etmək düşüncəsindən
uzağam. Bu istiqamət kifayət qədər
mürəkkəbdir, spesifikdir.
Onu da deyim ki, ümumən cəmiyyətimizin islahatlara
yanaşmasında belə demək mümkünsə,
inqilabilik gözləntisi var. Əlbəttə, bir çox
sahədə reallaşdırılmış tədbirlər
inqilabi mahiyyət daşıyır. Amma müəyyən
proseslər var ki, davamlıdır.
Mediada ayrı-ayrı elementlərə deyil, dəyişikliyin
strukturuna diqqət yetirmək daha vacibdir. Hesab edirəm
ki, hazırkı yanaşma elə bu yöndədir və
pozitiv yeniliklər baxımından inam yaradır. Həm də ona görə ki, güclü media
orqanlarına sahiblik günümüzün vacib tələbidir,
dövtlətçiliyimizin möhkəmlənməsinin
müstəsna şərtidir.
-
Yanaşmadan söz açdınız. Sizcə,
yanaşmanın dəyişməsi nələri hədəf
seçməlidir?
-
Hazırkı qloballaşma dövründə informasiya amilinin
nə dərəcədə böyük əhəmiyyət
daşıdığından xəbərdarıq. O cümlədən
bilirik ki, informasiya özündə həm də informasiya təhlükəsizliyi
kimi mühüm istiqaməti birləşdirir.
44 günlük Vətən müharibəsində
informasiya savaşı da apardıq. Dünyanın təzyiqini üzərimizdə
hiss etdik. Sizi inandırım ki, müharibə
günlərində müstəqillik illərində heç
zaman üzləşmədiyimiz təzyiqlə üzləşmişdik.
Bunu peşəkar adam daha yaxşı duya
bilir.
Müharibə göstərdi ki, biz informasiya cəbhəsini
gücləndirməliyik. Prezident İlham Əliyev 44
günün demək olar, hamısında müsahibələr
verdi. Bunlar bizə informasiya
cəbhəsində üstünlük qazandırdı.
Halbuki müharibənin ilk günlərində beynəlxalq
hüquqla özünə məxsus olan əraziləri
qaytarmaq istəyən Azərbaycan az qala təcavüzkar
kimi təqdim edilirdi. Bu mənfi tendensiyadan adam
heyrətə gəlirdi. Beynəlxalq hüququn da, ədalətin
də necə işlədiyini gördük!
Yəni sözüm ondadır ki, bu sayaq meyllərə
qarşı ancaq informasiya aktivliyimizlə mübarizə apara
bilərik. Media orqanlarımız daha güclü, daha interaktiv
fəaliyyət göstərməlidir. Eyni zamanda media
müəyyən mənada lobbiçilik etməli, bu iş
sistemli qurulmalıdır.
Təbii,
sistemli iş sistemli maliyyə vəsaiti də tələb
edir. Baxış ayrı-ayrı kütləvi
informasiya vasitələrinə maliyyə ayrılmasından
daha çox, informasiya təhlükəsizliyinə vəsait
yönləndirilməsi prinsipinə əsaslanmalıdır.
Fikrimcə, fundamental yanaşma budur. Əlbəttə, prosesin müxtəlif tərkib
hissələri də var.
- Mətbuat
Şurasının ötənilki fəaliyyəti ilə
bağlı hansı məqamları vurğulaya bilərsiniz. Sizcə, Şura medianın özünütənzimləmə
strukturu kimi yeni çağırışlara nə dərəcədə
adekvat münasibət ortaya qoya bilər?
- Təkcə Azərbaycanda deyil, ümumən dünyada
Mətbuat şuralarının əsas missiyası media ilə
bağlı şikayətləri araşdırmaqdır. Prinsipial
baxış bundan ibarətdir. Azərbaycanda
da Şura başlıca olaraq şikayətləri
araşdırır. Təbii, ölkəmizlə
bağlı spesifik məqamlar var. Bilirsiniz ki, Azərbaycanda
medianın dövlətsizləşdirilməsi modeli qəbul
edilib. Yəni KİV dövlət nəzarətindən
kənardır. Belə bir durumda media ilə
bağlı şikayətləri araşdıran
özünütənzimləmə qurumundan gözləntilər
istər-istəməz çox olur. Bir
halda ki KİV-in yol verdikləri xətalar əsasən ictimai
müstəvidə qiymətləndirilir, ictimai qınaq tətbiq
edilir, o zaman iki məsələyə diqqət yetirmək zərurəti
meydana çıxır. Birincisi, ictimai
qınağın nə dərəcədə yetərli
olması. İkincisi, medianın
özünün həmin qınağa necə reaksiya verməsi.
İkincidən başlayaq. Media ictimai
qınağa, yəni Mətbuat Şurasının
çıxardığı qərara hörmətlə
yanaşırmı və ya nə dərəcədə
hörmətlə yanaşır? Digər
tərəfdən medianın fəaliyyətini mübahisələndirmək
imkanları nə yerdədir?
İndi o qədər internet KİV yaranıb ki,
heç bilə bilmirik ki, onların ofisləri haradadır. Hərənin
bir saytı var. Olur ki, vətəndaşlar hansısa internet
media resursunun telefon nömrəsini soruşurlar. Tapa bilmirlər. Açığı
bəzən biz də tapa bilmirik. Özləri
isə yazmırlar, göstərmirlər. Yəni
sözüm ondadır ki, hazırda mövcud sahədə bir
növ anarxiya hökm sürür. Söz və ifadə
azadlığının verdiyi imkanlara münasibətdə
sanki qəsd var. Bu durumu aradan qaldırmaq üçün
hüquqi norma və prinsiplər təkmilləşməlidir.
Söhbət Mətbuat Şurasının prosesdə
iştirakçılığından gedirsə, buna da diqqət
yetirilməlidir ki, qurum səlahiyyət baxımından
işin içindədirmi? Bəli, model olaraq Mətbuat
Şurası demokratikdir. Çünki
medianın özünütənzimləməsini rəhbər
tutur. Düşünmürəm ki, bu
modeldən imtina etməliyik. Sadəcə effektivlik istəyiriksə,
çalışmalıyıq ki, işin norma
və prinsipləri təkmilləşsin, yenilənsin.
Haqqında söz açdığım ictimai qınaq
yetərlidirmi?
Bu da ayrıca müzakirə mövzusudur. Bəli, görürük ki, bir çox hallarda yetərli
deyil. Ancaq hətta bu halda belə tənzimləmə
normalarını seçməkdə ehtiyatlı davranılmalıdır.
Prinsipiallığın qanunçuluğa əsaslanmalı
vacibdir. Qanunlar elə təbiətə
malik olmalıdır ki, media fəaliyyətinin
yaradıcılıq imkanlarında axsamalar yaranmasın. Kimlərsə qanunlara söykənib
düşünə bilməsinlər ki, onların köməyilə
medianın tənqidi ruhuna qarşı çıxa bilərlər.
Əslində hər şey çox sadədir. Biz bu sahəni
bilirik. Etdiyimizin və etmək istədiyimizin
hansı nəticələr doğura biləcəyini
proqnozlaşdırmağı bacarırıq. Niyyətimiz səliqə-sahman yaratmaqdırsa,
düşünüb elə edə bilərik ki, bundan
jurnalistika prinsipləri də udsun, cəmiyyət də.
Uzağa getməyək, bu günlərdə
Özbəkistanda diffamasiya cinayət müstəvisindən kənarlaşdırıldı.
Ölkədə internet medianın hüquqi
bazası formalaşdırıldı. Diqqət
yetirəndə görürsən ki, bunu çox sadə
şəkildə reallaşdırdılar. Belə desək, özlərindən Amerika kəşf
etmədilər. Biz də həmçinin.
Yenə də bildirim, çox şeylər niyyətə
bağlıdır.
Mətbuat Şurası olaraq ötən illər ərzində
dəfələrlə bu istiqamətdə təkliflər irəli
sürdük.
Söhbət hansısa toplantıda səsləndirilənlərdən
getmir. Yazılı şəkildə təqdim
olunmuşları deyirəm. Həmin təkliflərdə
bütün detallar konkret şəkildə göstərilirdi.
Əgər indiki islahat mərhələsində
bunlar nəzərə alınacaqsa, inkişaf da
labüddür. Məsələ onda deyil
ki, həmin təkliflər Mətbuat Şurası tərəfindən
irəli sürülüb. Başlıca məqam
budur ki, onlar bütövlükdə media ictimaiyyətinin istək
və arzularıdır.
Sualınızın birinci hissəsinə gəlincə,
onu deyə bilərəm ki, ənənəvi fəaliyyət
istiqaməti, yəni şikayətlərin
araşdırılması öz yerində, 2020-ci ildə Mətbuat
Şurasının işində də iki başlıca istiqamət
var idi. Koronavirus pandemiyası və Vətən müharibəsi.
Pandemiya başlayanda biz dünya təcrübəsinə
əsaslanaraq medianın prosesi işıqlandırmasına
dair tövsiyələr hazırladıq və yaydıq. 6 tövsiyə
xarakterli müraciətlərimiz oldu. Hesab edirəm ki,
çağırışlarımız müsbət nəticələr
verdi.
Şura Vətən müharibəsi dönəmində
xarici media orqanlarına, o cümlədən ölkəmizin
media strukturlarına müraciətlər ünvanladı. Belə sənədlərin
sayı 15-dir. Hesabatımızda bununla bağlı daha geniş
məlumat verəcəyimiz üçün üzərində
dayanmaq istəməzdim. Sənəddə
həmçinin MŞ-yə şikayətlərin sayı, təsnifatı,
həyata keçirilmiş tədbirlərlə bağlı rəqəmlər
açıqlanacaq. Ümumən Şura hər il gördüyü işlərlə əlaqədar
cəmiyyətə hesabat verir.
-
İslahatlardan söz düşmüşkən, Azərbaycan
Respublikası Prezidenti yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına Dövlət Dəstəyi
Fondunun (KİVDF) bazasında səlahiyyətləri, fəaliyyət
sferası daha geniş olan yeni qurumun yaradılmasının
planlaşdırıldığı bildirilir. Bu,
Azərbaycanda informasiya-kommunikasiya, medianın fəaliyyəti
sahəsində geniş islahatlara start verilməsi kimi dəyərləndirilir.
Bununla bağlı nələri söyləyə
bilərsiniz.
- Öncə
onu deyə bilərəm ki, KİVDF-nin fəaliyyətində
pozitiv meyllər yaranıb. Hiss olunur ki, orada işə kifayət
qədər can yandıran komanda var. Heç şübhəsiz,
nəticələr özünü gözlətməyəcək.
Ümumən, ölkəmizdə hər sahədə
aparılan islahatlar Azərbaycan dövlətinin, şəxsən
cənab Prezidentin iradəsinin təntənəsidir. Cənab
İlham Əliyevin mediaya necə həssas münasibət
göstərdiyini hər birimiz bilirik. Bu
münasibət sayəsində KİV-ə dövlət dəstəyi
kifayət qədər fuksional əhəmiyyət
daşıyır. Eyni zamanda jurnalistlərin
sosial-məişət şəraitlərinin
yaxşılaşdırılması da sistemli prosesdir. Eləcə də əminəm ki, bu günlərdə
anonsu verilən islahatlar da fundamental önəm kəsb edəcəkdir.
Məsələyə baxışıma gəldikdə
isə, yuxarıda bu barədə kifayət qədər
söz açdım. Əlavə olaraq onu deyə bilərəm
ki, islahatlar medianı ölkə iqtisadiyyatının
mühüm tərkib hissəsinə çevirməlidir.
Elə edilməlidir ki, KİV-in iqtisadi müstəqilliyi
tam təmin edilsin.
KİV sahəsində hüquqi normativ bazanın yenilənməsinə
və təkmilləşməsinə ciddi ehtiyac var.
Yaxşı olardı ki, KİV-in təkrar qeydiyyatı
aparılsın.
İnternet medianın hüquqi statusu
formalaşmalıdır. Bloqgerlik, frilanserlik kimi müasir xəbər
daşıyıcılarının da hüquqi münasibətlər
sistemində özünə yer tapması mütləqdir.
Ölkədə vahid KİV bankı
yaradılmalıdır. Bu, bir növ, jurnalistlərin kataloqu
olmalıdır. Yəni biz o kataloqa baxanda
bilməliyik ki, sahədə kimlər var. Belə bir mexanizm əmək
münasibətlərinin qaydaya salınmasında da müsbət
rol oynayacaq.
İnternet
media orqanlarından danışırıqsa, onların
qanunvericilikdə məhz KİV kimi qəbulu mütləqdir. İndiki halda bir çoxu təşkilati-hüquqi
forma baxımından MMC-dir. Bu isə onları həm
imtiyazlardan kənarda saxlayır, həm də onlarla
bağlı məhkəmə mübahisələndirmələrinə
birmənalı baxışın ortaya qoyulmasına
maneçilik törədir. Yəni məsuliyyət
məsələləri dəqiqləşdirilməlidir.
Yəqin razılaşarsınız ki, bir MMC ilə
KİV eyni məsuliyyəti daşıya bilməz. Bu, qanunlarımızda da əksini tapmalıdır.
Jurnalistika sahəsində islahatlardan söz düşəndə
hər zaman jurnalist təhsili məsələsini
qabardıram.
Bu istiqamətdə yanaşma dəyişməlidir.
Ali məktəblərdə jurnalistika fakültələri
var. Onların tədris proqramı yenilənməli, müasir
tələblərə
uyğunlaşdırılmalıdır. Amma
bununla yanaşı jurnalistika sahəsindəki təhsilə
instutsional yanaşma da şərtdir. Yəni bu iş
ayrıca təşkil edilməlidir. Yalnız ali
məktəblərin verdiyi təhsillə kifayətlənilməməlidir.
Sahə jurnalistikası inkişaf etməlidir.
O cümlədən bölgə jurnalistikası da.
Görüləcək işlər çoxdur. Mətbuat
Şurası zaman-zaman bu məsələlərin həm
müzakirəsini aparıb, həm də konkret təkliflərlə
çıxış edib. Həmin təklif
və təşəbbüslərdən reallaşanlar da olub,
gerçəkləşməyənlər də. Problem və çətinliklər dəyişməzdir.
Əsas odur ki, işləri görmək
üçün niyyət və iradə olsun.
-
Əflatun müəllim, 2020-ci ili
mediamız üçün də pozitiv il kimi qiymətləndirsək,
bunu söyləmək üçün hansı xarakterik cəhət
və ya tendensiya üzərində dayanmaq
mümkündür? Və 2021-ci il
üçün gözləntinizi bilmək maraqlı
olardı...
- 2020-ci
ildə mediamız döyüşmək öyrəndi. Əslində döyüşməyi bilirdik.
Amma bir-birimizlə...
Bəli, Vətən müharibəsi jurnalistlərimizə
döyüşmək öyrətdi. Ən böyük
pozitiv məqam budur. Peşə fəaliyyətini
cəbhə bölgəsində həyata keçirən, eləcə
də qələmini süngüyə çevirən həmkarlarımız
oldu. Fürsətdən istifadə edib, hər
birinə minnətdarlığımı bildirirəm.
Döyüşmək dedikdə nəyi nəzərdə
tuturam? Müharibə mövzu olaraq jurnalistikamız
üçün maraqlıdır. Bu,
öz yerində. Ancaq ona marağın vətənpərvərlik
duyğusu da önəmli faktordur. Media
orqanlarımızın təmsilçiləri Vətən
müharibəsi günlərində əsl vətənpərvərə
çevrildilər. Düşmən mediasını izləyənlər
kim, xarici mediada yazılanlara diqqət yetirənlər
kim - əvvəldə də dediyim kimi, müqəddəs amal
uğrunda monolitlik gördük. Bu fəaliyyət
dövlətin də hadisə və proseslərə operativ
yanaşmasını şərtləndirdi.
Əlbəttə, Müdafiə Nazirliyinin, eləcə
də Xarici İşlər Nazirliyinin işinin timsalında
dövlətin özünün çevik münasibət
tempinə şahidlik etdik. Amma
düşünürəm ki, əldə edilmiş uğurda
media-dövlət əməkdaşlığı müstəsna
rol oynadı. Xarakterik pozitiv məqam kimi bu
da vurğulanmalıdır.
O ki
qaldı 2021-ci ildən gözləntilərə, onlar
böyükdür. Prezident İlham Əliyev
Qarabağın dirçəldilməsi baxımından həyata
keçiriləcək tədbirlərdən söz
açdı. Dövlətimizin bununla
bağlı fəaliyyət strategiyası mövcuddur. Həqiqətən nəhəng işlərin
görülməsi nəzərdə tutulur. Əminəm ki, görüləcək də. Biz Qarabağımızı cənnətə
çevirəcəyik. Mediamız bu proseslərin
yerli və dünya ictimaiyyətinə
çatdırılmasında fəal olmalıdır.
Halalımız olan Qarabağa gücümüzlə
sahibləndiyimiz kimi, qarşıdakı illərdə ona mənəvi
baxımdan da sahiblənməliyik. Qarabağ informasiya məkanımızın
mühüm tərkib hissəsinə çevrilməlidir.
Azərbaycan dünyaya azad edilmiş torpaqlarda fəaliyyət
göstərən yerli kütləvi informasiya vasitələrinin
dili ilə səslənməlidir. Torpaqlarımızın
hər cığırı, yolu, hər kəndi, qəsəbəsi,
hər daşı və qayası obrazlı desəm, dil
açıb danışmalı, dünyaya özünün
bizə məxsusluğunu bəyan etməlidir. Bu istiqamətdəki fəaliyyət yalnız mənəvi
öhdəlik deyil. Bu fəaliyyətlə
informasiya savaşında da mühüm yeni
üstünlüklər qazanmış olacağıq. Savaş
isə bitməyib, davam edir.
525-ci qəzet.- 9 yanvar.- S.5.